Məhkum səsinin, harayının eşidilməsini istəyir…

0
3

Məhkum səsinin, harayının eşidilməsini istəyir…

Günahsız məhbusların cinayət işləri təkrar araşdırıla bilərmi?

“Millətim”in redaksiyasına məhkum məktubları tez-tez daxil olur. Biz həmin məktubları araşdırır, yaxınları ilə əlaqə saxlayır, ittiham aktları ilə tanış oluruq. Çox zaman onların günahsızlığını və yaxud qismən günahkar olduqlarını aşkar edə bilirik. O da sirr deyil ki, günahsız məhkumlar, şərə-böhtana məruz qalıb, uzun illərini həbsxanalara həsr edənlər az deyil.
Bir neçə dəfə şərlənərək məhkumluq həyatı yaşamış “Millətim”in baş məsləhətçisi Ramiz Tağıyev dəfələrlə təklif verib ki, bir çox cinayət işlərinin təkrar araşdırılması zəruridir. Milli Təhlükəsizlik Nazirliyinin bir çox yetkilisinin həbs edilməsindən sonra bunun zəruriliyini sübut etməyə ehtiyac duyulmur. Bəzi istintaq orqanları, məhkəmə hakimləri sifarişlə ədalətsiz qərarlar qəbul etmiş və nəticədə yüzlərlə insan müxtəlif cəzalara məruz qalmışlar.
Təcrübə və araşdırmalar təsdiq edir ki, əsil cinayətkarlar məhkumluq həyatı ilə barışıb, səssiz-səmirsiz, heç bir instansiyaya şikayət unvanlamadan cəzalarını çəkməkdə davam edirlər. Günahsızlar isə məruz qaldıqları ədalətsizliyə etiraz edib, narahat həbsxana həyatını qəbul etmək istəmir.
“Millətim”ə növbəti məktub da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsindən daxil olub. Əvvəllər də bizə müraciət etmiş məhkum Nağıyev Zaur Yaqub oğlu bir daha günahsız olduğunu bəyan edərək, səsinin ölkə prezidentinə, ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya, Respublikanın Baş Prokuroru Zakir Qaralova çatdırılmasını xahiş edib.
Zaur ailəli olduğunu, bir azyaşlı övladının onun yolunu gözlədiyini xüsusi olaraq vurğulayıb. O, qeyd edib ki, Azərbaycan Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2010-cu il tarixli hökmü ilə cinayət məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmə məqsədilə quldurluq etmək), 181.3.3 (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmək) maddələri ilə təqsirli bilinərək barəsində 14 il həbs cəzası müəyyən edilib. Bu azmış kimi Gəncə Appelyasiya məhkəməsi cəzasını bir il artırıb. Bununla razılaşmayan Zaur dəfələrlə müxtəlif instansiyalara müraciət etdiyini, ancaq səsinin eşidilmədiyini söyləyir: “Çox hörmətli Lalə xanım, (“Millətim”in baş redaktoru L.Ramizqızına ünvanlanıb-T.Türk.) yazıb sizdən xahiş edirəm ki, mənim haqlı olduğumu, haqq səsimi aid orqanlara qəzetiniz və internet vasitəsilə çatdırasınız. Mən, Nağıyev Zaur Yaqub oğlu təqirləndirildiyim cinayət işi barəsində dəfələrlə bir çox orqanlara yazıb göndərmişəm. Lakin, mənimlə maraqlanan olmayıb. Dövlətimizin gözəl rəhbərliyi olsa da, bəzi ədalətsiz məmurlar imkan vermirlər ki, bizim haqlı olduğumuzu təsdiq edən ərizələrimiz cənab prezidentə çatsın. Bununla da barəmdə ədalətsiz istintaq aparmış, hökm çıxarmış məmurların qanunsuz əməlləri ört-basdır edilir. Çünki cənab prezident İlham Əliyev belə məmurların qanunsuz fəaliyyətindən məlumat alan kimi onları vəzifələrindən azad edir.
Çox hörmətli Lalə xanım, sizdən xahiş edirəm ki, nə yazmışamsa hamısını dərc edin. Mən, bu dövlətin övladı deyiləmmi? Nə üçün dərdimi aid orqanlara çatdıra bilmirəm? Ərizə göndərirəm, cavabında boş-boş sözlər yazıb göndərirlər. Nə üçün? Çünki onların məmur həmkarları işimə düz baxmayııblar. Ona görə də mənimlə maraqlanan yoxdur. Ədalətli maraqlanmaları üçün isə bir neçə min pul lazımdır ki, mənim də pulum yoxdur. Mənim tələbim budur ki, işimi dəqiq araşdırsınlar. Günahım varsa, yəni, mərhum Ayaz Həsənqulu oğlu Nağıyevi həqiqətən mən öldürmüşəmsə, onda mənə ömürlük cəza versinlər. Əgər belə deyilsə, onda mənim işimi ədalətli araşdırıb, haqq etdiyim cəzanı versinlər. Mən ölkəmizdə ədalətlə, xalq üçün çalışan cənab prezidentimiz İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralova inanır və yalnız onlardan ədalət gözləyirəm. Başqaları pul dalınca qaçıb, işləri pulla aşırırlar. Onu da xatırlatmaq istəyirəm ki, yazdıqlarıma görə məni hər an öldürə bilərlər. Bilin ki, heç bir xəstəliyim yoxdur. Dərdim, tək günahsızlığımı sübut etməkdir.”
Məhkum məktubunu yazdığı şeirlə bitirib. Düzdür, Zaur şeirində rüşvətlə ədalətsiz istintaq aparıb, hökm çıxaranları ifşa edə bilsə də, seirin dili, üslubu mətbuata uyğun gəlmədiyindən səhifəyə çıxarmağı məqsədəuyğun hesab etmədik.
Xatırladaq ki, daha öncə Z.Nağıyevin cinayət işi barəsində ətraflı məlumat vermişdik. İstintaq materiallarından açıq-aşkar hiss etmək mümkündür ki, ittiham edildiyi sərt maddələrin heç biri Zaura 15 il cəza verilməsinə uyğun gəlmir. O, yalnız qismən günahkar sayılıb, barəsində daha yüngül cəza seçilməli idi. Təəssüf ki, əsil cinayətkarlar azadlıqda, Zaur isə haqq-ədalətin qələbə çalacağı günü həbsxanada gözləməkdədir. Bizdən isə ona tezliklə azadlığa qovuşmasını arzulamaq düşər; Allah və onun ədalətli bəndələri yardım etsin, Zaur!

Turan Türk
Mövzuya qayıdacağıq

LEAVE A REPLY