“Bir qarın çörək xatirinə bu alçaqlığa gedən adlı-sanlı redaktorlar, titullu yazarlar var”

0
4

“Bir qarın çörək xatirinə bu alçaqlığa gedən adlı-sanlı redaktorlar, titullu yazarlar var”

Əhməd Oruc:“Kimə nömrə gəlirlər axı bunlar, kim bilmir ki, Rusiya üçün Ermənistanın yeri Azərbaycanınkından onlarla dəfə yuxarıdadır”

“İstənilən böyük və milli xarakter daşıyan problemin həll oluna bilməsi üçün millətin gücü ortada olmalıdır. Millətə qarşı bu cür saymamazlıq olan yerdə hansı problem həll oluna bilər?”

Seçki sonrası durumun və məmləkəti silkələmiş son olayların mahiyyətini və gerçəkdən nələrin baş verdiyini anlaya bilmək üçün, ”Azadliq” partiyasının sədri Əhməd Orucu həmsöhbət kimi seçməyim sadəcə bir təsadüfün nəticəsi deyil. Bir çox ünlü siyasi liderlərdən və partiya sədrlərindən fərqli olaraq, Əhməd bəy bütün mövzularda olduqca maraqlı müsahib və istənilən söhbətə açıq siyasətçidir. Ritorikasının kifayət qədər rəvanlığı, mülahizə və arqumentlərinin aydınlığı, həm də üslubunun sərtliyi ilə seçilən Əhməd Orucla bu dəfə Kardioloji xəstəxanada görüşdüm və müalicəsinin davam etməsinə rəğmən, müsahibə xahişimizi yerə salmadı və elə ilk sualı da onun xəstəxanaya yatma səbəbi ilə bağlı verdim…
… və bu arada nələrdən danışdığımıza, Əhməd Orucun pəncərəsindən baxanda, bu günkü Azərbaycanın necə göründüyünə siz də şahidlik edin, istəkli oxucular. Əminəm ki, Əhməd bəyin dedikləri ictimai rəyin müzakirəsi üçün xeyli materiallar verəcək və cəmiyyətə, yürüdüyü yolda gərək ola biləcək xeyli fikirlərə bu müsahibədə rastlaya biləcəksiniz …

(Əvvəli ötən saylarımızda)

– Çox bədbin notlarda danışırsınız, çızdığınız panorama da vahimdi, bunun sonu nə olacaq?

– Azərbaycanda bir insan inanarmı ki, bunlar nəsə bir problem həll eləmək üçün gəliblər. Azərbaycanın köklü problemləri daha da ağırlaşmış vəziyyətdə durur. Əksinə, iqtisadi, siyasi, diplomatik, hərbi problemlərini üzərinə, əxlaqi-mənəvi dəyərlər baxımından Azərbaycanda çox ciddi problemlər yaranıb. Bayaq da dedim, yüz minlərlə insan, gözünü qırpmadan yalan danışır. Ən azı, bu seçkilərin saxtalaşdırılmaması, vəziyyətimizin guya yaxşı olması ilə bağlı danışılan kütləvi yalanların özü irimiqyaslı əxlaqi və mənəvi bir problemdir. Bəs bu yalanları danışanlar kimlərdi, müəllimlər, həkimlər, mədəniyyət işçiləri, ziyalılar və sair. Yəni bunlar təsadüfi adamlar deyillər, cəmiyyətin üzdə olan nüfuzlu adamlarıdılar və bu nədənlə də seçki komissiyalarımda təmsil olunurlar. Demək istədiyim odur ki, ölkənin elit təbəqəsi sayılan bu insanlar yalana və yalan danışmağa məhkum ediliblər. O səbədən də, mən belə hesab edirəm ki, bu çox ciddi əxlaq-mənəvi bir problemdir və bunun fəsadlarını da biz artıq görməkdəyik. Əgər belə davam edərsə, getdikcə artan və böyük miqyaslarda cəmiyyətin əxlaqına, mənəviyyatına zərbə vuran o fəsadlar illərlə millətin əzalarında qan verən yaralara çevriləcək. Baxın, Qarabağ probleminin həllində də heç bir irəliləmə yoxdur, əksinə çox ciddi şəkildə geriləmə var. Pafoslu çıxışlar edib, ay biz belə eliyərik, ya da, nə bilim, elə eliyərik söyləməklə problem həll olunmaz axı. Əgər olunursa bəs hanı? Nə oldu, bəs bu lazım nə vaxt gələcək? Təzə bir şey icad ediblər, hər gün efirlərdən müdafiə nazirliyinin açıqlamaları gedir ki, düşmən 95 dəfə atəşkəsi pozub, 107 dəfə cavab atəşi ilə susdurulub. Ayıbdır axı, adamın abırı, həyası olar. Uşaq bəyanatları ilə kimi aldadırlar, belə ciddi bir məsələyə bu qədər qeyri-ciddi yanaşmanın adı nədir sizcə?
– Baxın, artıq uzun müddətdir ki, hər gün cəbhə xəttində atəşin kəsilmə sayını elan edirlər və bu rəqəmlər də gün hesabı 50-60-la, 150-180 arasında dəyişir. Tez-tez də, düşmən tərəfin bu zaman ağır silahlardan, iri çaplı atəş vasitələrindən istifadə etdiyi deyilir. Hətta son zamanlarda cəbhə xəttini keçmək istəyən divesant qruplardan və təxribatçı dəstələrdən də bəhs edilir. Təbiidir ki, bu zaman bizim hərbçilərimiz də adekvat silahlardan və hərbi-texniki vasitələrdən istifadə eləmək məcburiyyətində qalırlar. Yəni, hər gün bu qədər sayda belə hallar cəbhə boyu təkrar olunursa, bu artıq gerçək müharibənin getdiyini deməyə əsas verir. Bu haqda nə düşünürsünüz .
– Təbiidir ki, hər gün bu qədər sayda atəşkəsin pozulduğu qeydə alınırsa, bu artıq ciddi şəkildə döyüş əməliyyatlarının getdiyindən xəbər verir. Mənim isə demək istədiyim odur ki, bunlar Azərbaycanın çox ciddi problemlərini hap-gopla, pafos və boğazdan yuxarı açıqlama və bəyanatlarla ictimai rəyi aldadaraq, guya həll etdiklərini düşünürlər. Bu qətiyyən belə deyil və bu cür davranışlarla vəziyyəti daha da ağırlaşdırırlar. Açığını demək lazımdır ki, indiki status-kvonun leqallaşdırılması ilə bağlı Azərbaycana çox böyük basqılar var. Baxın, beynəlxalq birliyin istənilən təşkilat və ya təmsilçilərinin bütün aşıqlamalarında problemin sülh yolu ilə həllinə çağırışar var. Bu haqda öhdəliklər götürülməsi də, başından bəri həmişə gündəmdə olub və bildiyiniz kimi, Bişkek Protokolu imzalanan zaman və ATƏT-ə üzvlüklə bağlı da bu cür öhdəliklər artıq götürülüb. Bəs bu nə deməkdir? Sülh yolu ilə bu məsələ necə və ya nə vaxt həll oluna bilər ki? Bu yalnız indiki vəziyyətdə faktiki olaraq güclü görünən tərəfin maraqları təmin olunarsa mümkün olan bir şeydi.
– Ən yaxşı halda yarı-yarıya…
– Bu vəziyyətdə heç yarı-yarıya da ümid eləmək çox çətindir. Bunlar belə vəziyyəti analiz və təhlil edərək ciddi qərarlar vermək əvəzinə, ictimai rəyi çaşdırmaqdan ötrü çeşidli priyomlara əl atırlar. Mətbuatda zaman-zaman gedən, “Rusiya yeddi rayonu qaytarır”, nə bilim, “ermənilər 5 rayonu boşaldırlar” və sair kimi yalançı açıqlamaların hamısı bu qəbildəndir. Belə ağır bir problemin qarşısında olduğumuzu bilə-bilə, bu milli məsələyə münasibətdə də, bir qarın çörək xatirinə bu alçaqlığa gedən adlı-sanlı redaktorlar, titullu yazarlar var. Utanmırlar, ölmürlər, belə bir məsələdə də illərlə yalan yazmaqdan, bu yalanları ortaya atanlara “ləbbeyk” deməkdən çəkinmirlər. Kimə nömrə gəlirlər axı bunlar, kim bilmir ki, Rusiya üçün Ermənistanın yeri Azərbaycanınkından onlarla dəfə yuxarıdadır. Həmçinin də Ermənilər Rusiya siyasətinə birbaşa təsir eləmək iqtidarında olan və orda güc kimi hesablanan bir qüvvədirlər. Onlar istənilən vaxt Rusiya hakimiyyəti ilə, istədikləri məsələdə dil tapa bilirlər. Bir siyasi qüvvə kimi də, bir diaspora kimi də, bir müttəfiq kimi də onlar bunu edə bilirlər. Onlar sadaladığım bu üç müstəvidə də gerçəkdən qlobal miqyasda öz ölkələrinin və erməni xalqının mənafeyi üçün iş gördükləri bir zamanda, bizimkilər ya pafoslu açıqlamalar verməklə məşqul olublar, ya da yalan-palanla xalqı aldatmaqla baş girələyiblər. Baxın, illərdən bəri qürrələnirlər ki, bizim hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən çoxdu. Olsun, amma bu nəyə yaradı, nəyi dəyişə bildi. Demək istədiyim odur ki, bu cür boğazdan yuxarı və yalançı ritorikadan əl çəkmək, dövlətin və xalqın mənafelərinə, maraqlarına xidmət edən siyasət yürütmək lazımdır. Ancaq bu gedişatla Azərbaycanın heç bir promlemi həll olunmur və olunmayacaq da. Problemlər yerində qalır.
– Sadəcə qalmır, daha da böyüyür.
– Bəli daha da böyüyür. Açığını deyim ki, lap ilk günündən bu hakimiyyətin Azərbaycanın hansısa problemlərini həll edə biləcəyinə, ya da bu yöndə nəsə edəcəyinə heç vaxt inanmamışam. Çünki bu yanaşım o yanaşım, bu fəlsəfə də o fəlsəfə deyil. Azərbaycanın problemlərinin həl edilə bilməsi üçün mütləq Azərbaycanlıların maraqları, çıxarları müəyyən edilərək ortaya qoyulmalı və yalnız ona xidmət olunmalıdır. Millətin bütün gücü ölkənin problemlərinin həllinə yönəldilməlidir. Söhbəti ona gətirirəm ki, istənilən böyük və milli xarakter daşıyan problemin həll oluna bilməsi üçün millətin gücü ortada olmalıdır. Millətə qarşı bu cür saymamazlıq olan yerdə hansı problem həll oluna bilər?

Fəxrəddin Qardaşlı

LEAVE A REPLY