Ən böyük narkobaronlar MTN-də əyləşmişdi…

0
3

Ramiz Tağıyev

Ən böyük narkobaronlar MTN-də əyləşmişdi…

İlqar Əliyevin intihar etməsindən təəssüfləndim.

Bu da son… Keçmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasında ihtihar etməsi xəbərindən təəssüfləndim. Ola bilər ki, söylədiyim səmimi görünməsin, ancaq keçirdiyim hissi tam səmimi olaraq açıqlayıram.
Bəli, İ.Əliyevlə münasibətim hədsiz pis idi. O, iki dəfə tam günahsız olaraq həbs edilməyimə səbəbkar olanlardan biri idi. Uzun illər məni təqib etmiş, sonunda gülünc ittihamlarla həbsimə nail olmuşdu.
Həbsxana həyatı yaşadığımda ondan və digərlərindən qisas alacağımı məqsəd kimi qarşıma qoymuşdum. Nə etməliydim? Axı, İlqar və havadarları ölkə və bütün müqəddəs qanunları pozaraq mənə şər-böhtan atmış, nəticədə özümə həbsxanada, ailəmə isə azadlıqda əzab çəkdirməyə nail olmuşdular.
İlqarın və digər “çekist”lərin həbs olunmasına heç sevinmədim. Çünki həbsxana həyatı yaşayanın bir o qədər yox, onun ailə üzvlərinin daha çox əziyyət çəkdiklərindən xəbərdar idim. Ailələrinə, övladlarına acıyırdım. Bu gün də İlqarın yaxınlarının durumunu ürək ağrısıyla qəbul edirəm. Nə etməli, olanlar oldu… Bizim İlqarın və onun cinayətlərə sövq edənlərin günahlarının bağışlanmasını Tanrıdan diləməkdən savayı, əlimizdən heç nə gəlmir.

İntihar, yoxsa sui-qəsd?

Əlbəttə, ilkin versiya intihardır. İ.Əliyev durumunu yaxşı bilirdi və onu hansı cəzanın gözlədiyindən də xəbərdar olmamış deyildi. O, MTN-də kifayət qədər səlahiyyətlərə malik birisi idi. Sabiq nazir Eldar Mahmudovun ən sevimli, inandığı və “məxfi” işləri tapşırdığı çekistlərdən sayılırdı. Kifayət qədər məlumatlı olduğuna qətiyyən şübhə etmirəm…
İ.Əliyevi yaxından tanıyırdım. 2003-cü ilin iyun ayının 14-də Nabranda həbs edilməyimdə fəallıq göstərən əsas simalardan olmuşdu. Buna qədər otel otaqlarımız yanaşı olmuşdu,tanış olmuşduq, özünü iş adamı kimi təqdim etmişdi. Doğrusu, elə o zaman da İlqara inanmamışdım. Ancaq, haralı olduğunu, adını olduğu kimi söyləmişdi. Ağıllı biri olmadığını, hansısa xəstəlikdən əziyyət çəkdiyini müəyyən etmək bir o qədər də problem deyildi…
İkinci görüşümüz onun sayəsində həbs olunub, iki ildən artıq həbsxana həyatı yaşadığımdan sonra baş tutdu. Səhv etmirəmsə, 2005-ci ilin avqust ayının əvvəlləri idi. İlqarla və rəisi Elçin Quliyevlə həbsxanada dostlaşdığım Ümid partiyasının sədri İqbal Ağazadə vasitəsiylə görüşdük. İ.Ağazadənin təqdimatına görə, Elçin və İlqar tanınmış iş adamlarıydı. İlqarı həmən tanıdığımdan kimliklərini, hansı vəzifə daşıdıqlarını açıqlamaq məcburiyyətində qaldılar. Bir həftəlik “işbirliyi”mizdə nələrin baş verdiyini, hansı layihələrin cızıldığını elə o zaman KİV-lərə açıqladığımdan, bir daha həmin mövzuya qayıtmağı lazım bilmirəm.
İ.Əliyev əsasən ölkədəki güclü bir klana xidmət edirdi. Görünən odur ki, E.Mahmudov və onun komandasının əksəriyyəti həmin klanın siyasi məqsədlərini həyata keçirmək istəyirdi. Ola bilsin ki, İlqarın ölümündə hələ də öz gücünü, əksər strukturlarda dayaqlarını qoruyub, saxlamış klanın rolu olsun. Mərhum çekist hədsiz məlumatlıydı.Bununla belə danışmağa meyilli birisi idi. İlqarı himayə edənləri onun danışması çətin duruma sala bilərdi. Qeyd edim ki, cəmi bir həftə müddətində İlqarın bütün agentur şəbəkəsi barədə məlumat ala bilmişdim. Bu isə çekistin qüsurlu, zəif olmasından xəbər verir.
Təbii ki, Elçin və İlqar kimilərinə nökərçilik edib, ağılsız “layihə”lərin personası olacaq, bunu özümə yaraşdıracaq biri deyildim. Həmin “layihə”ni nə dövlətçiliyimiz, nədə ki öz adıma rəva bilməzdim. Təklif olunan pulun miqdarına baxmadan imtiha etdim. Təəssüf ki, onların “çaynağı”na düşən çoxları pula-paraya şirniklənib, ölkənin imicinə zərbə vuran iyrənc oyunlara baş vurdular. Məhz elələrinin sayəsində mətbuat, siyasət üfunət qorxusu verməyə-söyüş, təhqir, böhtan, şaiyə məkanına çevrildi…
Əlbəttə, hər iki versiya-İ.Əliyevin ölümünə intiharın və yaxud sui-qəsdin səbəb olması ciddi araşdırılmalıdır. Nə qədər obyektiv araşdırılacaq, bunu zaman göstərər. Başıma gələnlərdən belə qənaətə gəlmişəm, MTN-lə bağlı işin araşdırılması əsil həqiqətləri üzə çıxarmayacaq.

Kimə kimdən şikayət etməli?

Dost-tanışlarım məsləhət bilirlər ki, MTN-nin mənə qarşı etdikləri cinayətlər barədə şikayət edim. Buna haqqım da çatır… Sonuncu dəfə cinayət məcəlləsinin beş maddəsi ilə ittiham edilmişəm ki, bunların nə qədər absurd olduğu dəfələrlə təsdiqini tapıb. Həbsimin sifarişçisi MTN-nin olduğu da sirr deyil. Yaxınlarımı həbs edib, 8 ay MTN-nin İstintaq Təcridxanasında saxlayıb, işkəncələrə məruz qoyaraq əleyhimə ağlasığmaz, həqiqətə zərrə qədər uymayan ifadələr almağı bacarmışdılar. Təsəvvür edin ki, işin icraatı Respublika Prokurorluğu Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aid olsa da, saxlanılan şəxslər MTN-dəki cinayətkar dəstə tərəfindən tam qanunsuz olaraq ayrı-ayrı kabinetlərə aparıb, işkəncələrə məruz qoyulur, səlahiyyətlərinə uyğun gəlməyən “çekist”lər tərəfindən ifadələri alınırdı.
İstintaq qrupuna rəhbərlik edən Respublika Prokurorluğu Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin böyük müstəntiqi İbrahim Ləmbəranski nəinki MTN-də baş verən qanunsuzluqlara etiraz edir, əksinə, onların qanunsuz göstərişlərinin icraçısı kimi hərəkət edirdi. Üstəlik də qanunsuzluqla zəngin ittiham aktına Respublika Prokurorluğunun yüksək çinliləri imza atmayıblarmı? İndi siz söyləyin; mən, kimdən kimə şikayət etməliyəm? Bəlkə, ömrümün bir neçə ilini də Prokurorluqla çəkişməyə sərf edim?

İntihar etmək barədə heç düşünmədim…

İ.Əliyevin intihar etməsindən sonra, tanışlarım mənə bir sualla müraciət edir; həbsxanada intihar barədə düşündünmü? Cavabım belədir, birmənalı olaraq yox! Axı, nə üçün intihara əl atmalıydım. Düşündüyüm yalnız o idi ki, günahsızlığımı sübut edim, keçdiyim həyat yoluna uyğun gəlməyən cinayətkar adını üstümdən götürüm. Ömrümə bircə gün qalsaydı belə, mövqeyimdən geri çəkilməyi xəyalıma belə gətirmirdim. Zənnimcə, intihara yalnız zəif xarakterli və yaxud etdiyi cinayətlərin aşkarlanacağından narahatlıq keçirənlər əl ata bilərlər. Əslində intihar etməli əsas fiqurlar kənarda qalıb. Nəyəsə arxayın görünürlər, Eldar Mahmudov, Hilal Əsədov, Akif Çovdarov, Elçin Quliyev dura-dura, İlqarın intiharına heyfislənməyim təsadüfi deyil. İlqar icraçı deyildimi? Düşünürəm ki, əgər o, intihar edibsə, deməli, ləyaqətini, çekistlik şərəfini az da olsa qoruyub, saxlaya bilibmiş. Etdiklərinin bədəlini özü ödəmək istəyib.

Onların etdiyi cinayətlərin sayı-hesabı yoxdur

Təbii ki, cinayət cəzasız qala bilməz. Eldar və komandası da layiq olduqları cəzanı almalıdırlar ki, bir çox harınlamış məmurlar ibrət götürsünlər. Vəzifə ona görə deyil ki, cinayət törədəsən, sərvət toplayasan, xalqı qorxu altında saxlayasan.
Vəzifədə olanlar başqalarında daha çox Dövləti, Milləti sevməyi bacarmalıdır. Bu yoxsa, mütləq bir gün ifşa olunacaq, etdikləri naqisliklərin bədəlini ödəməli olacaqlar.
Kimsəyə bağlı qapı arxası arzu etməmişəm. Ancaq ora da bir həyat universitetidir. Düşünüb-daşınmaq üçün kifayət qədər zamanın olur. Orada da məlumat bazanı zənginləşdirmək imkanı əldə edirsən. Ağıllı insan hər anından səmərəli istifadə edə bilir.
Məhz həbsxanada MTN barədə bilgilərimi artıra bildim E.Mahmudovun bandası nə qədər günahsız insanı həbs edibmiş… Öz cinayətlərini pərdələmək naminə günahsız insanları həbs edirmişlər ki, yəni, bizdə işləyirik. Şərlənib həbs edilmələriylə barışa bilməyən neçə-neçə məhbusun ürəklərinin partlayaraq dünyalarını dəyişmələrinə şahidlik etmək bilirsiniz necə dəhşətlidir?!
MTN-nin narkotikaya qarşı mübarizəsinin arxasında maddi maraqlar varmış. Ən böyük narkobaronlar məhz Eldarın rəhbərlik etdiyi MTN-də əyləşiblərmiş. Onlar sadəcə olaraq başqalarının narkobiznesə girişməsinin qarşısını alıblar. Axı, bu biznes birbaşa MTN rəhbərliyinin maraqlarına xidmət edib, milyonlar, bəlkə də milyardlar qazanmalarına şərait yaradıb.
Əldə edilmiş narkotik vasitələr qanunauyğun olaraq xüsusi komissiyanın iştirakı ilə məhv edilməlidir. Bu barədə biz uzun müddət yazdıqdan sonra cəmi bir dəfə MTN-nin əldə etdiyi narkotik vasitələrin məhv edilməsinin telekanallardan nümayiş etdirilməsini müşahidə edə bildik. Nə bilmək olar, bəlkə, yandırılan heç narkotik vasitə deyilmiş? Sevindirici haldır ki, MTN-də baş vermiş dəyişikliklərdən sonra təkrar olaraq narkotik vasitələrin yandırılmasını telekanallarda izlədik.
Böyük ehtimalla E.Mahmudovun cinayətkar bandası narkobiznesi İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əlaqəli qura biliblər. Bu işin ciddi araşdırılmasına, narkotik vasitələrin daşınmasında ittiham edilərək, hazırda müxtəlif cəzaçəkmə müəssisələrində cəza çəkən İİR vətəndaşlarının təkrar istintaqa cəlb edilib, dindirilməsinə zəruri ehtiyac duyulur.

General Zakir Nəsirov və MTN-nin cinayətkar bandası tərəfindən şərlənərək həbs edilən bir çox insanların işi yenidən araşdırmalıdır.

Günahsız məhkumlarla rastlaşdıqca dərdimin üstünə dərd yüklənirdi. Bu qədər acımazlıqmı olar? Axı, həbs etdirdikləri, ailələrinə zülm çəkdirdikləri insanlar düşmən deyil, bizim Dövlətimizin vətəndaşlarıdır. MTN-nin həbs etdirdiyi məhkumlarla görüşüb, söhbətləşdik. İttiham aktları ilə də tanış olurdum. O qədər primitiv istintaq aparılmışdı ki, bu da özbaşınalığın, vəzifə borclarına xəyanətin nəticəsi idi. MTN birmənalı olaraq ölkə qanunlarını tanımaq istəməyib. Baş verən qanunsuzluqlara etiraz edən peşəkar çekistlər isə həmin orqandan dərhal xaric ediliblər. E.Mahmudov öz imperiyasını yaradıb, özünəməxsus qanunlarla yaşayıb, idarə edib. İnsanların qanı, canı bahasına çirkli pullar toplamağı sevimli xobbisinə çevirib. Sözsüz ki, çirki pullar ilk imkandaca çirkli işlərə sərf edilib və ediləcəkmiş.
İş adamlarının başına müsibətlər açılıb ki, bu gün ölkə bunun da nəticəsini yaşayır. İş adamlarının həbs edilməsi, soyğunçuluğa məruz qalmaları nəticəsində on minlərlə iş yerləri bağlanmalı olub. Düşünürəm ki, istintaq orqanları günahsız qurbanların bəraət almasına yardımçı olmalıdırlar. Ömürlük həbs cəzasına məhkum edilmiş general Zakir Nəsirov və digər günahsız insanların –MTN-də baş vermiş cinayətkar əməllərin qurbanı olanların təcilli azadlığa qovuşmalarına şərait yaradılmalıdır. Bax, onda ədalət mütləq zəfər çalacaq!

LEAVE A REPLY