Yaxın Şərqi hansı tale gözləyir?

0
3

Zaur Muradxanlı

Şahmat taxtası

Yaxın Şərqi hansı tale gözləyir?

(Əvvəli ötən saymızda)

Bəs keçən həftə boyunca Yaxın Şərqdə, xüsusilə də Suriyada nələr baş verdi? İlk öncə vətəndaş müharibəsində hansı yeniliklərin olduğuna nəzər salaq. Bu ölkədə Rusiyanın dəstəyi ilə irəliləməyə davam edən hökumət qüvvələri türkmənlərin məskunlaşdığı Qızıldağ regionunu ağır döyüşlərdən sonra ələ keçirə bildilər. Ayrıca Suriyanın mərkəzində, paytaxt Şamla Aralıq dənizi arasında yerləşən, ayrıca üzərindən keçən magistral yollar və sairə səbəbindən olduqca önəmli dərəcədə strateji əhəmiyyət daşıyan Hums şəhəri iki illik mühasirə və ağır döyüşlərdən sonra aparılan danışıqlar nəticəsində müxalifət tərəfindən müqavimətsiz tərk edildi. Doğrudur, hər nə qədər razılaşma şərtlərinə görə Humsa Əsədin ordusu deyil, Daxili İşlər Nazirliyinin polis dəstələri nəzarəti ələ alacaqsa da, bu müxalif bölmələr üzərində psixoloji cəhətdən neqatiiv təsir yaratdığı halda Bəşər Əsədin dəstəkçilərinin ruh yüksəkliyinin artmasına kömək etdi. Digər tərəfdən də İŞİD cəbhəsinə baxdığımızda, bu terror təşkilatının son bir həftədə sadəcə Suriyada deyil, habelə İraqda da quru əməliyyatlarında heç bir irəliləyiş edə bilmədiyini, əksinə getdikcə sürətlə artan bir templə geriyə doğru sıxışdırıldığını görərik. Bütün bunlar da öz növbəsində Əsəd qüvvələrinin bütün Suriya torpaqları üzərində hakimiyyətini bərqərar etmə istəyinin reallaşacağı günün yaxınlaşdığını göstərməkdədir. Lakin o gün gecikdikcə vətəndaş müharibəsinin qurbanlarının sayı artmaqda davam edəcək, sayı 11 milyonu keçən qaçqınların da sırasına yeniləri qoşulacaqdır. Bir az da İraqdakı duruma nəzər salaq.
Bu ölkədə İŞİD və hökumət qüvvələri arasındakı mövqelərdə önəmli sayıla biləcək dəyişikliklər olmasa da, bir ölkənin siyasi və hərbi imicinə ciddi şəkildə zərbə dəymişdir. Təəssüflər olsun ki, bəhs etdiyimiz ölkə qardaş Türkiyədən başqası deyildir. Belə ki, keçən yazımızda da bəhs etdiyimiz kimi, İran və Rusiya ittifaqının təhriklərinə qulaq asan İraq hökuməti Türkiyəyə qırx səkkiz saat vaxt verərək Mosul yaxınlığındakı təlim bazasından öz hərbi hissələrini çıxarmağı tələb etmişdi. Prezident Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilk başlarda hər nə qədər də ordumuzu geri çəkməyəcəyik deyə, bəyanat versələr də, təzyiqlərə davam gətirməyərək Mosul yaxınlığındakı təlim bazasında sünni ərəblərə və Şimali İraqda yerləşən kürd muxtariyyəti əsgərlərinə hərbi təlim verməkdə olan taborlarını bu ölkənin sərhədləri xaricinə çıxarmalı oldular. Əlbəttə, ilk baxışdan bu hər nə qədər normal və İraqın haqqı kimi görünsə də, AKP iqtidarının ilk başdakı tutumu Türkiyənin imicinə mənfi zərbə vurulması üçün yetərli olmuşdur.

Burada Mosulla bağlı kiçik bir arayış vermək istəyirəm…
Lozan sülh danışıqlarında Türkiyənin israrlı tələbləri qarşısında ingilis nümayəndə heyəti Mosulun Türkiyəyə tərk edilə biləcəyini, amma qarşılığında bu vilayət ərazisində yerləşən neft yataqları üzərində imtiyaz haqqı tələb edir. Türkiyə nümayəndə heyətinə başçılıq edən İsmət paşa ingilislərin bu təkliflərinə qarşı çıxaraq Mosulu təbii sərvətləri ilə birgə istəyir, lakin buna da ingilislər razı olmur. Sonra Türkiyə Böyük Millət Məclisində Lozanla bağlı müzakirələrdə millət vəkillərindən Sırrı bəy və başqaları Mosula ordu yeridərək bu bölgəni ingilislərdən azad etməyi təklif edir. Sualları isə iki nəfər cavablandırır; İsmət paşa Mosulda İngiltərənin təyyarələrinin və çoxlu sayda digər hərbi texnikasının olduğunu, əvəzində isə türk ordusunun əlində avtomobillərinin belə olmadığını, ayrıca adi silahlarının və sursatlarının qıt olduğunu bildirir. İzmirdəki ordunu Mosula göndərmək istəyini isə Kazım Qarabəkir paşa cavablandırarq İzmirdəki ordunun geri çəkiləcəyi halda bu şəhərin yenidən müdafiəsiz qalacağını, ayrıca izmirin xilası zamanı da buradakı hərbi birləşmələrin çoxlu sayda itki verdiklərini bildirir.
Bunları xatırlatmaqda məqsədim Lozan sülh danışıqlarına işıq tutmaq deyil, sadəcə olaraq 92 il öncə İsmət paşa Mosul nefti üzərində ingilislərə imtiyaz verilməsini qəbul etsəydi, bu torpaqlar indi Türkiyənin sərhədləri daxilində olacaqdı və üç milyona yaxın İraq türkməni də hər an soyqırım, və ya assimilyasiya təhlükəsi ilə yaşamayacaqlardı. Digər tərəfdən, onların varlığı Türkiyənin Güney Doğusunun təhlükəsizliyinin qorunmasında mühüm rol oynamaqla bərabər, bu gün Türkiyənin torpaqlarını bölməyə çalışanlar qarşısında da sədd çəkilmiş olacaqdı. Amma bütün bunları edə bilmək hər siyasətçinin deyil, on illər sonrasını görən, dövlətlərinin maraqlarını bir şahmat ustası kimi rəqibinin bir neçə gediş sonra atacağı addımları hesablayaraq ata bilən siyasərtçilərin işidir ki, belələri də tarix boyunca dahi şəxsiyyətlər olaraq anılanlardır. Kim bilir, bəlkə də İsmət paşa neft imtiyazını verməyə razı olsaydı illər sonra, ikinci dünya savaşı zamanı bir bəhanə ilə bu imtiyazdan imtina edə bilərdi, indi də şübhəsiz ki, türk siyasi tarixinin yetişdirdiyi ən böyük xadimlərdən biri kimi anılacaqdı.
İndi türk əsgərlərinin Şimali İraqdan çəkilməsini təmin etmək, qeyd etdiyimiz kimi, əslində İraqın deyil, İran və Rusiyanın Türkiyə ilə bağlı güddüyü mühüm strateji hədəflərin bir hissəsindən başqa bir şəy deyil. Əgər Türkiyənin sərhədləri daxilində PKK-ın fəallaşmasına, məcsidləri, məktəbləri, xəstəxanaları və digər ictimai binaları yandıraraq, küçələrə xəndəklər qazaraq kürdlərin kütləvi itaətsizliyini təmin etmək və bununla özlərinin də etiraf etdikləri kimi xaos vəziyyəti yaradaraq Güney Doğu bölgəsini idarəolunmaz vəziyyətə gətirmələrinə və bu xaos düzəni yaradarkən istifadə etdikləri partlayıcılar, yanıcı maddələr və silahların mənşəyinə baxarsaq onların kim tərəfindən silahlandırıldıqları, hansı qüvvələr tərəfindən maaliyələşdirildikləri barəsində az da olsa təsəvürümüz yaranacaqdır. Bir tərəfdən Türkiyənin iqtisadi cəhətdən sıxışdırılması,qonşuları ilə münasibətlərinin pisləşməsi və bölgədə təklənməsi, digər tərəfdənsə hərbi baxımdan yardıma möhtac vəziyyətə düşürülməsi bu ölkənin xarici siyasət qurumundakı axsaqlıqların nə dərəcədə böyük olduğunu üzə çıxarırsa, digər tərəfdən də elə NATO-dakı müttəfiqləri tərəfindən bilərəkdən bəzi məsələlərdə məlumatsız qoyulduğuna və bu məlumatsızlıqların da beynəlxalq müstəvidə yanlış anlaşılmalara səbəb olduğuna işarədir. Qardaş ölkənin elə NATO daxilindəcə baş verən olaylar barədə yetərincə məlumatlandırılmadığını bu həftə Moskvaya gələn Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri Con Kerri də etiraf edib. Belə ki, o, Türkiyənin Amerika ilə Rusiya arasındakı Suriya hava sahəsi barəsində əldə olunmuş razılaşmanın bütün detallarından xəbərdar edilmədiyini etiraf edib.
Əgər Türkiyə vaxtında bu razılaşmanın bütün incəliklərindən xəbərdar edilsəydi bəlkə də heç rus hərbi təyyarəsi vurulmayacaq, ikili münasibətlərdə vəziyyət indiki qədər böhran yaşamayacaqdı.

Amma burada da müttəfiq olsalar belə hər kəsin öz marağı prinsipinin işlədiyini görürük. Bəlkə də ABŞ bu hərəkətlə Avropa Birliyinin Rusiyaya qarşı sanksiya tədbirlərinə qoşulmayan Türkiyəni cəzalandırmış oldu, kim bilir…
Ayrıca burada başqa bir məqam da vardır ki, o da ABŞ-ın Türkiyənin bölgədə kifayət qədər güclənməməsini istəməsindən və beləliklə də iqtisadi, siyasi və bunlara da paralel olaraq hərbi qüdrəti sürətlə artan İran, eləcə də münasibətləri daha dünənədək mehriban qonşuluq səviyyəsində olan Rusiya qarşısında daima onun dəstəyinə möhtac duymasını təmin edə bilməkdir.
Məncə bu daha ağla yatan, məntiqli düşüncədir, amma istənilən vəziyyətdə seçilmiş iqtidarın vəzifəsi yuxarıda da qeyd etdiyimiz kimi, dünyadakı bütün digər dövlətləri rəqib şahmatçı kimi görərək onların bir neçə gediş sonra atacağı addımları hesablaya bilmək, buna görə tədbir almaq deyilmidir?
Dünyanın supergücləri və onlarla bilək güləşdirməyə həvəsli digər dövlətləri artıq karbohidrogen ehtiyatları ilə zəngin bu bölgəni, Yaxın Şərqi öz aralarında bölüşdürməyə qərar veriblər. Eynən qurdların ovladıqları heyvanın daha yumşaq və daha böyük tikələrinin üzərində mübarizə apardıqları kimi, Yaxın Şərq regionu da bənzər mübarizə meydanına çevrilmişdir. Birinci növbədə itirən bölgə dövlətləri və xalqları olacaqdır, çünki mübarizə məhz onların vətənləri, onların sahib olduqları təbii sərvətlər üzərində getməkdədir. İkinci itirən kim olacaq? Oyunun qaydalarını bilməyən, ya da başqalarının arxasınca gedənlər…
Təəssüf ki, Türkiyə də bu gün uduzanlar sırasındadır. ABŞ tərəfindən Suriya hava sahəsi barəsindəki razılaşmanın detalarından xəbərdar edilmədiyinə, rus təyyarəsini vurub saldığına görə və daha bilmədiyimiz neçə-neçə səbəblərə görə.
Bəlkə də burada Türkiyənin haqlı olduğu səbəblər vardır, amma böyük siyasətdə bəzən susmağı, reaksiyasız qalmağı, ya da ən azından elə görünməyi bacarmaq lazımdır, ən azından növbəti gedişlərin xətrinə.

LEAVE A REPLY