Sahibkarlara hücum dayandırıldımı?

0
16

Sahibkarlara hücum dayandırıldımı?
İş adamlarına dəstək kampaniyası zəruridir.

Ölkədə sahibkarlığın boğulması sirr deyil və prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu məsələni xüsusi vurğulayaraq, sahibkarlara qarşı yoxlamaların dayandırılmasına, lisenziyaların sayının azaldılmasına dair münasibətini bildirdi. Nazirlər Kabinetində verilən tapşırıqlara uyğun olaraq, 2015-ci ilin oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərildi. Layihəyə əsasən, 2015-ci ilin noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Təəssüf ki, buna qədər baş verənlər iş adamlarının fəaliyyətinə təsirsiz ötüşməyib. Nüfuzlu iş adamlarının ayrı-ayrı dövlət strukturları tərəfindən təqiblərə məruz qalması, rəhbərlik etdikləri sahələri ciddi zərbəyə tuş etdi.Bu azmış kimi KİV-lər də sahibkarların təqib-təhdidlərə məruz qalmasından məmnunluqlarını gizlətməyib, onların barəsində palaz-palaz, həqiqətə uyğun olmayan tənqidləri səhifələrinə çıxardılar. Nəticə..?
Nəticə artıq hiss olunmaqdadır. Minlərlə insanın çalışıb, ailələrinin ehtiyacını ödəməyə şərait yaradan tikinti sektorunun çöküşü açıq-aşkar hiss olunmaqdadır. Məhz həmin səbəbdən də tikinti sektorunda baş verənləri araşdırmağı qərara aldıq.
Nüfuzlu iş adamı, “Şərur” MTK-nın prezidenti İsfəndiyar Axundovun fəaliyyəti diqqətimizi çəkdi. Çünki İ.Axundov barəsində zaman-zaman qalmaqallı yazılar səhifələrə çıxarılır, onun təqdimatı birmənalı təsir buraxmırdı.
“Şərur” MTK-da çalışan, yaxından tanıdığım, obyektivliyinə qətiyyən şübhə etmədiyim bir həmyerlimlə görüşdük. Əlinin qabarıyla ailəsini dolandıranlardandır. Üstəlik də Qarabağ savaşı qazisidir.
Söhbətləşdikcə, İ.Axundova olan münasibətim büsbütün dəyişdi. Həmyerlim adının çəkilməməsini xahiş edib, “bəziləri İsfəndiyar müəllimə yarınmaq üçün danışdığımı söyləyəcək”-dedi. Məndə sizin kimi İ.Axundovu qəzetlərdə gedən yazılardan tanımışam. Əfsuslar olsun ki, onun barəsində böhtan, qərəzli yazılar çox yazılır. O, böyük kişidir, böyük ürəyi var. Yaxşılıq üçün yaranmış insanlardandır. Bu yaxınlara qədər on minə yaxın insan onun rəhbərlik etdiyi “Şərur” MTK-da çalışırdı. Bu isə minlərlə ailənin təmin olunması deməkdir. Hədsiz çalışqan iş adamıdır. Nəyə nail olubsa, halal zəhmətiylə, çalışqanlığıya nail olub. Çox sadə adamdır, demək olar ki, bütün işçilərə diqqət yetirir, problemlərinin həll olunmasına çalışır. Sözün düzü siz jurnalistlərin İsfəndiyar müəllimi tənqid etməyinizdən çox narazıyam. Sizdən də xahiş edirəm, söylədiklərimi yazın.”
Həmyerlim danışdıqca, düşünürdüm: axı, nədən biz beləyik? Rüşvətxorla, harınlamış məmurlarla iş adamlarını eyniləşdirir, onların zəhmətləri bahasına qazandıqlarını qəbul edə bilmirik. Doğrudan da, İ.Axundov və yaxud digər iş adamları kimdən rüşvət alıb, kimin haqqını tanımayıb? Axı, başqa ölkələrdə belə deyil, əksinə, inkişaf etmiş ölkələrdə iş adamlarına hörmətlə yanaşılır, yüksək səviyyəli tədbirlərdə onların xüsusi yerləri olur. Nədir axı, bu qısqanclıq? Ömründə bir dəfə xeyirxahlıq etməyənlər, üç-beş insanın çalışıb, ailəsini dolandırmağına şərait yarada bilməyənlər, on minlərlə insanın işlə təmin edilməsinə nail olanlara dodaq büzür, onlar barəsində yazılan, əksər zamanlarda həqiqətə tam uyğun gəlməyən xəbərlərdən xoşhallanırlar. Məhz belə səbəblərdən də iş adamları ruhdan düşür, fəaliyyət sahələrini genişləndirmək istəmirlər.
Həmyerlimdən bir sıra əlavə bilgilər almağa çalışdım, Şərur “MTK”-nın nə işlər gördüyü barədə maraqlandım: “İndi Sumqayıtda, paytaxtın Yasamal, Xətai rayonunda tikinti işləri aparılır. Aldığımız zəhməthaqqımızdan qətiyyən şikayətlənmirik. Çətinliyimiz olanda İsfəndiyar müəllimə müraciət edirik və problem yerindəcə həll olunur. O, demək olar ki, hər gün iş yerlərinə baş çəkir, görülən işlərlə maraqlanır. İşlərin keyfiyyətli görülməsinə xüsusi olaraq diqqət yetirir.
İsfəndiyar müəllimin bir xüsusiyyəti var ki, etdiyi yaxşılıqları dilə gətirməz. Ancaq, neçə-neçə şəhid ailəsinə güzəştli şərtlərlə mənzil verdiyindən xəbərdarıq. İmkasız ailələrin də ev alması üçün şərait yaradıb. Əvvəllər “Şərur” MTK-da bəzi şəxslərin əyintilərə yol verdiyinə rast gəlinsə də, İsfəndiyar müəllim məsuliyyətsiz insanların hamısını kənarlaşdırdı. “Şərur” MTK bir çox yeniliyə də imza atmağa çalışır. Mənzil almaq şərtləri hədsiz sadələşdirilib. Əlbəttə, bütün bunlar İ.Axundovun istəyi ilə həyata keçir. Bundan sonra ilkin olaraq 10 faiz ödəniş etməklə, 20 illik ipotekayla mənzil almaq olacaq.”
Etiraf etmək lazımdır ki, son aylar tikinti sektorunda vəziyyət bir o qədər ürəkaçan deyil. İşlərin sürəti xeyli aşağı düşüb. Həmin sahədə çalışanların böyük əksəriyyəti iş yerləriylə vidalaşmalı olub. “Avesta” şirkətinin rəhbəri İbrahim Nehrəmlinin layihəsi olan “Xəzər adaları”nda da durğunluq hökm sürməkdədir. Əlbəttə, buna sevinmək yox, narahat olmaq lazımdır. Söhbət təkcə İbrahim Nehrəmlidən getmir axı… Görəsən, minlərlə işini itirmiş insanın sonrakı taleyi ilə maraqlanan var? Təbii ki, yox! Görünən odur ki, bizləri əsasən iş adamlarının uğursuzluğu sevindirir. Vəssalam!
Nədənsə bu illər ərzində yeni şərtləri qəbul etmək istəmirik. İnsanların çalışıb, iş qurub, zənginləşməklərini həzm edə bilmirik. İş adamlarını vəzifə səlahiyyətlərindən istifadə edib, biznes imperiyası quran rüşvətxor məmurlarla eyniləşdiririk.
“Şərur” MTK-da çalışan həmyerlimi dinlədikcə İ.Axundova münasibətim tamamilə dəyişdi. Qeyd edim ki, həmsöhbətim “Şərur” MTK-da xüsusi səlahiyyət sahibi deyil, fəhlədir, əlindən gələn işləri görür. Söhbətimizin sonunda məlum oldu ki, “Şərur” MTK imkansız ailələrin təhsil alan övladlarına dəfələrlə köməklik göstərib: “İsfəndiyar müəllim belə işlərə xüsusi olaraq diqqət ayırır. İdman və digər maraqlı tədbirlərin keçirilməsinə daima dəstək versə də, reklam olunmağı sevmir. O özü nəyə nail olubsa, əzab-əziyyətlə, zəhmətiylə uğura qovuşduğundan imkansızlığın, ehtiyacın nə demək olduğunu yaxşı bilir”.
Bəli, mövcud reallıq belədir. Bəzən yanılırıq, dəyərli iş adamları barəsində həqiqətə zərrə qədər uymayan münasibət sərgiləyirik. Nəticəsi isə çox acı olur. İş adamları zəhmətlərinə, yaradıcıqlarına qiymət verilmədikdə, əksinə, tənqidə, böhtana məruz qaldıqda həvəsdən düşür, bu isə sözün əsil mənasında minlərlə insanın iş yerərini itirmələriylə nəticələnir. Acı reallıqdır bu.
Düşünürəm ki, iş adamlarına dəstək kampaniyasını başlamağın tam zamanıdır. Əslində isə, mən artıq belə kampaniyaya start verdim. Həmyerlimin-sadə bir zəhmət adamının söylədiklərini qələmə alıb, “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovu olduğu kimi tanıtmağa çalışdım. İstəyim isə yalnız odur ki, İsfəndiyar müəllim kimi iş adamları ruhdan düşməsinlər, daha geniş fəaliyyət sahələri açıb, insanların işlə təmin olunmasına köməklik göstərsinlər. Başqa yol varmı? Zənnimcə, yeganə yol sahibkarlığın inkişafıdır. Kiçik, orta və hətta iri sahibkarlığın. Bizlərə isə dəstək vermək, təbliğ etmək düşər. İndiki zamanda bunun nə qədər zəruri olduğunu isbat etməyə ehtiyac duymuram. Qeyri-neft sektorunun inkişafı yeganə çıxış yolu olduğunu anlamamaq ağılsızlıq olardı. Başlayaq dostlar, Vətən və Millət naminə!

Nicat Sadiq

LEAVE A REPLY