MTN-də nələr baş verir?

0
3

Ramiz Tağıyev

Məlumat yayılıb ki, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudası-Beynəlxalq Bankın idarə heyətinin sabiq sədri Cahangir Hacıyev həbs edilib və hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Məlumatda vurgulanıb ki, quda E.Mahmudovun əleyhinə bülbül kimi ötməyə başladığından, MTN-in sabiq “şefi” ürək “krizi” keçirib. Çətindir…
Əlbəttə, bir zamanlar üzbəüz oturub şəninə ürək oxşayan tostlar söyləyən quda indi sərt açıqlamalarıyla E.Mahmudovun qəlbini qırır, “kriz” keçirməsinə səbəb olur. Dözmək doğrudan doğruya çox çətindir. Ancaq nə etmək olar, olan olub, qudaların əli hədsiz sayda çirkli işlərə, çirkli pullara bulaşıb.
Çirkli pulların yalnız çirkli işlərə, cinayətlərə sərf edilməsi barədə dəfələrlə yazmışdım. E.Mahmudov yazdıqlarımı çox oxuyub, qəzəblənib, həbs edilməyimə göstəriş vermişdi. Təbii ki, çirkli əməllərin şahibi həbs olunmağım üçün bütün çirkin vasitələrdən istifadə etmişdi. Dostumu, qohumumu işgəncələrə məruz qoyub, üzümə durdura bilmişdilər. Haqsızlığa dözmək çətindir, əzablıdır. Tanrı mənə dözüm, iradə verdi. Bəlkə əsil həqiqətlərin aşkar olduğu günə şahidlik etmək üçün. Bağlı qapı arxasında belə dayanmadım, bildiklərimi qələmə alıb, “Millətimə” çatdıra bildim.
E.Mahmudov dövlət içində dövlət yox, sanki imperiya yarada bilmişdi. Sərvəti aşıb-daşan MTN-in cinayətkar dəstəsi çirkli pulları sərf edərək mətbu şəbəkə yaratmış, bununla ölkənin nüfuzlu şəxslərini ləkələməyə baş vurmuşdu. “Millətim”in bir neçə il öncəki nömrəsində işıq üzü görmüş- Turan Türkun müəllifi olduğu yazı da ciddi faktlara söykəndiyindən bu gün öz təsdiqini tapmaqdadır.
Düşünürəm ki, oxucularımızın həmin yazılara diqqət yetirməsi onların MTN ətrafında baş verən hadisələrə obyektiv yanaşmasına yardımçı olacaq.

MTN-də nələr baş verir?

“Tonton-makut”lara sərbəst arena verildi.

Bir neçə müddətdir ki, Milli Təhlükəsizlik Nazirinin birinci müavini, general-mayor Əli Nağıyevin qəfil istefaya göndərilməsi barədə müxtəlif mühakimələr yürüdürlür, versiyalar səsləndirilir. Əslində isə bu gözlənilən idi.
Artıq bir neçə ildir həmin nazirlikdə səngimək bilməyən peşəkar çekistlərlə, “OBXSS”-lər arasındakı çəkişmənin yekunu çoxları üçün gözlənilməz olsa da, MTN-dən çoxdan ayrılmaq məcburiyyətində qalmış bəzi peşəkarlar üçün gözlənilməz heç nə baş verməyib: “Əli Nağıyevin bir neçə il orda tab gətirməsi qeyri-adi hadisədir. Bir zamanlar ideal təmizliyi, peşəkarlığı, həsəd aparıla biləcək yüksək çekist əxlaqı ilə qürur duyula biləcək MTN-də son illər durum tam başqalaşmışdı. Bizlər böyük öndər Heydər Əliyevin yaratdığı çekistlik məktəbinin davamçılarından idik. Əli Nağıyev həmin məktəbin son nümayəndəsi olaraq MTN-dən uzaqlaşdırıldı.”
Bu fikirləri “Millətim”in bir növ təhlükəsizlik məsələləri üzrə ekspertinə çevrilmiş, istefada olan polkovnik səsləndirdi. Əlbəttə, belə bir mühüm mövzuya toxunmazdan öncə mütəxəssislə məsləhətləşməyə zəruri ehtiyac duyulur. İstefada olan polkovnikin təcrübəsinə şübhə etməyə haqqımız çatmır. O, uzun müddət sərhəd bölgələrində, hətta xarici ölkələrdə çalışdığından təhlükəsizlik xidmətinin fəaliyyətinin ən xırda “detal”larından məlumatlıdır. Başlıcası isə “Millətim”in daimi oxucusudur.
Yazdıqlarımızla çox zaman razılaşsa da, bəzən iradları da olur. Polkovnikin iradlarını səmimi qəbul edirəm, çünki bu insan kifayət qədər obyektiv, dünya görmüş ağsaqqaldır. Yaşına görə çox cavan görünür, səliqə-sahmanına isə söz ola bilməz. Zamanında riayət etdiyi nizam-intizam indi onun gündəlik yaşam tərzinə çevrilib: “Oğul, görürsən mən indi daima insanlarla sıx ünsiyyətdəyəm, onların mənə olan xoş münasibətindən ləzzət alıram. Təəssüf ki, bizim həmkarlarımızın hamısının sonrakı taleyi mənim kimi olmur. Qanundan kənar heç bir işim olmayıb. Pisliklərdən kənar olaraq xidməti borcumu yerinə yetirmişəm”-deyir ağsaqqal.
Nə üçün MTN-dən tez uzaqlaşdınız?-sualıma o: “orada mühit kəskin dəyişdi. Bizim zamanımızda işə qəbul olunanlar əməlli-başlı “süzgəc”dən keçirilirdi. Nəsl-əcabətlərinin hamısı yoxlanılır, işə qəbul ediləcək şəxs bir müddət müşahidə altında saxlanılırdı ki, onun maraq dairəsi, əxlaqi keyfiyyətləri barədə bilgi əldə edək. Əməkdaşlarımızın ucadan danışdığını, əsəbləşdiyini kimsə görə bilməzdi. İctimai iaşə obyektlərinə yalnız zəruri hallarda gedə bilərdik. İndi eşidəndə ki, “çekist” gedib yeyir-içir, hələ üstəlik dava-dalaş da salır, ürək ağrısı keçirirəm. Mənim işimdə bir müddət qalmam mümkün idi, ancaq ab-havanın dəyişdiyini gördüm, əsəblərim tarıma çəkilmişdi. MTN elə işlərə müdaxilə etməyə başladı ki, bunun məsuliyyətini bir zaman məndə daşımalı olacaqdım. Yaxşısı bu oldu, indi çox rahatam. Kaş, Ə.Nağıyev də bizimlə birgə getməyə qərar verərdi. O da çox əziyyətlər çəkib. Təsadüfi deyil, leytenantlıqdan ta generallığadək addım-addım irəliləyib. İndi görürsən, öyrədilmiş qəzetlər nələr yazır? Guya Əlinin qohum-əqrəbası işləmək, müxtəlif sahələrdə fəaliyyət göstərmək hüququna malik deyilmişlər. MTN-dəki “naşı”lar ötürür bu dezinformasiyaları. Yxşısı budur, öz gələcək aqibətləri barədə düşünsünlər. Nələr etmirlər… ”

“Yazdıqlarınızın həqiqət olduğuna şübhəm yoxdur, ancaq ehtiyatlı olmaq lazımdır”

Polkovnik ehtiyatlı danışdığını sezdiyimi görüb: “Oğul, düşünmə ki, kimdənsə çəkinirəm. Çəkinəcək bir işim də olmayıb. Mövcud durumu bilməmiş deyilsən, övladlarımı çörəksiz qoyarlar. Sizə də ehtiyatlı olmağı məsləhət bilirəm. Ramizin, Eynullanın aqibətindən nəticə çıxarmağa borclusunuz. Heydər Əliyevin zamanında bunlar baş verə bilməzdi. MTN-nin kənar işlərə müdaxiləsi mümkün deyildi. Həmin nazirlikdə qarşıdurmanın əsil mahiyyəti ondan ibarətdir ki, peşəkarlar çekistlərin kənar işlərə müdaxiləsinə etiraz edirdi. H.Əliyev təhlükəsizlik xidməti üçün nümunəvi ənənə yaradıb miras qoymuşdu. Sonralar Vaqif Hüseynov, İlhüseyn kimiləri həmin ənənədən kənara çıxmaq çəhdləri etsələr də, milli ruhlu çekistlər tərəfindən qarşısı ləyaqətlə alındı. Bizim əksəriyyətimiz o zaman başlamış Milli Azadlıq hərəkatına rəğbət bəsləyirdik. Bilirsən, nə qədər əhəmiyyətli məlumatları rəhmətlik Elçibəyə ötürmüşük. Hərəkatın içinə SSRİ “KQB”-sinin agentləri öötürülmüşdü. Təxribatlar baş verə bilərdi. Vaqif, İlhüseyn SSRİ-nin saxlanılması üçün nə istəsələr etməyə hazır idilər. Təəssüf ki, AXC-Müsavat iqtidarı zamanı çox naşı adamları MTN-ə “doldurdular”. Biz bunu gözləmirdik. Açıq söyləyim ki, H.Əliyevin hakimyyətə gəlməsi üçün öz imkanlarımızdan istifadə edərək, işlər aparırdıq. Bu gün MTN-də baş verən iyrənc oyunların günahsız qurbanına çevrilən Əli Nağıyev də qatı Əliyevçilərdəndir.
“Millətim”də iş adamı Eldar Əliyevin ölkə rəhbərliyinə müraciəti ilə tanış olduqdan sonra, bilirdim ki, Əlini necə olur-olsun MTN-dən uzaqlaşdırmağa çalışırlar. Görün, nələr baş verib? MTN-də vətəndaşa işkəncə verərək, öz həmkarlarının –Əli Nağıyev kimi peşəkar çekistin əleyhinə qurama ifadələr alıblar. Öz adlarını ona qoymaq istədilər, ancaq uğursuz alındı. Daha doğrusu, özlərini acınacaqlı formada ifşa etdilər. Nə üçün layiqli cəzalarını almadılar? Bu məni çox düşündürür. İş orasındadır ki, tək Ə.Nağıyevdən söhbət getməyib, Ramil Usubov, Ramiz Mehdiyev, Novruz Məmmədov kimi nüfuzlu dövlət xadimlərinin əleyhinə ifadələr alınıb. Belə əmələ görə bizim zamanımızda həmin çekistlər dərhal işdən kənarlaşdırılar, hətta cinayət məsuliyyətinə cəlb edilərdilər.”
Polkovnikin söylədikləri məni də düşündürür. Bir an iş adamı Eldar Əliyevin məhkəmə zalındakı görkəmi göz önünə gəlir. 120 kiloqram çəkisi olan E.Əliyevdən cəmi 70-80 kiloqramlıq bir vücud qalmışdı. Yəqin ki, bu xoş günün əlaməti deyil, əksinə məruz qaldığı təzyiq-təhdid, mənəvi işkəncələrin “bəhrə”si idi. Gözlərindəki xof açıq-aşkar hiss olunurdu.
Keçmiş çekist yenidən söhbətə başlayır: “”Millətim”də ATM-in rəis müavini İlqar Əliyevin dəsti-xətti ilə Ramil Usubovu şantaj edən sənədi verdiniz, nəticəsi nə oldu? Belə çirkin işə görə onu həmən MTN-dən qovmalı idilər. Qovulmayıbsa, deməli yuxarıların tapşırığını yerinə yetirib. Başqa cür ola bilməzdi. R.Usubovun bu işin üstünə getməməsi məni çox təəccübləndirdi. Çox güman ki, Usubov MTN-dəki inciklərinə baş qoşub, xırda intriqalara baş vuraq istəmir. Ancaq bu xırda məsələ deyildi. Ölkənin nüfuzlu naziri açıq-aşkar şantaj, təhqir edilmişdi. Eləcə də Prezident Administrasiyasının MTN-in onların əleyhinə qurama ifadələr almaq cəhdinə susqunluq nümayiş etdirməsi təəccüblüdür. Zənnimcə, “OBXSS”-lər onların əleyhinə “kompromat”lara malikdirlər. Yoxsa bu qədər həngaməyə münasibət bildirməmək olmazdı.”

O zaman ciddi qarşıdurma baş verdi.

Təcrübəli polkovnik dövri mətbuatı daima izlədiyini söyləyir. Mətbuatın durumundan narazıdır. Sanki bir mərkəzdən idarə olunduğuna işarə vurur: “İlqarın (Antiterror Mərkəzini müavini İlqar Əliyev nəzərdə tutulur-T.Türk) qəzetlər şəbəkəsinə malik olduğunu bilirdik. Ümumiyyətlə, onun siyasi proseslərə müdaxilə etməsi nazirlikdə narazılıqla qarşılanıb. Ramiz Tağıyevin 2005-ci ilin yayında Elçin Quliyevlə, İlqarı ifşa etməsindən sonra, onların MTN-dən uzaqlaşdırılacağı gözlənilirdi. Son anda hardansa tapşırıq gəldi. Yanılmıramsa, onları nüfuzlu oliqarx nazirlərdən biri müdafiə etdi. Həmin nazir zaman-zaman onlardan öz rəqiblərini şantaj etmək üçün istifadə edir. İlqarın nəzarətində olan “qəzet”lərin çoxunu həmin nazir maliyyələşdirir. Biz nazirliyin əməkdaşlarının belə işlərə baş vurmasını qəbahət hesab edib, rəhbərliyə müraciət etdik. Əvvəl bizimlə razılaşmışdı, sonra bir zəng hər şeyi tərsinə çevirdi. Həmin Elçinlə İlqar MTN-i bir-birinə çoxdan vurublar. Təhlükəli adamdırlar, onlardan pislikdən savayı nə isə gözləmək ağılsızlıq olar. Yenə deyirəm, ehtiyatlı olun, oğul. Onlar gül kimi nazirliyi intriqa yuvasına çevirə bildilər.”
Ağsaqqaldan ciddi –cəhdlə başabəla “çekist”lərin arxasında dayanmış oliqarx nazirin kimliyini öyrənməyə çalışıram. Ancaq mümkün olmur. Bunu bizə hörmət bəslədiyindən sirr saxladığını gizlətmir: “Çox bilmək siz jurnalistlərin başına çox müsibətlər açır. Deyəsən sənin də başın “meşok” istəyir. Bilirəm adını söyləyən kimi sabah “Millətim”də açıqlayacaqsan. Məsləhət deyil. Onun kəsdiyi “baş”lara sorğu yoxdur. Məndə olan məlumata görə Ramizin həbs edilməsində onun da “köməyindən” istifadə olunub.”

“Tonton makut” deyil, ona bənzər bir şeylər var
Nədənsə hazırladığım sualları xatırlaya bilmirəm. Özümü qeydiyyat götürmədiyim üçün ürəyimdə bir xeyli qınadım. Birdən Ramiz bəyin bir söhbətini xatırladım. O deyirdi ki, XX əsrin axırlarında hansısa dövlətdə xüsusi xidmət orqanı “tonton-makut” adlı gizli işkəncə qurumu yaradıbmış. Həmin qurum ölkədə asa-kəsə bir sözlə, bütün pisliklərə qadir imiş. Səhv etmirəmsə, Ramiz bəy Elçin Quliyevin sərəncamında belə bir qurum olduğundan söhbət açmışdı. “Antiterror Mərkəzinin minlərlə qeyri-rəsmi əməkdaşı var”-demişdi, Ramiz bəy. Bizim də “tonton makut”larımız varmı?-deyə, polkovnikdən tam dəqiq bilgi almaq istəyirəm. O, təəccüblə üzümə baxıb:”Deyəsən mütaliə etməyi xoşlayırsan”-dedi.
-Xoşlayıram, ancaq bu barədə Ramiz bəy mənə söhbət açıb. Hansısa kitabda oxuyubmuş. Polkovnik bir xeyli fikirləşdikdən sonra sualıma cavab olaraq: “Bilirsən, MTN daxilində qarşıdurma yaradan söhbətlərdən biri də elə bu olub. Sirr deyil, fəaliyyətimiz üçün xüsusi agentlərin olması vacib şərtlərdən biridir. Agent sözü sənə qəribə gəlməsin. Elə agentlər olub ki, onların dövlətə etdiyi xidməti, kimsə edə bilməyib. Ancaq açıq-aşkar bir sıra siyasi tədbirlərin qarşısın almaq, müxtəlif çirkin işlərdə istifadə etmək üçün qruplaşmalar yaratmaq qəbuledilməzdir. Deyilənə görə ATM-in nəzdində çoxlu belə qruplar yaradılıb. Qeyri-rəsmi. Hər söhbəti etmək olmur… Bilirsən, indi artıq söyləmək olar ki, ölkədə təhlükəsizlik xidməti yoxdur. Onlar tamamilə başqa işlərlə məşğuldurlar.”
Polkovniklə razılaşmamaq mümkün deyil. Biz bunun dəfələrlə şahidi olmuşuq. Mərhum jurnalist Elmar Hüseynovun qətli ilə bağlı mövzulara toxunan, daha doğrusu araşdırma yazı müəlliflərini, həmin qəzetlərin baş redaktorlarını MTN-ə dəvət edib, sorğu-suala tutmamışdılarmı? Qətl hadisəsindən illər keçsə də nə özləri üstünü açır, digər tərəfdən mərhumun həmkarlarına araşdırma aparmaq qadağan edilir. Araşdırma aparıb, qətlin üstünü açmağa çox yaxınlaşmış Eynulla Fətullayev isə qurama ittihamlarla həbsxanada yaşama mücadiləsi aparmaq zorunda buraxılıb. Ölkə vətəndaşları demək olar ki, terrorla baş-başa buraxılıb. Kim qoruyacaq onları terrordan, MTN-nin Antiterror Mərkəzimi? Onlar daha mühüm “iş”lərlə məşğuldurlar. Məsələn, AXCP sədri Əli Kərimlinin üzərinə hücumlar təşkil etmək, zeytun bağında jurnalistlərə “poz” verib bütün dünyanı heyrətə gətirən “klip”çəkdirmək, onları tənqid edən jurnalistləri cəzalandırmaq üçün iyrənc metodlardan istifadə etmək, üzdəniraq qəzetlər ərsəyə gətirərək rəqiblərini çirkin şantajlara məruz qoymaq… Hansını söyləyək?
Günün-günorta çağında ADNA-da 12 günahsız şəxs qətlə yetirilir, general Rail Rzayev terrora məruz qalır, jurnalistlərin başına torba keçirilərək işkəncə verilir. Kim qarşısını almalıdır bunların? “Tonton-makut”larmı? Təbii ki, almayacaqlar, çünki onların “işi” tam başqadır. Vətəndaşları təqib etmək, siyasi proseslərə mülki geyimdə qatılaraq oranı qarışdırmaq, dükanların, maşınların şüşələrini sıdıraraq müxalifətin üzərinə yıxmaq, lazım gələndə isə jurnalistləri torba “əməliyyat”ına qonaq etmək. Kimsə onlara gözün üstə qaşın var deyə bilməz.
Bəli, MTN-də analoqu olmayan “inkişaf” baş verir. Jurnalist Aqil Xəlilə “poz” verib dünyada məşhurlaşan Akif Çovdarov mühüm idarə rəisi təyin edilir. ADNA-da baş vermiş qanlı olaylardan sonra, bu terror hadisəsindən sorumlu olan Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin çiyninə general paqonları taxılır. Əslində isə bununla ADNA-da terrora məruz qalmış 12 insanın ruhu təhqir edilir. Ramiq Tağıyevin bütün dünya qarşısında əməllərini ifşa etdiyi MTN-nin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev (əslində onu ifşa etməyə lüzum duyulmur, çünki bu naşı “çekist” daima öz-özünü ifşa edir-T.Türk) sonradan hətta ölkənin nüfuzlu şəxslərini şantaj etməklə bir daha MTN-nin hazırkı durumunu ortaya qoyur. Nəticədə İ.Əliyev “Vətənə xidmət” medalı ilə təltif edilir.
İş adamı Eldar Əliyev isə MTN-nin bu günkü “maska”sını darmadağın edib, bütün ölkə rəsmilərinə müraciət ünvanlayır. Özü də hardan ünvanlanır bu müraciət? Məhz MTN-nin İstintaq Təcridxanasından Respulika Baş Prokurorluğu Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin apardığı istintaq işinə MTN əməkdaşlarının kobud müdaxiləsi Eldar Əliyevin məlum müraciətində öz əksini tapır. Təzyiq-təhdid, mənəvi işkəncə, ailəsinin həbs ediləcəyi ilə qorxudulan E.Əliyevin müraciətinə kimsə əhəmiyyət vermir. Nə üçün?

“KQB”də bunlar ola bilməzdi

İstefada olan polkovnik əsasən bizim “KQB” barəsində yazdıqlarımızla razılaşmır. O, Stalin rejiminin süqutu, Lavrenti Beriyanın sərt cəzaladırılmasından sonra “KQB”-nin fəaliyyətində müsbət dönüşün baş verdiyini söyləyir: “Sizin yazdığınız işkəncə metodundan yalnız Beriyanın dövründə istifadə olunub. Ümumilli lider Heydər Əliyevin Azərbaycan “KQB”-sinə rəhbərlik etdiyi zamandan orada ideal şərait hökm sürüb. Etiraf etmək lazımdır ki, həmin zamandan başlayaraq çekistlərin adı nə işkəcə, nədə rüşvət kimi hallarda çəkilə bilməzdi. Təmizlik bizim peşə fəaliyyətimizin əsas meyarı olub. Çekist kiçik səhv buraxa bilməzdi. İndi bu bədbəxtlərin adı dillər əzbəri olub. Bu dözülməzdir. Bilrisiniz, istefada olsaq da, adımız çekist kimi tanınıb. İndi çekist adına ləkə vurulduqca, biz də özümüzü narahat hiss edir, təhqir olunmuş hesab edirik. Bax, budur MTN daxilindəki peşəkarlarla, naşı “çekist”lərin davası. Bundan başqa ortada bölünə bilməyən heç nə yoxdur. General Əli Nağıyev MTN-lə DİN arasında süni surətdə yaradılmış intriqanın tam əleyhinə idi. Belə vəziyyət müxtəlif cinayətlərin üstünü açmaq, ciddi əməliyyat tədbirlərini keçirməyə imkan vermirdi. OBXSS “çekist”lərin DİN-ə münasibəti İlqar Əliyevin Ramil Usubovu şantaj etməyi ilə üst-üstə düşür. İş adamı Eldar Əliyevin yazdığı müraciətlə tanış olduqdan sonra dəhşətə gəldim. Doğrudanmı, ölkə prezidentinin baş verənlərdən məlumatı yoxdur? Bunlar kiçik “ÇP-lər deyil. Rüsvayçılıqdır. Necə ola bilər ki, MTN əməkdaşı Eldar Əliyevə “ölkədə MTN-in qarşısına çıxa biləsi kişi yoxdur”-desin və bundan sonra məsuliyyətdən kənar qalsın. Bəlkə doğrudan vəziyyət belə dəyişib? Bizim zamanımızda vətəndaşın yanında ucadan danışmaq mədəniyyətsizlik sayılırdı. Kimin həddi nəydi, vətəndaşa hədə-qorxu etsin, təhqir söyləsin. İnanın, bunlar heç “KQB” zamanında da baş verə bilməzdi. Düşünürəm ki, Əli Nağıyevin istefaya getməsi yaxşı oldu. İndi MTN-də qalıb, onların etdikləri çirkinliklərin şahidi olub, tarixi məsuliyyət daşımaqdansa getmək daha yaxşıdır. Elə bilirsiniz orada intriqa, qarşıdurma səngiyəcək? İzləyin, görün nələr baş verəcək. İş bilməyən, səriştəsiz adamlar bunu intriqalara baş vurmaqla ört-basan etməyə çalışır. MTN həqiqətən dövlətin onurğa sütunu ola bilməlidir. Təəssüf ki, bu gün həmin onurğa sütununa virus düşüb. Bu isə çox təhlükəlidir.”

Fariz Bədəlov adlı uşağın terrora məruz qalmasından MTN-nin Antiterror Mərkəzi sorumludur

Ağsaqqalla tez-tez görüşmək imkanımız məhdud olduğundan, yaranmış şəraitdən maksimum yararlanmaq istəyirdim. Çay içməyə o qədər həvəsli olmayan polkovniki artıq iki “çaynik” çaya qonaq edə bilmişdim. Ona növbəti sualım Antiterror Mərkəzinin əsas fəaliyyəti nədən ibarətdir?-oldu. Gözlənilmədən əsəbləşdi:”Necə yəni nədən ibarətdir? Ölkə vətəndaşlarını terrordan qorumaqdır. O uşaq ki var, Ağdamda erməni faşistlərinin terroruna məruz qaldı, onun da ölümündən ermənilər qədər Antiterror Mərkəzi sorumludur. Onlar buradan Əli Kərimlinin üstünə hücumlar təşkil etmək, qəzetçiliyə baş vurmaq, vətəndaşları qorxu altında saxlamaq üçün deyillər. Atəşkəs dövründə ölkənin mülki vətəndaşlarının erməni terroruna məruz qalmasına məhz Antiterror Mərkəzi çavabdehdir. Onlar sərhəd bölgələrinə mütəmadi səfər etməli, əhalini təlimatlandırmalı, əməliyyat şəraitini məkəmməl öyrənməli, əhalinin erməni terrorundan qorunması üçün zəruri tədbirlər görülməlidir. Lazım gəlsə, müəyyən təşkilatlar qarşısında hasarı olmayan həyətlərə hasar çəkilməsi üçün göstəriş verilməlidir ki, insanlar həyət-bacalarında sərbəst hərəkət edə bilsin. Kimsə xaricdən gəlib bizi terrordan qoruyacaqsa, onda Antiterror Mərkəzi nəyə lazımdır? Sən deməli, “tonton-makut”lar yaradıb ölkə əhalisini xof altında saxlamaq üçünmü?” İş orasındadır ki, Fariz Bədəlovun terrora məruz qalmasından sonra İlqar Əliyev mükafatlandırıldı. Bunu necə başa düşmək olar? Ola bilər ki, ölkə prezidenti İlqar Əliyev adlı birisini tanımasın. Bəs, onu təltifə təqdim edənlər necə? Durum sizin yazdıqlarınızdan çox acınacaqlıdır, oğul. Sizin həyatınız da risk altındadır. Digərləri belə mövzuya toxunmaq cəsarətində deyillər. Başları çox müsibət çəkib. Hansı jurnalisti öldürəni, şilküt edəni tuta biliblər ki? Kimi tutacaqlar? Aləm dəyər bir-birinə…
Ancaq, belə oyunlar qırx gün çəkər. Məsuliyyətdən kimsə yaxasını qurtara bilməyəcək. Sadəcə olaraq ölkəni bu səviyyəyə endirmək, belə duruma salmaq lazım deyildi. İndi düşüblər beynəlxalq təşkilatların üstünə. Onların üstünə düşmək lazım deyil, məsləhətlərini dinləyib, insan haqq-hüquqlarına hörmətlə yanaşmaq lazımdır. Daha Eynulla, Ramiz kimi tənqid yazanları müxtəlif qurama ittihamlarla şərləyib həbs etdirmək lazım deyil. Qorxuları-hürküləri yoxdur kimsədən. Xalqı isə tanımaq istəmirlər.
Açıq söyləyim ki, MTN indi çox təhlükəli quruma çevrilib. Az-çox məsuliyyət hissi olan insanları da oradan uzaqlaşdırmağa nail olub, bildiklərini edəcəklər.Nələr baş verəcək, hamı bunun şahidi olacaq.”

Bütün “oyun”ların bir sonu olur

Polkovnik bir çox məqamlardan söhbət açdı. Hətta qanqster Hacı Məmmədovun MTN-nin İstintaq Təcridxanasında bəsləndiyinə də toxundu: “Hacını orda şər “makina”sı kimi saxlayıblar. İstənilən an onu bir daha “işə” salıb, günahsız insanları ləkələyəcəklər. Eynən general Nəsirovu etdikləri kimi. MTN tarixində belə bir hadisə olmayıb ki, qatı cinayətkarı bu qədər müddət orda saxlasınlar. Bu mövcud qurumlara tüpürmək kimi bir şeydi.
Ehtiyat edirlər ki, Hacı ordan çıxan kimi hər şeyi olduğu kimi danışacaq. O əsil həqiqəti hanışsa, ölkə dəyəcək bir-birinə. MTN “şef”ləri Hacıdan istifadə edib ən qatı düşmənləri olan Ramil Usubovu zərərsizləşdirmək istəyirdilər. Hacının orda saxlanması müddətində bu plan aktuallığını itirməyib. Müəyyən şəraitin yaranmasını gözləyirlər. Usubovun tez-tez şantaj edilməsinin səbəbi də məhz budur. Biz peşəkarlar belə çirkin oyunlara daima etiraz etmişik. Bu isə MTN-i çirkin oyunların “yuva”sına çevirənlərin xoşuna gəlməyib.”
Polkovnik sonda mənə çox mühüm bir faktı açıqlayacağına söz verdi. Söylədiyinə görə həmin fakt MTN-nin hazırkı mahiyyətini büsbütün aşkar edəcək. Düşünürəm ki, onun da bir faydası olmayacaq. Aşkarlanmayan nə qaldı ki? Lap aşkarlandı nə faydası? MTN-nin çirkin oyunlarının qarşısını ala biləcək, özləri demişkən kişi olmayandan sonra nə baş verəcək ki? Gözləntimiz bir budur ki, belə getsə bizim də sonumuza çıxacaqlar. Onlar tənqidə dözümsüzdürlər. Bu diktator xislətlilərə aid əsas xüsusiyyətlərdəndir. Etdikləri qanunsuzluqların isə dövlət sirri ilə heç bi əlaqəsi yoxdur. Əksinə, hər addımları dövlətin təməl prinsiplərini laxlatmağa yönəlib. Bunu tək mən demirəm, üzdə edib, xəlvətdə pıçıldaşanların hamısı belə düşünür. Ancaq, unutmaq lazım deyil ki, hər bir “oyun”un bir sonu olur. Özüdə ki, tutduğu mövqedən ölkə vətəndaşlarına meydan oxumaq kimi çətinliklərə istifadə edəsən, bax, bu oyunun mütləq nəticəsi olacaq. “Tonton-makut”lara arena verənlərin aqibəti, “tonton-makut”ları yaradan ölkənin diktatorundan daha acınacaqlı olacaq. Xatırlaya bilmirəm həmin diktatorun adı nə idi. Duvalye, Amin Dada idi və yaxud Pol Pot?
Əziz oxucu, bu adı da zəhmət çəkib siz dəqiqləşdirin. Çünki mən artıq qocaman polkovniki də yormuş, özüm də ondan çox yorulmuşam. Yaşasam bizim “tonton-makut”lar və onların söylənilənə görə “çermet” deyilən yerdə yerləşən qeyri-qanuni “qərargah”larından da söhbət açacağam. Axı mitinqlər başlayıb, “tonton-makut”ların da işi başdan aşacaq.

Turan Türk

LEAVE A REPLY