Sərdar ƏLİBƏYLİ
Kimsə bu saxtakarlıq yuvası olan məhkəmələrdə ədalətin bərpasına nail ola bilmir…
“Nemət Pənahlının, Ramiz Tağıyevin, Əvəz Zeynallının, Qurban Məmmədovun, Tofiq Yaqublunun və digər adını çəkə bilmədiyim neçə-neçə məhkumun məhkəmələrində birmənalı şəkildə sübuta yetirildi ki, barəsində danışılan və üzərinə aylarla davam edən proseslər keçirilən cinayətlər nəinki baş verməyib, hətta, müttəhim kürsüsündə oturdulanlar o cinayətlər barəsində heç düşünməyiblər belə.”
Ötən həftə Razi Nurullayevin AXCP-sinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq İnsan Haqları günü ərəfəsində, bu günlə bağlı Azərbaycan cəmiyyətində nələrin baş verdiyinə, həmçinin də bu sahədə mövcud olan problemlərlə bağlı tədbirə dəvətli olaraq mən də qatılmışdım. Açığı, həbsdən çıxannan bu günə qədər ilk dəfəydi ki, bu tip bir tədbirə dəvətli olmağımı xüsusi qeyd eləməyə ehtiyac duyuram. Ayrıca da, günü bu günədək, Azərbaycanın media qurumları, populyar qəzetlər və saytlar da hər türlü bizi görməzlikdən gələrək, sanki yoxmuşuq kimi davrandılar. Mənəm deyən media kapitanlarınnan tutmuş, yaxın-uzaq, tanınmış, ya da tanınmamış jurnalistlərə qədər, bir kimsə, “Allah qapını açsın” deyib, mənimlə bircə kəlmə belə kəsmədilər. Adətən siyasi məhbuslarla məhbəsdən sonra, ən azı etika xatirinə alınan, “xala xətrin qalmasın” misalı müsahibəyə belə, “Millətim” qəzeti xaricində, ehtiyac görənlər olmadı. Bunun niyəsini də, nədənlərini də mən özüm çox yaxşı billəm, ancaq maraqlananlar o zatların özlərindən soruşa biləllər.
Demək istədiyim odu ki, düz bir ildən sonra məhz Razi Nurullayevin keçirdiyi tədbirə dəvət almam və orda mənə söz demək imkanının yaradılması, şəxsən mənim üçün olduqca maraqlı göründü və bu mənada Razi Nurullayevə də, onun rəhbərliyində fəaliyyət göstərən yetkililərə də sayğı və təşəkkürlərimi çatdırmağı özümə borc bildim.
Həmin tədbirdə elədiyim çıxışın tamamını öz diktafonumun yaddaşına yazmışdım, amma bəzi texniki və bir az da subyektiv səbəblərdən hələ də ictimai rəyin diqqətinə və cəmiyyətin müzakirəsinə çatdıra bilməmişəm. Oysa, sözügedən çıxışın tam mətnini bu gün oxuculara təqdim etmək vacibiyyəti duydum. Marağında olanlar buyurub oxuya bilərlər:
“… Dekabrın otuz birində düz bir il olacaq ki, mən həbsxanadan çıxmışam. Hamınızın da bildiyiniz kimi siyasi məhbus olmuşam və dövlət qurumlarının, o qurumlarda çalışan rəhbər şəxslərin istəyi üzərinə şərlənərək tutdurulmuşdum və düz bir il yarım həbsdə qaldım. Açığı mən bu cür tədbirlərdə şablon çıxışlar edib, sadəcə, başımı başlara qoşmaq xatirinə danışmağı heç sevmədim. Bir az da, ola bilsin ki, mənim deyəcəklərim, burda deyilənlərdən fərqlənsin və tədbirinizin ümumi ruhundan kənara çıxsın. Buna görə də əvvəlcədən hamıdan, məxsusən də tədbirin təşkilatçılarından üzr istəyirəm. Amma bir halda ki, söhbət əsasən insan haqlarından gedir, mən burda bir şeyləri mütləq deməliyəm. Birinci onu demək istəyirəm ki, biz özümüzə umac ova bilmədiyimiz halda, qalxıb kimlərəsə əriştə kəsməyi öyrətmək şakərindən bir an öncə əl çəkməliyik. Çünki bu, o qədər ayıblı bir işdi ki, barəsində danışmağın belə yeri yoxdur. Baxın, burda çıxış edənlərin bir çoxu, dünyanın qaynar bölgələrində və məxsusən də Suriyada kütləvi şəkildə pozulan insan haqlarından danışdılar və bizim istər, faktiki müharibə şəraitində illərdi ki, qanları axıdılan Suriya xalqının, istərsə də, bölgədəki türkmənlərin də hüquqlarının pozulmasına qarşı çıxmamızdan, bölgədəki müəyyən güclərə etiraz etməli olduğumuzdan danışdılar. Ay mənim əziz və əsl müsəlman qardaşlarım, Suriya nədi, İrak nədi, türkmən nədi, ərən nədi, biz burda evimizin həyətinə çıxıb “mənim balalarım acından ölür” –demək haqqına da sahib deyiliksə, ya da bunu etməyə görə, dərhal kəlləmizin getmək təhlükəsilə üz-üzə, göz-gözəyiksə, hansı üzlə durub, hardasa türkmənlərin və ya ərəblərin haqlarını tələb etməyi düşünürük və kimdən? O vaxt mənim də qatıldığım tədbirdə, eynən burdakı kimi pafosla türkçülükdən və türk dünyasının məziyyətlərindən danışanlara Elşad Musayev üzünü tutub demişdi ki, bizim evimizi bu tip toplantılarda səsləndirilən pafos yıxıb və siz Bakıda 20 ildi ki, qapıbir qonşusu olan soydaşına “yeraz” deyərək ələ salan insanların gedib Altaylarda çukçaların qeydinə qalacağına kimsəni inandıra bilməzsiniz. İndi burda da, özümüzdə olmayan və heç olmamış hüquqları başqa qitələrin sakinləri üçün tələb etməyimiz, məncə, ən yaxşı halda, sadəcə situasiyanı xilas eləmək üçün səsləndirilən pafosdan savayı heç bir anlam daşımır. Mən bu gün sizin qarşınızda oturmuşam və həbs olunduğum motivi biləndən bu yana, ələlxüsus da məhkəmədə hökm “yeyəndən” sonra, özümü küçədə harın, zorba kişilər tərəfindən zorlanmış sahibsiz qadın kimi hiss edirəm. Nə yazıq ki, indi bütün Azərbaycan bu gündədi və bu məmləkətdə, böyükdən kiçiyə, vəzifəlidən vəzifəsizə qədər bir kimsənin, həyatından, azadlığından tutmuş, malına-mülkünə qədər heç nəyinə təminat yoxdu. Və bu cür həbs olunmadan sonra, hələ də başa düşə bilmirəm ki, bu necə ola bilər? Əlbəttə, , bir vətəndaş olaraq mənim də yaxşı mənada dövlətimizlə bağlı xəyallarım, arzularım, düşüncələrin var idi. Və yalnız bu olaylarla üzləşəndən sonra başa düşdüm ki, biz əslində dövlət qura bilməmişik. Bütün problemlərimiz də ordan qaynaqlanır. Çünki, əgər ortada, zəif, ya da güclü dövlət olsaydı, onun vətəndaşına qarşı bu hərəkəti etməyə kimsənin cəsarəti çatmazdı. Əgər biz, mən özüm də daxil olmaqla, sakini olduğumuz, vətəndaşı yox ha, məhz sakini olduğumuz məmləkətdə sahibsizlik ucbatından zorlanmış qadın hissi ilə bir ömür yaşamaq zorunda qalasıyıqsa, o zaman, “hanı bu ölkənin sahibi” sorusunun cavabını verəcək kişi və ya kişilər. Hansılar ki, bilə-bilə onun vətəndaşlarını və bütövlükdə məmləkətini illərdi ki, zorba kişilər öz kefləri istədiyi formada obrazlı şəkildə desək zorlayırlar, ortaya çıxıb namuslarına sahib çıxmaq istəmirlər. Hələ mən şübhə edirəm ki, onların özləri də əksər hallarda bu prosesin iştirakçıları deyillər. Son zamanlarda ortaya çıxaraq faş olmuş MTN məsələsi də bunu birbaşa sübut etməkdədi. Mən burda insan haqlarıyla bağlı danışarkən, pafosu, müxtəlif beynəlxalq terminləri-filanı bir tərəfə buraxıb, məmləkətimizin bu sahədəki gerçəklərindən danışmaqdan yanayam və mən özlərini bu ölkənin sahibi sayan, bunun üzərinə ya and içmiş, ya da dövlət adına görəvləndirilmiş kişilərə müraciət edirəm. Əgər bunlar gerçəkdən də bu məmləkətin sahibləridirsə, çıxıb, namuslarını qorusunlar. Hamı da bunu beləcə bilməlidi ki, şəxsən mənim həbsxanada keçən ömrümü kimsələrə bağışlamaq fikrim yoxdu. Qəribə məntiqləri var bu zora söykənib zorbalıq edənlərin, əvvəl adamı qəti dəxli olmayam maddələrlə şərləyib tutur, bir müddət sonra da əfv sərəncamı çıxartdırıb, kəndilərinə təşəkkür istəyirlər. Mən nə o cinayətləri törətmişəm, nə də bu əfv nədəni ilə kimsəyə özümü borclu bilirəm. Və bir daha qeyd edirəm ki, mən kimsəni əfv etmədim, etməyəcəm də. Belə şərləmələr o qədər kütləviləşib və adiləşib ki, adamın havalanmağı gəlir. Baxın, mən özüm də daxil, bir neçə məhkəmələrdə şəxsən iştirakçı olmuşam. Mən sizi əmin edirəm ki, Nemət Pənahlının, Ramiz Tağıyevin, Əvəz Zeynallının, Qurban Məmmədovun, Tofiq Yaqublunun və digər adını çəkə bilmədiyim neçə-neçə məhkumun məhkəmələrində birmənalı şəkildə sübuta yetirildi ki, barəsində danışılan və üzərinə aylarla davam edən proseslər keçirilən cinayətlər nəinki baş verməyib, hətta, müttəhim kürsüsündə oturdulanlar o cinayətlər barəsində heç düşünməyiblər belə. Amma hər dəfəsində də sübut olunmayan ciayətlərdən dolayı hakimlər ağır hökmlər çıxarıblar. Bax, bütün bəlalarmız burdadı və Azərbaycanda insan haqları məsələsinə bu məhkəmələrin pəncərəsindən baxmaq lazımdı, özü qul vəziyyətində ola-ola, yaxşı-pis, doğru-yanlış, öz haqları uğrunda əldə silah döyüşən insanlara və bütöv xalqlara insan haqlarından pafoslu mühazirələr oxumaq yox. Bunlar ona görə baş verə bilir ki, müstəntiqlər də, hakimlər də, prokurorlar da məsələyə dövlət adından əllərinə təslim edilmiş vəzifələrin məsuliyyəti ilə deyil, milləti, xalqı, məmləkəti maddi, mənəvi, psixoloji və fiziki baxımdan zorlayan o harınlamış zorbaların barmaq işarəsinin istiqamətinə görə yanaşırlar. Ölkə indi, quldarların hakim olduğu, qulların və qladiatorların bir parça çörək davasının qanlara qərq olmuş amfiteatrı kimidi. Bax o görəv sahibləri məsuliyyət anlayışına sahiblənmədikcə, anlamadıqca ki, qanunsuz, haqsız və ədalətsiz, saxta hökmlərdən dolayı, gec-tez ya dövlət onun cəzasını verəcək, ya da …
… Ya da bilirsinizmi nə olacaq, o saxta hökmü yeyən kişi bir gün gəlib, öz qəti sözünü deyəcək. Oysa, mən də son vaxtlarda baş verənlərin fonunda, inanmaq istəyirəm ki, bəlkə gerçəkdən də buzlar sınacaq. Amma onu da səmimi deyirəm ki, bu baxımdan da o qədər optimist deyiləm və bu vurhavurda seçkilərin bu qədər biabırçı formada keçirilməsi də göstərdi ki, dəyişən yalnızca toplananların yeridi, cəm isə elə həmin cəmdi… Bütün hallarda mən hələ də gözləyirəm, dövlət öz sözünü deməlidir. Mən bu gün fürsətdən istifadə edərək bəyan edirəm və hamı bunu bilsin ki, bu gün çox danışırlar ki, MTN-şiklər sahibkarları incidiblər, əziblər, soyublar, talayıblar, daha nələr, nələr. Bu ölkədə təkcə sahibkarlar incidilməyib. Burda bir xeyli də siyasi məhbuslardan danışıldı. Mən sizə iddia ilə deyirəm ki, hüquq pozuntuları, eləcə də insan haqlarının tapdanması ən çox bu sahədə baş verir və bu günkü həbsxana sakinlərinin əksəriyyəti siyasi məhbuslardı. Bilirsinizmi niyə, ona görə ki, Azərbaycan 20 ilin ötəsində Xudayar bəylərin zehniyyətinnən, Şeyx Nəsrullahların əxlaqınnan, Qaloşların xislətinnən, Gülümsərovların elminnən idarə olunur. Kəndlərdə, rayonlarda, şəhərlərdə vəzifələri ələ keçirən bu lotular ağıllarına nə gəlir eləməklə, ağızarına nə gəlir danışmaqla məşğul olullar. Nəticədə də qabaqlarına çıxan, “ləbbeyk”deməyən, buyun əyməyən hər kəsi də müxtəlif adlarda şərlədib qazamatlara doldururlar. Kimsə də bu saxtakarlıq yuvası olan məhkəmələrdə ədalətin bərpasına nail ola bilmir. Hələ mən, sadəcə anasına hansısa quldur məmurun gözü düşdüyünə görə tutdurulan oğullardan, arvadına icra nümayəndəsinin gözü düşdüyünə görə şərlənib ömrü qaraldılan ərlərdən danışmıram. Sadəcə, indi bizdə yalnız məşhurların həbs olunduğu zaman siyasi və vicdan məhbusu məsələsi gündəmə gətirilir. Amma, dediyim kimi indi həbsxana sakinlərinin tam əksəriyyətinin həbsində siyasi motivlər var. Dünən bir şəkil yayılmışdı sosial şəbəkələrdə, icra başçısı məktəblilərin əlləri ilə tutduqları gül çələnginin altından Sezarsayağı keçid eləyir. Dünən bunu bütün ölkə gördü, dünyaya yayıldı bu biabırçılıq. Bu gün ölkə dağılmalıydı buna görə, amma heç nə baş vermir. Yəni bu dərdləri görüb yaşamaq təkcə Sərdar Əlibəylinin işi deyil ki? Demək istədiyim odur ki, indi baş verən və bir çoxlarının da birbaşa yuxarıdan başlanan islahat adlandırdığı proseslərin fonunda, siyasi məhbuslar məsələsi də ciddi şəkildə gündəmə gətirilməli, bu işlərin hamısı təkrar məhkəmələrə göndərilərək təkrar və çox ciddi şəkildə araşdırılmalıdır ki, günahsız adamlara cinayət işi açan müstəntiqlər, əsassız iddiaları müdafiə edən prokurorlar və saxta hökmlər çıxaran hakimlər təyin edilərək məsuliyyətə cəlb edilsinlər. Və biz, dövlətin sağlam qüvvələrini, siyasi təşkilatları və medianı səfərbər etməklə Azərbaycan məhkəmələrini haqqa, ədalətə, qurana, kitaba əməl etmək anlamına, qanunların düzgün tətbiqinə gətirməyincə, bu ölkədə haqqdan, hüquqdan, illah da insan haqq və hüquqlarından danışmağın heç bir mənası olmayacaq. İlbəil belə günlərdə təşkil olunan tədbirlər isə, hansısa mənasız bir dəftərin boş vərəqinə qoyulan quşdan savayı heç bir nəticə vermiyəcək.
Diqqətinizə görə sağ olun”