“Türkel Fərəcoğlu mənim qızımı maşınla vuraraq həqiqətən də cinayəti törədib”

0
5

“Türkel Fərəcoğlu mənim qızımı maşınla vuraraq həqiqətən də cinayəti törədib”

İsa İsayev: “F.Quliyev “o qızın müalicəsi bizim vəzifəmiz deyil və buna borclu da deyilik” söyləyib”

Açığı bu müsahibə mənim stilim və heç mövzum da deyil. Amma əhli- məmləkətin MTN-dəki dəhşətləri, RTYN-dəki yeyinti və talançılıqları müzakirə etdiyi bir zamanda, kənarda daha dəhşətli və daha vahim şeylərin fərqinə vara bilməyən cəmiyyəti heyrətləndirə biləcək bir məsələdən bəhs edəcəyik bu gün. Bütün vahimliyi və həyəcanı ilə cəmiyyəti heyrətə salacaq bu müsahibədə danışılanların, quran ayəsi qədər həqiqət olduğunu kimsəyə qəbul etdirmək kimi bir iddiada deyiləm, amma, burada deyilənləri qəribçiliyə salmaq da olmaz. Üç ildən artıqdır ki, balasının çəkdiyi əzablara qatlaşan, üzləşdiyi dərdin və bu dərddən doğan problemlərin içində çırpınan bir atanın harayıdı, taleyinə və yaşadığı zamana üsyanı, etirazıdı burda deyilənlər. Və sizcə, burda barəsində danışılan olayların və yaşanan dramın baş qəhrəmanları kim olsa yaxşıdı?! – Millət vəkili Fərəc Quliyev və onun oğlu Türkel Quliyev.
Söhbətin nədən və niyə getdiyini müsahibədən özünüz də biləcəksiniz, amma şəxsən mən, Fərəc bəyi bu durumda və belə miskin bir situasiyada görməkdən həm üzüldüm, həm də utandım. Elə bu səbəbdən də məsələnin tam aydınlığa qovuşacağı ana qədər, həm bu atanın yanında olmağa, həm də Fərəc Quliyevin düşdüyü yanlışdan qurtula bilməsi üçün uğraşmağa qərar verdim.
Bütün hallarda ağrılı məsələdi və görünəni odur ki, çox uzun zamanımızı xərcləməli olduğumuz bir yerə gəlmişik. Ancaq haqq uğruna yalnız ölünə bilər, amma əsla haqdan dönülməz. Bu məsələdə də haqq olan nədisə işlər də oraya varmalıdı və varıır İnşallah. Çünki burda xətər yetirilərək həyatı məhv olan balasına sahib çıxmaq istəyən ata İsa İsayevlə, başqasına xətər yetirərək məsuliyyətdən yayınmaq istəyən balasını qorumaq istəyən ata Fərəc Quliyev var və onların hər ikisi haqlı ola bilməz, çünki Haqq deyilən şeyin bir adı olduğu kimi bir üzü, bir tərəfi olur.
Azərbaycan, Tofiq Yaqublunun qız övladının oxşar qəzaya görə, şikayətçinin də olmadığı halda, necə mühakimə edildiyini, Cəmil Həsənlinin də qızının, ümumiyyətlə uydurma bir qəza motivi ilə, aylarla mühakimə edilərək barəsində hökm verildiyini, Qurban Məmmədovun da törətmədiyi qəzadan dolayı, şərlənərək 3 illik azadlıqdan məhrum edildiyini görüb. Elə bəndənizin də, Nemət Pənahlının da, Yadigar Sadıqlının da, Seymur Həzinin də, digərlərinin də uydurma ”xuliqan” damğası ilə uzun müddətli həbslərə məruz qalmalarınnan heç danışmıram. Bəs elə isə, Fərəc Quliyevin oğlunun barəsində, törətdiyi o boyda qəzadan sonra, cinayət işinin başlanmamasını belə, nə ilə izah etmək olar? Bunların hamısı bir yana, amma bədbəxt elədikləri bir ailəyə bu üç ildə bircə dəfə baş çəkməyə nə mane olub görən?! Əslində bütün eşitdiklərimdən sonra, utanc hissi keçirdiyim məqam da elə bu idi. Sən kimsən axı, Fərəc Quliyev, cəmiyyətin xeyli kəsiminin, o cümlədən də mənim tanıdığım millətin azadlığı və xoşbəxtliyi uğrunda milli mücahidmi, yoxsa, başqalarının bədbəxtlyi üzərindən öz oğluna xoş gələcək təmin etməyə çalışan, susmuş vicdan sahibi olan bir insanmı?!
Sərdar ƏLİBƏYLİ

(Əvvəli ötən saylarımızda)

– Belə çıxır ki, həm də ölkədə son dömənlərdə baş verənlər və danışılanlar da o qənaəti yaradır ki, aşağıdan yuxarı bütün məmurlar, o cümlədən də, hüquq-mühafizə orqanlarındakı vəzifə sahibləri ancaq özlərinə yaxşı yaşam təmin eləməklə məşğul olublar. Amma günahlı-günahsız, haqlı-haqsız olmasına baxmayaraq, cəmiyyətin və konkret şəxslərin durumu bunların heç vecinə də deyil. Yəni öz canlarını qurtamaq əsas qayədir, vətəndaşa isə nə olursa olsun. Bu üç ildə sizə də belə gəlmədu ki?

– Bəli mən də ona görə bu qənaətə gəlirəm ki, bu istintaqın əvvəlki və sonrakı gedişində ortaya qoyulan iş materiallarını istənilən mütəxəssisin qabağına qoysanız, o qəlbən bu işi araşdırıb sizə deyəcək ki, burda cinayət törədilib. Yəni, bu cinatətin törədilməsi göz qabağındadı, üzdədir və bunu ayırd eləyə bilmək üçün dərin araşdırmalara ehtiyac yoxdur. Bir sözlə Türkel Fərəcoğlu mənim qızımı maşınla vuraraq həqiqətən də cinayəti törədib. Ona görə mən bunda israr edir və əminliklə danışıram ki, dəfələrlə təkrar avtotexniki ekspertizanın keçirilməsini tələb eləsəm də, bunu qulaqardına vurur və bu ekspertizanı keçirməkdən yayınırlar. Mən Ədliyyə nazirliyinin ekspertiza idarəsində də olmuşam, amma xeyri yoxdur.

– Baxın, Baş prokurorluqda olmusunuz, Ədliyyə Nazirliyinin müvafiq idarələrinə dəfələrlə ayaq döymüsünüz, DİN-lə danışmısınız, prezidentə, birinci xanıma müraciətiniz olub, digər vacib olan bütün addımları atıbsınız, amma bütün bunlara rəğmən, nə normal istintaq aparılıb, nə cinayət işi açılıb, nə qızınızın müalicəsi yekunlaşıb, nə də sizə düz-əməlli bir cavab verilib, maddi və mənəvi dəstək də dediyinzə görə yox səviyyəsindədir. Bir sözlə, vəziyyət ölü nöqtədən tərpənmir. Belə olan təqdirdə vəziyyətlə barışmağımı düşünürsünüz, yoxsa … ?

– Yox, barışmaq fikrim yoxdu, çünki qabaqda qızımın hüquqlarını qoruyan çox proseslər var. Ən azından, mənin ümidim respublikanın baş prokuroru Zakir Qaralovadır. Əminəm ki, o, bu qanunsuz və əsassız verilən qərara qanuni münasibət bildirəcək.

– Baş prokurorun yanında olmusuz axı…

– Mən onun yanında olanda, yazdığım ərizədə məsələnin başqa predmeti ilə bağlı müraciət eləmişdim.

– Həmin o predmetə baxıldımı?

– Bəli, mənim o müraciətimdən sonra, Yasamal prokurorluğunda qanunsuz və əsassız olaraq aparılan iş, ordan alınaraq hərbi prokurorluğa verildi. Hərbi prokurorluqda da mənə bildirdilər ki, vaxt çox keçib ona görə də bu istintaqın təzədən aparılması və cinayət işinin qaldırılması bizim üçün çətindir. Yəni, mən ora gedən gündən bu məlumatı verdilər ki, belə olacaq, elə olacaq və sair. Amma, ən azından onlar çalışdılar ki, mənim qızım əməliyyat olunsun. Hətta məsələyə cənab Xanlar Vəliyev də qarışdı ki, qızım əməliyyat olunsun. O məni qəbul edəndə göstəriş verdi ki, bu qız əməliyyat olunsun və qızıma baxmaq üçün həkim də təyin elədi. O həkim də peofessor idi və keçmiş Diaqnostika Mərkəzinin baş həkimi olub. O da baxıb müayinə edəndən sonra, qızımın yalnız Kiyevdəki klinikada, professor Şeqlov tərəfindən əməliyyat oluna biləcəyini söylədi. Lakin sonradan, Xanlar müəllim və Bakı şəhər prokuroru mənim qızımı vuran tərəfə nə qədər təsir eləməyə çalışsalar da, nəticəsi olmadı. Onlar qızımın əməliyyatında iştirakdan müxtəlif yollarla, hətta aldadıcı vasitələrlə yayınaraq imtina elədilər. Axırıncı dəfə bu haqda söhbətimiz bu ilin sentyabr, oktyabr aylarında olub.

– Fərəc Quliyevin özüylə bu haqda danışmaq və əməliyyatla bağlı danışmaq üçün sonuncu dəfə nə vaxt cəhd göstəribsiniz?

– Bizim Çernobıl Əlilləri Cəmiyyətinin sədri ilə son söhbətində, Fərəc Quluyevin münasibətini görəndən sonra, mən onunla əlaqə yaratmağa heç bir cəhddə bulunmadım. Yalnız onlarla müstəntiq Anar Nəsibov əlaqə saxlayıb. O da son danışıqdan sonra, əməliyyat üçün lazım olan vəsaiti ödəməyəcəyini bildirib.

– Nə deyib ki?

– Heç nə, sadəcə “O qızın müalicəsi bizim vəzifəmiz deyil və buna borclu da deyilik” söyləyib və bir daha bu mövzuda narahat edilmək istəmədiyini dilə gətirib.
Son

LEAVE A REPLY