Zaur Muradxanlı
Şahmat taxtası və yaxud Yaxın Şərqi hansı tale gözləyir?
Suriya-Türkiyə sərhəddində Rusiyaya məxsus Su-24 hərbi təyyarəsinin vurulmasından sonra yaranan toz-duman tədricən sakitləşməkdə, ilk öncə çoxları üçün qaranlıq olan məqamlar yavaş-yavaş üzə çıxmaqdadır. Belə ki, şərhçilərin gəldikləri ümumi nəticəyə görə bu hadisə Rusiya tərəfindən planlaşdırılaraq uğurla həyata keçirilən və arxasında çox daha böyük məqsədlərin gizləndiyi provakasiyadan başqa bir şey deyildi. Bəs, bu provakasiya məqsədinə nə qədər çatdı? Bu sualın cavabını tapmağa çalışacağıq.
Suriya xəritəsinə baxarsaq bu ölkənin ərazisinin faktiki olaraq üç qüvvə tərəfindən idarə olunduğunu görərik. Bəşər Əsəd, İŞİD və “yumşaq müxalifət” adlanan, lakin tərkibinə kürd terror birləşmələrindən türkmən özünümüdafiə dəstələrinədək bir çox ünsürün daxil edildiyi və heç bir vəchlə Suriyanın Əsədli gələcəyini istəməyən silahlı müxalifət. Təbiidir ki, bu üç ünsürün hər birinin dəstəkçiləri və əleyhdarları vardır. İŞİD və ona biət edən terror təşkilatlarının hamısı rolunda daha çox Səudiyyə Ərəbistanının adı hallandırıldığı halda (burada bir faktı da qeyd etməliyik ki, İŞİD-dan neft alaraq ona böyük həcmdə maddi dəstək verənlər arasında rus vətəndaşları və Əsəd hökuməti də var) yumşaq, başqa sözlə liberal müxalifəti daha çox NATO ölkələri dəstəkləyirsə, Əsəd rejiminin dəstəkçiləri Rusiyanın öncüllük etdiyi antiterror koalisiyasıdır ki, bu koalisiyanın da fəal üzvləri İran və İraqdır.
Bütün bunlardan əlavə bölgə üçün qeyd edilməsi zəruri olan başqa bir nüans da vardır ki, bu da dünya dövlətlərinin də bölgə ilə bağlı öz maraqlarının olmasıdır. Bəs, bu maraqlar hansılardır ki, məhz bu maraqlar sayəsində məsələn Çin təyyarə daşıyan gəmisini belə sürükləyə-sürükləyə gətirib bu bölgəyə, Aralıq dənizinin karbohidrogenlə zəngin və üç qitəni birləşdirən Şərq nöqtəsinə çıxarıb. Bu belə olmasaydı, Çinin, hətta daha da uzaqlardan, Kanadanın və ya NATO müttəfiqi adı ilə nəhənglərin arasına soxulmağa cəhd edən zavallı Portuqaliyanın bölgədə nə işi var idi?
Kimlərinsə himayəsində yaradılıb böyüdülən, indi də məhz onun sayəsində bölgəyə supergüclərin axışıb gəldiyi İŞİD sadəcə Suriyanı deyil, bütün Yaxın Şərqi bu güclər üçün cazibə mərkəzinə çevirməkdə davam etməkdədir. Elə götürək Parisdəki terror aksiyasını. Qarşısı alına bilməzdimi? Məncə alına bilərdi, ən azından ona görə ki, bu aksiyanın beyni olan zat Türkiyədə həbs edildikdən sonra vətəndaşı olduğu Belçikaya təhvil verilmiş, orada da sərbəst buraxılmışdı. Düzdü 130 fransız öldü, amma əvəzində Fransa Yaxın Şərqə girmək üçün gözəl vasitə əldə etdi. Çünki Nato-nun tərkibinə girdiyində bu təşkilat daxilində bütün hərəkətlərini razılaşdırdığından orada Fransa kimi deyil, NATO-nun bir üzvü kimi təmsil olunurdu. Ancaq indi Suriya sahillərinə lövbər atan Şarl də Qoll təyyarədaşıyan gəmisi pusquya yatmış köpək kimi sahibindən hər an əmr gözləyir.
Ayrıca Rusiyanın təyyarəsinin vurulmasını da ruslar tərəfindən planlaşdırılmış strateji hədəflər yönündə məqsədlərinə çata bilmək üçün taktiki gediş olduğunu düşünürəm. Bunun da bir neçə səbəbi vardır.Əvvəla niyə məhz Su-24-ün vurulması üçün rusların bilərəkdən gediş etdiklərini açıqlayım.
Artıq hər kəsə məlum olduğu kimi, bu təyyarənin pilotu beş dəqiqə boyunca Türkiyənin hava sərhəddini pozub və bu müddət ərzində iki türk f-16 təyyarəsindən gələn on xəbərdarlıq çağırışını cavabsız qoyub. Birincisi bu cür hərəkətlər ən azından saymazyanalıq və qarşı tərəfə edilmiş həqarət sayılmaqdadır. Ondan o tərəfə qaldıqda isə Su-24-ün pilotları təyyarənin monitorunda “raket təhlükəsi” siqnalını gördükləri vaxt idarə etməkdə olduqları təyyarənin yönünü Suriya torpaqlarına çevirərək özlərini katapultatan istifadə etməklə təyyarədən atıblar. Doğrudur, sonra pilotlardan biri yerdən açılan atəşlə vurularaq öldürülüb, digəri isə sağ- salamat yerə enə bilib. Amma daha önəmlisi bundan sonra baş verən hadisələrdir ki, indi bir-bir onlara nəzər salacağıq. Əks təqdirdə pazılların tamamını yerinə oturdaraq rəsmi tamami ilə görməmiz mümkün olmayacaqdır.
Təyyarə məsələsindən sonra gərginləşən Rusiya- Türkiyə münasibətlərinin tamamına girmək niyyətində deyiləm. Çünki bu günədək qarşılıqlı olaraq atılan addımlar geniş ictimaiyyət tərəfindən bilinməkdədir, sadəcə olaraq Putinin əslində Türkiyəni sadəcə iki gedişdə necə mat etdiyini diqqətinizə çatdırmağa çalışacağam.
Hadisə baş verdiyi andan etibarən olduqca qəzəblənmiş kimi görünən Putin və heç də ondan geri qalmamağa çalışan Lavrov, bəzi hallarda isə federasiyanın baş naziri tatar Dmitri Medvedyev Türkiyəni iqtisadi embarqolarla hədələməyə başladı. Çox keçmədən də bu embarqoların yanvarın 1-dən etibarən tətbiq edilməsi haqqında sərəncam imzalandı. Öncəliklə, gəlin, bu embarqoların tətbiq edildikləri sahələrə baxaq:
Rusiya Türkiyəyə iqtisadi sanksiyaları tətbiq edərkən iqtisadiyyatın elə sahələrini seçir ki, Rusiya bundan mümkün qədər az zərər görsün. Misal olaraq, Türkiyədən idxal olunan məhsuların siyahısına baxmaq kifayətdir. Əsasən meyvə- tərəvəz və yüngül sənayə sahəsinin məhsulları. Məsələn, Putin heç də meyvə- tərəvəzdən az idxal olunmayan elektron avadanlıqlara embarqo qoymadı. Və ya elə götürək rus turistlərin Türkiyəyə getməsinin əngəllənməsi və bu ölkə ilə qarşılıqlı olaraq ləğv olunmuş viza sisteminin bərpa olunması, həmçinin Türkiyəyə taxıl və yağlı toxum ixracının dayandırılması.
Xatırladaq ki, Rusiya sadəcə keçən il Türkiyəyə on milyard dollarlıq mavi qaz satıb. Və bu gün əlindəki ən önəmli iqtisadi rıçaq da məhz qazdır. Nəyə görə bu rıçaqdan istifadə etmir? Çünki Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində hər il ən az 3,8 faiz kiçilən rus iqtisadiyyatının bu qədər nəhəng vəsaitdən imtina etmək kimi bir şansı yoxdur və bu Rusiya üçün başlı-başına intihar demək olardı.
Bundan başqa Türkiyəyə ixrac olunan əlvan və qara metal məmulatlarına da hansısa limit və ya qadağa gətirməyib. Amma bunları almamaq və eyni qiymətə başqa bazardan almaq Türkiyənin əlindədir.
Nəhayət sonda Akkuyu atom elektrik stansiyası. Bu stansiya ilə bağlı Medvedyev öncə işlərin gecikdirilə biləcəyi barədə məlumat vermişdisə də, sonra Rusiya bu barədə heç bir addım atmadı və hazırda bu AES-də işlər bütün sürəti ilə davam etməkdədir. Bunun da bir səbəbi var, Akkuyu AES iyirmi iki milyard dollarlıq nəhəng proyektdir və rus şirkətləri bu günədək bura tam üç milyard dollar pul xərcləyiblər.
Qısaca analizimizdən çıxardığımız nəticə odur ki, Rusiya öz iqtisadiyyatını mümkün qədər qoruyaraq türkiyəyə daha çox zərər verə biləcək sahələri seçir və bununla da bu ölkəni çətin vəziyyətə salmağa çalışır. İndi, gəlin baxaq görək, embarqoların tətbiq edilmə tarixi niyə məhz yanvarın birindən etibarən başlayır?
Bəziləri bunu rəsmi dövlət sənədlərinin həyata keçməsi üçün lazım olan müəyyən vaxt və prosedurlarla izah edə bilər. Lakin fikrimcə bu qətiyyən belə deyil. Məncə tarix olaraq yanvarın birinin seçilməsinin yeganə səbəbi ola bilər ki, o da Vyana razılaşmasına əsasən müxalifətlə Əsəd arasındakı danışıqların elə həmin tarixdən etibarən başlayacaq olmasıdır.
Burada Rusiyanın planı təyyarə məsələsində psixoloji cəhətdən kənara sıxışdırdığı türk hökumətini həmin tarixdən etibarən iqtisadi cəhətdən də sıxmaq, milyon yarım Suriya türkmənini köməksiz qoymaq və Fərat çayından Cərablusa qədər olan 98 kilometrlik xəttə Türkiyənin planlaşdırdığı kimi türkmənlərin əli ilə bufer zona yaradılmasını əngəlləyərək bu bölgənin kürd terrorçu qruplaşmalarından olan PYD-nin əlinə keçməsini təmin etməkdir. Suriyadakı hadisələrin gedişini də izləsək Rusiyanın belə bir planının olduğu hamımıza aydın olar. Türkmənlərin yaşadıqları bölgələrdəki su təmizləmə məntəqələrini vurub, “İŞİD-ə aid neftayırma qurğularını bombaladıq”- deyə məlumat yayan, Suriyaya gəldiyi gündən bəri davamlı olaraq türkmənlərin məskunlaşdığı Qızıldağ, Türkməndağı və Yayladağın Suriya tərəfə düşən qismini bombalayaraq Əsəd qüvvələrinin irəliləməsinə şərait yaradan, gecə-gündüz helikoptellərlə PYD üçün silah-sursat daşıyan, bu arada da görüntü üçün arada bir İŞİD-in əlində olan ərazilərə raket göndərən Rusiyanın başqa hansı maraqları ola bilər ki? Artıq Suriyada Türkiyəni neytrallaşdıran Putin indi də İraq türkmənlərini passiv vəziyyətə salmaq üçün əlindən gələni etməkdədir.
İndi də Türkiyənin başına İraq bəlası çıxıb. Belə ki, dekabrın altısı İraq tərəfindən Türkiyəyə nota verilib və Mosulun otuz kilometr şimalında yerləşən türk taborunun İraq ərazilərindən çıxarılması üçün iyirmi dörd saat vaxt verilib. Xatırladım ki, həmin hərbi baza keçən il Mosulun İŞİD-in əlindən qurtarılmasında iştirak edəcək sünni ərəblərə hərbi təlim keçmək üçün elə İraqın xahişi ilə yaradılıb. Ayrıca bu hərbi bazanın ətrafında Hollandiya, Amerika və başqa dövlətlərin də eyni məqsədlər üçün açdıqları hərbi bazalar var. Məlumat üçün onu da qeyd edim ki, bəhs etdiyimiz bazada Türkiyə tərəfinin bir tabor əsgəri və təxminən iyirmi beş tankı vardır və bu taborun vəzifələrindən biri də bazanın ərazisini İŞİD-in ola biləcək hücumlarına qarşı müdafiə etməkdir. İraq müdafiə nazirinin daha bir neçə ay öncə helikoptellə gəlib ziyarət etdiyi və təriflər yağdırdığı türk əsgərlərini bölgədən çıxarmaq üçün çalışmasının səbəbi nə ola bilər? Düşünürəm ki, İraq bu hərəkəti edərkən mütləq Rusiya və İranın təhrikləri ilə addım atmışdır. Rusiya ilə bu ölkənin dərin siyasi bağlarını və on illər öncəsinə dayanan müttəfiqlik əlaqələri heç kimə sirr deyildir. Bəs, İranla bu qədər yaxınlaşmalarına və bu islam respublikasının göstərdiyi xətt üzrə hərəkət ətmələrinə səbəb nədir? Axı, daha dünənə qədər bu iki ölkə bir-birinin ən qanlı düşmənləri idilər. Bəs, nə oldu ki, İranla İraq bir-birinə bu qədər yaxınlaşdı?
Amerika orduları İraqı tərk edib getdikdən sonra yaranan boşluğu İran məharətlə doldurdu. Bir də İraqda şiələr hakimiyyətə gəlincə bu İran üçün daha da asan oldu. İndi də İŞİD-ə qarşı mübarizədə İranın aktiv iştirak etməsi, habelə İran könüllülərinin, bəlkə də könüllü adı altında inqilabi mühavizə ordusu heyətinin)döyüşlərdə İraqın tərəfindən aktiv iştirak etməsinin bu iki ölkənin daha da yaxınlaşmasına səbəb oldu. İndi də Rusiyanın rəhbərliyində eyni koalisiyada İŞİD-ə qarşı mübarizə aparmaqdadırlar. İranın həm İraq, həm də Suriya tərəfindən hərbi aksiyalarda nə qədər fəal iştirak etdiyini göstərmək üçün sadəcə bir faktı qeyd etmək kifayətdir. Belə ki, bu ölkənin Suriya və İraqda gedən əməliyyatlarda indiyə kimi doqquz generalı öldürülmüşdür ki, bu da dünya tarixində görünməmiş faktdır. məsləhət missiyasını yerinə yetirən generalların qaynar bölgələrdə, həm də atəş xəttində nə işi var ki, sadəcə iki-üç il kimi qısa müddətdə doqquzu öldürülsün?
Rusiya ilə baş verən təyyarə böhranından sonra İran hökumətinin yüksək çinli məmurları bəyanat verərək Türkiyənin bu addımı atdığına görə peşman olacağını bildirirdilər. İndi də onların və əlbəttə ki, Rusiyanın təhrikləri ilə hərəkət edən İraq Türkiyədən təcili surətdə torpaqlarını tərk etməyini tələb etməkdədir. Burada məsələ İraqın öz torpaqları üzərindəki suvərənliyini qoruyub qoruya bilməməsi ilə bağlı deyildir. Məsələ türkləri bölgədən qovmaq və bununla da Şimali İraqda yaşayan üç milyona yaxın türkmənə psixoloji zərbə vurmaq, ayrıca Türkiyənin beynəlxalq imicinə xətər yetirməkdir. Çünki İraq hökumət dairələri hər kəsdən yaxşı bilir ki, Türkiyənin boşaltdığı bölgələrə İŞİD yerləşə bilər. Amma bəlkə də elə İran və Rusiyanın istəyi də elə budur?! Kim bilir, Rusiya İŞİD-in bölgədə olduğunu bəhanə edərək hər an Mosul ətrafına girə bilər. İndi sadəcə olaraq onların qarşısını kəsən Türklərin və digər Nato ölkələrinin bölgədə aktiv şəkildə yerləşmələridir.
İranın bölgədəki hərəkətlərini və siyasi gedişlərini izlədikdə bu ölkənin getdikcə daha da artan bir iştahayla çevrəsini öz təsiri altına salmağa çalışdığını görərik. Digər tərəfdən də Rusiyanın Yaxın Şərqdə çöküb qalmaq niyyətinin olduğunu gizlətməməsi işləri getdikcə daha da içindən çıxılmaz hala gətirməkdədir.
Ardı var…