Ramiz Tağıyev
Məlumat yayılıb ki, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudası-Beynəlxalq Bankın idarə heyətinin sabiq sədri Cahangir Hacıyev həbs edilib və hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Məlumatda vurgulanıb ki, quda E.Mahmudovun əleyhinə bülbül kimi ötməyə başladığından, MTN-in sabiq “şefi” ürək “krizi” keçirib. Çətindir…
Əlbəttə, bir zamanlar üzbəüz oturub şəninə ürək oxşayan tostlar söyləyən quda indi sərt açıqlamalarıyla E.Mahmudovun qəlbini qırır, “kriz” keçirməsinə səbəb olur. Dözmək doğrudan doğruya çox çətindir. Ancaq nə etmək olar, olan olub, qudaların əli hədsiz sayda çirkli işlərə, çirkli pullara bulaşıb.
Çirkli pulların yalnız çirkli işlərə, cinayətlərə sərf edilməsi barədə dəfələrlə yazmışdım. E.Mahmudov yazdıqlarımı çox oxuyub, qəzəblənib, həbs edilməyimə göstəriş vermişdi. Təbii ki, çirkli əməllərin şahibi həbs olunmağım üçün bütün çirkin vasitələrdən istifadə etmişdi. Dostumu, qohumumu işgəncələrə məruz qoyub, üzümə durdura bilmişdilər. Haqsızlığa dözmək çətindir, əzablıdır. Tanrı mənə dözüm, iradə verdi. Bəlkə əsil həqiqətlərin aşkar olduğu günə şahidlik etmək üçün. Bağlı qapı arxasında belə dayanmadım, bildiklərimi qələmə alıb, “Millətimə” çatdıra bildim.
E.Mahmudov dövlət içində dövlət yox, sanki imperiya yarada bilmişdi. Sərvəti aşıb-daşan MTN-in cinayətkar dəstəsi çirkli pulları sərf edərək mətbu şəbəkə yaratmış, bununla ölkənin nüfuzlu şəxslərini ləkələməyə baş vurmuşdu. Həbsxanada yazdığım yazılar ciddi faktlara söykəndiyindən bu gün öz təsdiqini tapmaqdadır.
Düşünürəm ki, oxucularımızın həmin yazılara diqqət yetirməsi onların MTN ətrafında baş verən hadisələrə obyektiv yanaşmasına yardımçı olacaq.
ABŞ-ın Metyu Brayza və Eldar Mahmudov kartları
MTN Azərbaycan dövlətinə qarşı çirkin və təhlükəli oyunun mərkəzinə çevrilməkdədir, cənab nazir isə bu oyunun aparıcı fiqurlarındandır
ABŞ –ın ölkəmizə uzun müddət səfir təyin etməməsinin arxasında mütləq yeni bir planın dayanmasını anlamamaq mümkün deyildi. Bir müddət öncə bəziləri bunu ABŞ-dakı iqtidar dəyişikliyilə əlaqələndirməyə çalışırdı, amma göründüyü kimi bu versiya çox uğursuz çıxdı. Çünki Barak Obamanın prezident kimi fəaliyyətə başlamasından xeyli müddət ötsə də, Azərbaycana yeni səfir təyin olunması məsələsi bir türlü öz həllini tapmırdı. Bu da ABŞ-ın başqa planlarının olmasından xəbər verirdi. Təbii ki, strateji maraqlarının cəmləşdiyi Azərbaycana ABŞ-ın uzun müddət səfir göndərməməsi təsadüf hesab oluna bilməz.
Üstəlik ötən bu müddət ərzində regionda bir sıra mühüm layihələrin reallaşdırılmasına çalışıldı. Bunların sırasında xüsusilə Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün edilən cəhdləri vurğulamaq olar. Bu cəhdin uğursuz alınmasının səbəbkarı isə məhz Azərbaycan prezidenti İlham Əliyev oldu. Əvəzində ABŞ rəhbərliyi cılız qisasçılıq hisslərinə qapılaraq, Ermənistan və Gürcüstan rəhbərliyini Nyu-York şəhərində keçirilən nüvə enerjisi ilə bağlı beynəlxalq tədbirə dəvət etməklə guya Azərbaycan prezidentinə psixoloji təzyiq nümayiş etdirməyə çalışdı. Qeyd etmək yerinə düşər ki, bu addımı ilə ABŞ əslində özünü ifşa etdi və hələ də primitiv metodlardan istifadə etdiyini bir daha təsdiqlədi.
Sözsüz ki, yaxın keçmişimizi əhatə edən bu soyuq savaşın mütləq qalibi cənab İlham Əliyev oldu. O, öz ölkəsinin mənafeyini hər şeydən üstün tutaraq, cəsarətli siyasi gedişlər etməklə Azərbaycan üzərində, eləcə də regionda çirkin eksperiment aparmaq istəyən bütün xarici güclərə yerlərini ustalıqla göstərməyi bacardı. Təbii, bu qüvvələr də məkrli planlarını həyata keçirməkdən vaz keçmədilər, əksinə, Azərbaycandan, onun çevik və xüsusilə müstəqil, balanslaşdırılmış xarici siyasətə üstünlük verən prezidentdən revanş almaq üçün yeni hücum dalğasına başlamağı məqsədəuyğun hesab etdilər.
Nə üçün Metyu Brayza?
Bir çoxları, o cümlədən Azərbaycanın aparıcı müxalifətinin nümayəndələri Metyu Brayzanın ölkəmizə səfir təyin edilməsini uğurlu seçim hesab edirlər; onun bir zaman ATƏT-in Minsk qrupunda göstərdiyi fəaliyyətini yüksək qiymətləndirməyə çalşırlar. Amma əslində belə deyil, cənab Brayza heç də düşünüldüyü kimi bizə dost, heç olmasa, obyektiv mövqe sərgiləyən bir diplomat hesab oluna bilməz. Bunu görməmək sadəcə siyasi korluqdur.
Gəlin utunmayaq, haqqında bəhs edilən amerikalı diplomat hər zaman bir-birinə zidd bəyanatları ilə daha çox diqqət çəkib. Məsələn, yaxın keçmişdə İrəvanda bir cür bəyanat səsləndirib, sonradan Bakıda həmin bəyanatına uğursuz korrektələr etməyə çalışan bu şəxsin fəaliyyəti unudulmayıb. Belə birinin ABŞ-ın ölkəmizdəki səfiri təyin edilməsi ilə xarüqələr yaradacağına inanmaq ya siyasi diletantlıqdır, ya da Azərbaycana qarşı düşünülmüş çirkin planın həyata keçirilməsi işinə bilə-bilə yardım göstərməkdir.
Keçmiş səfirlərin fəaliyyətindən Azərbaycan nə qazanıb?
Şəxsən bu sətirlərin müəllifi kimi mən uzun illər apardığım müşahidə nəticəsində bu qənaətə gəlmişəm ki, ümumiyyətlə, ABŞ diplomatlarının fəaliyyətində ölkəmiz üçün hər hansı uğurlu jest gözləmək diletantlıqdan başqa bir şey deyil. Bu qənaətimizi öncəki səfirlərin fəaliyyəti daha da möhkəmləndirir. Buna sübut olaraq 2003 və 2005-ci il hadisələrini göstərmək olar. Dövrün səfiri Rino Harniş özünü ABŞ-ın Azərbaycandakı general-qubernatoru kimi aparır, buna müvəffəq ola bilmədikdə isə, sükanı əldən buraxmamaq üçün “papadan daha qatı katolik olmaq” prinsipi ilə hərəkət edərək, müxalifətdən daha çox müxalifətçilik etməyə girişdi. Bu isə təbii ki, Azərbaycanın suverenliyi baxımından qətiyyən qəbul ediləsi hal sayıla bilməzdi.
Elə ABŞ-ın sonuncu səfiri –xanım Enn Dersi də sələflərindən müsbət yöndə heç nə ilə fərqlənməyib. Doğrudur, xanım diplomat sələfi Rino Harniş kimi Azərbaycana aqressiv münasibəti ilə fərqlənməsə də, ucuz populizmə üstünlük verməklə diqqət çəkirdi. Dilimizdə yarım-yapalaq danışması və Norvuz bayramı günlərində Rauf Arifoğlu sayaq yarım-yapalaqları başına toplayaraq, tonqal üstündən ayğır at kimi hoppanması ilə xatirimizdə “silinməz” izlər buraxan bu xanım bəzi psevdomillətçilərin rəğbətini qazanmasına baxmayaraq, ölkəmizin ən ümdə problemi olan “Qarabağ düyünü”nün açılması üçün barmağını barmağına toxundurmamaqla da yadda qalıb. Yəni ABŞ səfirinin işi Novruz bayramlarında tonqal üstündən atlamaq yox, regionda sülhün və sabitliyin bərqərar olması üçün çalışmaq, ən əsası da buna əngəl olan erməni ekspansionist siyasətini ifşa etməkdir. Əgər ABŞ özünü dünyanın əsas supergücü hesab edirsə, onun səfirləri də bəhs etdiyimiz yöndə fəaliyyət göstərməlidirlər. Əks təqdirdə ədalət prinsipi pozulur ki, bu halda Azərbaycanın ABŞ-ı strateji müttəfiq və ən əsası da haqq-ədaləti bərpa edən qüvvə kimi tanıması mümkünsüz görünür.
Sabiq səfir Rino Harnişin ölkəmizdə narıncı inqilab etmək həvəsinə düşmüş bəzi pozucu qüvvələrlə bir cinahda olması, onlara hərtərəfli dəstək göstərməsi kifayət qədər əsaslı faktlarla öz təsdiqini tapmışdı. Amma hazırkı iqtidar ABŞ-la qurulan münasibətlərin pozulmaması naminə onlara növbəti dəfə güzəşt edərək, ortalıqda olan faktları açıqlamaq istəmədi. Bütün bunlarla yanaşı, iqtidar gücünü nümayiş etdirərək ABŞ-a və eləcə də ölkəmizdə hakimiyyət dəyişikliyində maraqlı görünən bir çox ölkələrə sərt şəkildə “Azərbaycanın daxili işlərinə qarışmayın” mesajını səsləndirmək cəsarətini göstərdi.
Metyu Brayzanın səfir təyin olunması bizə nə qazandıracaq və yaxud bu təyinat nəyə hesablanıb?
Bu gün müxalifət qüvvələrinin səfir təyin olunmasından məmnunluq duyacağı Metyu Brayza bir neçə il öncə baş verən bu olayları sükutla izləmiş, ATƏT-in Minsk qrupunun kompetensiyasından kənarda qalan problemlərə qarışmadığını büruzə verməyə çalışmışdı. Ancaq bu, ilk baxışda belə ola bilərdi. Zaman-zaman region ölkələrində baş vermiş iç problemlərə öz münasibətini açıqlamaqdan çəkinməyən, regionu digər diplomatlardan daha yaxşı tanıdığı dəfələrlə isbat olunmuş Brayzanın Azərbaycanın daxilində nələrin baş verdiyindən xəbərsiz olması absurd görünürdü.
Onun ölkəmizə səfir təyin edilməsinin pərdəarxası sirləri də olmamış deyildir. Böyük ehtimalla Brayza sələfi Rino Harnişin tamamlaya bilmədiyi missiyanın uğurlu davamını həyata keçirmək üçün göndərilir. Yoxsa Buş İqtidarının sevimlisi olan birinin Barak Obama tərəfindən yüksək qiymətləndirilməsinin səbəbi nə ola bilər?
Brayzanın ölkəmizə səfir təyin edilməsindən uzun müddət öncə onun Azərbaycana ABŞ-ın diplomatik korpusuna rəhbərlik etməyə göndəriləcəyi barədə ardı-arası kəsilməyən şayiələrin yayılması da diqqətdən yayınmırdı. Bu tip şayiələrin yayılmasında müxalifət qüvvələri ilə yanaşı, iqtidarda təmsil olunan bəzilərinin də maraqlı olması təəccüb doğurur və araşdırılması gərəkən nüansların başında gəlir.
Cavablandırılması vacib şərtə çevrilən suallar və yaxud MTN təhlükəli oyunların mərkəzinə çevrilməkdədir!
Ötən il yazılarımın birində Metyu Brayzanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) şefi Eldar Mahmudovla görüşünə toxunmuşdum. Görüş gerçəkləşdirildiyi zaman cənab prezident İlham Əliyev xarici ölkələrdən birinə səfər etmişdi. İlk əvvəl məlum görüşün pərdəarxası sirlərinin olmasına inanmaq istəməmiş və onun arxasında qeyri-adi nə isə aramaq fikrindən uzaq olmuşdum. Ancaq bu görüşdən həmən sonra siyasi dairələrdə “Azərbaycanda ciddi dəyişikliklər gözlənilir” şayiəsi yayılmağa başlandı. Bu tip şayiələr əsasən MTN-nin Antiterror Mərkəzinin (ATM) agentura şəbəkəsinə daxil olan qəzetlər və siyasi xadimlər tərəfindən dövriyyəyə buraxıldığından, diqqətimizdən də yayınmadı. Deməli, Azərbaycanda gözlənilən “ciddi dəyişikliklər”in detalları Eldar Mahmudov-Metyu Brayza görüşündə ən incə məqamlarına qədər müzakirə predmeti olub. Düzdür, bu haqda əlimizdə əsaslı fakt və ya faktlar olmasa da, fakt nitəliyi daşıyan istənilən qədər inandırıcı mülahizələr mövcuddur. Məsələn, ilk növbədə istər-istəməz ortaya belə bir sual çıxır: Eldar Mahmudovun Metyu Brayza ilə (səfir təyin olunacağı gözlənilən şəxslə) görşünə nə ehtiyac vardı? Təbii ki, bu sual öz cavabını tapmadığı təqdirdə ard-arda sıralanan sualların sayı da çoxalır;
1). Mahmudov-Brayza görüşünə ehtiyac doğuran səbəblər nədir?
2). Xarici bir ölkənin gələcək səfirinin səfir təyin olunacağı ölkənin milli təhlükəsizlik orqanının rəhbəri ilə təkbətək görüşməsi nə qədər doğrudur və bu, Azərbaycan üçün təhlükə törədə bilərmi?
3). Bir zamanlar sabiq nazir Fərhad Əliyev Rino Harniş və Madlen Olbraytla buna bənzər məxfi görüşlər keçirmiş, dövlət çevrilişi planını müzakirə etmişdilər. İstər-istəməz düşünməli olursan, əcəba, Eldar Mahmudovun Metyu Brayzayla görüşü 5 il öncə fiaskoyla nəticələnən planın uğurlu davamını gətirmək üçündürmü?
4). Ümumiyyətlə ölkə rəhbərliyi bu görüşə “dobro” vermişdimi və bu görüşdə müzakirə olunan məsələləri detallarına qədər bilirmi?
Bu tip sualların sırasını istənilən qədər uzatmaq olar. Amma hesab edirəm ki, elə təkcə bu sualların cavablandırılması cənab nazirin səlahiyyətlərinin əlindən alınması və o əllərin qandallanması üçün yetərlidir.
Düşünürəm ki, ölkə prezidenti də belə şayiələrdən (“Azərbaycanda ciddi dəyişikliklər gözlənilir”) və onları məqsədli yayanların kimliyindən xəbərdar olmamış deyildir. MTN-in 90 illiyinə həsr edilmiş yubiley tədbirlərində cənab prezidentin iştirak etməməsinin əsil səbəbi kimi bu faktoru da göstərmək mümkündür.
Qeyd etdiyim keçən ilki yazımda şayiələrin MTN-in Antiterror Mərkəzi tərəfindən yayılmasını önə çəkərək, bunun həm onlar tərəfindən nazir Eldar Mahmudova qarşı hazırladıqları xüsusi təxribat olduğunu vurğulamışdım. Belə qənaətə gəlməyim ATM-in nazir müavini Hilal Əsədovun kurasiyasında olması, onun isə “Bakı-Şirvan” klanı və bu klana daxil olan “Salyan” qruplaşmasının xaç atalarından biri olması barədə məlumatlı olmağımdan qaynaqlanırdı. Ancaq indi yanıldığımın fərqindəyəm və yaxın dostum Fərəməz Novruzoğlunun o fikri ilə tamamilə razıyam ki, MTN Azərbaycan dövlətinə qarşı oynanılan çirkin və təhlükəli oyunun mərkəzinə çevrilməkdədir. Və heç şübhəsiz ki, cənab nazir bu oyunun aparıcı fiqurlarındandır.
“Millətim”. N 25, (066)
01-07 iyul, 2010-cu il