“Millətim”in arxivindən
Ramiz Tağıyev
“Millətim”də 2010-cu ildə işıq üzü görmüş yazıları təkrar səhifəmizə çıxarmağımız səbəbsiz deyil. Biz zamanında çox yazdıq, təəssüf ki, yazdıqlarımız diqqətə alınmadı. Bəli, MTN-in bir qrup cinayətkar əməkdaşı hər kəsi şantaj etməyə çalışır, hətta nüfuzlu dövlət xadimlərinin fəaliyyətinə kölgə salmaqdan çəkinmirdi. Etiraz edirdik… Həbslərə məruz qalsaq da, təqib-təhdid edilsək də, doğru bildiyimiz yolun davamında olduq. “Haqq nazilər, üzülməz” deyiblər. Biz hələ o zaman inanırdıq ki, bir gün gələcək, cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.
Düşünürük ki, MTN-nin şantajlar üçün istifadə etdiyi mətbu şəbəkəsi də ifşa olunmalıdır. Sirr deyil ki, məhz həmin şəbəkənin “fəaliyyəti” nəticəsində bir çox nüfuzlu şəxs mənəvi zərbə almış, yüzlərlə vətəndaşımız isə günahları olmadan məhkumluq həyatı yaşamalı olmuşlar.
“Millətim” olaraq biz inanırıq ki, çağdaş tariximizin dəhşət saçan cinayətlərinin araşdırılması üçün, 5 il öncə səhifəsinə çıxardığı yazılar mühüm əhəmiyyət kəsb edəcək. Oxucularımız üçün də maraqlı olacağını düşünürük.
Sonu görünməyən qanunsuzluq…
MTN-nin Antiterror Mərkəzi haqqında növbəti ballada
Artıq 6 aydır ki, iş adamı Eldar Əliyev və “Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyevin bacısı oğlu, tanınmış idmançı Akif Səfərov qanunsuz olaraq MTN-nin təxridxanasında saxlanırlar. Təəssüf ki, onların həbsdə saxlanılması əsil səbəbi müəmma olaraq qalır. Amma bir çox səlahiyyət sahibi bəzən yüksək pafosla deyir ki, zərurət olmadığı halda təqsirləndirilən şəxslər barədə həbs-qətimkan tədbiri seçilməsi yolverilməzdir. Nəticə isə göz qabağındadır: tanınmış ziyalı, bir neçə kitabın müəllifi, YAP-ın fəallarından sayılan E.Əliyev tam qanunsuz olaraq saxlanılır, haqqında həbs-qətimkan tədbiri seçilir və artıq neçənci dəfədir ki, bu müddət məhkəmə qərarı ilə uzadılır…
Sual olunur, E.Əliyev hansı təhlükəli cinayət törədib? Məgər o, saxlanıldığı təcridxananın aid olduğu nazirliyin generalları Hilal Əsədov və Elçin Quliyevdən daha çox cinayət törədib? Heç İlqar Əliyevdən danışmağa dəyməz. Əgər bizdə də İrandakı kimi rejim olsaydı, MTN kimi önəmli bir qrumun üz qarası olan İlqarı çoxdan dar ağacından asmışdılar. Axı nə etməyib, hansı cinayəti törətməyib İlqar? Bəs, E.Əliyev nə edib, hansı təhlükəli cinayəti törədib? Bax, bu sualın cavabını tapmaq üçün istintaq orqanları aylardır baş sındırır, amma nəticə əldə edə bilmirlər…
İş adamını nə üçün həbs etdilər, yaxud “Yeni Müsavat”a dezinformasiyanı kim ötürmüşdü?
Xatırlayırsınızsa, ötən ilin noyabr ayında “Yeni Müsavat” qəzetində Nəqliyyat naziri Ziya Məmmədovun kiminsə tərəfindən dinlənildiyi, hətta səsinin audiokasetə yazıldığı barədə məlumat verilmişdi. Guya Z.Məmmədov “Meridian” otelində gizli yığıncaq keçirib, iqtidara yönəlik kəskin fikirlər söyləmişdi. “Yeni Müsavat” məlum informasiyanı verdikdə xüsusi olaraq vurğulamışdı ki, xəbəri çatdıran mənbə audiokaseti də onlara verib. “Yeni Müsavat”ın bu dezinformasiyasından az sonra iş adamı E.Əliyev Z.Məmmədovu qeyri-qanuni dinləməkdə suçlandırılaraq MTN-ə çağırılır. Ertəsi gün isə yenə də “Yeni Müsavat” yazdı ki, E.Əliyev ölkədən qaçarkən saxlanılıb. Beləliklə tanınmış iş adamı MTN təsridxanasının “sakininə” çevrilmək məcburiyyətində qaldı.
İşin istintaqını aparmaq isə Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə tapşırılır. Çox keçmədi ki, E.Əliyevin həbsinin əsl səbəbi aşkara çıxdı. Onun heç kəsi və eləcə də Z.Məmmədovu dinləmədiyi məlum olur. Bəs onda E.Əliyevi nə üçün həbs etmişdilər? Birinci səbəb kimi iş adamının MTN tərəfindən saxlanılmasında az öncə bahalı obyektini satması göstərilə bilər. İkinci səbəb onun “Millətim”in baş məsləhətçisi Ramiz Tağıyevlə yaxın dostluq ələqəsinin olmasıdır.
Eldar Əliyevin həbs olunması ssenarisini kim hazırlayıb?
“Yeni Müsavat”ın MTN-lə sıcaq münasibətləri barədə çox yazmışıq. Bu barədə əlavə təfərrüatlara ehtiyac yoxdur. Amma onu da qeyd etmək lazımdır ki, E.Əliyevin Z.Məmmədovu dinlətdirməsi dezinformasiyasının MTN-nin Antiterror Mərkəzi tərəfindən “Yeni Müsavat”a ötürülməsi sirr deyil. Bunun belə olduğu tam təsdiqini tapıb. Digər tərəfdən “Yeni Müsavat”da yazılanların həqiqəti əks etdirmədiyi, ATM-in təxribatından başqa bir şey olmadığı da tamamilə sübut olunub. Belə ki, istintaq aparan orqan həmin situasiyanı araşdırmaqdan vaz keçib. Bəs belə olduğu halda nədən iş adamı hələ də həbsdə saxlanılır?
İndi E.Əliyev qadağan edilmiş kompyuter avadanlıqlarını əldə etmək və saxlamaqda ittiham edilir. Onun ölkə rəhbərliyinə müraciətində (həmin müraciət ötən saylarımızdan birində dərc edilib) bildirilir ki, avadanlıqları Rusiyada bir mağazadan alıb və tam qanuni olaraq gömrük bəyənnaməsində qetd etdirməklə ölkəmizə gətirib. Həmin müraciətdə E.Əliyev həm də onu qeyd etmişdi ki, işin araşdırılması prokurorluğa tapşırılsa da, MTN əməkdaşları adıçəkilən nazirliyin təcridxanasında ona təzyiq göstərərək, “Millətim” qəzeti və ələlxüsus da qəzetin baş məsləhətçisi Ramiz Tağıyev və onun bacısı oğlu Akif Səfərova yönəlik qondarma ifadələr almağa nail olmuşlar. Həmin ifadfələrdə bir çox dövlət rəsmilərinin adlarını qeyd etdirmək də MTN əməkdaşlarının marağında olub. Yeri gəlmişkən, ötən saylarımızdan birində MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin qəzetlərdən birinə Daxili İşlər naziri Ramil Usubovu şantaj edən yazını ötürməsi barədə sənədi oxucularımıza təqdim etmişdik.
Bu üzdəniraq çekistin (İlqar Əliyev) zaman-zaman çoxlarını şantaj etməsi haqda əlimizdə təkzibedilməz faktlar var. Biz də faktları mütəmadi olaraq dərc etmək və MTN kimi əhəmiyyətli bir strukturu öz şəxsi məqsədlərinin reallaşdırılması yolunda vasitəyə çevirənlərin iç üzünü açıb göstərməkdə qərarlıyıq.
Eldar Əliyevə təzyiq göstərmək üçün MTN təcridxanasında saxlanılması da məhz İlqar Əliyevin planının bir hissəsidir. Təbii ki, bu işdə o, pərdənin arxasında başqaları var. Hələlik onlardan ikisini tanıyırıq: Hilal Əsədov və Elçin Quliyevi. Mümkündür ki, başqaları da var.
Haşiyə
Qəzetimizin baş redaktoru təxminən iki ay əvvəl MTN-ə dəvət olunarkən onunla söhbət edən ATM əməkdaşı bəlkə də cahilliyi və savadsızlığı üzündən bu məsələdə böyük bir açıq vermişdi. AMT əməkdaşı Fərəməz bəyə deyib ki, Eldar Əliyevin həbs sifarişi onlara aid deyil. Kimə obyekt satıbsa, onlardan da şübhələnin. Eldar bəy isə öz obyektini Araz Ağalarovun adamlarına satıb. Biz heç də o iddiada deyilik ki, bu doğrudur. Amma Eldar bəyi həbs edənlər bizə belə deyirlər.
Bu qanunsuz həbsin sifarişçisi kimdir, qoy buna MTN rəhbərliyi aydınlıq gətirsin. Ən azından ona görə ki, bu quruma rəhbərlik edən şəxslər nazirliyin adının çirkin işlərdə hallandırılmasını istəmirlərsə, doğrudan da günahsızdırlarsa, bütün bunlara aydınlıq gətirməlidirlər. Yəni bu ölkəyə, MTN-ə 5 qəpiklik faydası olmayan, dırnağından saçının tükünə qədər cinayətə bulaşan İlqar Əliyev o dərəcəd önəmli adamdır? Hələlik biz bildiklərimizin bir çoxunu ictimailəşdirmək istəmirik. Dövlətimizə olan sayğıdan dolayı susuruq. Ancaq günahsız iki dəyərli insanın-yaxın dostlarımız- Eldar Əliyevlə Akif Səfərovun günahsız həbs edilmələrinə də, biganə qalmaq fikrində deyilik. Özü də bu adamların yalnız bizim yazılarımıza görə həbs edilmələrini heç cür qəbul edə bilmərik. Bəli, bu həbslərin sifarişli və qanunsuz olmasını yalnız qanmazlar dərk etməzlər.
ATM-ə kim ixtiyar verib ki, ölkənin I Ledisinin adında istifadə edir?
Qayıdaq məsələnin mahiyyətinə. İş adamı Eldar Əliyev həbs edilir və çox keçmir ki, o, qarşılaşdığı təzyiqlər nəticəsidə Akif Səfərovun əleyhinə ifadə vermək məcburiyyətində qalır. Məlum “dinləmə işi”nə heç bir aidiyyatı olmayaq Eldar Əliyevlə Akif Səfərov arasında tamamilə qanunu şəkildə bir müqavilə, torpaq alqı-satqısı araşdırma mövzusu olur. Adi mülki məsələyə görə iki nəfərin MTN təcridxanasının “sakini”nə çevrilməsi heç cür anlaşılan deyil. Əslində MTN-in cahil və yaramaz çekistləri bununla tam qanunsuz həbs edilmiş iş adamının “könlünü” almağa çalışıbmışlar. Belə demək mümkünsə, Eldar Əliyevin “pozulmuş” hüquqlarının müdafiəçisi missiyasını öz üstlərinə götürmək istəyiblər. Yoxsa dinləmə “işi” hara, torpaq müqaviləsi hara?
Olmaya MTN çekistləri bekar oturmaqdan beziblər? Bəlkə doğrudan da belədir? Yoxsa İlqar Əliyev kimi “dəyərli çekist” terrorizmlə mübarizəni bir tərəf buraxıb, özü reket qəzetçiliyinə, başqalarına qarşı mənəvi terrora girişərdi? Üstəlik də, dövlətin nüfuzlu nazirlərini, generalları şantaj etməklə, onları elitar fahişəxana saxlamaqda ittihama məruz qoymaqla. Belə hesab edirəm ki, əlavə şərhə ehtiyac yoxdur.
Amma bir məqama mütləq aydınlıq gətirmək lazımdır. Keçən saymızda dərc etdiyimiz və İlqar Əliyev tərəfindən tərtib olunan qondarma sənəd qəzetlərə ötürülərkən onlara deyilir ki, bu sənədin çap olunmasını Heydər Əliyev Fondu, daha dəqiq ifadə etsək, ölkənin birinci ledisi Mehriban xanım sifariş edib. Fərəməz bəyə isə MTN-də bildiriblər ki, Eldar Əliyevi həbs etdirən Araz Ağalarovdur. Bir sözlə, ATM əməkdaşları hər yerdə Mehriban xanımın və Ağalarovların adından geninə-boluna istifadə edirlər. Biz buna inanmaq istəmirik, hesab edirik ki, adı çəkilən iki önəmli şəxsin bu işlərlə yaxından-uzaqdan əlaqələri yoxdur. O halda dərhal və yubatmadan İlqar Əliyev və digər ATM əməkdaşları haqqında ölçü götürülməlidir. Əks təqdirdə deməli, deyilənlər doğrudur ki, bu da Azərbaycanda əvvəl-axır dövlət krizinə gətirib çıxaracağına şübhə yeri qoymur…
Bir daha qondarma “iş” barədə və yaxud kimdir dələduz-İlqar Əliyev, yoxsa biz?
Akif Səfərovun həbs edilməsinin də ATM-in sifarişi olmasına artıq zərrə qədər şübhə qalmayıb. Ehtiyac içərisində çabalayan, gecə-gündüz özü üçün ev qurmaq uğrunda çalışan bir gəncin həbsini kimin vicdanına yazaq? Dəfələrlə qeyd etmişik ki, bir müddət öncə Akifin anası öz mənzilini sataraq 6 övladını ev-eşik sahibi etməyə çalışmışdır. Kirayədə yaşamaq məcburiyyətində qalan Akif ona çatan pulla özü üçün ev tikmiş və borclarını ödəyə bilmədiyinə görə satmalı olmuşdur. Akifin polis kapitanı olmuş atası hələ 1990-cı ildə vəzifə borcunu yerinə yetirərkən faciəli şəkildə həlak olduğundan, onun min bir əzab-əziyyətlə böyüyüb başa çatması da faktdır. Belə bir məşəqqətli həyat yolu keçmiş gəncə qarşı haqsızlıq etmək insanlıq adına sığırmı? Axı, Akifin atası dövlətçilik, müqəddəs qanunlarımızın qorunması naminə həyatını qurban verməsəydi, indi onun övladları bu qədər əziyyət çəkməzdi. İndi Akif nə etsin ki, onun dayısı Ramiz Tağıyev və dostları olan bizlər MTN-in Hilal, Elçin,İlqar, Akif Çovdarov kimi cinayətə meyilli kadrlarını ifşa edirik?
Bütün bu söylənilənlər Akifin sifarişli həbs edilməsini bir daha təsdiq edir. İlqar Əliyevin dələduzluqla məşğul olduğunu, çekist adına xələl gətirən min hoqqadan çıxdığını dəfələrlə qeyd etmişik. Ölkənin nüfuzlu dövlət adamlarını qəzetlərdə şantaj etməyə dələduzluqdan başqa nə ad vermək olar. Elə ona görə də Akif Səfərovu dələduzluqda ittiham edirlər. Hələ İlqar Əliyev utanmadan yaxın ətrafına qürrələnərək bunu söyləyib: “Ramiz Tağıyevə sübut edəcəyəm ki, dələduz kimdir”.
Gecikmisən, İlqar Əliyev, çox gecikmisən! Hətta səni himayə edənlər, dələduzluq etməyinə şərait yaradanlar da çox gecikiblər! Siz bunu bütün həyatını təmənnasız olaraq millətinə, dövlətçiliyimizə həsr etmiş, bu gün də kirayədə qalan bizlərə sübut edə bilməzsiniz. Amma biz sizin dələduzluğunuzu artıq sübut etmişik!
MTN təcridxanasından yazılan müraciətə nə üçün reaksiya verilmədi?
E.Əliyevin MTN təcridxanasından bütün rəsmi instansiyalara ünvanladığı müraciəti həyəcansız oxumaq mümkün deyildi. MTN əməkdaşları onu qeyri-qanuni dindirməklə yanaşı, hətta azyaşlı oğlunun video görüntülərini nümayiş etdirərək “bax ha, şirin uşağın var, elə etmə ki…” deyiblər. Əlavə şərhə ehtiyac varmı? Kim verib bu səlahiyyəti onlara? Eldar Mahmudovu şəxsən tanıyanlar söyləyirlər ki, o, heç bir zaman qəddarlığın, qanunsuzluğun tərəfdarı olmayıb. Bəs onda kimdi belə qanunsuzluqların himayəçisi? Nə üçün “Millətim”in baş redaktoru Fərəməz Novruzoğlu bir araşdırma yazısına görə MTN-ə çağrılaraq 6 saat dindirilir, amma bu müraciətə əhəmiyyət verilmir? Bu azmış kimi Fərəməz bəyi intihar etmək həddinə çatdırırlar. Bəs nədən Eldar Əliyevin müraciəti nəzərə alınmadı? Axı, həmin müraciətdə ətraflı şəkildə onun təhdid edilməsindən, təzyiqə məruz qalmasından, mənəvi işkəncədən söhbət getmişdi. MTN təcridxanası ilə Bakı İstintaq Təcridxanasının fərqi nədən ibarətdir? Birindən E.Əliyevin ünvaladığı müraciət cavabsız qalır, digərindən Eynulla Fətullayevin imzaladığı müraciət necə deyərlər, dünya-aləmi qatır bir-birinə…
Deməli, MTN yalnız və yalnız öz əməkdaşlarının hüququnu və təhlükəsizliyini qorumaqla məşğuldur. Bərəkallar belə nazirliyə…
Müəmmalı məqamlar və onları araşdırmalı olanların susqunluğu
Yuxarıda qeyd etdim ki, Eldar Əliyevin həbsi üçün öncədən “Yeni Müsavat”a dələduz çekist İlqar Əliyev tərəfindən ötürülmüş dezinformasiya zəmin yaratmışdı. Görəsən, istintaq orqanı nədən “Yeni Müsavat”ın bu informasiyanı hardan və kimdən almasını araşdırmadı. “Yeni Müsavat” iddia edirdi ki, Ziya Məmmədovun dinlənməsinin audiokasetini də dinləyiblər. Əgər nazirin səsini Eldar Əliyev yazmışdısa, bu kaset “Yeni Müsavat”ın əlinə necə keçmişdi?
Ümumiyyətlə, nədən dinləmə adı ilə həbs edilən Eldar Əliyevin barəsində sonradan bununla bağlı istintaq hərəkəti aparılmadı? Necə aparılaydı, axı onun bu işdən heç məlumatı belə olmamışdı. Z.Məmmədovu isə həqiqətən də dinləmişdilər və bunu MTN-nin Antiterror Mərkəzi etmişdi. Audiokaseti də məhz İlqar Əliyev “Yeni Müsavat”a ötürmüşdü. Onun belə işlərdə əsil “peşəkar” olmasına yəqin ki, şübhə qalmayıb. Əgər şübhə etsəniz… narahat olmayın, qarşıdan seçki gəlir, İlqar Əliyevin qəzetlərə ötürdüyü şantaj xarakterli çox sənədlərlə tanış olmaq şansı qazanacaqsınız.
Bütün bu tragikomediyanın bir sonu olmalıdır. Biz belə düşünürük. Üzdəniraq “çekist”lərin “bespredel” əməlləri nəticəsində iki dəyərli insan qanunsuzluq məngənəsində boğulmaqdadırlar. Biz hələ də MTN-i bataqlığa çevirmək istəyən dələduzlara durun deyənləri gözləyirik. Təsəvvür edin, “dinləmə əməliyyatı” alınmadı, ardınca qanunsuz ev tikintisi məsələsi ortaya çıxdı. El arasında biədəb bir məsəl var. “O…ğın qulunca nə dəxli?”
Eybi yox, nə istəyirsiniz edin. Biz də sizi və arxanızda duranları “o…durtmağın” yolunu bilirik. Yaxında qoxusu çıxacaq.
Pərviz
“Millətim” N18 (059). 13-19 may 2010-cu il