“İndi millətin, elə özümüzün də durumumuz elədir ki, biz onun qarşısını ala bilmirik”

0
3

“İndi millətin, elə özümüzün də durumumuz elədir ki, biz onun qarşısını ala bilmirik”

Əhməd Oruc:“Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin düşmənçilik münasibətlərinə çevrilməməsi üçün bu tendensiyanın qarşısının alınmasına çalışırdıq”

“Heç bir qanun-qayda gözlənilmədən bəlli kabinetlərdə razılaşdırılmış sihahıya düşənləri bu yollarla deputat eliyirlər. Və ən dəhşətlisu də odur ki, burda yüz minlərlə insan məcburi şəkildə bu seçki saxtakarlıqlarına və cinayətlərə ortaq edilir”

Seçki sonrası durumun və məmləkəti silkələmiş son olayların mahiyyətini və gerçəkdən nələrin baş verdiyini anlaya bilmək üçün, ”Azadlıq” partiyasının sədri Əhməd Orucu həmsöhbət kimi seçməyim sadəcə bir təsadüfün nəticəsi deyil. Bir çox ünlü siyasi liderlərdən və partiya sədrlərindən fərqli olaraq, Əhməd bəy bütün mövzularda olduqca maraqlı müsahib və istənilən söhbətə açıq siyasətçidir. Ritorikasının kifayət qədər rəvanlığı, mülahizə və arqumentlərinin aydınlığı, həm də üslubunun sərtliyi ilə seçilən Əhməd Orucla bu dəfə Kardioloji xəstəxanada görüşdüm və müalicəsinin davam etməsinə rəğmən, müsahibə xahişimizi yerə salmadı və elə ilk sualı da onun xəstəxanaya yatma səbəbi ilə bağlı verdim…
… və bu arada nələrdən danışdığımıza, Əhməd Orucun pəncərəsindən baxanda, bu günkü Azərbaycanın necə göründüyünə siz də şahidlik edin, istəkli oxucular. Əminəm ki, Əhməd bəyin dedikləri ictimai rəyin müzakirəsi üçün xeyli materiallar verəcək və cəmiyyətə, yürüdüyü yolda gərək ola biləcək xeyli fikirlərə bu müsahibədə rastlaya biləcəksiniz …

(Əvvəli ötən saymızda)

– Xatirinizdədirsə, sizinlə ötən seçkiqabağı müsahibədə mən demişdim ki, birdən düşüncələriniz yerinə gəlməsə və bu seçkilər də total saxtakarlıqlarla keçəcəksə, ictimai rəydən sizə ciddi təpkilər gələcək. Olanlar oldu və yəqin ki, o təpkini də hiss edirsiniz. Ümumiyyətlə, indi necə baxırsınız və bu seçkilərdə əslində nə baş verdi?
– Mən keçən dəfə də demişdim ki, ictimai rəy havadan asılıdı, ölü vəziyyətindədir və faktiki olaraq drijor çubuğu ilə idarə olunur. Hesab edirəm ki, biz doğru yol tutmuşduq və lokanik desək, bu hakimiyyətin bütün səhvlərini, neqativ yönlərini açıq söyləməklə, düşmənçilik mövqeyindən yox, dialoq, barış mövqeyindən çıxış edərək, mövcud problemlərin birgə müzakirəsinə və onların ortadan qaldırılmasına açıq olmaq xəttini məqbul hesab edirdik. Yəni, mövcud hakimiyyətə münasibət baxımından, dialoqa getməyən müxalifətlə bizim söylədiyimiz fikirlərin arasında, hakimiyyətə düşmən kimi baxmamaqdan başqa heç bir fərq yoxdur. Fərq yalnız bunlarla üzbəüz bir masada oturub, heç bir şərt irəli sürmədən, bütün məsələləri müzakirə edə bilmənin mümkümlüyündən ibarətdir. Açığı bizim bütün bu məsələlərlə bağlı, bu hakimiyyətdən elə ciddi gözləntilərimiz də yox idi. Başqa bir tərəfdən də, regionda baş verən proseslər, Rusiyanın Azərbaycana münasibəti də, ilk baxışdan hakimiyyətin də milli xəttə doğru reverans etmək məcburiyyətini şərtləndirirdi. Yəni bizim tutduğumuz xətt bu xətt idi və yaranmış durumla bağlı arqumentlərimiz də, əsasən bundan ibarətiydi. Açığını desək, görünəni odur ki, işin gedişində bu prosesə Rusiyanın aşkar müdaxiləsi oldu. Rəsmi qaynaqlar tərəfindən bu etiraf olunmasa da, Parlament seçkilərindən az öncə Rusiya XİN-in başçısı Lavrovun Azərbaycana səfəri, birbaşa seçkilərlə bağlıydı. Bunun nəticəsi olaraq da, guya yenidən seçilmiş parlamentdə, Rusiyanın Azərbaycanı yenidən öz caynaqlarına keçirmək cəhdi olacağı təqdirdə, bunun əleyhinə söz deyə, çıxış edə biləcək bir nəfər belə yoxdur. Bu baxımdan, hesab edirəm ki, bu ilki parlament seçkisi Azərbaycan xalqı və bütövlükdə cəmiyyətimiz üçün çox ağır bir seçki oldu, həm də çox ağır nəticələr ortaya qoydu. Hakimiyyətin də bu arada dialoq görüntüsü yaratması və guya ki, cəmiyyətin istəyinə uyğun real islahatlara getməsi haqda verdiyi mesajların, eləcə də bu haqda söylədiklərinin həqiqətə uyğun olmadığı ortaya çıxdı. Bütün bu proseslərin hakimiyyət tərəfindən yalançı bir görüntü vermək istəyindən savayı bir şey olmadığı bəlli oldu. Biz milli-demokratik platformadan olan müxalif qüvvələr olaraq hesab edirik ki, məhz o kəskin qarşıdurmalar və qarşılıqlı olaraq bir-birini tanımamaq xəttindənsə, hakimiyyətin neqativlərini tam söyləməklə, bu məsələdə heç bir güzəştə getmədən, bu problemlərin ortadan götürülməsi üçün daim dialoq şəraitində olmaq və açıq şəkildə də bütün məsələlərin müsakirəsinə hazır olduğunu bildirmək, indiki şəraitdə ən məqbul yoldur. Ayrıca da, siyasi baxışların və ölkənin problemlərinə baxışların nə qədər ziddiyyətli olmasına baxmayaraq, Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin düşmənçilik münasibətlərinə çevrilməməsi üçün və bu tendensiyanın qarşısının alınmasına çalışırdıq. Məncə bu xətt doğru xətt idi və biz “Azadlıq-2015” bloku olaraq, bundan sonra da həmin xətti təqribən elə əvvəlki prinsiplər əsasında yürütməyi düşünürük. Amma bu seçkilərdən sonra bizim gəldiyimiz əsas nəticələrdən biri də o oldu ki, müxalifət küçədə olmayana, meydanları almayana və o meydanlarda xalqla birləşərək hakimiyyətin üzərinə gedə biləcəyini sübut etməyənə, hakimiyyət də gerçəkdən bundan qorxuya düşməyənə qədər, bizim xoşgörümüzə, milləti və dövləti düşünərək atddığımız addımlara heç bir reaksiya verilməyəcək. Bu hakimiyyət o halda deyil. Biz də bütün bunları nəzərə almaqla, ola biləcəkləri gözümüzün altına alıb, Azərbaycanın sabahını düşünərək, məmləkətimizin Orta Şərq ölkərərində baş verənlərdən yan keçə bilməsi üçün müəyyən addımlara getdik və bundan sonra da getməyi düşünürük. Təbii ki, ötən müddətin təcrübə və dərslərini nəzərə almaqla. Yeri gəlmişkən, bir şeyi də vurğulamaq lazımdır ki, əgər burda da, allah eləməsin, həmin ölkələrdə ortaya çıxan münasibətlər gündəmə gələrsə, çox qısa müddətdə Azərbaycanda çox böyük, heç kimin ağlına belə gəlməyəcək fəlakətlərin yaşanması qaçılmaz olacaq. Məsələn, İrakın, Suriyanın, Liviyanın milli dövlət nəzəriyyəsi, idarəetmə üsulları, tayfa, əşirət münasibətləri, coğrafi mövqeyi və sair Azərbaycanda olduğundan çox dayanıqlıdır. Azərbaycanın yerləşdiyi regionda Azərbaycan adlı dövlətin oluşmamasında maraqlı olan çox ciddi qüvvələr var və tutaq ki, Rusiya da, İran da, Ermənistan da burda Azərbaycan dövlətinin oluşmasında qətiyyən maraqlı deyillər və onlar istənilən bir halda özlərinin bütün imkan və resurslarını işə salaraq burda dövlətin də dövlətçiliyin məhvinə həm ayrı-ayrılıqda, həm də birgə əməkdaşlıq formasında çalışacaqlar.
– Dediniz ki yolunuza “Azadlıq-2015” blokunda davam edəcəksiniz. Bəs “Azadlıq-2015”-in özünün davam qarantiyası nə qədərdi, davam edəcəkmi, edə biləcəkmi?
– Bəli, belə bir qərarımız var ki, bundan sonra seçki bloku kimi yox, siyasi blok kimi fəaliyyətimizi davam etdirək. Biz əvvəldən də, bayaq dediyim xətt barəsində birgə razılığa gəlmiş partiyalar idik, sonradan həmin patiyalardan ibarət seçki bloku yaratmışdıq. Yəni bu, sadəcə seçkilərdə birgə fəaliyyət üçün yaradılmış bir qurum deyildi və əməkdaşlığımız da hələ seçkidən xeyli əvvəldən formalaşmışdı. Bundan sonra siyasi blok kimi fəaliyyətin forma və məramlarının təyini üzrə işlərimiz davam etdirilir. Blokun əsanaməsi və nizamnaməsi, blokda daha hansı qüvvələrin təmsil oluna bilməsi, yaxın və uzaq məqsədlər və sair məsələlər üzrə fəaliyyət proqramı üzərində işlər gedir. Yəqin ki, yaxın vaxtlarda bütün bu məsələlər barəsində media üçün açıqlamalarımız olacaq.
– Sizin blokun seçkilərlə bağlı yekun mətbuat konfransında iştirak elədim və mənə elə gəldi ki, seçkinin nəticələrinin tanınması ilə bağlı blok daxilində müəyyən fikir ayrılıqları var.
– Heç bir fikir ayrılığı yoxdur və orda hamı bu seçkinin nəticələrinin Azərbaycan cəmiyyətinin iradəsini əks etdirmədiyi və total şəkildə saxtakarlıqların olması mövqeyindən çıxış elədi. Amma orda seçkinin nəticələrinin tanınıb-tanınmamasından da söhbət getdi. Yəni, həqiqətən də, “seçkinin nəticələrini tanımamaq” anlayışının nə demək olduğu ətrafında fərqli münasibət və fikirlər var. Məsələn, müəyyən qisim deyir ki, biz bu nəticələri tanımamaqla parlamentin özünü qeyri-legitim hesab etməliyik. Digərləri isə deyirlər ki, biz bunu qeyri-legitim hesab eləsək də, bunun qəbul etdiyi qanunlarla hesablaşır, o qanunlarla yaşayırıqsa, onu tanımamağımız özünü nədə göstərir və belə bir yanaşmanın mahiyyəti nədir? Parlamenti tanımamağın dünya praktikasında görünmüş metod və yolları var ki, məsələn, xalqı kütləvi itaətsizliyə çağırıb, seçkini keçirmiş höküməti boykot etməklə yeni seçkilərin keçirilməsinə nail olmaq və sair.
– Əhməd Orucun öz mövqeyi necədi, seçkinin nəticələrini və təzə parlamenti tanıyır, yoxsa tanımır?
– Mən yenə də deyirəm ki, bu cür seçki keçirmək də, belə parlament yaratmaq da Azərbaycan xalqı üçün çox təhqiramiz, həm gə olduğca aşağılayıcı bir şey olduğu qənaətindəyəm. Ancaq indi millətin, elə özümüzün də durumumuz elədir ki, biz onun qarşısını ala bilmirik. Eyni zamanda mən elə hesab eləmirəm ki, biz bu gün belə belə seçkini və bu cür parlamenti haqq eləmişik. Təmamilə, başdan ayağa saxta seçkilər keçirilib və tutaq ki, 20 gün sonra Eldar Mahmudova yaxın olduğuna görə hansısa dairədə bir nəfərin mandatını ləğv elməyin özü nə deməkdir? Əslində orda qanunsuzluq olmuşdusa bunu 3 gün müddətində həll eləməliydilər. Yəni heç bir qanun-qayda gözlənilmədən bəlli kabinetlərdə razılaşdırılmış sihahıya düşənləri bu yollarla deputat eliyirlər. Və ən dəhşətlisu də odur ki, burda yüz minlərlə insan məcburi şəkildə bu seçki saxtakarlıqlarına və cinayətlərə ortaq edilir . Mən o fikirdəyəm ki, bu cür parlamenti formalaşdırmaqdan ötrü yüz minlərlə insanı saxtakarlılara və cinayətə ortaq etməkdənsə, parlament funksiyasını PA-nın hüquq şöbəsinə tapşırmaq daha uğurlu seçim olardı.
– Lap elə Konstitusiyada dəyişiklik edərək prezidentə deputatları təyin etmək səlahiyyəti vermək olmazmı?

Davamı var…
Söhbətləşdi: Fəxrəddin Qardaşlı

LEAVE A REPLY