“Fərəc bəy deyir bu məsələnin bizə aidiyyatı yoxdur, əməliyyata da hər hansı formada kömək edə bilməyəcək”
İsa İsayev: “Türkel Quliyevlə yanaşı, həm də hərbi hissənin komandiri özünü məsuliyyətdən azad etməyə çalışır”
“Fərəc Quliyevin oğlunun bu məsələdə cinatət xarakterli əməli var. O, bu çinayət xarakterli əməli törədib və bunu da ört-basdır eləyirlər”
Açığı bu müsahibə mənim stilim və heç mövzum da deyil. Amma əhli- məmləkətin MTN-dəki dəhşətləri, RTYN-dəki yeyinti və talançılıqları müzakirə etdiyi bir zamanda, kənarda daha dəhşətli və daha vahim şeylərin fərqinə vara bilməyən cəmiyyəti heyrətləndirə biləcək bir məsələdən bəhs edəcəyik bu gün. Bütün vahimliyi və həyəcanı ilə cəmiyyəti heyrətə salacaq bu müsahibədə danışılanların, quran ayəsi qədər həqiqət olduğunu kimsəyə qəbul etdirmək kimi bir iddiada deyiləm, amma, burada deyilənləri qəribçiliyə salmaq da olmaz. Üç ildən artıqdır ki, balasının çəkdiyi əzablara qatlaşan, üzləşdiyi dərdin və bu dərddən doğan problemlərin içində çırpınan bir atanın harayıdı, taleyinə və yaşadığı zamana üsyanı, etirazıdı burda deyilənlər. Və sizcə, burda barəsində danışılan olayların və yaşanan dramın baş qəhrəmanları kim olsa yaxşıdı?! – Millət vəkili Fərəc Quliyev və onun oğlu Türkel Quliyev.
Söhbətin nədən və niyə getdiyini müsahibədən özünüz də biləcəksiniz, amma şəxsən mən, Fərəc bəyi bu durumda və belə miskin bir situasiyada görməkdən həm üzüldüm, həm də utandım. Elə bu səbəbdən də məsələnin tam aydınlığa qovuşacağı ana qədər, həm bu atanın yanında olmağa, həm də Fərəc Quliyevin düşdüyü yanlışdan qurtula bilməsi üçün uğraşmağa qərar verdim.
Bütün hallarda ağrılı məsələdi və görünəni odur ki, çox uzun zamanımızı xərcləməli olduğumuz bir yerə gəlmişik. Ancaq haqq uğruna yalnız ölünə bilər, amma əsla haqdan dönülməz. Bu məsələdə də haqq olan nədisə işlər də oraya varmalıdı və varıır İnşallah. Çünki burda xətər yetirilərək həyatı məhv olan balasına sahib çıxmaq istəyən ata İsa İsayevlə, başqasına xətər yetirərək məsuliyyətdən yayınmaq istəyən balasını qorumaq istəyən ata Fərəc Quliyev var və onların hər ikisi haqlı ola bilməz, çünki Haqq deyilən şeyin bir adı olduğu kimi bir üzü, bir tərəfi olur.
Azərbaycan, Tofiq Yaqublunun qız övladının oxşar qəzaya görə, şikayətçinin də olmadığı halda, necə mühakimə edildiyini, Cəmil Həsənlinin də qızının, ümumiyyətlə uydurma bir qəza motivi ilə, aylarla mühakimə edilərək barəsində hökm verildiyini, Qurban Məmmədovun da törətmədiyi qəzadan dolayı, şərlənərək 3 illik azadlıqdan məhrum edildiyini görüb. Elə bəndənizin də, Nemət Pənahlının da, Yadigar Sadıqlının da, Seymur Həzinin də, digərlərinin də uydurma ”xuliqan” damğası ilə uzun müddətli həbslərə məruz qalmalarınnan heç danışmıram. Bəs elə isə, Fərəc Quliyevin oğlunun barəsində, törətdiyi o boyda qəzadan sonra, cinayət işinin başlanmamasını belə, nə ilə izah etmək olar? Bunların hamısı bir yana, amma bədbəxt elədikləri bir ailəyə bu üç ildə bircə dəfə baş çəkməyə nə mane olub görən?! Əslində bütün eşitdiklərimdən sonra, utanc hissi keçirdiyim məqam da elə bu idi. Sən kimsən axı, Fərəc Quliyev, cəmiyyətin xeyli kəsiminin, o cümlədən də mənim tanıdığım millətin azadlığı və xoşbəxtliyi uğrunda milli mücahidmi, yoxsa, başqalarının bədbəxtlyi üzərindən öz oğluna xoş gələcək təmin etməyə çalışan, susmuş vicdan sahibi olan bir insanmı?!
Sərdar ƏLİBƏYLİ
(Əvvəli ötən saylarımızda)
-Baxın, hadisə olub və üç il də üstündən keçib. Mənə çox maraqlıdı ki, bu üç il ərzində Fərəc Quliyev özünü necə aparıb? Bu adam indi sıradan biri deyil ki, tanınmış adamdır, millət vəkilidir, partiya sədridir, Milli Azadlıq Hərəkatının öncüllərindən olub və sair. Aydındır ki, bu hadisənin baş verməsində hər hansı formada qəsddən söhbət gedə bilməz və paytaxtda hər gün olan qəzalardan biri də budur. Amma Fərəc bəyin lap başından məsələyə münasibətini necə gördüniz, bir insan kimi, ictimai-siyasi xadim kimi davranışları necə oldu, maddi və mənəvi dəstək baxımından vəziyyət nə yerdədir?
– Qəza baş verib, qızım xəstəxanaya düşdüyü gündən, nə mən, nə mənim yoldaşım, nə də qızımın həyat yodaşı istər Fərəc Quliyevin özünü, istər oğlunu, istərsə nə də ki, həyat yoldaşını və ya ailə üzvlərindən bir kimsəni xəstəxanaya gələn görməmişik. Gələn yalnız onun tanışı kimi bildiyimiz Cavanşir adlı adam olub. Yəni demək istədiyim odur ki, bu ailədən bir kimsə bizim dərdimizə şərik olmaq, heç deyilsə insanlıq naminə təsəlli vermək, ”keçmiş olsun” demək üçün yanımıza gələməyib. Eləcə də qızım xəstəxanadan çıxıb evə gələndən sonra, ta bugünə qədər həmin adamlar onun yanına gəlməyiblər.
– Yəni bir növü ortada bir saymamazlıq da var demək istəyirsiniz?
– İndi bunun adının nə olduğunu Fərəc Quliyevın özü və ailə üzvləri bilərlər. Mən hardan bilim ki, indi bu saymamazlıqmı, vəzifə səlahiyyətindən sui-istifadəmi eləyir, yoxsa özünü yüksəkdə tutaraq bizə o səviyyədənmi baxır və sair. Hər halda bu sualın cavabını Fərəc Quliyevin özündən soruşmaq pis olmazdı və bu məsələdə tutduğu mövqe onun öz şəxsi və insani keyfiyyətləri ilə bağlıdır.
– Bu Cavanşir dediyiniz adam gələndə nə ilə gəlirdi?
– Onun özü ilə, cəmi bir dəfə, birbaşa telefon əlaqəsi saxlayan bizim Çernobıl Əlilləri Cəmiyyətinin Nəsimi və Səbail rayonları üzrə sədri Xələf Həsrətov olub. O söhbət də, yüngül şəkildə desək, kobud alınıb.
– Yəni xoşagəlməz söhbət olub?
– Bəli, kobud və xoşagəlməz cavab aldığına görə Xələf müəllim onunla söhbəti davam etdirməkdə bir məna görmədiyi üçün, telefonu yarımçıq söndürüb.
– Bəs siz özünüz cəhd elədinizmi ki, Fərəc bəylə görüşüb hansısa formada olanları müzakirə edə və onun bu davranışının səbəbini soruşasınız?
– Baxın, mən Kiyevdəki bir dostumla əlaqə saxlayıb həmin o Şeqlovla qızımın əməliyyat oluna bilməsi haqda məlumat alandan sonra, həmin o Cavanşirlə əlaqə saxladım və vəziyyəti ona danışdım. O da bildirdi ki, Fərəc Qyliyevə vəziyyətin nə yerdə olduğu barəsində söhbət edənnən sonra onun cavabını bizə deyəcək. Sonra da gəlib dedi ki, Fərəc bəy deyir bu məsələnin bizə aidiyyatı yoxdur və əməliyyata da hər hansı formada kömək edə bilməyəcək.
– Aydındı, bəz törədilmiş ağır qəzadan sonra Türkel Quliyevın məsuliyyətə cəlb olunma məsələsi nə yerdə qaldı, cinayət işi açıldımı, bayaqdan istintaqdan danışırsınız , o istintaqın sonu nə oldu, yəni məhkəmə-filan oldumu, yoxsa … ?
– Demək sistematik olaraq bu istintaqın gedişinə çeçidli maneələr törədilibvə hələ də o iş material şəklində də qalır. Cinayət işi isə heç vaxt qaldırılmayıb. Mənim şikayətim əsasında …
– Necə yəni cinayət işi qaldırılmayıb?
– Bəli, cinayət işi qaldırılmır, baxmayaraq ki, qəza ağır bədən xəsarəti yetirilməklə törədilib. Hadisənin lap əvvəlində müstəntiq tez gedib ekspertizadan yüngül xəsarət arayışı ilə bir yerdə, Türkel Quliyevin öz verdiyi məlumatları Ədliyyə Nazirliyinin ekspertiza idarəsinə göndəriblər. Orda da göstərilib ki, qəzanı törədən avtomobil saatda 35 km sürətlə gedirmiş və onun qabağına zebranın üztündə qəflətən qızımın özü çıxıb və sürücünün də baş vermiş qəzada heç bir günahı yoxdu. Mən bu barədə təkrar şikayətlər edəndə, Yasamal rayon prokuroru Pirməmmədov Həsrət müstəntiqin verdiyi ilkin qərarı ləğv eləməklə əlavə göstərişlər verdi. Həmim göstərişlərdə təkrar avtotexniki ekspertiza keçirilməsindən tutmuş, qızımla təkrar üzləşməyə qədər bir xeyli bəndlər var idi. Amma müstəntiq prokurorun həmin göstərişlərinə əməl etmədən, özünün əvvəlki qərarını kopyalayaraq işi təhvil verib.
– Yəni, müstəntiq prokurorun tapşırıqlarına əməl etməyib deyirsiniz?
– Bəli, eləməyib. Həmçinin prokurorun o göstərişlərində belə bir bənd də var idi ki, qəza hərbçi tərəfindən və hərbi hissəyə aid olan maşınla törədildiyi üçün, bi iş vaxtında hərbi prokurorluğa təhvil verilməli idi. Yəni bu iş məhz hərbi prokurorluq tərəfindən prosessual qaydada araşdırılmalıydı.
– Bəs prosesual qaydalara görə bu işi hərbi prokurorluğa kim verməliydi, sizmi müraciət etməliydiniz yoxsa, istintaqmı buna qərar verməli idi?
– Müstəntiqin özü materialları ora göndərməli idi.
– Amma göndərmədi.
– Bəli, göndərmədi. Yalnız, mən respublikanın baş prokuroru cənab Zakir Qaralovun qəbulunda, bu və digər məsələlərlə bağlı, olandan sonra mənim şikayətim təmin olundu. Yoxlamalar da göstərdi ki, bu qərar əsassız və qanunsuz verilib. Yalnız bundan sonra iş araşdırılması üçün hərbi Prokurorluğa göndərildi.
– İndi orda vəziyyət necədir?
– Hərbi prokurorluqda da bir dəfə qərar ləğv olundu. Araşdırma aparıldı və ikinci dəfə də qərar ləğv olundu. Yenən də müstəntiq eyni şeyləri əvvəlki materiallardan köçürdüb təhvil verdi və təkrarən, cinayət işi qaldırılmamaq barəsində qərar çıxartdılar. Hal-hazırda mən Azərbaycan respublikasının prezidentinə müraciət eləmişəm, Baş Prokurorun da qəbuluna yazılmışam və bu məsələlərlə bağlı qəbul olunmaq ərəfəsindəyəm. Fərəc Quliyevin oğlunun bu məsələdə cinatət xarakterli əməli var. O, bu çinayət xarakterli əməli törədib və bunu da ört-basdır eləyirlər. Çünki, başından bəri, hadisənin də, “hüquqi araşdırma”ların da bütün detalları buna nəinki işarə verir, hətta birbaşa bunu göstərir. Yaxşı, bunların özlərinin də dediyi kimi, saatda 3—nən gedən maşının qabaq buferi yoxdur, a kişi, bu necə ola bilər. Qabaq “kapot”un üstü yoxdu, ”lobovoq” şüşəsi qırılıb. Bu müstəntiq və bütöv bir idarənin təhqiqat şöbəsi hələ də araşdıra bilməyib ki bu harada qırılıb. Deyirlər ki, iki maşın olub, biri 01-57, biri də 01-59 nömrə nişanlı. Hərbi maşın olduğu üçün bu maşınlarda “starşi” lər də olur və hələ də orda adı “starşi” kimi adı gedən Ağayev familiyalı şəxsin kimliyi də bəlli deyil, izahatı da alınmayıb ki, nə olub, nə təhər olub? Ikinci maşının sürücüsü isə ordakı qarajın öz işçisi olub. Yəni demək istədiyim odur ki, necə ola bilər ki, orda hər bir avtomobilin təhkim olunmuş sürücüsü ola-ola həmin gün, ömrü boyu maşın sürməmiş bir adama o maşını etibar eləmişdilər. Hələ, tutaq ki, özlərinin də dedikləri kimi Cexiyalı qonaqları daşımaq kimi məsuliyyətli bir işi təcrübəsiz və təsadüfi bir adama tapşırmışdılar. Bəs həmin maşının təhkim olunduğu sürücünün özü hardaydı və sair. Bütün bu suallara istintaq tam aydılıq gətirməli olsa da, bu baş verməyib. Əslində bunlar ona görə araşdırılmır ki, əslində belə bir şey olmayıb və xarici qonaqlar-filan hamısı uydurmadır. Hərbi hissədən bu haqda verilən arayışlar saxta, məlumatlar isə yalandır. Burda Türkel Quliyevlə yanaşı, həm də hərbi hissənin komandiri özünü məsuliyyətdən azad etməyə çalışır.
– Bəlkə komandir özünü məsuliyyətdən qurtarmaq üçün Türkel Quliyevi də qurtarmaq zorunda qalıb, bu versiyanı necə qiymətləndirirsiniz?
– Bu fikrə gəlməməyə mənə əsas verən səbəblər var. Bu yöndəki səbəb və əsaslar ondan ibarətdir ki, müstəntiqlər heç vaxt məsələnin o tərəflərini araşdırmayıblar. Bu maşınların hərəkət xəritəsi olmalıdr, bunların “Avropa” otelində ümumiyyətlə olub olmamaları, otelin kamera görüntüləri, həmim qonaqların həqiqətən də oteldə olub-olmamaları, qalib-qalmamaları haqnında oteldən arayış və sair dərhal götürülərək işə tikilməliydi. Ancaq nəinki bu baş verməyib, hətta istintaqın obyektivliyini və araşdırmaların hərtərəfli aparıla bilməsini təmin edəcək bu birbaşa sübutların əldə olunmasına cəhd belə edilməyib. İstintaqın aparılmasında ümumiyyətlə qaranlıq məqamların sayı kifayət qədərdi və indi qeyd elədiklərim, bu qaranlıqların bir hissəsidir.
– Belə çıxır ki, həm də ölkədə son dönəmlərdə baş verənlər və danışılanlar da o qənaəti yaradır ki, aşağıdan yuxarı bütün məmurlar, o cümlədən də, hüquq-mühafizə orqanlarındakı vəzifə sahibləri ancaq özlərinə yaxşı yaşam təmin eləməklə məşğul olublar. Amma günahlı-günahsız, haqlı-haqsız olmasına baxmayaraq, cəmiyyətin və konkret şəxslərin durumu bunların heç vecinə də deyil. Yəni öz canlarını qurtamaq əsas qayədir, vətəndaşa isə nə olursa olsun. Sizə belə gəlmədu bu üç ildə?
Davamı var…