Asimmetrik savaş və ya üçüncü dünya hərbinin ayaq səsləri

0
3

Zaur Muradxanlı

Asimmetrik savaş və ya üçüncü dünya hərbinin ayaq səsləri

(Əvvəli ötən saymızda)

Elə Putinin bəyanatından sonra da Rusiya mediasında 2013-cü ilin 17-25 dekabrında Türkyədə keçirilən böyük rüşvət və korrupsiya əməliyyatı ilə bağlı telefon qeydləri, həmçinin Ərdoğanın yenicə Enərji naziri vəzifəsinə gətirilmiş kürəkəni Bərat Albayrakın məhz bu vəzifə üçün təsadüfən seçilmədiyi barədə yazılı və elektron mediada müzakirələr açılması, habelə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın İŞİD-ə neft alveri barədə geniş məlumatlar yayılmağa başlandı. Ayrıca Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyanat verərək rus vətəndaşlarına Türkiyəyə getməmələrini, çünki bu ölkənin rus turistlər üçün potensial təhlükələrlə dolu olduğunu bəyan etdi. Daha sonra da Kənd Təsərrüfatı naziri, üzərindən bir neçə gün keçdikdən sonra isə baş naziri Dimitri Medvedyevdən bir-birinin ardınca Türkiyəyə tətbiq ediləcək sanksiyalarla bağlı açıqlamalar gəlməyə başlandı. Nəhayətində keçən günlərdə prezident Vladimir Putin tərəfindən Türkiyəyə iqtisadi embarqonu nəzərdə tutan sənədi imzaladı.
Bu sənədə görə 2016-cı il yanvarın birindən etibarən türk işçilərinə Rusiyada çalışma vizası verilməyəcək, Türkiyədən meyvə-tərəvəz, quş əti və sair kim kənd təsərüfatı məhsulları, həmçinin tekstil sənayəsinin məhsulları və hazır geyim idxal edilməyəcək. Türkiyəyə rus turistlərinin axınının qarşısı alınacaq, habelə hər il Türkiyəyə ixrac olunan bir milyon ton taxılın bundan sonra satışı dayandırılacaq və sairə.
Əlbəttə bütün bunlar xoşagəlməz şeylərdir və sadəcə Türkiyəyə deyil, elə son il yarımda neft məhsullarının ucuzlaşması ilə getdikcə daha dərin böhran keçirən rus iqtisadiyyatının özünə də ciddi şəkildə zərərlər verəcəkdir. Bu günədək Rusiyada çalışan türk inşaat şirkətləri başda olmaqla onlarca şirkətin ölkədən qovulması tənəzzüldə olan rus iqtisadiyyatına daha bir zərbə endirməklə qalmayacaq, eyni zamanda bu şirkətlərdə çalışan minlərcə rusun da işsiz qalmasına səbəb olacaqdır. Ayrıca türk malları daşıyan və Rusiyadan tranzirt keçməklə Orta Asiya və Çinə getməkdə olan ağır tonnajlı avtomobillərin keçidinə icazə verilməməsi də öz növbəsində bu avtomobillər sayəsində hər il külli miqdarda vergi rüsumu toplayan rus gömrük orqanları üçün zərbədən başqa bir şey olmayacaqdır. Çünki türk malı daşıyan ağır tonnajlı yük avtomobilləri bundan sonra Azərbaycan ərazisindən istifadə etməklə gəmi bərələrlə Xəzərin qarşı tərəfinə keçəcək və daha sonra da indiyə qədər istifadə etmədikləri bu- daha qısa yoldan yollarına davam edəcəklər.
Bu barədə artıq keçən həftə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri zamanı razılaşma əldə olunub. Doğrudur, türk avtomobillərinin keçidinə icazə vermək hər nə qədər normal prosedur kimi görünsə də, Azərbaycanın bu icazəni verərkən Rusiyanı qarşısına aldığını düşünərsək prezident İlham Əliyevin nə qədər cəsarətli bir addım atdığını görərik.

İndi artıq tranzit keçidlər məsələsində nə qədər xətaya yol verdiklərini Rusiya hökuməti hər halda başa düşəcəkdir. Çünki bundan sonra yolları qısalan tranzit avtomobillər həm mənzil başına daha tez çatacaq, həm də Azərbaycan büdcəsi bu keçidlər sayəsində xeyli miqdarda pul qazanacaqdır.
Biz yenə də qayıdaq Yaxın Şərqə və bölgədə gərginləşən Rusiya-Türkiyə münasibətlərinə.
Rus hərbi təyyarəsi Su-24-ün vurulmasından və pilotlardan birinin həlak olmasından sonra Rusiya Müdafiə nazirliyi Suriya-Türkiyə dəniz sərhəddinin başlanğıc nöqtəsinə dünyanın ən böyük hava hücumundan müdafiə gəmilərindən biri olan və s-400 raketləri ilə təchiz olunmuş Moskva adlı gəmini göndərəcəyini açıqladı. Ayrıca Vladimir Putində bir bəyanatında bu gəmini bölgəyə göndərməkdəki məqsədlərinin rus hərbi hava qüvvələri ünsürlərinə qarşı baş verə biləcək hər hansı təhlükəyə anında cavab vermək olduğunu bildirdi. Sonrakı günlərdə isə Rusiya və Türkiyənin nazirləri, həmçinin prezidentlərindən qarşılıqlı bəyanatlar gəlməyə davam etdi. Türkiyə tərəfi vəziyyəti normallaşdırmaq və böhranın nəticələrini mümkün qədər az zərərlə aradan qaldıra bilmək üçün bu bəyanatlarda diqqətli üslub və xüsusi seçilmiş sözlərdən istifadə etdikləri halda rus tərəfi Türkiyəni üzr istədə və Rusiya tərəfinə dəymiş zərəri təzmin etdirə bilmək üçün getdikcə daha da sərtləşməkdədirlər. Ayrıca burada vurğulamaq istədiyim daha bir nüans var ki, o da rus hərbi təyyarəsinin vurulmasından sonra üzr istənilməyəcəyi halda bu hadisənin Rusiyanın beynəlxalq imicinə, həmçinin digər dövlətlər qarşısındakı hərbi eqoizminə ciddi zərbə vuracağını rus strateqlər yaxşı anlayırlar. Yəni bundan sonra hər hansı rus təyyarəsi indiyədək olduğu kimi Ukrayna, Çin, İsveç, Finlandiya və ya başqa bir dövlətin hava sərhədlərini pozduğu zaman o dövlətlər saymazyana hərəkət edən pilotun təyyarəsini vurub məhv etmək üçün indiyədək olduğundan daha cəsarətli davranacaqlar. Məncə Rusiyanın hər şeyi gözə alaraq Avropa Birliyinin tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra bu qitədə qalan və iqtisadi cəhətdən ən böyük tərəf müqabilinə qarşı sözün əsl mənasında tarana getməsinin altında gizlənən əsl gerçəklik məhz budur.
Hətta Ərdoğanın Parisdə keçiriləcək iqlim zirvəsində görüş tələbini də birmənalı şəkildə rədd edən Putin düşmənçilik siyasətindən əl çəkmək niyyətindən çox uzaq görünməkdədir. Doğrudur, Parisdə Ərdoğanla Putin arasında görüş baş tutmadı, lakin prezidentlərin hər ikisi də ayrı-ayrılıqda ABŞ prezidenti Barak Obama ilə görüşərək tələblərini və problemin həlli yolları üçün düşüncələrini söylədilər. Bu böhran nə qədər sürəcək onu deyə bilmərəm, ancaq bir şey aydındır ki, NATO birmənalı şəkildə Türkiyənin, dolayısı ilə də Şimali Atlantika alyansının quru və hava sərhədlərinin toxunulmazlığını dəstəkləməkdədir və bu müttəfiqinin arxasında durduğunu birbaşa NATO baş katibinin verdiyi bəyanatlarda da görmək mümkündür.
Rus təyyarələri bölgədə ölkələrin sərhədlərini pozmağa davam etməkdədirlər, belə ki, daha bir neçə gün öncə İsrailin də hava sərhədləri rus təyyarələri tərəfindən pozulmuşdur. Mənim anlamadığım bir məsələ var, niyə, Suriyanın hava məkanı rus pilotlarına darlıq edir? Xeyr, əsla belə deyil. Sadəcə ruslar bu avantürist cəhdlərlə bölgədə vəziyyəti daha da gərginləşdirmək niyyəti güdürlər.

Əsədin dəvətindən sonra Suriyada faktiki olaraq təşəbbüsü ələ alan rus tərəfi digər Yaxın Şərq ölkələrini də yanına çəkərək NATO ittifaqının üzvü və ya strateji müttəfiqi olan İsrail və Türkiyə kimi ölkələrin sərhədlərini pozması pilot xətası ilə izah edilə bilməz. Hərbi texnologiyaların bu günkü inkişaf səviyyəsi həm hərbi təyyarələrə, həm də pilotlara əvvəlki illərdən çox daha konkret imkanlar təqdim etməkdədir. Demək ki, sərhəd pozuntuları bilərəkdən və bu ölkələri qıcıqlandırmaq, bəlkə də onların reaksiyalarını və verə biləcəkləri cavab səviyyəsini ölçmək üçün Moskvanın göstərişi ilə atılmış addımdan başqa bir şey deyildir.
Biraz da bölgədəki terrorizmlə mübarizə məsələlərinə nəzər salaq. Çünki asimmetrik savaş məhz terror təşkilatları ilə aparılan müharibə növüdür və bu savaş zamanı qarşınızda konkret nizami ordu bölmələri olmadığından asimmetrik savaşın özünəməxsus çətinlikləri vardır. Yaxın Şərqdə isə vəziyyət daha da qarışıq, içindən çıxılması olduqca müşkül haldadır. Belə ki, bölgədə otuz beş ilə yaxındır ki, davam edən PKK terroru, daha sonra yaradılan və PKK-nın İran və Suriya qolları olaraq fəaliyyət göstərən PJK və PYD illərdir ki, livanlıların həyatını cəhənnəmə döndərən Hizbullah, indi də Suriyada vətəndaş müharibəsinin başlanması ilə bərabər bu ölkənin terrorist qruplaşmalar üçün münbit bölgəyə çevrilməsi nəticəsində bölgədə yaranan, habelə kənardan gələrək fəaliyyətini burada davam etdirən Əl-Nusra, Əl-Kaidə, İŞİD və sair kimi terrorçu qruplaşmalar burada əvvəldən mövcud olan kürd terrorçu dəstələri ilə bəzən əlbir hərəkət etməkdə, bəzən isə bir-biriləri ilə mübarizə aparmaqdadırlar.
Münaqişə bölgələrinin terrorçu qruplaşmaları maqnit kimi özünə çəkən ən xarakteristik tərəfi belə yerlərin həm narkotik bitkilərin əkilib becərilməsi, həm də qaçaqmalçılığı, silah və insan alveri üçün münbit şərait yaratmaqdadır. Ayrıca, belə qeyri-stabil bölgələr terrorçu təşkilatlara özlərinə tərəfdar toplamaları üçün ideal zəmin hazırlamaqdadır.
PKK və qollarının yaranış səbəbləri və ideologiyaları baxımından Rusiya ilə yaxın olmaları onların maraqlarının da üst-üstə düşməsi ilə bu günlərdə daha da artmışdır. Rusiya Suriyaya girdiyi zaman PYD-ə dəstək verəcəyini və dolayısı ilə onlardan İŞİD-ə qarşı mübarizədə yararlanacağını açıqlamışdı. Başqa terrorçularla mübarizə aparmaq üçün özünə yaxın hesab etdiyin terrorçulara dəstək vermək nə qədər doğru hərəkətdir, buna hörmətli oxucularımız qərar versinlər. Çünki, ən doğru qərar insanların vicdanları ilə baş-başa qaldıqlarında verdikləri qərardır. İndi isə bunu müzakirə etmədən rus təyyarəsinin vurulmasından sonra bu ölkə silahli qüvvələri ilə PYD, dolayısı ilə PKK arasında baş verə biləcək mümkün yaxınlaşma, eyni zamanda, bu terror təşkilatının ruslar tərəfindən silahlandırılması məsələsinə baxaq.
Xatırladaq ki, su-24 vurulduqdan sonra PYD-li yetkililər bəyanat verərək türk hərbi təyyarələrinin Suriyadakı kürd bölgəsinin üzərindən uçacağı təqdirdə vurulacağını bildirdilər. Qəribə deyilmi, otuz ildən artıqdır ki, fəaliyyət göstərən bu terror təşkilatının əlində indiyədək zenit toplarından başqa hava hücumundan müdafiə vasitəsi olmadığı halda, birdən-birə təyyarə vuracaq imkanı hardan aldılar?
Burda adam istər-istəməz Donbasda ekstremistlərin Malayziyaya məxsus sərnişin təyyarəsini s-200 raketi ilə vurmasını xatırlayır. Əlbəttə, bu raketlər nəinki qaçaqmalçılıqla əldə ediləcək qədər kiçik deyil, hətta bu gün hər dövlətin hava hücumundan müdafiə qüvvələrinin arsenalında belə yoxdur. Demək ki, ruslar lazım olduğu zaman PYD-ni də bu tip raketlərlə təchiz edə bilərlər.
Bu gün Yaxın Şərqdə terrorizmlə mübarizə adı altında gedən müharibədə neçə dövlət birbaşa və yaxud da dolayı yolla iştirak etməkdədir, heç düşündünüzmü? Yəməndə gedən vətəndaş müharibəsi və bu müharibəyə tərəf olaraq qatılan Səudiyyə Ərəbistanı liderliyindəki ittifaq, digər tərəfdən qiyamçı hutsiləri dəstəkləyən İran, həm ekstremist kürdlərlə masada mübarizə aparan, həm də İŞİD-lə İranın dəstəyi ilə müharibə edən İraq, qan gölünə dönən və supergüclərin poliqonuna çevrilən Suriya, Livan, Yaxın Şərqin qırx səkkizinci ildən bəri qanayan yarası Fələstin, daxili sabitliyə həsrət qalan Misir, Güney Doğusundan hər gün şəhid xəbərləri gələn Türkiyə… Bütün bunlar kiçik miqyaslı da olsa bir dünya müharibəsi deyilmidir? Dünya müharibəsi adını alması üçün o müharibənin məhz Avropada, ya da xristianların məskun olduqları bölgələrdə aparılması şərt deyil ki. Dinindən, dilindən, irqindən asılı olmayaraq ölən hər yerdə insandır və bu belə qəbul edilməlidir. Amma təəssüflər olsun ki, bu gün belə deyildir. Biz buna Qarabağda insanlar vəhşicə qətl edilərkən susan Qərbin Gürcüstan və Ukraynada ara qarışan kimi araya girib tələm-tələsik tərəfləri necə sakitləşdirdiyi zamanı gördük. Erməni-rus hərbi birləşmələri torpaqlarımızda günahsız insanların qanını su yerinə axıdarkən susan, susmaqla da qalmayaraq Azərbaycana mümkün humanitar yardımları məhdudlaşdırmaq üçün azadlığın müdafiəsi aktına 907-ci düzəliş deyə bir tarixi ləkə artıran Amerika hər halda Azərbaycan həqiqətlərini görə bilməyəcək qədər uzaqlarda, ya da tarix öncəsində yaşamırdı. Amma Gürcüstana edilən milyardlarla dollarlıq humanitar yardım, Ukraynaya Qərb tərəfindən hər vasitə ilə maddi-mənəvi dəstək çıxılması məhz müsəlman olduğumuza görə xristian Qərbin diqqətindən kənarda qaldığımız fikri oyatmırmı?
Əlbəttə, dünya ədalətsizdir və bu ədalətsiz dünyada kiçik balıqlar böyük balıqlar tərəfindən yeyilməyə məhkumdur. Çalışaq bizi yeməsinlər…

LEAVE A REPLY