Onu ətrafı və tamahı məhv etdi!

0
3

Ramiz Tağıyev

Eldar Mahmudov yazdıqlarımızdan bir şey anlasaydı…
Onu ətrafı və tamahı məhv etdi!

(Əvvəli ötən saylarımızda)

Burada çox maraqlı 13 may 2010-cu ildə yazıb,”Millətim”in səhifəsinə çıxardığım yazımı təkrar səhifəyə çıxarmaq yerinə düşdüyündən, 5 il yarım öncə işıq üzü görmüş və bəndənizin həbsinə səbəb olmuş yazılardan birini olduğu kimi yenidən səhifəyə çıxarmaq məncə oxucularımız üçün də maraqlı olar. Hələ 2010-cu ildən biz olacaqların proqnozunu veriridik. Amma çox heyif ki, yazdıqlarımızı heç bir aidiyyatı orqan araşdırmağa tənəzzül etmədi. Və… Sonucu indi göz önündədir…

Hilal Əsədov Eldar Mahmudova qarşı!
ATM hər şeyi Eldar Mahmudovun üzərinə yıxır

Milli Təhlükəsizlik Nazirliyinin (MTN-in) adının son illərdə mütəmadi olaraq ölkədaxili siyasi oyunların təşkiatçısı və iştirakçısı qismində hallandırılması təkcə bu qurumun nüfuzunun ciddi şəkildə aşağı salınmasıyla nəticələnməyib. Hətta ölkənin təhlükəsizliyinə cavabdeh orqanın özünü hazırda hakimiyyət, bütövükdə ölkə üçün ən böyük təhlükə mənbəyinə çevirməkdədir. Söhbət ondan gedir ki, son iki-üç ildə bu qurumun fəaliyyətilə bağlı ortaya çıxan neqativ hallar MTN-nin artıq siyasi proseslərə sırf dövlətçilik maraqları baxımından yox, daha çox ayrı-ayrı hakimiyyətdaxili qruplaşmaların mövqeyindən çıxış etməklə yanaşdığını, yön verdiyini ortaya qoyur. İş o yerə çatıb ki, indi təkcə siyasətlə maraqlananlar yox, hətta maraqlanmayanlar belə, MTN-in hakimiyyət içərisində tərəfə çevrildiyini və son illərin siyasi oyunlarında hansı səpkidə iştirak etdiyini, nə kimi rol oynadığını təkzibedilməz faktlarla, dəlil-sübutlarla ortaya qoyurlar: MTN gah partiya, gah qəzet açır, gah jurnalist “ovlayır”, gah məmurlar əleyhinə kampaniya təşkil edir, gah “reklam rolikləri”, “kliplər” çəkdirir və s.
Elə qəzetimizi ardıcıl izləyənlər yaxşı bilirlər ki, bu istiqamətdə nə qədər materiallar-məlumat və şərhlər, müsahibələr, fikirlər, ən əsası, faktlar dərc etmişik. Ancaq çox təəssüf ki , yazdıqlarımızdan nəticə çıxarmaq, fəaliyyətlərində antidövlətçilik fəaliyyətlərinə son vermək əvəzinə, MTN-dəkilər bir az da “dərinə gedir”, sanki kiməsə güc göstərmək niyyətiylə məsələlərə sağlam tənqidlə və dövlətçi düşüncə ilə yanaşanları da birdəfəlik susdurmağa, ağızlarını bağlamağa çalışırlar. Elə bu yaxınlarda qəzetimizin baş redaktoru, tanınmış hərəkatçı Fərəməz Novruzoğlu da daxil olmaqla bir qrup media əhlinin nümayişkaranə şəkildə MTN-ə çağırılıb onlarla şantaj, təhdid və hədə-qorxu dilində danışılması və daha çox hakimiyyətiçi məsələlər barədə sorğu-suala tutulmaları bir daha göstərir ki, bu qurumun rəhbərliyində kök salmış bəzi şəxslərin nəinki dövlət və təhlükəsizlik anlayışından ümumiyyətlə xəbərləri yoxdur, hətta bu davranışlarıyla bütövlükdə dövlətin, ölkə prezidetinin yürütdüyü siyasətin özünü belə təhlükə altında qoyurlar. Bircə faktı deyim: ölkə prezidenti cənab İlham Əliyevin komandasında illər uzunu sınaqdan çıxmış, ən yaxın, ən inanılmış adamları-Ramiz Mehdiyev, Bəylər Əyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov və digərləri- bir-bir MTN-in, xüsusən də bu qurumun özünü fövqəladə səlahiyyət sahibi bilən Antiterror Mərkəzinin inhisarında olan mətbuat oqranlarında ləkələnir, hörmətdən, nüfuzdan salınır, barələrində ən aşağılayıcı formada “qara piar” kampaniyası təşkil edilir.
Vaxtilə Fərhad Əliyev məhkəməsində MTN-in İstintaq Təcridxanasında saxlandığı zaman “çekistlərin” ondan hakimiyyətdəki bir sıra məmurların əmlakları barədə məlumatlar toplamağa çalışdıqlarını deyəndə çoxları bunu sabiq nazirin MTN-ə qarşı qərəzi kimi qiymətləndirmişdilər. Ancaq ötən illər ərzində MTN-in Antiterror Mərkəzinin kurasiyasında olan mətbu orqanların bəzi məmurlar əleyhinə təşkil etdikləri kampaniya, həmçinin bu kampaniyanı öz yazılarında ifşa edən, aşkarlayan jurnalistlərdən xüsusən ikisinin-Elxan Şükürlü və Fərəməz Novruzoğlunun MTN-ə çağrılıb dindirilmələri, onların arxasında kimlərin durduğunun öyrənilməsinə səy göstərilməsi Fərhad Əliyevin söylədiklərinin həqiqət olduğunu göstərməklə bərabər, bir daha onu da təsdiqlədi ki, MTN özünü artıq hakimiyyət içərisində ayrıca bir güc kimi görür və bütün komandaya qarşı savaş açmaq niyyətindədir. Buradan çıxan nəticə isə belədir: əcəba, MTN-dəkilər özlərini prezidentin komanda üzvləri saymırlarmı?! Sayırlarsa, o halda niyə komanda qaydalarına riayət etmir, hakimiyyətin içərisində təfriqə, ziddiyət salırlar? Yoxsa indidən sabahlarına qarantiya üçün “baxın, biz onlarla bir yerdə deyildik” alibisi yaratmaq istəyirlər?! Doğurdanmı, MTN-dəkilər artıq İlham Əliyev hakimiyyətinin sonunun çatdığını düşünüb, vaxtilə bəzilərinin etdikləri kimi, komandanın məsuliyyətini bölüşmək istəmirlər?! (Əslində elə belədir. Əgər prezident MTN-ə “dur!” deməsə, doğrudan da onun hakimiyyətinin sonu olacaq- R.T).
Əlbəttə, biz bu sayaq sualları bir qədər də artıra, hər birinin geniş izahını verə və hətta işin arxasında hansısa xarici dairələrin durması ehtimalı üzərində dayana və kifayət qədər ciddi arqumentlər gətirə bilərik. Ən azından o suala cavab tapmağa çalışarıq ki, prezident İlham Əliyevin xarici güclərə qarşı dirəniş göstərdiyi, meydan oxuduğu vaxtda onun komandasında çat, təfriqə salmaq, içdən ona əlavə gərginliklər, problemlər yaratmaq kimlərə, hansı xarici dövlətin nökərlərinə lazımdır?! Ancaq biz hələlik buna toxunmur və ötən həftə ölkənin “Ölkə” adlı qəzetində getmiş bir məqalənin yazılma səbəbləri və məqsədləri haqda bəzi ehtimallar üzərində dayanmaq istəyirik.
“Ölkə” qəzetinin 06-12 may 2010-cu il tarixli sayında Milli Təhlükəsizlik naziri Eldar Mahmudovdan bəhs edən “Prezidentin uşaqlıq dostu” sərlövhəli geniş bir məqalə dərc olunub. İlk baxışdan bu, Eldar Mahmudovun lehinə yazılmış məqalə təəssüratı yaratsa da, materialı oxuduqdan sonra ortaya çıxan nəticə budur ki, məqalə MTN-in son illərdəki bütün uğursuzluqlarının məsuliyyətini bir nəfərin-nazir Eldar Mahmudovun üzərinə yıxmaq, sanki hansısa mesajı çatdırmaq istiqamətində qurulub. Özü də necə? Əvvəlcə cənab Eldar Mahmudovun tərcümeyi-hal məlumatları verilir, hər vasitəylə onu prezidentin yaxın dostu, hətta sinif yoldaşı (!) kimi qələmə verməyə çalışır, onun vəzifəyə təyinatının peşəkarlığa əsaslanmayıb, siyasi amillərlə bağlı olduğu vurğulanır. Sonra indiyədək mətbuatda MTN əleyhinə dərc olunan arqumentlərdən bəziləri sadalanır, MTN-in reket mətbuatı dəstəkləməsi (bax bu həqiqətdir-R.T) göstərilir və sonda da Eldar Mahmudova qarşı indiyədək heç kimin bilmədiyi, yalnız yaxın çevrədən sıza biləcək “kompromat”ları sadalanır. Guya Eldar Mahmudov xarici valyuta həvəskarıdır; onun şəxsi kolleksiyasında 100-dək ölkənin pul vahidi saxlanılır; mütəmadi olaraq bölgələrdə ovçuluqla məşğul olur və s.
Bax, elə bu sonuncu iki-üç cümlədə “Ölkə”də gedən yazının əsl məqsəd və mahiyyəti açıqlanır.
O fakta da diqqət yetirək ki, məqalədə bilərəkdən E.Mahmudov prezident İlham Əliyevin “sinif yoldaşı” kiim göstərilir. Halbuki diqqətli oxucu dərhal sezər ki, İlham Əliyevlə Eldar Mahmudovun bir sinifdə oxuması mümkün deyil, çünki İlham Əliyev 1961-ci ildə, Eldar Mahmudov isə 1956-cı ildə anadan olublar. Aralarında 5 yaş fərqi olan iki nəfər bir sinifdə necə oxuyub? Yoxsa kimsə sinifdə qalıb, biz bilmirik?
Bunda işimiz yox. Gələk şəxsi kolleksiya və ovçuluq məsələsinə.
Məntiqlə Eldar Mahmudovun xarici valyutadan ibarət kolleksiyasının olması və bu kolleksiyada isə 100-dək ölkənin pul vahidinin toplanmasını orada iştirak edənlər və onu görənlər deyə bilərlər. Yaxşı, bu şəxslər kimlərdir ki, E.Mahmudov onlara öz kolleksiyasını seyr etməyi etibar edib?! Yaxud kimlər Milli Təhlükəsizlik naziri kimi önəmli post tutan Eldar Mahmudovun xobbisini-haralarda ov etdiyini və bu ov müddətinin qrafikini belə dəqiq öyrəniblər ki? Kimlər hə, kimlər?! Bəlkə bu iki cülmə ilə kimlərsə cənab Eldar Mahmudova “bax, ən “mərhəm” sirrlərini bilirik, amma susuruq” mesajını verirlər?! Bəlkə də, nə bilmək olar?!
İndi isə keçək Eldar Mahmudova bu mesajları çatdırmaq istəyənlərin kimlər ola biləcəyi haqda məlumat və ehtimallara.
Bizdə olan məlumatlara görə, hakimiyyət içərisində uzun müddətdir məmurlar əleyhinə kompromatların kimlər tərəfindən mətbuata ötürüldüyünü, komandanı kimlərin bölməyə çalışdığını və reket jurnalistikanın arxasında kimlərin durduğunu araşdırmaq üçün məxfi komissiya yaradılıbmış və bu komissiya ipin bir ucunun gəlib düz MTN-in Antiterror Mərkəzinə dirəndiyini göstərir. Komissiya onu da aşkarlayıb ki, ATM əməkdaşları öz qanunsuz fəaliyyətlərini Heydər Əliyev Fondunun adıyla bağlasalar da, bu, daha çox “Qara kəmər” əməliyyatlarından ruhlanan bəzi çekistlərin özfəaliyyəti, vəzifə və rütbə almaq həvəsləri, ələlxüsus da MTN daxilində əsasən qeyri-naxçıvanlılardan və qeyri-ermənistanlılardan ibarət regional qruplaşma yaratmaq istəkləri ilə bağlı olub.İşin arxasında xarici kəşfiyyatın əlinin olması ehtimalı da böyükdür.
Deyilənə görə, işin üstünün açıldığını, hər şeyin üzə çıxdığını görən ATM əməkdaşları indi hər vasitəylə tapşırığın daha yuxarıdan-Eldar Mahmudovdan alındığı görüntüsünü yaratmağa çalışırlar. Elə bu səbəbdən də mətbuatda belə fikir yaradırlar ki, guya, ATM-in Ramil Usubov, Ramiz Mehdiyev və digər yüksək çinli məmurlar əleyhinə təşkil etdiyi mətbu kampaniya məhz Eldar Mahmudovla adıçəkilən şəxslər arasındakı “soyuq münasibət”lə bağlıdır.
Diqqət yetirin, gör “Ölkə” qəzetinin “Prezidentin uşaqlıq dostu” məqaləsində nə yazılır: “… Eldar Mahmudovun birinci şəxslə yaxınlığı onun digər alternativ hakim qruplaşmalarda qərarlaşmasını əngəlləyir. Bununla belə, onun da hakimiyyət düşərgəsində “düşmənləri” və dostları var. Birincilərin siyahısında əlbəttə ki, ilk yeri daxili işlər naziri Ramil Usubov tutur… Daxili işlər nazirinə qarşı ehtiyac olmadan (fərqləndirmə bizimdir-R.T) bu kimi amansız tədbirlərə əl atılması isə tərəflər arasındakı körpülərin tamamilə “yanmasına” səbəb olub…”
Baxın əziz oxucular, bu cümlələri o müəllif yazır ki, məhz o özü və dostları birgə çıxardıqları qəzetlərdə ATM-in sifarişiylə Ramil Usubovun ünvanına “Generalın xəyanəti” adlı silsilə məqalələr toplusu dərc etdirərək ən ağlasığmaz iftiralar, böhtanlar yağdırırdılar. Yalnız MTN-in bu yaxınlarda istintaqa çağırıb sorğu-sual etdiyi həmkarımız Elxan Şükürlü cəsarətlə ortaya çıxaraq və bütün bu iftiralara cavab olaraq “General sədaqəti” adlı məqalə yazdı və bununla da sanki “qurbağa gölünə daş atdı!”. Çünki E.Şükürlü “General sədaqəti”ndə Usubova qarşı başladılan kampaniyanın hansı cinahdan, niyə və kimlər tərəfindən aparıldığını apaçıq yazmış və müxalifət düşərgəsində olmasına baxmayaraq, əsl dövlətçi mövqeyi sərgiləmişdi. İndi isə dünənə qədər Ramil Usubovu xəyanətdə suçlayanlar bunu “ehtiyac olmadan aparılan amansız tədbir” kimi qələmə verir və məsuliyyəti də Eldar Mahmudovun üzərinə yıxırlar. Adamdan soruşmazlarmı, bəs sən dünənə qədər “hansı ehtiyacdan” bu kampaniyanı aparırdın, sənə göstəriş verənlərə niyə etiraz etmir, bu çirkin işdə fəal rol alırdın?
Yuxarıda dediyimiz kimi, bütün bunlar göstərir ki, MTN-də hakimiyyətdəki məmurlar əleyhinə kampaniya aparanların işləri “fırıq” olduğundan, indi onlar tapşırığın məhz “yuxarıdan” –Eldar Mahmudovdan gəldiyi fikrini mətbuata ötürür və özlərini sığortalamağa, naziri onları müdafiə etmək məcburiyyətində qoymağa çalışırlar.
Xatırladaq ki, “Millətim” qəzetinin ötən saylarında ATM-in rəis müavini İlqar Əliyevin Ramil Usubovun əleyhinə qəzetlərdə getməsi üçün necə bir tapşırıq verdiyini öz əlyazması ilə birgə oxuculara təqdim etmişdik. Bizdə olan məlumatlara görə, o vaxt bu kampaniyanın başında “sevimli üçlük” –Hilal Əsədov, Elçin Quliyev və İlqar Əliyev dururdular.
Maraqlıdır ki, son günlər bu üçlüyün Eldar Mahmudova qarşı MTN-in öz içində güclü bir qruplaşma yaratması haqda da mətbuatda məlumatlar dərc olunmaqdadır. Deyilənə görə, məhz bu qruplaşma ölkənin siyasi rəhbərliyinə “sübut” etməyə çalışır ki, hakim komanda üzvlərinə qarşı işləmək göstərişini nazir Eldar Mahmudovdan alıblar. Halbuki Hilal Əsədovu MTN-ə gətirən və özünə birinci müavin təyin etdirib ən yaxınına buraxan elə Eldar Mahmudov olub…
Dostun düşmənçiliyi doğrudan da pis olur…
Allah hər kəsi düşmənə çevriləcək dostdan qorusun!!!

“Millətim”,
№18(059)13-19 may. 2010-cu il

LEAVE A REPLY