“Milli-demokratik düşərgənin birliyinə, bütünlüyünə indi çox böyük ehtiyac var”
Əhməd Oruc: “Bu təbəqənin bir qismi xarici qrantlardan, bir qismi müəyyən klanlardan asılı vəziyyətə düşüblər və bu asılılıqdan da istifadə edərək onları idarə edirlər”
“İstər ətraf şərtlər, istərsə də ölkənin daxilində olan şərtlər Azərbaycanı böyük sürətlə, yenidən Rusiyanın ağuşuna itələyir”
Seçki sonrası durumun və məmləkəti silkələmiş son olayların mahiyyətini və gerçəkdən nələrin baş verdiyini anlaya bilmək üçün, ”Azadliq” partiyasının sədri Əhməd Orucu həmsöhbət kimi seçməyim sadəcə bir təsadüfün nəticəsi deyil. Bir çox ünlü siyasi liderlərdən və partiya sədrlərindən fərqli olaraq, Əhməd bəy bütün mövzularda olduqca maraqlı müsahib və istənilən söhbətə açıq siyasətçidir. Ritorikasının kifayət qədər rəvanlığı, mülahizə və arqumentlərinin aydınlığı, həm də üslubunun sərtliyi ilə seçilən Əhməd Orucla bu dəfə Kardioloji xəstəxanada görüşdüm və müalicəsinin davam etməsinə rəğmən, müsahibə xahişimizi yerə salmadı və elə ilk sualı da onun xəstəxanaya yatma səbəbi ilə bağlı verdim…
…Və bu arada nələrdən danışdığımıza, Əhməd Orucun baxış bucağından bu günkü Azərbaycanın necə göründüyünə siz də şahidlik edin, istəkli oxucular. Əminəm ki, Əhməd bəyin dedikləri ictimai rəyin müzakirəsi üçün xeyli materiallar verəcək və cəmiyyətə, yürüdüyü yolda gərək ola biləcək xeyli fikirlərə bu müsahibədə rastlaya biləcəksiniz …
I hissə
– Əhməd bəy, keçmiş olsun, xəstəxanada xeyir ola?
– Bunu da yazacaqsanmı ki?
– Əlbəttə, gizli bir şey deyil ki, nə də biz Çovdarovun şəxsi həbsxanasında deyilik. Bura məşhur 5 nömrəli xəstəxananın yanında yerləşən Kardiologiya İnstitutudur və siz də burda ürək ağrıları ilə bağlı müalicə alırsınız. Nə olub, ki?
– Açığı, ürəklə bağlı bir az problemlərim var və ona görə burdayam. Həkimlərim məsləhət gordülər ki, mütləq stasionarda müalicə olunmam lazımdı.
– Sizin öz həkimləriniz də var?
– Bəli, mənim öz həkimim var. Yəni, bir belə proseslərin içində kənardan nə qədər sağlam görünsək də, yaş da, gedən proseslərin ağırlığı da özünü göstərir. Zarafat deyil ki, biz düz otuz ildir ki, müxalifətdəyik və bunun həm ideoloji, həm mənəvi həm də fiziki və iqtisadi yükü var.
– Vallah, Azərbaycanda müxalifət liderlərinin personal həkimlərinin olması təzə xəbərdi, ona görə soruşdum ki dəqiq olsun.
– Şəxsi həkim deyəndə, bir həkim dostum var, ürək həkimidir və o, mənim müalicəmlə də məşğul olur. Belə deyək ki, vaxtaşırı dərmanlar yazır və ondan o tərəfə də heç nə yoxdur. Beləcə uzun müddətdi ki onun yazdığı dərmanlarla müalicəm gedirdi. Amma sonuncu müayinələrdən sonra bəlli oldu ki, müəyyən ağırlaşmalar gedir və stasionar müalicənin aparılması məsləhət oldu.
– Əhməd bəy, Allah rəhmət eləsin, Həsən Kərimlinin dəfninə yəqin getmişdiniz?
– Bəli, həm dəfnində, həm də üçündə iştirak elədim.
– Müxalifət cameəsi demək olar ki, tam tərkibdə ordaydı. Hər halda çoxdan müxalifətçilər belə elliklə bir arada olmamışdılar. Necə gördünüz, seçkilərdən sonra müxalifətin halı necədir?
– Əslində, Azərbaycanin milli-demokratik düşərgəsi çox böyük potensiala və gücə malik idi. Həm də, demək olar ki, eyni şəxslər uzun müddətdir ki, siyasi səhnədədirlər. Proseslərin başından bəri, həm öz əcəli ilə dünyasını dəyişənlərimiz, həm də, Həsən bəy kimi vaxtsız dünyadan köçənlərimiz olub. Çeçidli faciələrlə üzləmiş, həm də müxtəlif xəstəliklər nəticəsində də sıralarımızı tərk edənlər çox olub. Adətən belə deyirlər ki, insanlar bu dünyanın fani olduğunu ən çox qəbristanlıqda dəfn mərasimlərində olarkən dərk edirlər. Amma elə ki, mərasim bitir və qəbristanlığın qapılarından çıxan hər kəs öz əvvəlki vəziyyətinə qayıdır. Mən indi deyə bilmərəm ki, bu, təkcə bizdəmi belədir, ya da bəlkə dünyanın bütün insanları bu cürdür. Demək istədiyim odur ki, qəbristanlıqda insanlar bir başqa cür görsənirlər, yəni bir az yazıq, bir az mağmın görkəm alaraq, sanki insan övladının təbiətin, yerin, göyün və yaradanın qarşısında çox aciz sonluqlu bir missiyasının olduğunu sanki orda hamı dərk eləyir. Amma elə ki, qəbristanlıqdan çıxdılar, iddialar təzədən başlayır, ambisiyalar fontan vuraraq şahə qalxır və aradakı məsafələr böyüyür. Məncə, az-çox ağlı başında olan hər kəs başa düşür ki, milli-demokratik düşərgənin birliyinə, bütünlüyünə indi çox böyük ehtiyac var. Onu da bilirsiniz ki, Milli Azadlıq Hərəkatı Azərbaycanın imperiyadan qoparaq müstəqil dövlətin qurulması yolunda olub. Nəticədə biz rus imperiyasının caynaqlarından qurtula bilmişik. Amma indi yenidən, istər ətraf şərtlər, istərsə də ölkənin daxilində olan şərtlər Azərbaycanı böyük sürətlə, yenidən Rusiyanın ağuşuna itələyir. Və bunun qarşısında yenə də Azərbaycanın milli dövlət şüurunun daşıyıcıları, milli dövlət quruculuğunu dərk edənlər, yəni o anlayışda olan təbəqə dayanmalıdır. O təbəqədə təmsil oluna biləcək insanların da, demək olar ki, hamısı Həsən bəyin dəfnində iştirak edirdilər. Onu da deməliyəm ki, Həsən bəyin özü də o düşərgənin çox dəyərli insanlarından biri idi. Açığı, mən orda, xüsusilə də, 30 ildir ki, bu düşərgəni yönətən insanlarda bir təəssüf hissi, bir əzginlik, bəlkə də bir az ruh düşkünlüyü gördüm, ancaq oların ” düşərgənin bu hala düşməsində bizim də səhvlərimiz olub, bu duruma gəlməyimizin səbəbi bizim yanlışlarımızla da bağlıdır” deyənləri görmədim.
– Yəni, adətən belə yerlərdə asanlıqla və bəzən də qeyri-ixtiyari dilə gətirilə bilən etirafları eşitmədiniz?
– Bəli, etirafları eşitmədim. Burda söhbət həm də, sadəcə sözdə etirafdan yox, o hikkədən, o danışıq tərzindən, o iddiadan, o yanaşımdan gedir. Yəni, nə olursa-olsun, elə axıra kimi belə də olacaq və ”təki mən lider olum, cümlə cahan batsa da batsın” anlayışı bu şəxsləri tərk etmiyib, bu iddialardan çəkilmək fikirləri də yoxdur. Bu da heç bir sağlam məntiqə, normal mülahizəyə, təfəkkürə sığmayan bir şeydir və artıq 20 ildir ki, bu proses gedir. Bundan sonra olacaqlar haqqında son 20 ildə bir dəfə də olsun müxalifətin daxilində açıq müzakirələr keçirilməyib. Bu arada bizlərin təşkil elədiyimiz açıq müzakirələrə də bir çox liderlər qatılmırlar, çünki gəlib orda danışmalıdılar, fikir bildirməlidilər, arqumentlər, əks-arqumentlər ortaya qoymalıdırlar ki, illərin təcrübəsi də göstərir ki, onlar nə buna hazırdırlar, nə də ki bu dərdləri var. Amma arada özlərinin keçirdikləri müzakirələrə də bizi dəvət eləmirlər. Və indi mən də burda milli-demokratik düşərgənin bir təmsilçisi olaraq etiraf etmək zorundayam ki, biz bu 20 ildə nə ölkənin vəziyyətini, nə də düşərgənin durumunu müzakirə edə bilmişik. Yaxın vaxtlarda da bunun ola biləcəyini mən görmürəm, ya da çox çətinliklə görmək istəyirəm.
– Sizin dediklərinizə söykənərək verdiyim bu sualın cavabında nə deyə bilərsiniz, yəni 30 illik müxalifətçilik dönəmində milli – demokratik düşərgə, bir az da məna və mahiyyət baxımından YAP-laşaraq, liderlər və funksionerlər də məmurlaşmayıblar ki?
– Təbii ki, bu cür paralellər aparmaq olar və mən əvvəllər də demişəm ki, nəsə müxalifət nazirlikləri kimi bir şey yaradıblar. Məsələn, bütün tədbirlərdə eyni adamlar çıxış edir, eyni fikirləri söyləyirlər və bunların da fonunda müxalifətin, eləcə də bütünlükdə milli-demorratik düşərgənin vəziyyəti getdikcə ağırlaşıb. Bunlar da deyirlər ki, kim istəyirsə, kimin gücü varsa, ortaya çıxsın və bizi kənarlaşdırsın, biz mane olmuruq ki. Amma əslində elə deyil. Məsələn, tutaq ki, beynəlxalq təşkilatlar müxalifət kimi bunları tanıyır, bunlarla iş birliyindədirlər və uzun illərdir ki, onların Azərbaycandakı maraqlarını da bunlar təmsil edirlər. Yəni, bu hakimiyyətə qarşı onların əlində təsir vasitəsi kimi bunlardan istifadə olunur. Bu hakimiyyətin özü də bu müxalifətin Azərbaycanda müxalifət olmağında maraqlıdır. Ona görə ki, bu müxalifəti lazım gəldikdə öz tratuarında necə saxlaya bilmənin yollarını bilir. Hətta istədiyi vaxt ondan da aşağı vəziyyətə endirə bilir. Amma bunların özləri də situasiyanın bu cür qalmasında maraqlıdırlar, ona görə ki, artıq çoxdan müxalifətçilik bunların həyat tərzinə, yaşam mənbəyinə çevrilib. Açığını demək lazımdır ki, bir müddət haralardansa qrant-mrant alıb dolandılar, bir müddət də, tutaq ki, hakimiyyətin özündən müəyyən partiyalara ayırımlar oldu. Yəni, indi bunların heç biri müstəqil şəkildə öz ailələrini belə dolandıracaq halda deyillər.
– Hətta o qədər?
– Nə var ki burda, hamının gözü qarşısında olan bir şeyi danmaq mümkün deyil ki. Açığı bir sıra partiyalarda və bütövlükdə demokratik düşərgədə, belə bir elit təbəqə formalaşıb və onlar da, məsələn məni kimi öz zəhməti ilə yaşayan insanları, siyasətçiləri gözdən salmağa, aşağılamağa çalışırlar ki, o tip adamlar ortaya çıxmasın. Təsəvvür edin ki, Azərbaycanda elə bir, şəxs yoxdur ki, dünən də, bu gün də, hər hansı formada mənim ondan asılacağım, ya da yanında gözükölgəliliyim olsun. Azərbaycandan kənarda da həmçinin. Ancaq bunlar elə deyil və öz dolanışıq mənbələri, maddi durumları haqqında suallara heç vaxt cavab verməyiblər, ya da yalan danışaraq başdansovdu məlumatları cəmiyyətə sırıyıblar . Arqumentləri də budur ki, niyə, məsələn, ölkəni açıq-aşkar çapıb-talayan hakimiyyət nümayəndələrindən hesab sorulmur, amma müxtəlif vasitələrlə ordan-burdan maliyyə alıb dolananlara belə suallar verilir və sair. Bir yana baxanda, adi oğru məntiqi ilə bu cür yanaşma doğru da görsənə bilər. Mən də deyirəm ki, sizin onlardan fərqiniz onda olmalıdır ki, bu millət sizə inansın. Yəni, o tərəfdə daha çox oğurlamağı bacarırlar, siz isə az oğurlayırsınızsa, mahiyyətcə hamınız oğru deyilsinizmi?
– Yəni oğurluq oğurluqdu, yalan da yalandı və demək istəyirsiniz ki, burda ya oğurluğun, ya da yalanın miqdarı o qədər də əhəmiyyətli deyil ?
– Bəli, bütün hallarda, onlar da özləri haqqında hesabat verəndə yalan danışırlar, bu birilər də. Və mahiyyətə baxanda, bu hərəkətlərin heç bir fərqi yoxdur. Buna görə də sizin sualınızda həqiqət payının olduğunu düşünürəm və hesab edirəm ki, bunlar da müəyyən mənada strukturlaşıblar. Bunun nəticəsində də müəyyən təbəqə formalaşıb ki, yaranmış vəziyyətdən yararlanmaqla öz dolanışıqlarını təmin edir. Maraqlıdır ki, bunların vəziyyətləri ağırlaşan kimi də, beynəlxalq havadarları ortaya gəlir və tutaq ki, Amerikanın səfiri bəzi partiya sədrlərini və ya funksionerləri çağırıb, onlarla görüş keçirir. Ardınca da mətbuatda bu görüşlərin piar kampaniyası keçirilir, yazırlar ki, çox ciddi görüş oldu və Amerika filankəsləri dəstəkləyir və sair. Beləcə, illərdir ki, o süni dəstəklərin, sabun köpüyündən savayı heç bir anlam daşımayan süni piar kampaniyaların sayəsində Azərbaycan müxalifəti yatızdırılıb, milli-demokratik düşərgə zəiflədilib, xalqın müqavimət gücü sındırılıb. Mən hesab edirəm ki, müxalifətin önünə, heç kimin yuxarıdan aşağı baxa bilməyəcəyi, maddi cəhətdən heç kimdən asılı olmayan adamlar keçməlidir. Açığı indi Azərbaycanın elit sayılan, ictimai-siyasi aktiv olan təbəqəsinin tam əksəriyyəti, siyasyasilərindən tutmuş mətbuatına, deputatlarına qədər hamısı oğurluğun, quldurluğun içərisindədirlər. Ona görə də bunların özləri də əxlaqlı, dürüst bir adamın hakimiyyətə gəlməsində, normal hüquqa söykənən dövlətin oluşmasında maraqlı deyillər. Çünki, şüuraltı da olsa, düşünürlər ki, belə bir adam hakimiyyətdə olsa, hüququn işlək vəziyyətdə olduğu dövlət yaransa, bunların özündən də hesab sorulacaq. Çünki bunlar, son 25-30 ildə, heç kimə. heç nə ilə bağlı hesabat verməyiblər və buna öyrəncəli deyillər. Demək istədiyim odur ki, bu hakimiyyət öz mahiyyətinə uyğun şəkildə, ölkənin ictimai və siyasi aktiv təbəqəsini əyri proseslərə, nadürüst yollarla yaşamını təmin etməyə cəlb eləyə bilib. Belə ki, dediyim bu təbəqənin bir qismi xarici qrantlardan, bir qismi müəyyən klanlardan asılı vəziyyətə düşüblər və bu asılılıqdan da istifadə edərək onları idarə edirlər.
– Xatirinizdədirsə, sizinlə ötən seçkiqabağı müsahibədə mən demişdim ki, birdən düşüncələriniz yerinə gəlməsə və bu seçkilər də total saxtakarlıqlarla keçəcəksə, ictimai rəydən sizə ciddi təpkilər gələcək. Olanlar oldu və yəqin ki, o təpkini də hiss edirsiniz. Ümumiyyətlə indi necə baxırsınız və bu seçkilərdə əslində nə baş verdi?
Davamı var…
Fəxrəddin Qardaşlı