Xətai rayonunda istilik sistemi niyə işə salınmır?

0
1

Xətai rayonunda istilik sistemi niyə işə salınmır?

Mehmandarov küçəsi sakinlərə istiyə həsrət qalıb.

Qış yaxınlaşdıqca bir çox problemlərin üzə çıxmasının şahidi oluruq. Elə payızda da… Bir neçə gün öncə paytaxtda yağış sularının çaylar, göllər əmələ gətirdiyini müşahidə etmək çətin olmadı. Bu həm də yolların asfalt örtüyünü yarıtmaz hala salır.
Paytaxtda zibil qutuları qıtlığı olduğundan, bir çox küçələr sözün əsil mənasında zibilxanaları xatırladır. Metrostansiyaların girişlərində zibil qutularının olmaması xüsusi ilə diqqət çəkir.
Bu haqda Sabunçu rayonunun Zabrat qəsəbəsindən də redaksiyamıza şikayətlər daxil olub. Şikayətçilər böyük bir ərazinin zibilliyə çevrildiyini bildiriblər. Onlar zibilin vaxtlı-vaxtında daşınmadığını, bu səbəbdən də küləkli havada zibilin bütün qəsəbəyə yayıldığını qeyd edirlər.
Xətai rayonu Mehmandarov küçəsi sakinlərinin dərdi isə istiliklə bağlıdır. Belə ki, istilik sistemi noyabr ayının 15-də işə salınmalı olduğu halda bu günə qədər mənzillərin soyuq qalması sakinləri narahat edib. Bina sakinləri istiliklə bağlı müraciət etsələr də, məsul şəxslər bunu qaz istismar idarəsi ilə əlaqələndiriblər. Guya istilik idarəsinin qaz istismar idarəsinə borcu olduğu üçün qazanxanalara qaz verilişi dayandırılıb. Əlbəttə, kimin kimə borcu varsa, özləri həll etməlidir. Burada sakinlərin-azyaşlıların, yaşlı insanların, xəstələrin günahı nədir?
Daxil olmuş şikayət məktublarını dərc etmək peşə borcumuz olduğundan, məsul şəxslərin də yazdıqlarımıza diqqət yetirmək, cavab ünvanlamaq kimi haqları var. Təəssüf ki, adları qeyd edilən idarələrlə əlaqə saxlayıb, münasibət öyrənmək istəsək də, telefon zənglərimiz cavabsız qaldı. Nə bilək, bəlkə iş başındadırlar, vətəndaşların problemlərini həll etmək üçün çalışırlar. Təki belə olsun… Hər halda, ümid edirik ki, problem tez bir zamanda həllini tapacaq və sakinlər evlərində istilik tapa biləcəklər.

Nicat
Mövzuya qayıdacağıq.

LEAVE A REPLY