Həyatım boyu nə rüşvət aldım, nədə ki, rüşvət verdim.

0
1

Ramiz Tağıyev

Həyatım boyu nə rüşvət aldım, nədə ki, rüşvət verdim.

Mənə görə günahsız cəzalandırılmış insanların üzünə baxdıqca ürək ağrısı keçirirdim…

(Əvvəli ötən saylarımızda)

Primitiv təqiblər məni narahat etsə də, əsəblərimi cilovlayıb, əhəmiyyət vermirdim. Telefonumun dinlənilməsinə şəkki-şübhəm yox idi. Dost-tanışlarımı da bu barədə məlumatlandırmışdım. Qəzet vasitəsi ilə MTN-ə xəbərdarlıq edirdim ki, belə davam etsə, yenidən qələmimə “tuş” gələcəklər. Görüşməyə cəhd göstərsəm də, qəbul etmədilər. Yeganə tələbim bu olacaqdı ki, mənə görə günahsız olaraq işlərindən azad etdirdikləri insanları vəzifələrinə bərpa etsinlər. Etiraf edim ki, hər dəfə həmin insanları gördükdə, üzvlərinə baxdıqca ürək ağrısı keçirirdim. Özümü günahkar sayırdım. Günahım olmasa belə günahkar olduğumu düşünürdüm. Mənə görə cəzalandıqlarını unuda bilmirdim. Ara-sıra yazılarımda ilişsəm də, həbsimə qədər apardığım mübarizəyə fasilə vermişdim. Səbəbsiz deyildi… İstəmirdim ki, azadlığım üçün mücadilə aparmış insanlar irad tutsunlar; Ramiz azadlığa çıxdı, yenə başladı, bu dəfə görək kimləri qurban verəcək… Əksəriyyət MTN-dən qorxurdu, çəkinirdi. Qətiyyən qınamıram. MTN-dəki cinayətkar şəbəkənin az qala ölkə vətəndaşlarının hər birinə zərbə dəymişdi.

Oqtay Əsədov və digər deputatın qohumları utanıb-qızarmadan üzümə durdular…
MTN-də çulğalaşmış mafiyanın barəmdə irəli sürdüyü cinayət işi sözün əsil mənasında tragikomediya idi. Onlar məni rüşvət verməkdə ittiham edirdilər. Guya, bacım oğlu Binəqədi Qəsəbə İcra nümayəndəliyinə gedib, ona “çıxar min manat pul ver, xərcləsinlər”, demişəm. Və bu hal bir neçə dəfə təkrar edilibmiş. Tanıyanlar yaxşı bilir ki, mənim nə havayı pulum olub, nədə ki, rüşvət veriləsi bir işim…
Qəribəlik odur ki, üzümə duran icra nümayəndəsi Milli Məclisin sədri Oqtay Əsədovun bacısının həyat yoldaşı Salam Əskərəlizadə idi. Onun müavini Kənanın isə deputat Hacı Madərin bacısı oğlu olduğu deyilirdi. Hər ikisi utanıb-qızarmadan onlara rüşvət verdiyimi bəyan edirdi. Hələ bu azmış kimi, böyük qəhrəmanlıq etmiştək “rüşvət aldıqlarını” üç il sonra “etiraf” edib, həmin pulu qəsəbənin abadlıq işlərinə sərf etdiklərini söyləyirdilər. Döz görək, bu qədər haqsızlığa, əclaflığa necə dözürsən?
O.Əsədovun yeznəsinin MTN-ə xidmət göstərməsinə şübhə etmədim. Spikerin özünün MTN-ə gedib, Eldar Mahmudovun ad gününü təbrik etməsi xəbərini mən də eşitmişdim…
Müstəntiq İbrahim Ləmbəranskiyə dəfələrlə müraciət edib, “mən, bu şəxsləri tanımıram və onlara rüşvət verəcək bir işim də olmayıb. Necə olur ki, vəzifəli şəxslər iki-üç ildən sonra yuxularını qarışdırıb, mənim onlara rüşvət verdiyimi iddia edirlər və cəzasız buraxılırlar” desəm də, MTN-dən gələn hər sifarişə “ləbbeyk” deməyə alışmış müstəntiq çox soyyuqqanlılıqla, onların da barəsində cinayət işi açmışıq, cavabını verdi. Təbii ki, nə spikerin yeznəsi, nədə ki, deputatın bacısı oğlu cəzalandırıldı.
Tam 3 il 2 ay sonra həmin cinayət işi təkrar baxılması üçün Bakı Appelyasiya məhkəməsinə çıxarıldıqda icra nümayəndəsi və müavini mənim onlara rüşvət vermədiyimi etiraf etdilər. Nə faydası… Artıq onların yalan ifadələri ucbatından ömrümün 3 ildən artıq bir zamanını Ciddi Rejimli Cəzaçəkmə müəssisəsində keçirməli olmuşdum. Üstəlik də daxili rejim qaydalarını “pozduğuma” görə 4 ay “kars”da –cərimə təcridxanasında saxlanılmışdım…
Şəkərli diabetdən və yüksək təzyiqdən əziyyət çəkə-çəkə dözürdüm, səbrlə azadlığa çıxacağım günü gözləyirdim. İçimdə daima bir inam yaşayırdı ki, MTN-dəki cinayətkar şəbəkənin ömrü uzun sürməyəcək, onların qudurğanlığına son qoyulan günü görmək mənə də nəsib olacaq.

Oğlumun məhkəmə zalında mənə sarılmaq istəyinin qarşısı alındıqda, hönkür-hönkür ağladığını unuda bilmirəm…

Ailəmin və xüsusilə onuncu sinifdə oxuyan oğlumun məhkəmə proseslərində iştirak etməsini istəməsəm də, görüşmək, onları sağ-salamat görmək xatirinə susurdum. Axı, ilyarım idi ki, onlar barəsində yalnız vəkilim vasitəsiylə xəbər tuturdum.
Dəmir barmaqlıqlar arasından oğlumun böyüdüyünü, kişiləşdiyini görüncə təskinlik tapırdım. İçimdə nələr çəkdiyimi isə bir Uca Tanrım, bir də özüm bilirdim. Haqqım deyildi, dəmir barmaqlıqlar mənim…
Bu idimi Millətim, Vətənim uğrunda apardığım əzablı, ağrılı-acılı, təmənnasız mübarizəmin, xidmətimin mükafatı? Yanıb-yaxılırdım, özüm bir yana, övladlarımın qarşısında sədd çəkdilər bu cinayətkarlar, deyə, sakitləşə bilmirdim. Axı, nə qazanmışdım, nə buraxıb övladlarıma, düşmüşdüm dəmir barmaqlıqlar arxasına. Kirayə mənzillərdə belə rahat yaşamaq imkanı vermirdi bizə, MTN-nin cinayətkar quldur dəstəsi. Mən türmədə birtəhər ötüşürdüm, eşidəndə ki, dələduz “çekist”lər ailəmin kirayə qaldığı mənzillərin sahiblərinə hədə-qorxu gələrək, onların tez-tez köç etməsinə səbəb olurlar, günlərlə, həftələrlə yuxu üzünə həsrət qalırdım.
Bilirdim ailəm mənim cinayətkar olmağıma inanmır. Bilirdilər ki, hətta rayon rəhbəri olduğum müddətdə süfrəmizə haram qatmamışdı. Vəzifəm üçün nəzərdə tutulmuş dəbdəbəli mənzili sıravi müəllimə hədiyyə edib, kənddə, palçıqla inşa edilmiş, yaşı 100-ü ötmüş evdə yaşamağa üstünlük vermişəm. Ehtiyac üzündən həmin evi satdığımızda, cəmi 8 min manata dəyərləndirilmişdi…
İndi isə, dələduz “çekist”ləri ifşa etməyimə rəğmən dəmir barmaqlıqlarından oğlumun üzünə baxmağa çətinlik çəkirdim. Kimisi inanmayacaq, kimisi isə atan dələduzluq edib, deyəcəkdilər ona, arzu etdiyi işlərdə çalışıb, Vətəninə xidmət göstərmək istəsə də, hər yerdə qapılar üzünə çırpılacaq, atanın məhkumluğu olub, deyə yola salacaqlar. Tanrı kimsəyə bu hissləri yaşatmasın. Ağırdır, hədsiz ağırdır…
O anı isə düşmənimə də arzulamıram. Məhkəmə zalında oğlum dəmir barmaqlıqlara yaxınlaşıb, mənə sarılmaq istədi. Əslində, bir-birimizə sarılmaq imkanımız da yox idi ki… Bir neçə nəzarətçi onu mühasirəyə alıb, qarşısına sədd çəksələr də, qarşısını ala bilmədilər.
İnanmayacaqsınız, ancaq bu bir həqiqətdir ki, oğlum 3-4 nəzarətçini zərərsizləşdirib, mənə yaxınlaşa bilmişdi. Əsəbindən hönkür-hönkür ağlayırdı. Necə tab gətirdim buna, indi də təəccüb edirəm. Bəlkə də, Nihatın gücü, cəsarəti mənə də qüvvət vermişdi. Nələri unutsam da, həmin anı unutmaq çox çətindir…
Həmin gecə həbsxanada gözümü yuma bilmədim. Narahat idim… Ehtiyat edirdim ki, “çekist”lər azyaşlı Nihatı da xuliqanlıqda ittiham etdirə bilərlər. Mən onlardan bütün pislikləri gözləyirdim.

Təklənmişdik, ətrafımızda yalnız dəyərli, sözün əsil mənasında kişilik etalonu hesab ediləcək dostlar qalmışdı.

İncimirəm… MTN elə bir xof yaratmışdı ki, dostların, qohumların, tanışların əksəriyyəti ehtiyat edirdi. Maraqlanırdım, bəziləri ara-sıra ailəmin kirayə qaldığı mənzilə telefon açıb, can dərdi hal-xəbər tutur, bəziləri isə tamamilə əlaqəni kəsməyə üstünlük verirdi.Əlbəttə, səbəbsiz deyildi, onlar da işdən çıxarılmış qohumlarımın, dostlarımın talelərini yaşamaq istəmirdilər. Bir çoxları da, mənim MTN-nin dələduz çekistləri ilə davamın mahiyyətini anlaya bilmirdi. Yəqin ki, bu gün MTN ətrafında baş verənləri müşahidə edənlər davamın səbəbini təhmin edə bilər. Bəli, mən Vətənimə, Dövlətimə hədsiz bağlıyam. Hər zaman arzulamışam ki, ölkəmiz sivil qanunlarla idarə olunsun, insanlar rahat, azad, firavan yaşamaq hüququna malik olsun. Vəzifə, hakimiyyət ölkə vətəndaşlarına zor, qorxu yaşatmağa deyil, xidmət etmək missiyasını yerinə yetirsin. Özüm belə olmuşam və düşünmüşəm ki, digərlərindən də bunu tələb etməyə haqqım çatır. Başqa cür ola bilmirəm, etiraf edim ki, istəsəm də bu məndə alınmır.
Dünyada yaxşı insanlar olmasaydı, yaşamaq çətin, mənasız olardı. Məhz belə insanların dəstəyi ilə yaşayırdıq. Özüm həbsxanada, ailəm isə azadlıqda. Yaxşı dostlar, dar gündə qaçmayanlar mənim üçün əsil kişilik etalonu olublar. Nə yaxşı ki, vardılar.

Eldar Mahmudovun cinayətkar dəstəsində həm də maymaqlar çoxluq təşkil edirdi
Doğrudan doğruya belə idi. MTN-nin həbsə məhkum etdiyi şəxslərin ittiham aktları ilə tanış olduqca buna şahidlik etməli olurdum.Ayrı-ayrı ittiham aktlarında eyni hal şahidlərinin, zərərçəkmişlərin adları keçirdi. Bəzi hallarda isə bir silah iki ittiham aktında istifadə edilib.Səid Dadaşbəylinin “qrupu”nun “işi” ilə də tanış ola bildim. Hətta həmin “iş”lə bağlı cəzaçəkmə müəssisəsində ətraflı yazı hazırlayıb, “Millətim”ə göndərdim. MTN-nin savadsız müstəntiqləri o qədər səhvlər, açıqlar buraxmışdılar ki, ittiham aktını oxuduqda dəhşətə gəlirdim. Nələr açılmamışdı insanların başına…
Təsəvvür edin ki, MTN-nin dələduzları bacımın bir oğlunu həbs edib, işkəncələr verməklə üzümə durdurmaq cəhdləri azmış kimi, digər oğlunu da Antiterror Mərkəzinə dəvət edib, şirnikləndirici vədlərlə barəmdə ağlasığmaz ifadələr almaq istəyiblər. MTN-nin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev hətta ona öz mobil telefonunun nömrəsini vermişdi ki, mənim nə işlər gördüyümü, kimlərlə görüşdüyümü xəbər versin. Əlbəttə, maymaq İlqarın planı baş tutmadı, bacımoğlu bu barədə “Xural” qəzetinə açıqlama verərək, hətta İlqarın mobil telefon nömrəsini mətbuata ötürdü. Bütün bu çirkin oyunlar “KQB”-ni xatırlatdığından, təbii ki, MTN-nin “KQB” yolu getməsiylə razılaşa bilməzdim. “KQB”-nin millətimizə necə dəhşətlər yaşatdığından ətraflı məlumat ala bilmişdim. Valideynlərim söhbət açmışdı həmin dəhşətlərdən… Həmin dəhşətli anları yaşamışdılar. Anam ömrünün sonuna qədər göz yaşlarını saxlaya bilmirdi. Onun anasının məzarı uzaq Qazaxıstan çöllərində qaldığından nə yerini bilirdi, nədə ki, ziyarət etmək imkanına malik deyildi. Atamı tanıyanlar onun üzünün heç bir zaman gülmədiyini görmüşdülər. Nəslimiz uzun illər vətən “xaini” adı daşımağa məhkum edilmişdi. Ortada digər dəhşətli faktlar var axı… Dahi Hüseyn Cavid ömrü, böyük Məmməd Əmin Rəsulzadənin ailəsinin başına gətirilmiş müsibətlər… Ötən əsrin “37”-də bir çox kədlərimiz sözün əsil mənasında soyqırıma məruz qalmışdı. Xızı rayonunun Ağdərə kəndi, Şahbuzun Keçili, Kolanı kəndləri, Culfa rayonunun Qazançı, Milax, Yaycı kəndləri… Bu siyahını uzatmaq mümkündür. Həmin soyqırımın müəllifləri Azərbaycan NKVD-sinə soxulmuş, əzəli düşmənlərimiz ermənilər olub. Əlbəttə, tarixi müttəfiqləri rusların himayəsi ilə. Bütün bunları bilə-bilə, MTN maymaqları XXI əsrdə öz millətinə zülm çəkdirməliydilərmi?

Davamı olacaq…

LEAVE A REPLY