“Faktiki olaraq cinayəti ört-basdır eləmək üçün məqsədli hərəkətlər olub”
İsa İsayev:“Həmin şəxs leytenant rütbəsində, idman müəllimi kimi əsgərliyini çəkib”
“Hər yerdə bir biganəlik, bir məsuliyyətsizlik, insan taleyinə laqeydlik mövcuddur”
Açığı bu müsahibə mənim stilim və heç mövzum da deyil. Amma əhli- məmləkətin MTN-dəki dəhşətləri, RTYN-dəki yeyinti və talançılıqları müzakirə etdiyi bir zamanda, kənarda daha dəhşətli və daha vahim şeylərin fərqinə vara bilməyən cəmiyyəti heyrətləndirə biləcək bir məsələdən bəhs edəcəyik bu gün. Bütün vahimliyi və həyəcanı ilə cəmiyyəti heyrətə salacaq bu müsahibədə danışılanların, quran ayəsi qədər həqiqət olduğunu kimsəyə qəbul etdirmək kimi bir iddiada deyiləm, amma, burada deyilənləri qəribçiliyə salmaq da olmaz. Üç ildən artıqdır ki, balasının çəkdiyi əzablara qatlaşan, üzləşdiyi dərdin və bu dərddən doğan problemlərin içində çırpınan bir atanın harayıdı, taleyinə və yaşadığı zamana üsyanı, etirazıdı burda deyilənlər. Və sizcə, burda barəsində danışılan olayların və yaşanan dramın baş qəhrəmanları kim olsa yaxşıdı?! – Millət vəkili Fərəc Quliyev və onun oğlu Türkel Quliyev.
Söhbətin nədən və niyə getdiyini müsahibədən özünüz də biləcəksiniz, amma şəxsən mən, Fərəc bəyi bu durumda və belə miskin bir situasiyada görməkdən həm üzüldüm, həm də utandım. Elə bu səbəbdən də məsələnin tam aydınlığa qovuşacağı ana qədər, həm bu atanın yanında olmağa, həm də Fərəc Quliyevin düşdüyü yanlışdan qurtula bilməsi üçün uğraşmağa qərar verdim.
Bütün hallarda ağrılı məsələdi və görünəni odur ki, çox uzun zamanımızı xərcləməli olduğumuz bir yerə gəlmişik. Ancaq haqq uğruna yalnız ölünə bilər, amma əsla haqdan dönülməz. Bu məsələdə də haqq olan nədisə işlər də oraya varmalıdı və varıır İnşallah. Çünki burda xətər yetirilərək həyatı məhv olan balasına sahib çıxmaq istəyən ata İsa İsayevlə, başqasına xətər yetirərək məsuliyyətdən yayınmaq istəyən balasını qorumaq istəyən ata Fərəc Quliyev var və onların hər ikisi haqlı ola bilməz, çünki Haqq deyilən şeyin bir adı olduğu kimi bir üzü, bir tərəfi olur.
Azərbaycan, Tofiq Yaqublunun qız övladının oxşar qəzaya görə, şikayətçinin də olmadığı halda, necə mühakimə edildiyini, Cəmil Həsənlinin də qızının, ümumiyyətlə uydurma bir qəza motivi ilə, aylarla mühakimə edilərək barəsində hökm verildiyini, Qurban Məmmədovun da törətmədiyi qəzadan dolayı, şərlənərək 3 illik azadlıqdan məhrum edildiyini görüb. Elə bəndənizin də, Nemət Pənahlının da, Yadigar Sadıqlının da, Seymur Həzinin də, digərlərinin də uydurma ”xuliqan” damğası ilə uzun müddətli həbslərə məruz qalmalarınnan heç danışmıram. Bəs elə isə, Fərəc Quliyevin oğlunun barəsində, törətdiyi o boyda qəzadan sonra, cinayət işinin başlanmamasını belə, nə ilə izah etmək olar? Bunların hamısı bir yana, amma bədbəxt elədikləri bir ailəyə bu üç ildə bircə dəfə baş çəkməyə nə mane olub görən?! Əslində bütün eşitdiklərimdən sonra, utanc hissi keçirdiyim məqam da elə bu idi. Sən kimsən axı, Fərəc Quliyev, cəmiyyətin xeyli kəsiminin, o cümlədən də mənim tanıdığım millətin azadlığı və xoşbəxtliyi uğrunda milli mücahidmi, yoxsa, başqalarının bədbəxtlyi üzərindən öz oğluna xoş gələcək təmin etməyə çalışan, susmuş vicdan sahibi olan bir insanmı?!
Sərdar ƏLİBƏYLİ
– Salam. Zəhmət olmasa özünüzü təqdim edin.
– Adım İsa, soyadım İsayevdir. Bakı şəhərində yaşayıram, təqaüddə olan Çernobıl əliliyəm.
– Bu arada mətbuatda çıxışlarınızla tanış oldum, məsələ nədir və mümkünsə baş vermiş hadisənin rəsmini cızın.
– Mənim qızım 2012-ci il 14 noyabrda, axşam saat 18 radələrində evdən oğlunu, yaşadıqları yerin yaxınlığında olan idman klubuna aparıb. Ordan da bankomatdan pul çıxarmağa gedib.
– Ora hansı rayonun ərasizidi?
– Yasamal rayonunun ərazisidi. Orda yaxınlıqda olan bankomatlarda pul olmadığına görə, üç-dörd yoldan keçə-keçə ”Elmlər Akademiyası” metro stansiyasının qabağındakı paralel yola gəlir ki, ordan keçib yaxınlıqdakı Beynəlxalq Banka aid bankomatın yanına getsin. Ora gedəndə, ”zebra”nın üstündə dayanır. Bu vaxt görür ki, ikinci xəttdə bir maşın dayanıb. Iki addım atmamış, tanımadığı bir maşın bunu vuraraq qabağına qatıb götürür. Və bu zəmində qızım ağır kəllə-beyin travması alır, başı yırtılır, beynində ikitərəfli gematomalar əmələ gəlir, beyin əzilməsi, qabaq qaşın partlaması, gözün qabağa çıxması, sifətində gematomaların əmələ gəlməsi nəticəsində huşunu itirir. Hadisə təxminən bu cür olub.
– Sonra əlbəttə, xəstəxanaya aparıldı, polisə müraciət oldu. Bəs ortaya nə çıxdı?
– Demək, həmin gecə bizim heç nədən xəbərimiz olmayıb. Adi yaşayış tərzini yaşayan və mümkün mərtəbədə əlaqə saxlayan adamlar olmuşuq. Həmin gün saat səkkizdə İdman klubunun müəllimi baxıb ki, uşağın anası gəlmədi və buna görə də uşağın atasına zəng vurub. Deyib ki, uşağı götürən yoxdu, siz gəlin götürün. Bu zaman artıq saat doqquza işləmişdi. Bu xəbəri alandan sonra o da bizə zəng vurur ki, Afaq sizdədirmi? Telefona mənim yoldaşım cavab verir və deyir ki, yox, Afaq bizə gəlməyib.
– Afaq həmin o qızınızın adıdır?
– Bəli. Sonra xəbəri mən də bildim və dedik ki, bir az da gözləsin. Yoldaşım da bu arada qızımın bildiyi rəfiqələrinə, ümumiyyətlə güman gələn hər yerə zəng elədi və gördüm deyən olmadı. Beləliklə biz qızımın itkin düşdüyünü biləndən sonra, oğlumla yoldaşımı göndərdim ki, gedin Afaqın yoldaşını da götürüb gəzin o ərazini, soraqlaşın, bəlkə bir qəza-filan olub, xəbərimiz yoxdir. Mən özüm də evdə telefonda oturdum, xəstəxanaları, morqları, polis idarələrini araşdırdım. Həm də ”102 xidməti”-nə zəng elədim. Bu xidmətə hardasa saat 21 radələrində xədər verdim ki, qızım itkin düşüb. Bir müddət sonra mənə bizim evin yaxınlığındakı 19-cu bölmədən zəng gəldi ki, qızınız tapılmayıb ki? Artıq saat 22:00 radələrində Yasamal RPİ-dən mənə zəng gəldi. Həmin gün növbətçi olan və sonradan bu işi aparan müstəntiq Abdulla Əliyev idi danışan. Bildirdi ki, siz ”102”-yə zəng edərək qızınızın itkin düşməsi haqda məlumat veribsiniz. Məndə ona dedim ki, yoldaşım, oğlum və kürəkənim ərazini axtarırlar və ”Elmlər Akademiyası” tərəfdədirlər. Bundan sonra yoldaşım mənə zəng elədi ki, deyirlər burda bir qadını maşın vurub. Məndə bu məlumatı həmin polis əməkdaşına bildirdim və yoldaşımın telefonunu da ona verdim ki, orada görüşsünlər. Bunlar görüşən ərəfədə mən də intensiv olaraq qızımın mobil telefonuna zəng vururdum. Hardasa, saat 22-23 arasında birdən telefon açıldı. Bu zaman qırıq səslərlə rusdilli bir adam dedi ki, bu telefonu tapıb və deyirlər ki, burda bir qadını maşın vurub, özü də hazırda ”Elmlər”də xəstəxananın reanimasiya şöbəsindədir. Dedim ki, o qadın mənim qızımdı və gözləyin mən gəlib sizə də bəxşiş verib telefonu götürəcəm. Amma bir azdan mən ona təkrar zəng vuranda artıq telefon birdəfəlik qapanmışdı. Yəni dəfələrlə zəng vursam da telefon açılmadı. Bu barədə də dərhal həmin müstəntiqə məlumat verdim. Demək iatədiyim odur ki, hadisənin baş verməsindən o qədər vaxt keçməsinə baxmayaraq, biz qızımız haqqında heç bir məlumat ala bilməmişdik. Eyni zamanda, sonradan mənə məlum oldu ki, hadisə anında bir nəfər ”102 xidməti”nə zəng edib ki, həmin deyilən yerdə bir qadını maşın vurub. Amma təssüflər olsun ki, bu xidmətdən də heç bir polis idarəsinə bu haqda zənglər gəlməyib. Yalnız mənim ora etdiyim zəngdən sonra ”102 xidməti” hərəkətə keçib. Yəni məsələ bax belə olub və gördüyünüz kimi, hər yerdə bir biganəlik, bir məsuliyyətsizlik, insan taleyinə laqeydlik mövcuddur və bu vurdumduymazlıq da əksər hallarda olduqca ağır nəticələrə səbəb olur.
– Qızınızı vuran maşının sürücüsü Fərəc Quliyevin oğlumu olub?
– Bəli.
– Bəs bunu nə vaxt bildiniz?
– Bir müddət keçəndən sonra bizə dedilər ki, qızınızı hərbi maşın vurub. Bunu hadisə yerində yoldaşımgilə də demişdilər.
– Kim deyib ki, təsadüfi adamlar, yoxsa rəsmilər?
– Təsadüfi adamlar. Eyni zamanda da, həmin o müstəntiq Abdulla Əliyev orada görüşəndə, yoldaşımgili göndərib ki, siz gedin Papanindəki Hərbi Hospitalı yoxlayın, mən də burdakı xəstəxanaya baş çəkim. Aradan xeyli zaman ötdükdən sonra isə, o zəng vurub ki, qızınızı tapmışıq, Respublikanski Xəstəxanaya gətirirlər. İndi təsəvvür edə bilirsinizmi ki, bizə qızımızın harda olması barəsində neçə saatdan sonra məlumat çatıb? Eyni zamanda bir şeyə də fikir verin, müstəntiqlə bir yerdə bizimkilər xəstəxanaya gələndə, qızımın oraya naməlum şəxs kimi gətirildiyini müəyyən ediblər. Bununla yanaşı o, xəstəxananın qeydiyyat kitabına da vurulmayıb. Elə onun qeydiyyat kitabına yazılmadığına və dərhal da polisə məlumat verilmədiyinə görə, Yasamal RPİ bu haqda əvvəlcədən məlumatsız olub. Və mən belə hesab edirəm ki, bunların hamısı qəsdən olunan əməllərdi və faktiki olaraq başından cinayəti ört-basdır eləmək üçün məqsədli hərəkətlər olub.
– Qızınızın üzərində sənədləri, mobil telefoni-filan olmayıb ki, onu naməlum şəxs kimi xəstəxanaya qəbul ediblər?
– Onun üzərində olan bütün əşyalarını, yəni mobil telefonunu, bankomat kartını və qeyri əşyalarını, izi itirmək məqsədi ilə, hadisə yerindən yoxa çıxarıblar.
– Kim çıxarıb ki?
– Əlbəttə, onu maşınla vuran tərəfin adamları. Çünki mən sonradan hərbi hissə komamdirinin qəbulunda olanda, bircə dəfə olmuşam, o mənə dedi ki, mobil telefon hadisə yerindəydi axı, o necə kiminsə tərəfindən tapıla bilərdi? Bu sözlərdən mən belə nəticə çıxardım ki, qızımın telefonunu məqsədli şəkildə üzərindən götürüblər. Məqsəd də bu olub ki, adam itkin kimi qeydiyyata götürülsün, ölsə də, naməlum meyit kimi morqa atsınlar.
– Bir məsələyə aydınlıq gətirin, bu doğrudan hərbi maşın olub?
– Bəli. Hərbi hissə komandirinin yazdığına görə, bu, 01-59 MN nömrəli avtomobildi və bu avtomobilin də sıradan çıxması barədə rəsmi sənəd var. Yenə də orda yazılana görə həmin adam o maşını rəsmi əmrlə cəmi bir gün idarə edib. Qalan heç vaxt o adam hərbi hissədə maşın idarə eləmiyib. Ora, Badamdar qəsəbəsinə gedən yolun kənarında FHN-lə üzbəüz yerləşən 112 saylı hərbi hissədir. O hərbi hissədə həmin şəxs leytenant rütbəsində, idman müəllimi kimi əsgərliyini çəkib. Eyni zamanda, hərbi hissənin verdiyi sənədlərdən bəlli olur ki, bunlar guya Çexiyadan hərbi hissəyə gələn qonaqları ”Avropa” otelində yerləşdirməyə aparırlarmış. Mən həmin sənədləri də saxta hesab edirəm, çünki bu günəcən də əksini sübut eliyə bilməyiblər ki, ümumiyyətlə belə qonaqlar olubmu və bu maşın da, guya ikinci bir maşın da olub, digər maşın da həmin otelə gedib çıxıblarmış və sair. Amma mən bunu dəqiq bilirəm ki, həmin avtomobil tək olub və içərisində də ondan başqa heç kim olmayıb. Yenə də deyirəm ki, hərbi hissənin verdiyi sənəddə barəsində danışılan ikinci maşın da orada olmayıb.
– Yəni dediyiniz bu leytenant Fərəc Quliyevin oğlu Türkel Quliyevdir?
Davamı var