AXCP kimə qalacaq?

0
5

AXCP kimə qalacaq?
Əli Kərimli dəstək axtarışında…

Növbəti AXCP savaşının necə nəticələnəcəyini hələlik söyləmək mümkün deyil. Hər iki tərəf-Razi Nurullayev və Əli Kərimli tərəfdarları iddia edirlər ki, AXCP onlara məxsusdur. Tərəflərin hər ikisinin qurultay keçirdiyini, birincilərin etimad, ikincilərin isə növbəti qurultay keçirdiklərini nəzərə alsaq vəziyyətin mürəkkəbliyini qəbul etməliyik. Əgər Ə.Kərimli AXCP sədri olubsa, Razi də onun müavini olub… Və həmin vəzifəyə R.Nurullayevə etimad göstərib, təyin edən də Ə.Kərimli olub.
Düzdür, Ə.Kərimli bir az stajlı cəbhəçilərdəndir. R.Nurullayevin AXCP-dəki ömrü uzun sürməsə də, bu gün ətrafında olanların bir çoxunun stajlı cəbhəçi olduğunu qəbul etməmək olmur.
Ədliyyə Nazirliyi Ə.Kərimlinin rəhbərlik etdiyi sənədləri qəbul etməyib. Əslində qeyri-hüquqi nə isə baş verməyib. Sadəcə olaraq “etimadçı” AXCP-çilər də iddia ediblər ki, AXCP bizə məxsusdur. Bu mənada tərəflərin iddiası artıq məhkəmə predmetinə çevrilməliydi.
AXC və AXCP-nin yaradıcıları bir zamanlar böyük əzab-əziyyətlə yaratdıqları təşkilatın belə çətin duruma düşməsindən təəssüfləndiklərini gizlətmirlər. Ə.Kərimlinin dağıdıcılıq missiyasını “uğurla” apara bildiyini isə hər kəs etiraf edir. Onun siyasəti yalnız öz uğuruna, öz mənafeyinə hesablandığından, təşkilatın və ümumilikdə müxalifətin uğuru onu heç bir zaman maraqlandırmayıb. Ə.Kərimli şöhrət xəstəliyinə tutulub. Bu adam yalnız mən deyir, biz deyə bilmir. Müxalifəti parçalayıb, darmadağın etməyə nail olan Ə.Kərimli yalnız çətinə düşdükdə, elə ustalıqla müxalifət nümayəndələrindən istifadə edə bilir ki, bu ya onun güclü siyasətçi olduğunu, yada ki, onun “tor”una dəfələrlə aldanaraq düşən, ona dəstək verən müxalifət nümayəndələrinin maymaqlığını təsdiq edir.
AXCP ətrafında baş verənlər, digər müxalifət partiyalarında da vəziyyətin gərgin olduğunu biruzə verib. Müsavat partiyasının başqanı Arif Hacılı AXCP kimi Ə.Kərimli cinahını qəbul etdiklərini bəyan etsə də, müsavatçıların əksəriyyəti bunun müzakirə olunub, münasibət bildirilməsinə ehtiyac duyulduğunu gizlətməyib. Digər müxalifət partiyalarında da vəziyyət fərqli deyil. Ciddi və birmənalı dəstək ala bilməyən Ə.Kərimli işlənmiş, köhnəlmiş metodlardan istifadə etməyə çalışır. Yəni “ictimaiyyət” nümayəndələrinin dəstəyini qazandığını özünəməxsus KİV-lərdə önə çəkdirir.
Ə.Kərimli tərəfdarları iddia edirlər ki, AXCP-yə etimad qurultayını keçirmiş nurullayevçilər bütün problemləri pulla həll edirlər. Qeyd edirlər ki, Razi tərəfdarları cəmi 5-10 şəxsdir, qalanları müvəqqəti- pulla cəlb edilənlərdir. Əlbəttə, belə ittihamları təsdiq etmək çətindir, çünki Ə.Kərimli tərəfdarları da uzun illər belə ittihamlarla qarşılaşıblar.Onları da tədbirlərinə insanları pulla qatdıqlarına görə tənqid edənlər zaman-zaman çox olub.
Görünən odur ki, nurullayevçilər öz qurultaylarını daha yüksək səviyyədə, daha coşğulu keçirib, cəmiyyətə təqdim edə biliblər. Əvəzində isə Ə.Kərimlinin keçirdiyi qurultayı AXCP-nin tarixindəki ən sönük tədbir kimi qiymətləndirmək daha düzgün olardı. Ə.Kərimli bütün müxalifətə hörmətsizlik nümayiş etdirib, onları qurultaya dəvət etməməsi də unudulan deyil. Bu da onun mənəm-mənəmliklə zəngin xislətini bir daha təsdiq edib. Söylənilənlərə görə Ə.Kərimli illərlə ürəyində gizli saxladığı arzusunu da gerçəkləşdirməyə çox yaxındır. O, AXCP adından birdəfəlik imtina edib, bir zamanlar özünün yaratdığı və illərlə həmin təşkilatın pozuculuq fəaliyyəti nəticəsində AXCP-ni darmadağın etməyə nail olan “Yurd”un adını leqallaşdıra bilər.
R.Nurullayevin parlament seçkilərindən sonra ölkə iqtidarı əleyhinə səsləndirdiyi sərt bəyanatlar ona əlavə dividentlər qazandıra bilib. Sosial şəbəkələrdə də Razi tərəfdarı Kərimovçuları üstələməyə müəyyən qədər nail olmuş kimi görünür. Hal-hazırda R.Nurullayevin yanında olan Ə.Kərimlinin bütün sirlərinə sahib AXCP Təşkilat Şöbəsinin sabiq müdiri Rafiq Daşdəmirovun da sabiq təşkilatı tərəfindən təhlükəli biri kimi qarşılandığı, onun hər an sabiq sədrinin iyrənc oyunlarından söhbət açacağından ehtiyatlandıqları da bəlli olub.
Araşdırmalar bir daha təsdiq edir ki, AXCP-nin düşdüyü acınacaqlı duruma görə məsuliyyət yalnız Əli Kərimlinin üzərində qalır. Kimin qalib, kiminin isə məğlub olacağı artıq məhkəmə çəkişmələrindən sonra bəlli olacaq. Böyük ehtimalla AXCP-ni “titanik” gəmisi kimi batırmağa nail olmuş Kərimli, bu dəfə “Yurd” adlanan kiçik yaxtasında səyahətə çıxmalı olacaq.

Turan Türk

LEAVE A REPLY