Cənubi Azərbaycanda nə baş verir?

0
3

Cənubi Azərbaycanda nə baş verir?

Milli azadlıq hərəkatı, yoxsa İran rejiminin möhkəmlənməsi?

Cənubi Azərbaycanda soydaşlarımızın ayağa qalxıb öz milli haqlarını tələb etməsi bizdə də maraqla izlənilir. Sözsüz ki, milli təəssübkeşlik hissi hər birimizi bu prosesləri dəstəkləməyə sövq edir. Fəqət hadisələrin dərinliyinə nəzər salanda Təbrizdən tutmuş Zəncana qədər coğrafiyanı əhatə edən etiraz dalğalarının səbəbləri barədə birmənalı hökm çıxartmaq çətinləşir.
İlkin görünüşə baxsaq, bu çaxnaşmalar Azərbaycan türklərinin milli heysiyyatlarına toxunan bir televerilişə etirazdan doğub. Məlumata görə, dövlət telekanallarının birində göstərilən bir səhnəcik cənublu qardaşlarımızı tamamilə hövsələdən çıxarmış, onminlərlə əhali etiraz aksiyalarına başlamışdır. İctimai etirazı təlatümə gətirən həmin kadrları izləməsəm də, məzmunu haqqında oxuduğum informasiyalar həqiqətən də narahatçılıq doğuracaq xarakterdədir. Bildirilir ki, uşaqlar üçün nəzərdə tutulmuş “Fitilieh” (farscadan tərcümə: fitil) komediya proqramında belə bir səhnəcik varmış: Azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Uşaq və atasının dialoqu Azərbaycan dilində təqdim olunur.
Əlbəttə, bu qədər mənasız bir süjet xətti və komediya qəhrəmanlarının Azərbaycan dilində danışdırlması ssenarinin yalnız gülüş üçün hazırlanmadığından xəbər verir. Deməli, məqsəd həqiqətən də, İranın çoxluqda olan azlığının milli heysiyyətiylə oynamaq imiş.
Bəs, görəsən, istər iqtisadi, istərsə də sosial cəhətdən olduqca gərgin vəziyyətdə olan İranda bu qədər mənasız komediyanın ictimaiyyətə təqdim edilməsi hansı niyyətdən doğur?

Telekanal bu sualın cavabını verilişi hazırlayanların “səhlənkarlığında” axtarır və günahkarların cəzalandırıldıqlarını bildirir. Bu qədər böyük təlatümlərə yol açan “səhlənkarlığın” cəzası isə töhmət, şiddətli töhmət və bir nəfərin işdən azad edilməsi olub. Təbii ki, cəzanın əmələ adekvat olmaması onun adi bir “səhlənkarlıq” ucbatından baş vermədiyini göstərir.
Bu fakt həm də təxribat xarakterli ssenarinin xarici qüvvələr tərəfindən hazırlanıb ictimaiyyətə təqdim olunmadığını da sübut edir. Əks təqdirdə, adi bir hərəkətə görə müttəhimləri edam hökmünə məhkum edən İranın ədalət sistemi xaricə bağlı qüvvələrin təxribatına seyrçi qalmaz, onları casusluqda ittiham edib ən ağır cəzaya layiq görərdi.

Üstəlik, cənublu qardaşlarımızı təlatümə gətirən veriliş hansısa özəl telekanalın da ağlının məhsulu deyil. Məlumatlardan aydın olur ki, həmin cəfəngiyyat birbaşa dövlət telekanalı vasitəsilə ictimaiyyətə “sırınıb”. İran kimi avtoritar ölkələrdə dövlət telekanallarına təsadüfi, siyasi iradənin nəzarətindən kənar kadrların işə götürülmədiyini nəzərə alanda verilişi hazırlayanların xarici qüvvələrə bağlılığı inandırıcı görünmür.
Ssenari müəlliflərinin hazırladıqları səhnəciyin ciddi narazılıqlara yol açacağını əvvəlcədən proqnozlaşdırmadıqları da inandırıcı deyil. Hər halda buna bənzər bir hadisəsinin 2006-cı ildə böyük iğtişaşlara səbəb olduğu hər kəs tərəfindən bilinir. Xatırlayırsınızsa, həmin vaxt İran jurnallarından birində tarakan karikaturası verilmiş və təsvirdəki həmin həşarat cənublu qardaşlarımızın tez-tez işlətdiyi “nəmənə” sözünü tələffüz edən kimi göstərilmişdi. İranda yaşayan Azərbaycan türkləri həmin karikatura ilə özlərinin tarakana oxşadılmasına etiraz edərək meydanlara tökülmüşdülər. Xeyli insanın həbsi və ölümü bahasına başa gələn həmin təcrübənin üzərindən cəmi 9 il ötür. Təbii ki, bu qısa müddət ərzində sözügedən hadisə unudula bilməzdi.

Onu da nəzərə alaq ki, bu səhnəcik canlı yayımda birdən-birə ortaya çıxmış efir xətası da deyil. Bəlkə də uzun müddət hər detalı düşünülərək hazırlanmış bir videodur. Əlbəttə, həmin video hazırlanarkən, yaradacağı neqativ halların ağla gəlməməsi də mümkün deyil. Deməli, səhnəciyin ssenarisinin özü bir təxribat ssenarisi əsasında hazırlanıb. Dövlət televiziyasında işləyənlərin bu əsas ssenaridən bixəbər olması, əlbbəttə ki, Məlikməmməd nağılından daha az inandırıcıdır.
Bütün bu dəlillərin istisna etdiyi xarici faktor və “səhlənkarlıq” arqumentindən sonra geriyə bir versiya qalır: Cənubi Azərbaycanda təlatümlərə yola açan bu təxribat əməli rəsmi Tehranın özü tərəfindən hazırlanıb və şüurlu şəkildə ixtilaflı vəziyyətə şərait yaratmaq məqsədi güdüb.
O zaman ortaya növbəti sual çıxır: İranın dövlət bütövlüyünü təhdid edən bu təxribat hansı məqsədə qulluq edir?
Zənnimizcə, bu ssenarinin bir neçə səbəbi ola bilər.
İlk səbəb indiki Ruhani hakimiyyətinin zəifləməsinə və ictimai narazılıqlar bəhanəsiylə onun devrilməsinə xidmət edə bilər. Məlum olduğu kimi, geniş ictimai dəstəyə sahib olan Ruhani hakimiyyətinin nüfuzu İrandakı mühafizəkarları qorxudur. Mövcud iqtidarın ölkədə apardığı bir çox islahatlar İran islam inqilabının bir çox prinsipləriylə təzad təşkil edir. Son zamanlar milli azlıqların dil və mədəniyyət nümunələrinə müəyyən imtiyazların verilməsi, bəzi demokratik islahatlar İranın getdikcə sivil bir ölkəyə çevrilməsinə şəarait yaradır. “Altılıqlarla” bağlanan nüvə sazişi və nəticədə iqtisadi sanksiyaların ləğvi də islahatçıların nüfuzunu artırır. Mühafizəkar dindarların sıxışdırılıb tədricən idarəçilik orqanlarından çıxarılmasının qarşısını isə ancaq bir yolla almaq olar – ölkədə nəzarət olunan çaxnaşmalar çıxararaq ordunun siyasi müdaxilələrinə münbit şərait yaratmaq və bunu edərkən də vətəndaş qarşıdurmasından çəkinən xalq kütlələrinin rəğbətini qazanmaq.
Bu mənada Təbriz, Zəncan, Urmiya və sair şəhərlərdə etirazçıların səsləndirdiyi ultra-millətçi şüarlar təsadüfi deyil. Etiraz aksiyalarından çəkilən video-kadrları izləyəndə nümayişçilərin etnik qarşıdurmaları təşviq edən şüarlarını açıq şəkildə izləyə bilirik: “Kim ki bitərəfdir, farsdan da bişərəfdir”, “Təbriz, Bakı, Ankara, biz hara, İran hara?!” kimi.

Nümayiş iştirakçılarının bu səpkili şüarlarla ortaya çıxması əslində mühafizəkar din xadimlərinin də işinə yarayır. Ən azı o səbəbdən ki, dövlət şüuru güclü olan İran əhalisinin əksəriyyəti fars-türk qarşıdurmasındansa, mühazəkar ordu mənsublarının müdaxilələrinə daha çox dəstək verə bilərlər.
Ehtimal olunan digər səbəb Ruhani iqtidarını öz milli azlıq siyasətindən geri çəkilmək məcburiyyətində buraxmaqdır. Sirr deyil ki, indiki hakimiyyət milli azlıqlara, o cümlədən Azərbaycan türklərinə ana dillərində məktəblərin açılması vədiylə seçkilərə qatılmış və bu səbəbdən də xeyli səs qazanmışdı. Hakimiyyət başına gəldikdən sonra onun verdiyi vədləri tam yerinə yetirə bilməsə də, hər halda bəzi addımların atıldığını da etiraf etmək lazımdır. Məsələn, tez-tez Təbriz teatrlarında Üzeyr Hacıbəyovun müxtəlif tamaşalarının səhnəyə qoyulması, Alim Qasımovun İran repertuarı bunun ən bariz sübutlarıdır. Bu cür mədəni əlaqələrin inkişafı Azərbaycanla İran arasındakı münasibətləri yaxşılaşdırdığı kimi, İranda milli şüurun oyanmasına da kömək edir. Görünür, bu tədrici dəyişikliyin qarşısını almaq üçün mühafizəkarlara “milli azadlıqlar İranı parçalaya bilər”bəhanəsi lazımdır və bu səbəbdən də bu süni “təxribatlar” gündəmə gətirildi.
Digər bir ehtimal isə İranda iqtisadi çətinlikdən doğa biləcək sosial partlayışların qarşısını vətəndaşların içində toplanmış mənfi enerjiləri süni yollarla çıxarmaqla almaqdır. Bildiyimiz kimi, İrana qarşı sanksiyaların ləğv edilməsinə baxmayaraq, ölkədə iqtisadi vəziyyətin tam stabilləşdiyini demək də mümkün deyil. Bu addımların bəhrə verməsi üçün Tehrana hələ zaman lazımdır. Üstəlik, neftin qiymətlərinin, hardasa, iki dəfə aşağı enməsi sanksiyaların ləğvinin nəticələrini də sıfıra endirir: İran sankasiyalar zamanı öz potensialının yarısı qədər neft ixrac edə bilirdi. Sanksiyalardan sonra qiymətlərin yarı-yarıya enməsiylə maksimum ixracat imkanı onun neftdən qazanacağı xarici kapital həcmini dəyişməyəcək. Bu da azmış kimi, Yaxın Şərqdə müharibəyə girən İrana əvvəlkindən daha artıq pul lazımdır.
Bütün bu zərurətlər qonşu ölkəni daxildə başlaya biləcək etiraz dalğalarını boğmağa təşviq edir. Bunun üçün isə iki yol var. Bunlardan biri sosial narazılıq kütləsini daxildən parçalamaq, onların bəzilərini dövlətin müqəddəratı faktı qarşısında qoyub geri çəkilmələrinə nail olmaq, bəzilərini isə sərt üsullarla yatırmaqdır. Bir başqa yol isə ölkədə fövqəladə vəziyyət elan etmək və Yaxın Şərq müharibəsinə sürdürməkdir.
Bütün bu arqumentlər İran dövlət televiziyasında bu təxribatçı komediyanın və onun yaratdığı dalğalanmaların təsadüfən ortaya çıxmadığından xəbər verir.

Heydər Oğuz

LEAVE A REPLY