“Burda məsələ bir Eldarla, bir də artıq məsuliyyətə cəlb olumuş bir neçə nəfərlə məhdudlaşmır”

0
4

“Burda məsələ bir Eldarla, bir də artıq məsuliyyətə cəlb olumuş bir neçə nəfərlə məhdudlaşmır”

Əli Ömərov:“Əgər Eldar Mahmudov və ya MTN əməkdaşları bu qədər qanunsuzluqlar eləmişdilərsə, o zaman istintaq hara baxırdı, niyə həqiqəti aşkar eləmirdi?”

“Sabah mənim bu dediklərimi oxuyanların bəziləri, ora-bura “donos” verəcəklər ki, Əli Ömərov dövlətin əleyhinə danışdı”

Ölkənin ictimai-siyasi və mətbu gündəminə bomba kimi düşən “MTN İŞİ”(“Eldargeyt”) ilə bağlı qopan gurultu artıq səngiməkdədi. Bir çox çalarlarınnan gözlənilməz olan bu işin görünən tərəfləri artıq xeyli müzakirə olunsa da, məsələnin, hələlik görünməyən boyutlarının da olduğu şübhə doğurmur. Bəlkə də heç vaxt üzərindəki sirr pərdəsi götürülməyəcək müəmmalarla zəngin olan və dövlətin olan qalan nüfuzunu da yerlə-yeksan edən bu işə, zamanın axarında, soyuq başla baxa bilmək üçün, vaxtilə ölkənin baş prokuroru işləmiş Əli Ömərova üz tutduq.
Əgər söhbət sıradan olmayan və bütün yanları və yönləri ilə dövləti xarakter daşıyan cinayət əməllərindən, az qala hər ötən günündə bir neçə generalın və üst düzey dövlət qulluqçularının həbs olunması ilə müşayiət olunan bir işdən gedirsə, o zaman, baş verənləri həm şərh eləmək, həm də olub-bitənlərə hüquqi qiymət verə bilmək üçün ən uğurlu seçim əlbbəttə sabiq baş prokuror ola bilər, düşüncəsi ilə qapısını döydüyümüz Əli müəllimə bəzü suallar ünvanladıq. Sağ olsun, cənab prokuror bizi əliboş qaytarmadı.
Beləliklə, növbəti müsahibimiz sabiq baş prokuror Əli Ömərovdu.

Sərdar Əlibəyli

[right][/right]
II hissə

– Bəs bütün bu proseslərlə bağlı yurisprudensiya nə deyir, bu cür məsələlərə pratiki hüquq yanaşması necə olmalıdı? Faktiki olaraq dövlətin bel sütunu sayılan bir qrum iflic halına salınıb və bütün mümkün vasitələrlə ictimai rəyin gözündən salınır. İttiham olunan tərəfin indi səsinin boğulması və birtərəfli qaydada əzilməsi, yuyurisprudensiyanın tələblərinə nə qədər uyğundur?

– Yenə də deyim ki, mən burda kiminsə xoşuna gəlib-gəlməmək üçün danışmaq istəmirəm. Siz məndən, peşəkar hüquqşünas kimi, baş verənlərə münasibət soruşursunuz, mən də peşəkar hüquqşünas kimi cavab vermək istəyirəm. Mediaya, mətbuat məlumatlarına diqqət edəndə, adam dəhşətə gəlir. Məsələn, Eldar Mahmudovdan dəfələrlə çox varı, mülkiyyəti, restoranları, şirkətləri, marketləri, bağları, villaları olan yüzlərlə, minlərlə adamlar var. Əgər Bakıdan kənara çıxsanız, Şamaxıdan üzü o tərəfə, ölkənin bütün ərazisi boyu, on minlərlə, dəyəri milyonlarla ölçülən villalara rast gələrsiniz. Maraqlansanız görəcəksiniz ki, həmin villaların əksəriyyəti heç yerdə işləməyən şəxslərin, qaçqın və ya köçkünlərin adına “oformit” olunub. Təbiidir ki bu “oformit”lər böyük bir yalandır. Bir az da aydınlaşdırsanız onu da görəcəksiniz ki, bu respublikada həqiqətən də Eldar Mahmudovdan dəfələrlə varlı olan adamlar var və onların da tam əksəriyyəti, nazirlər, komitə sədrləri, idarə müdirləri, şirkət rəhbərləridirlər. Belə olan təqdirdə, mən elə hesab edirəm ki, yıxılana balta vurmaq düzgün deyil və mənim də təbiətimə o yaraşmır ki, bu gün Eldar Mahmudov yıxılıb deyə, durub onun barəsində ağzıma gələni danışam. Çünki, birincisi, mən hələ də onun fikrini bilmirəm. Onun barəsində səsləndirilən ittihamlar düzgündür, düzgün deyil? Hələ bu barədə də heç bir şey yoxdur və dövlət strukturları da bu barədə səhih olan heç bir rəsmi açıqlama vermirlər. Eldar Mahmudov ölkənin Milli Təhlükəsizlik Nazirliyinə uzun müddət rəhbərlik eləmiş adamdır və ola bilsin ki, onun da əlində ciddi faktlar var. Məsələn, bəlkə də o durub deyəcək ki, burda təkcə mən deyiləm və tutaq ki, filankəslər məndən daha zəngindilər, məndən də çox əmlakları var və o əmlaklar hansı yollarla qazanılıb. Təbiidir ki, bu vəziyyətdə, ilk növbədə onun özünü dinləmək lazımdır. Yalnız bundan sonra ona sual vermək olar ki, bax, sənə bu boyda vəzifə etibar olunub və bu etibardan sui-istifadə edərək, mətbuatda barəsində danışılan əməlləri törətmisənsə, bunu nə məqsədlə, yaxud da niyə eləmisən? Axı, yenə də deyirəm, əgər bu deyilənlər həqiqətən baş veribsə, bu, ölkəyə də, xalqa da, dövlətə də, birbaşa prezidentin özünə də xəyanətdir. Bir də ki, ölkə rəhbərinin də, cəmiyyətin də ən çox inanmalı olduğu orqan Milli Təhlükəsizlik Nazirliyidir. Mən deyərdim ki, bu orqanın adını, Milli yox, Dövlət Milli Təhlükəsizlik Nazirliyi qoymaq daha düzgün olardı. Ona görə ki, bu həm dövlətin, həm də millətin maraqları və təhlükəsizliyi ilə məşğul olmalı olan ən ciddi dövlət qurumudur. Ona görə deyirəm ki, bu məsələləri mediada belə formada təqdim eləmək yox, artıq sabiq nazir olan adamın özündən soruşmaq lazım idi ki, nəyə görə və niyə bu əməlləri törədib? Bəlkə o, bütün bu deyilənləru təkzib edəcək, bəlkə də deyəcək ki, ümumiyyətlə belə şeylər olmayıb. Onun öz fikirlərini bilmədən, mən Eldar Mahmudovun barəsində heç nə danışmaq istəmirəm. Baxın, əsasən mediada vurğulanan nədir? MTN rəhbərinin özünün və məsuliyyətə cəlb edilən əməkdaşlarının barəsində, daha çox iqtisadi anlam daşıyan əməllərdən, vardan, variyətdən, villalardan, obyekt və digər mülklərdən, tikililərdən söhbət gedir. Dediyim kimi, mülklərinin sayı da, varı-variəti də Eldar Mahmudovun mal-mülkünnən qat-qat artıq malı-mülkü, pulu-parası olan minlərlə adamlar var bu ölkədə. Təbiidir ki, bunların heç biri həqiqi zəhmətlə qazanılan halal pulla alınan, tikilən şeylər deyil. Tutaq ki bir nazirin maaşı olsun, üç min, lap beş min manat, axı, bununla o boyda var-dövləti əldə eləmək olmaz. Yəni, burda villaları, astronimik rəqəmlərlə ölçülən var-dövləti olan nazir, komitə sədri, ya da iriçaplı dövlət məmuru təkcə Eldar Mahmudov deyil ki. Bir də, əgər mən burada bir hüquqşünas kimi danışıramsa, onda sizə bir məsələni də tam ciddiyyəti ilə demək istəyirəm. Tutaq ki, Eldar Mahmudov haqqında deyilənlərin hamısı düzdür. O zaman mən də soruşuram ki, necə yəni, Eldar Mahmudov bu ölkədə həm hakimdir, həm prokurordur, hən milli təhlükəsizlik naziridi, həm də bu ölkənin yiyəsidir ki, bütün o işlərin hamısını təkbaşına görə bilə? Əgər Eldar Mahmudov və ya MTN əməkdaşları bu qədər qanunsuzluqlar eləmişdilərsə, o zaman istintaq hara baxırdı, niyə həqiqəti aşkar eləmirdi? MTN-dən gələn ittihamnamələri təsdiq edən prokurorlar var və işdə cinayət tərkibi yox idisə, həmin ittihamnamə necə təsdiq edilirdi? Bundan savayı, həmin işlər üzrə hökm çıxaran hakimlər var. Yenə də sual edirəm ki, əgər burda cinayət yox idisə, niyə, nəyin əsasında, yaxud da, nəyə görə hökmlər çıxarırdılar. İndi belə çıxır ki, həmin işlər ciddi şəkildə yoxlanılsa və mətbuatda barəsində yazılan adamların hamısı bəraət alıb çıxsalar, həmin işlərdə ittihamı müdafiə edən prokurorlar da, hökmləri verən hakimlər də, hətta ilkin istintaqı aparan müstəntiqlər də dərhal məsuliyyətə cəlb olunmalıdırlar. Yəni burda məsələ bir Eldarla, bir də artıq məsuliyyətə cəlb olumuş bir neçə nəfərlə məhdudlaşmır axı. Əgər MTN-in rəhbərliyində olan şəxslər, tutaq ki, insanları heç bir əsas olmadan qanunsuz şəkildə tutub, onlardan pul alırdılarsa, bəs digər hüquq-mühafizə orqanlarının başçıları hara baxırdılar, axı onlar heç bir tərəfdən nə bunların nazirinə, nə də digər işçilərinə tabe deyillər və istənilən halda, nazirin özü barəsində də, o nazirliyin bütün əməkdaşları barəsində də ölçü götürə bilərlər. Vaxtında o biri orqanlar bu məsələləri ayırd edərək, prezidentə məruzə eləsəydilər ki, MTN-də belə şeylər baş verir, təbiidir ki, ölkə başçısı da vaxtında tədbir görərdi. Axı, prezident nə hüquqşünasdır, nə də istintaqla məşğul olur. Düzdür, MTN prezidentin də, digər rəhbər strukturlatın da inandığı, inanmalı olduğu bir orqandır. Bu mənada onların bütün məruzələrinə ölkə başçısı inanır. Amma, bir halda ki, vəziyyət beləydi, o biri orqanlar hara baxırdılar və niyə vaxtında prezidenti məlumatlandırmayıblar, ya da bunu bilərəkdən etməyiblər. Niyə bunların bircəciyi, tutaq ki, vəzifəcə Eldar Mahmudova bərabər olan nazirlər, idarə rəisləri, komitə sədrləri va sairlər niyə prezidentə məruzə eləmirdilər ki, belə bir qanunsuz haqq-hesab var, respublikada bu cür ədalətsizlik hökm sürür və bunun qarşısını almaq lazımdır. Amma görünəni odur ki, hamısı susublar və hesab edin ki, ixtiyari bir MTN əməkdaşının əsaslı, ya da əsassız olaraq tutub gətirdiyi istənilən vətəndaşı hamısı suçlu bilib, hamısı da o qənaətə gəliblər ki, vətəndaş günahkardır və eləcə də istintaq ediblər, məhkəməyə veriblər, günahkar çıxarıblar. Yəni burda bütün işlər birtərəfli gedib. Mən hər bir insanın müqəddəratını dövlətin müqqəddəratı ilə eyni tuturam. Əgər MTN əməkdaşları dövlətə xəyanət edərək, yalan informasiyalar, yalan məlumatlar veriblərsə, insanları yalandan həbsxanalara salmaqla onların müqəddəratı ilə oynayıblarsa, demək həm də dövlətin müqəddəratına xəyanətkarcasına yanaşıblar. O baxımdan demək istədiyim odur ki, bu işlərlə əlaqəli olan bütün orqanlar, idarə və müəssisələr, bu işlərlə məşğul olmuş nə qədər təşkilat və komitələr, nazirliklər, prokururluq orqanları və məhkəmələr varsa, hamısı ciddi şəkildə cavab verməli, məsuliyyət daşımalıdırlar. Yəni burda təkcə Eldar Mahmudovdan və bir neçə MTN əməkdaşından danışmaq doğru deyil. Bəs o biri orqanlar və dövlət görəvi daşıyan adamlar hara baxıblar? Mənim fikrim belədi və hesab edirəm ki, gələcəkdə də belə hallarla üzləşməmək üçün ciddi addımlar atılmalı, kimliyindən asılı olmayaraq, heç kim məsuliyyətdən kənarda qalmamalıdır.

– Əli müəllim, bu arada “Texnikabank”ın rəhbəri Etibar Əliyev məhkəməsi gedə-gedə, birbaşa müttəhim kürsüsündən öz əvvəlki işinə qaytarıldı. Yenə də, bir peşəkar hüquqşünas kimi, deyin, belə bir şey necə ola bilər ki, adamın Ağır Cinayətlər Məhkəməsində işi getdiyi halda, onu kameradan bir başa bank rəhbərliyinə necə gətirsinlər və bu zaman məhkəmənin hər hansı qərar verməsi də məlum deyil. Adam da birbaşa efirə çıxıb başqaları barəsində ittihamlar irəli sürsün.

– Vallah, mən belə şeyləri birinci dəfədir ki, sizdən eşidirəm. Əgər doğrudan da belə bir şey baş veribsə, bu, ciddi qanun pozuntusudur. Ağır cinayətdə ittiham olunan adamı, məhkəmədə bəraət almamış, gətirib hansısa vəzifəyə oturtmağın necə mümkün olduğunu, ola biləcəyini, açığı mən bilmirəm. Baxın, mən sizə bir şey deyim. Hansısa bir şəxsi, orqanlara işə götürəndə, onun əsil-nəcabətini yoxlayırlar, bütün yaxın-uzaq çevrəsini ələk-vələk eliyirlər. O zaman, necə ola bilir ki, ağır cinayət ittihamı ilə həbsxanaya düşmüş bir adamı, məhkəmə bitmədən, bəraət hökmü olmadan, çıxarıb məsul vəzifəyə qoyurlar? Bunun özü də, elə qanunsuzluq deməkdi. Bəs bu haqda müvafiq orqanlar niyə həyəcan təbili çalmırlar? Bütün bunlara baxanda, elə çıxır ki, bütün bu nazirliklərin, şirkətlərin, komitələrin hamısı bir-biri ilə əlaqədardılar. O gün bir sahibkar televizorda danışırdı ki, məndən filan qədər pul alandan sonra dedilər ki, məhkəmədə sənə həbslə əlaqədar olmayan cəza verəcəklər. Doğrudan da məhkəmədə ona elə bir cəza kəsiblər. Amma, əgər bu şəxs, onun ayağına yazılan cinayəti törətmişdisə, niyə məhkəmədə ona şərti cəza verirdilər? Əgər cinayət yox idisə, niyə ona bəraət verib, bu işi görənlərin məsuləyyətə cəlb edilməsini təmin eləmirdilər? Bu neçə illərdə mən Azərbaycanda kiməsə bəraət hökmü verildiyini də eşitməmişəm. Mən də bu sistemdə işləmişəm və o zaman, bəraət hökmü də olurdu, Cinayət Məcəlləsinə müvafiq cəzalar da verilirdi. Mən baş prokuror olanda Daxili İşlər nazirinə cinayət işi açmışdım. Dediyim kimi, son vaxlar heç görmürəm ki, kimsə məhkəmədən bəraət alsın. Soruşuram, deyirlər ki, əgər kiminsə haqqında, doğru-yanlış, cinayət işi başlandısa, o adamın taleyi qaraldı və mütləq məhkəmədə məhkum olunmalıdır. Bu nə deməkdir? Belə şeylər qeyri-qanuni şeylərdir və mən belə şeylərə heç vaxt dözməmişəm, işlədiyim müddətdə də, heç vaxt yol verməmişəm. Indi baş verənlər barəsində isə dəqiq bir rəy verə bilmək üçün, hər şey tam ciddiyyəti ilə araşdırılaraq aydınlığa çıxarılmalıdır. Baxın, mən indi burda, sadəcə qanunun tələbləridən danışıram. Amma, təəssüf ki, sabah mənim bu dediklərimi oxuyanların bəziləri, ora-bura “donos” verəcəklər ki, Əli Ömərov dövlətin əleyhinə danışdı, və sair. Amma gəlin görək, Əli Ömərovun indi dedikləri daha çox dövlətə xidmətdir, yoxsa bu yalançı vətənpərvərlərin dedikləri. Mən dövlətimizin çiçəklənməsi üçün hər şeyin həqiqətə söykənməsini və hüquqa uyğun olmasını istəyirəm. İndi mən həmin o adamlardan soruşuram, tutaq ki, bir nazirin, bir yerdə, uzağı iki yerdə yaxşı evi ola bilər. Hər bir rayonda, respublikanın dincəlməli, istirahət olunmalı bütün bölgələrində bütün nazirlərin, qiyməti milyonlarla ölçülən, bir yox, bir neçə villası, obyektləri, restoran və ticarət mərkəzləri varsa, bunlar əhalini, camaatı, dövlətə, ölkənin başçısına rəğbətəmi, yoxsa nifrətəmi səsləyirlər? Mən bütün bunları başa düşmürəm və bu da nəticə etibarı ilə, ölkədə narazılıqların artmasına gətirib çıxarır. Mən də deyirəm ki, bu şeylər olmasa, dövlətə də, dövlətin rəhbərinə də hamının hüsnü-rəğbəti artar və möhkəmlənər. Amma, görürsünüzmü, prezidentin etibar elədiyi adamlar öz hərəkətləri ilə nə hoqqalardan çıxırlar.

– Bəs seçkidən ağlınız nə kəsdi, belə seçki olurmu?

– Vallah mən bilmirəm, yaxından maraqlanmamışam, gedib səsimi verib qayıtmaqdan savayı da, hər hansı formada seçkidə iştirakım olmayıb. Ona görə də seçki barəsində heç nə deyə bilmərəm. Mən elə bir adamam ki, dəqiq bilmədiyim şey barəsində heç vaxt danışmaram. Hesab edirəm ki, nə haqdasa danışan adamlar, kimliyindən, vəzifəli-vəzifəsiz olmasından asılı olmayaraq, qanuna, haqqa söykənən, hüquqa istinad edən sözlər danışmalıdırlar. Baxın, mən yenə əvvəlki mövzuya qayıdaraq deyirəm ki, yaxşı, Eldar Mahmudovun idarəsində baş vermiş qanunsuzluqların hamısı, əvvəlindən sonuna qədər, yalnız MTN-dəmi həll olunurdu? Təbii ki, bu məsələlər prokurorluğa da, məhkəməyə də, bəzi hallarda DİN-ə də, ayrı-ayrı dövlət orqanlarına da gedib çıxırdı. O zaman bu orqanlar və orda dövlət adına görəv sahibi olan insanlar niyə gərəyi olan işləri görərək, müvafiq tədbirlər görməyiblər. Demək belə çıxır ki, MTN rəhbəri bu ölkənin həm prokuroru, həm Daxili İşlər naziri, həm məhkəməsi olub, həm də ölkəyə birbaşa rəhbərliyi həyata keçirib? Ona görə də, hər şey aydınlaşmalı və hər kəs də tutduğu vəzifənin müqabilində məsuliyyətini daşımalı, cavab verməlidir. Seçki məsələsi də onu kimi. Qəzetlər, sosial şəbəkələr elə şeylər yazırlar ki, vallah adam deməyə söz belə tapmır. Əgər bu deyilənlər və yazılanlar da MTN haaqında yazılanlar kimi, nə vaxtsa ortaya həqiqət formasında çıxacaqsa, bilmirəm nələr olacaq. Ona görə də, bayaq dediyim kimi, bütün işlər hüquqa və həqiqətə söykənməlidir ki, sonradan dövlətin və xalqın başağrısına çevrilməsin. Bu cür əməlləri törədənlərin isə məqsədi, dövlətə də, ölkə rəhbərinə də rəğbət yox, nifrət qazandırmaqdı. Mənim şəxsi qənaətlərin də bu yondədi.

SON

LEAVE A REPLY