Zaur Muradxanlı
Türkiyədən gözlənilməz seçim sonucu…
Bundan sonra nələr olacaq?
Nəhayət qardaş Türkiyədə 1 Noyabr növbədənkənar parlament seçkiləri baş tutdu. Müxalifət partiyalarının seçki kampaniyası dönəmində passivliyi, düzgün taktika mənimsəməkdə aciz qalmaları və digər səbəblər onların ciddi miqdarda səs itkisi yaşamalarına, ən azından səslərini artıra bilməmələrinə səbəb oldu. Belə ki, keçən dönəm məclisdə təmsil olunan müxalifət partiyalarından sadəcə Cümhuriyyət Xalq Partiyası səslərini nisbətən qoruyaraq elə keçən seçkilərdə olduğu kimi 25 faizdə qaldı. Milliyətçi Hərəkat partiyası 4 faizlik bir geriləmə ilə 12 faizə, Xalqların Demokratiyası Partiyası isə 2 faiz səs itkisi ilə 11 faizə gerilədi. Lakin bu itki HDP-nin millət vəkili mandatı uğrundakı mübarizədə daha az səs toplamasına rəğmən, MHP-dən on səkkiz millət vəkili artıq çıxarmasına əngəl törədə bilmədi. Çünki HDP millət vəkillərinin böyük əksəriyyətini Şərqi və Cənub Şərqi Anadoludan çıxardığından bu bölgədə çıxan millət vəkilləri ölkənin Qərb bölgələrinə nisbətən o qədər də çox seçici kütləsi arasından seçilmirlər.
Hakim Ədalət və İnkişaf Partiyası isə sabitlik vəd edərək gözlənilməz bir şəkildə səslərini artırdı tarixində ən yüksək faizlə 49 faizlik nisbətlə qalibiyyətini elan etdi və dördüncü dəfə ölkəni təkbaşına idarə etməyə haqq qazandı. Doğrudur, bu nəticələr hələ yekun deyil, amma Yüksək Seçim Qurumu yaxın günlərdə səsvermə nəticələrinin rəsmi olaraq açıqlayacaq.
Doğrudur, nə Türkiyədə, nə də dünya ictimaiyyətində kimsə rəsmi olmayan nəticələrlə rəsmi nəticələr arasında ciddi fərq olacağını gözləmir. Məclisdə təmsil olunacaq partiyaların dördü də müxtəlif bölgələrdəki səsvermə nəticələrinə etiraz etsələr də son qərar yüksək seçim qurumuna aiddir. Belə ki, bu qurum yeddi noyabradək şikayətləri qəbul etdikdən sonra bir həftə müddətində bütün şikayətləri araşdıracaq və ən gec on dörd noyabrda rəsmi nəticələri açıqlayacaq ki, bundan sonra da məclis başqanı seçimi və hökumət qurma görüşmələri başlayacaqdır. Bu dəfə məclis başqanı seçimi daha rahat keçəcək, belə ki, toplamda iki yüz otuz üçdə qalan müxalifət tərəfi istənilən halda məclis başqanı seçimlərini ən gec üçüncü tura qədər gecikdirə biləcək, ayrıca azlıqda olmaları onlara digər məclis daxili fəaliyyətlərində də əngəllər törədəcəkdir. Belə ki, AKP-nin sadəcə konistitusiya deyişikliyi və əhv qanunlarında müxalifətin yardımına ehtiyacı olacaq. Qalan digər qanunvericilik fəaliyyətlərini isə sərbəst şəkildə yerinə yetirə biləcəklər.
Seçkilərdən mütləq qalibiyyətlə çıxan Ədalət və İnkişaf Partiyası artıq Türkiyə Böyük Millət Məclisində 317 yerlə təmsil olunacaq ki, bu yerlərin də 316-nı seçki sonuclarına görə əldə edib, digər bir vəkil isə Milliyətçi Hərəkat Partiyası sıralarından Ədalət və İnkişaf Partiyasına keçən MHP Manisa millət vəkilidir.
Seçkilərdən dərhal sonra bəyanat verən Ədalət və inkişaf partiyasının yeni seçilmiş millət vəkilləri seçim vədlərinin sadəcə vəd olaraq qalacağını göstərdilər. Məsələn, seçki kampaniyası dönəmində mitinqlərdə bəyanat verən partiya sədri Əhməd Davudoğlu minimum əmək haqqının min üç yüz lirəyə qaldırılacağını bildirmişdi. Seçkilərin ertəsi günü isə bəyanat verən üç dönəmliklərdən yenicə seçilmiş millət vəkili Əli Babacan minimum əmək haqqının artırılmasının gündəmlərində olmadığını bildirdi. Bütün bunlar demokratiya və seçki kampaniyasının bir aldatmacadan başqa bir şey olmadığının isbatı deyilmi? Əlbəttə ki, belədir.
Elə götürək, seçkilərdən dərhal sonra prezident Rəcəb Tayyib Ərdoğanın İstanbulun mərkəzi məscidlərindən birinə gedərək şükür namazı qılmasını. İstər-istəməz insanın ağlına belə bir sual gəlməzmi ki, seçkinin provakativ hadisələrdən uzaq keçdiyinə görə Ərdoğan namaza gedirsə, o zaman yeddi iyun seçimlərindən sonra niyə şükür namazı qılmadı? Demək ki, məsələ bununla bağlı deyil, sadəcə indiki seçkilərdən sonra AKP-nin təkbaşına iqtidar olmağı qarantiya altına alması AKP-liləri xeyli rahatlatmışdır. Elə təsadüfi deyil ki, bu partiyanın yüksək çinli təmsilçiləri seçki nəticələrini dəyərləndirərkən verdikləri bəyanatlarda artıq qan və göz yaşının bitəcəyini, ölkəyə huzur gələcəyini bildirirlər. Elə bu zaman da şeytan insanın beyninə bir sualı gətirib soxmadan dura bilmir: yeddi iyun seçkilərindən sonra verilən şəhidlər, həyatından olan günahsız insanlar və öldürülən terroristlərlə birlikdə toplamda iki min beş yüzdən artıq Türkiyə vətəndaşının qanının axması vətəndaşların qeyri-stabil durumdansa terrorun olmadığı, amma yoxsulluq və korrupsiyanın baş alıb getdiyi Türkiyəni seçmələri üçünmüydü? Axı, iyunun iyirmisindən sonra antiterror əməliyyatları başlandığında elə prezident Rəcəb Tayyib Ərdoğan da bəyanatlarının birində PKK-nın Oslo sürəcindən istifadə edərək minlərlə təssübkeş və bilavasitə terrorçu topladığını, bu insanları terror düşərgələrinə apararaq silah və partlayıcılar barədə təlimlər keçdiyini, habelə müxtəlif yerlərdə yaratdıqları sığınacaq və anbarlara tonlarla partlayıcı, müxtəlif növ və təyinatlı silah-sursat topladıqlarını, ən pisi isə dövlətin xəfiyyə orqanlarının bütün bunları bildiyini, amma “Çözüm sürəci”nə zərər gəlməsin deyə müdaxilə etmədiyini bildirmişdi. Amma o zaman kimsə çıxıb Ərdoğana cənab prezident, bütün bunları bildiyiniz halda müdaxilə etməmisinizsə, o zaman bu gün axan qanın cavabdehlərindən biri də sizsiniz deyə soruşma cəsarəti göstərə bilməmişdi. Axı, beynəlxalq hüquq qaydalarına görə insanlar sadəcə hərəkətə görə məsuliyyət daşımırlar, bir də hərəkətsizliyə görə məsuliyyət daşımaq var ki, bunu da ən adi hüquq qaydalarından xəbərdar olan hər kəs mütləq bilir. Amma yenə də hər kəs bilir ki, güclülər heç vaxt mühakimə olunmurlar.
Yenə də seçki nəticələrinə qayıdaq. Bu nəticələrdən danışarkən yuxarıda gözlənilməz deyə bəhs etmişdim. Ona görə gözlənilməz deyə bəhs etmişdim ki, AKP-nin son dönəmlərdə əndazəsindən çıxan təzyiqkar və təhdidkar hərəkətləri, İpək holdinqin iki telekanalına seçimlərə sadəcə bir neçə gün qalmış həbs qoyulması, Doğan holdinq başqanı Aydın Doğanın və şirkətinin hədəf göstərilərək Doğan media qrupun təzyiq altına alınması, üstəlik ölkədə baş alıb gedən terror dalğası, hər gün şəhid xəbərləri və türk lirəsinin xarici valyuta qarşısında sürətlə dəyərini itirməsi və bunun fonunda da əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və digər səbəblər üzündən sadəcə mən deyil, kimsə Ədalət və İnkişaf Partiyasının bu qədər yüksək səs toplayacağını gözləmirdi. Əgər belə olmasaydı, misal üçün, elə Bilal Ərdoğan bəyanatında AKP-nin seçkilərdən bu qədər inamlı zəfərlə çıxacağına təəccübləndiyini etiraf etməzdi.
AKP insanlara “bizi təkbaşına iqtidara gətirin, sizə sabitlik gətirək” deyə vəd verərkən müxalifət partiyaları, məsələn, konkret götürsək elə MHP isə hər hansı vəd vermək yerinə birbaşa rəqiblərini hədəf göstərməyə, ölkədə baş verən siyasi təlatüm və iqtisadi böhrana görə AKP-ni günahlandırır, lakin onları günahlandırırkən də özləri hakimiyyətə gəlsələr hansı tədbirləri görəcəklərini bildirmirdilər. Bütün bunlar da əlbəttə ki, seçicinin gözlərindən yayınmır və seçici də konkret olaraq hansısa işləri görəcəyini vəd edən insanlara və ya partiyaya səs verməyi seçir. Necə ki, son seçkilərdə də belə oldu.
Türkiyədə seçkilər bitər-bitməz təkpartiyalı hakimiyyət olacağının anlaşılması həftənin ilk iş günündən etibarən birjalara öz müsbət təsirini göstərib. Belə ki, İstanbul birjası dəyərləri yüksəlib və türk lirəsi beynəlxalq valyutalar qarşısında möhkəmlənməyə başlayıb.
Bütün bunlar əlbəttə sadə vətəndaşların gündəlik keçim sıxıntılarına da birbaşa təsir edir. Lirənin beynəlxalq valyuta qarşısında dəyər qazanması ciddi miqdarda idxalatçı olan Türkiyənin xüsusən enerji sektorundakı bahalılığı az da olsa yüngülləşdirməyə imkan verəcəkdir. Ayrıca bu sadəcə enerji sektoru ilə də bağlı qalmayaraq həyatın istənilən sahəsinə təsir edəcəkdir. Çünki indiki dövrdə həyatın hansısa tərəfini enerjisiz təsəvvür etmək mümkün deyil.
Bu ayın sonlarına doğru yeni qurulacaq hökumətin parlamentdə etimat səsverməsindən keçərək vəzifəsinə başlayacağı gözlənilməkdədir. Yeni hökumətin həm Türkiyəyə, həm də bölgəmizə xeyirli-uğurlu olmasını diləyirəm.