Müxalifətin növbəti seçki fiaskosu…
Acı məğlubiyyətin günahı kimdə?
Noyabrın 1-də keçirilmiş parlament seçkilərində baş verən qanunsuzluqların şahidi olsam da, bu barədə söhbət açmaq marağında deyiləm. Çünki baş verə biləcəkləri öncədən görmüş və təxminən 3 ay əvvəl təklif vermişdik ki, seçki təxirə salınmalıdır. Bunu o zaman etmişdik ki, radikal, konstruktiv, liberal və bir çox yönümlü müxalifət nümayəndələri ayrı-ayrılıqda mandat “axtarışı”na üz qoymuşdu.
İqtidarla dialoqa getmiş bəzi partiya sədrləri artıq özlərini parlament kürsülərində oturmuş kimi hiss edirdi. İddiası imkanından çox-çox böyük görünən Əli Kərimli-Cəmil Həsənli tandeminin “Milli Şura”sı isə, fəaliyyətlərini yalnız digərlərinə atmacalar yağdırmaq üzərində qurmuşdu. Yəni, daha öncədən paralanmış, yaralanmış, yağmalanmış müxalifətin uğur qazanacağına inanmadığımızdan seçkinin təxirə salınıb, bir-neçə aylıq “taym-aut”-un tərəfdarı olduğumuzu bəyan etmişdik.
Yalnız seçkidən-seçkiyə qış yuxusundan ayılmış “ayı”lar kimi “yem” üstündə çarpışmağı lazım bilən ənənəvi müxalifət liderləri saysız-hesabsız, anlaşılmayan təkliflərlə gündəmdə qalmaq istəklərini gizlətmirdilər. Bu gün ümidlərini Arazın “bulanıq suları” yuyub aparmış baş Ümidçi İqbal Ağazadənin halına acımamaq olmur. Bəli, qəfil gələn “araz seli” İqbalın deputatlıq iqbalının üstündə “dəryada balıq sevdası” adlanan yanıqlı yeni muğamlarıın əsasını qoydu. İndi, sosial-demokrat Araz Əlizadə itdən, sümükdən söhbət açıb, sümüklü mizrabı telə elə vurur ki, ümidçilər səslənən qarmaqarışıq “musiqi”dən qulaqlarını tutmaqdan savayı yol tapa bilmirlər. Dözmək zorundadırlar…
Tam seçki ərəfəsində müqəddəs torpağımız Qarabağın adına yaratdıqları seçki blokunun üstündən qara xətt çəkən İ.Ağazadə olmadımı? Əlbəttə, onun gözlənilməz addımı ADP sədri Sərdar Cəlaloğluna təsir etməliydi. Nəinki Sərdar bəyə, bütün müxalifət cameəsi cənab İ.Ağazadənin gözlənilməz manevrindən şok yaşadı. Bax, budur onlar!İllərdir arxalarınca ümidlərlə yürüdüyümüz müxalifətin xisləti budur.
Xatırlayırsınızsa, seçki ili başlar-başlamaz “ana-ata” müxalifət sayılan AXCP və Müsavat bir-birilərini yıxıb-sürüməyə start verdi. Səbəbsiz deyildi… Onların sükanları daima başqa əllərdə olduğundan, istənilən an sükan sağa da, sola da çevrilə bilir. Düz 22 ildir ki, həmin təşkilatların bir-birinə bənzər, cılız oyunlarını seyr etməkdəyik. Əslində həm AXCP, həm də ki, Müsavat artıq siyasi partiyadan daha çox məhəlli dərnəkləri xatırladır. Dərnəklərin böyük uğurlara imza ata bilmələri üçün isə, rəhmətlik Əbülfəz Elçibəyin təbirincə söyləsək, “zamana ehtiyacı var”.
Növbəti 5 ildə parlamentimiz şənlikli olacaq…
Seçki öncəsi Pənah Hüseynin, İqbal Ağazadənin və digər siyasi “şoumen”lərin bizlərə yaşatdığı xoş, ümidverici anlar artıq arxada qaldı. Guya, onlar mandat qazansaydılar belə, nə dəyişəcəkdi ki? Onların da millətə vəkilliklərindən xəbərdar olduğum üçün bu qənaətdəyəm. Əli Məsimli, Vahid Əhmədov, Qüdrət Həsənquliyev və digər bir-neçə deputatdan savayı Milli Məclisdə ölkənin qlobal problemlərindən söhbət açan kimsəni görmədik. Əvəzində İ.Ağazadənin və bir çox parlamentarilərimizin biznes şəbəkələri böyüdü, yaraşıqlı villaları, qiymətli avtomobilləri göz oxşadı.
Xanım müğənnimiz Elza Seyidcahanda da millətə vəkillik etmək həvəsi oyandı. Etiraf etmək lazımdır ki, müğənni xanım bir çoxlarından uğurlu seçki kampaniyası da apardı. Sadəci qutuya “girməyi” bacardısa da, çıxmağın yolunu tapa bilmədi.
Narahatlığa əsas yoxdur… Əvəzində daha nüfuzlu müğənnimiz, korifey sənətkar olduğuna kimsənin şübhə etmədiyi Zeynəb Xanlarovanı növbəti dəfə Milli Məclisdə görə bilmək şərəfinə nail olduq. Milli Məclisimizin ağbirçəyi-79 yaşlı Zeynəb xanım, hətta yeni çağırış Milli Məclisin açılışına sədrlik də edəcək. Ola bilsin ki, belə bir xoşbəxtlik anı yaşamaq imkanı əldə etmiş Zeynəb xanım, Oqtay Əsədovun möhtəşəm kürsüsündən “dünyanın xoşbəxti mənəm dünyada” sədalarını ucaltsın…
Milli Dirçəliş Hərəkatı Partiyası da Fərəc Quliyevin timsalında növbəti dəfə boy atıb, dirçələ bildi. Əslində, bu digər müxalifətçilərə ciddi bir mesaj oldu. Yəni, müxalifət lideri millət vəkili olmaq istəyirsə, öncə şəhərin mərkəzində-“Torqovı” adlanan məkanda dəbdəbəli mənzilə, Nərimanov rayonu ərazisində şəxsi ofisə, marketə, “Nikoyl” bankda paya, Sumqayıt və digər şəhərlərdə biznes sahələrinə malik olmalıdır. Dirçəldikcə, biznes şəbəkəsini ölkədən kənara, xüsusilə Rusiyaya qədər uzada bilərsən. Yoxsa, İ.Ağazadə kimi təkcə Xətai rayonunda biznesi inkişaf etdirmək yetərli olmayacaq. Şüşə sexinin də düşər-düşməzi olar. Şüşədir də, bəzən sınıb, xəyal qırıqlığı da yarada bilir. Mən, heç təzə gəlinlərin ayağının altında şüşə və ya saxsı qabların sındırılmasıyla razı olmamışam. Əgər, sındırılmış boşqab, bokal və s. kimi şüşə qablar xoşbəxtlik rəmzi sayılsaydı, onda dağılmış ailələrin sayı gündən-günə artardımı?
Ola bilsin ki, yazım bir çoxları tərəfindən qeyri-ciddi qarşılanacaq. Olsun, ancaq ölkə müxalifəti öz-özünü çoxdan qeyri-ciddi duruma salmasaydı, belə mövzuya zaman sərf etməyəcəkdim.Vəziyyət xoşagələn deyil, arxadaşlar! Tökün, bu daşlaşmış təkəbbürünüzü, iddianızı ətəyinizdən!
Seçki uğursuzluğunda nə YAP-ı, nədə ki, qutudan çıxmağı bacaran rəqiblərinizi günahlandırmayın! Günah sizdə!!! Ölkənin siyasi arenasını oyunbazlıq meydanına çevirməyinizlə məğlubiyyəti haqq etdiniz! İndi, görək, neçəniz uğursuzluğunuza rəğmən başqanlıqdan, sədrlikdən istefa verəcəksiniz və ya başarmadığınız işin “qulp”undan yapışdığınızı etiraf edib, biryolluq siyasətdən çəkiləcəksiniz?!
Milli Məclisə hörmətim çoxdan azalıb. Spiker O.Əsədovun Eldar Mahmudovu təbrik etmək üçün MTN-ə getməsi barədə informasiyanı eşitdiyim gündən… Elə həmin səbəbdən də, cənab O.Əsədovla hər gün görüşmək istəmədiyimdən deputat olmaq istəyimdən vaz keçdim.
Sonda onu da etiraf etmək istəyirəm ki, müşahidələrim ölkədə seçki adına bir şey keçirilmədiyini təsdiq etdi. Bu isə, yaxın gələcəyimizə yaxşı heç nə vəd etmir. Necə deyərlər, məndən söyləmək…
Turan Türk