Miomalar, fibromalar nədən yaranır?

0
4

Miomalar, fibromalar nədən yaranır?

I söhbət

Oxucularımız Həyat xanım və Nəcibə xanım fibromiomalar haqda məlumat verməyimizi istəmişdilər. Biz də onların istəyini nəzərə alaraq qadınlar arasında geniş yayılmış fibromiomaların yaranma səbəbləri, yayılma xüsusiyyətləri, müayinə və müalicəsi, həmçinin türkəçarə vasitəsilə bu xəstəlikləri dəf etməyin yolları barədə danışmağı qərara aldıq.

Öncə baxaq görək mioma nədir?
Hə, əziz xanımlar, bilin ki, uşaqlığın mioması – uşaqlığın divarından, yetişməmiş miositlərindən inkişaf edən xoşxassəli şişdir. Bu törəmələrin sayı bir və daha çox ola bilir. Ölçüləri dəyişkəndir: düyü boyda da ola bilir, qreypfrut (sitrus meyvəsidir) boyda da. Mioma ya uşaqlığın divarında yerləşir, yaxud nazik ayaqcıqla kənara çıxır. Mioma böyüyüb ətraf toxumaları sıxmadıqca simptomsuz olur, yəni heç bir əlamətlə özünü büruzə vermir. Ayaqcıq üzərində olan miomalar bəzən burulur, bu zaman əmələ gələn düyünə qan getmir, nəticədə təcili cərrahi əməliyyat tələb edən kəskin ağrılar başlayır.
Bu xəstəlik qadınları cavan yaşda yaxalayır. Miomalara adətən 30-45 yaşlarında rast gəlinir, menopauza dövründə isə onlar kiçilə, bəzən yoxa çıxa bilirlər. Təbiətən xoşxassəli şişlər olan miomalar nadir hallarda bədləşir. Ancaq bir incəliyi nəzərdən qaçırmaq olmaz: böyük miomalar yalançı hamiləliyə və yaxud sonsuzluğa səbəb ola bilirlər! Buna görə də çox diqqətli olmaq lazımdır.
Uşaqlığın mioması öz strukturunda birləşdirici toxuma və qan damarlarının olduğu əzələ toxumasından inkişaf edir, ona görə də parenximanın (əzələ toxuması) və stromanın (birləşdirici toxuma) bir-birinə olan nisbəti nəzərə alınaraq müxtəlif cür adlandırılır: mioma, fibroma, fibromioma, leyomioma.
Dünya miqyasında qadınları narahat edən bu problem tibb elminin diqqət mərkəzindədir. Alimlər durmadan araşdırmalar aparır və zərif cinsin nümayəndələrinin sağlamlığını qorumaq üçün yeni-yeni çarələr tapırlar. Tədqiqatların nəticəsi uşaqlığın fibromiomasına məxsus aşağıdakı xarakterik xüsusiyyətləri aşkara çıxarıb:
Uşaqlığın mioması qadınlar arasında, xüsusilə gecikmiş reproduktiv dövrlərdə (35-45 yaş) və premenopauzal dövrlərdə (46-55 yaş) ən geniş yayılmış şişdir;
Bu şişlər menopauza dövründə inkişaf da edə bilər, kiçilə də bilər, hətta tamamilə yox ola da bilər (təbii və süni yolla);
Fibromioma uzun müddət stabil ölçülərini saxlamağa qadirdir; həmçinin ləng və ya sürətli inkişaf edə, hətta olduqca sürətli böyüyə bilər;
Bu xəstəliyə simptomlu və simptomsuz müxtəlif klinik variantlar xarakterikdir (yəni xəstə narahatlıq keçirə, şikayətlənə də bilər, uşaqlığındakı şişdən tamam bixəbər də ola bilər; şikayətlər isə müxtəlif xarakterli olur).
Hər bir qadın bilməlidir ki, miomalar xaraktercə müxtəlif olur. Ona görə də, “filankəs filan dərmandan və ya türkəçarədən istifadə etmişdi, tamam sağaldı; mən də özümü bu yolla müalicə edim” düşüncəsi ilə hərəkət etmək olmaz. Yadda saxlayın ki, hər bir orqanizm və xəstəlik fərdidir; ümumi adı eyni olsa da, xəstəliyin müalicə metodu fərqli yanaşma tələb edə bilər, buna isə yalnız və yalnız mütəxəssis-həkim qərar verməlidir. Bilin ki, miomalar aşağıdakı cəhətlərə görə bir-birindən fərqlənir:
Lokalizasiyalarına görə miomaların çoxsaylı aralıq variantları mövcuddur (müsariqəaltı,əzələarası, selikaltı);
Ölçülərinə görə kiçik, orta və böyük şişlər formasında ola bilirlər;
Yerləşməsinə görə uşaqlığın dibində, cismində və boynunda rast gəlinir;
İnkişaf xarakterinə görə qan dövranının pozulması, ödemlə əlaqədar olan yalançı böyümə və saya əzələ qişasının proliferasiyası ilə bağlı həqiqi böyümələr olur;
Morfo-histokimyəvi xüsusiyyətlərinə görə sadə və proliferasiya edən (yetişən, hüceyrələrin sayının çoxalması nəticəsində uşaqlıqdakı düyünlərin qalınlaşması) ola bilirlər.

Əgər sizdə miomaların hər hansı növü aşkarlanıbsa, “xoşxassəlidir” deyib, qulaqardına vurmayın. Sağlamlığınıza, səhhətinizə həssaslıq göstərin. Nəzərə alın ki, bu, düşündüyünüz qədər də sadə və ya zərərsiz xəstəlik deyil… Çünki ömrünüzün ən gözəl illərində, cavanlığınızın ən qaynar çağında sizi yaxalayan fibromiomalar kifayət qədər qanınızı qaralda bilər. Reproduktiv yaş dövrünü yaşayan qadınlar arasında ən geniş yayılmış xəstəlik olmaqla, uşaqlığın mioması alimlərin fikrincə, 10-30% arasında dəyişir. Ümumiyyətlə qadınlar arasında profilaktik baxış keçirilən zaman 1-5% hallarda miomaya rast gəlinsə də, praktika göstərir ki, ginekoloji xəstələr arasında həmin rəqəm 30-35%-ə qədər yüksəlir. Patomorfoloji müayinələr (yəni ölülərin müayinəsi) zamanı isə daha bir fakt üzə çıxıb: bəlli olub ki, ölmüş hər 100 qadından 77-sinin uşaqlığında mioma aşkar edilir. Bu faktsa həkimləri ciddi düşünməyə vadar edir.
Ömrünün gənclik illərini yaşayan 20-30 yaşlı qadınlarda miomaya nadir hallarda rast gəlinir. Həmin yaş dövründə miomalar 0,9 faizdən 1,5 faizədək ehtimalla aşkar edilir ki, bu da adətən irsi amillə əlaqədar olur. Yəni xəstənin anasında, yaxud yaxın qohumlarında mioma olduğu hallarda baş verir. Həmin hallarda genetik kodlar, irsi daşıyıcılıq rol oynayır.

Yaş artdıqca isə miomanın əmələ gəlmə faizi yüksəlir. Tibbi statistikaya görə, bu xəstəliyin ən çox rast gəlindiyi dövr 35-45 yaş aralığıdır, onun əmələ gəlməsinin orta yaş dövrü isə 32-33 yaşa təsadüf edir. Digər şiş xəstəlikləri kimi, miomalar da birdən-birə yaranmır. Onların əmələ gəlməsi və inkişafı reproduktiv sistemin digər orqan və toxumalarının patologiyaları ilə sinxron baş verir (yəni yumurtalığın, endometriumun (uşaqlığın daxili qişasının), süd vəzilərinin, uşaqlıq boynunun və reproduktiv funksiyaları nizamlayan neyroendokrin sistemin pozuntuları, qalxanabənzər vəzin və böyrəküstü vəzin qabıq qatının funksiyasının pozulması və s. ilə birlikdə müşayiət olunur). Miomanın orta inkişaf dövrünün təqribən 5 il olduğunu düşünsək, məlum olur ki, bu şişlər adətən 30 yaşında, xronik somatik (qara ciyər-mədə-bağırsaq kompleksinin və ürək-damar sisteminin) və ginekoloji (salpinqooforit, endometrit) xəstəliklərin əmələ gəldiyi, yaxud neyroendokrinoloji dəyişikliklərin meydana çıxdığı dövrdə yaranmağa başlayır. Qadının keçirmiş olduğu stresslər, nə vaxtsa hamiləliyin pozulması və ya uşaqlığın qaşınması da premorbid fon hesab edilir, yəni xəstəliyə münbit zəmin yaradır. 30 yaşlarında patoloji amillərin üst-üstə toplanması reproduktiv sistemin hüceyrələrinin mutasiyasına səbəb olur ki, bu da çox güman, miomanın əmələ gəlməsinə təkan verir.
Törəmənin sonrakı inkişafı isə risk faktorlarının tədricən çoxalmasına və toplanmasına bağlıdır. Həmin risk faktorları arasında 30 yaşa qədər doğuşun olmamasını, uzunmüddətli qeyri-adekvat kontrasepsiyanı (hamiləlikdən qorunmaq üçün dərmanlardan istifadə olunmasını), uşaqlığın və artımlarının iltihabi xəstəliklərini, yaşanan stressləri, günəş insolyasiyasını, yumurtalıqda kista və ya kistomanın yaranmasını və s. xüsusi qeyd edə bilərik.
40-45 yaş miomaların ən çox əməliyyat edildiyi (əksər hallarda uşaqlığın tam götürüldüyü) yaş dövrləridir. Bu zaman həkimi əməliyyata məcbur edən əsas göstəricilər miomanın sürətli böyüməsi və ya ölçülərinin böyük olması, yaxud digər qadın xəstəlikləri ilə birgə aşkarlanması ola bilər. Yəni xəstədə mioma ilə birlikdə endometriumun və yumurtalıqların da patologiyası aşkar olunursa, o halda müalicənin başqa effektiv yolu qalmır, ən optimal yol kimi cərrahi müdaxilə seçilir.
Uşaqlığın mioması əsasən dishormonal təbiətli (yəni hormondan asılı olan, orqanizmdə gedən hormonal dəyişikliklərdən asılı xarakterə malik) xəstəlik olduğu üçün klimaksönü dövrdə miomanın böyüməsi hüceyrələrin və hormondan asılı orqan və toxumaların somatik mutasiyasına səbəb olan amillərin toplanması dövrü ilə üst-üstə düşür. Həmin dövrdə qadının orqanizmində reproduktiv sistemi tənzimləyən neyroendokrin sistemin funksional gərginləşməsi baş verir, yumurtalıqların hormonal fəaliyyətinin azalması ilə yanaşı qonadotrop və kortikotrop hormonların produksiyasının artması müşahidə edilir.
Menopauza başladıqdan sonrakı ilk 2 ildə əsasən miomatoz düyünlərin reqressiyası və tamamilə yoxa çıxması baş verir. Lakin xəstələrin bir qismində, təxminən 10-15%-ində uşaqlığın mioması sorulmur. Onlar menopauza dövrünə böyük ölçülü miomalarla qədəm qoyurlar, bu hallarda uşaqlığın ölçüləri 14-16 həftəlik hamiləliyə uyğun gəlir. Həmçinin bu qəbildən olan pasiyentlərdə mioma ilə yanaşı endometriumun hiperplaziyasına (yəni uşaqlığın daxili qişasının ümumi böyüməsinə), yumurtalıqların kistası və kistomasına, endometrioza, üstəlik də bir-birini stimulyasiya edən başqa amillərə rast gəlinir.
Uzun illərdir elmdə belə hesab edilir ki, uşaqlıq miomasının səbəbi hiperestrogeniya, hiperhormonemiya, həmçinin menstrual siklin lütein fazasının çatışmazlığı və buna bağlı progesteron çatışmazlığı, xronik anovulyasiya və qonadotrop hormonların produksiyasının çoxalmasıdır. Dünya miqyasında alimlərin apardıqları tədqiqatlar sayəsində uşaqlığın miomasının etioloji faktorları tam müəyyən edilməsə də, vacib nəticələr əldə olunmuşdur. Mioması olan xəstələrin klinik-geneoloji tədqiqi zaman həmin şəxslərdə irsi olaraq yüksək dərəcələrdə neyroendokrin və onkoloji xəstəliklərin olduğu aşkara çıxarılmışdır. Alimlər hesab edir ki, miomalara meylliliyin əsasında multifokal (çoxmənşəli) faktorlar, xüsusilə genetik və ətraf mühit amillərinin summar effekti dayanır.
Maraqlı bir məqamı da nəzərinizə çatdıraq ki, uşaqlıq miomasının risk faktorları arasında etnik faktorlar da mühüm rol oynayır. Məsələn, ağ irqə nisbətən zəncilər (afroamerikan mənşəli neqroid irqə mənsub olanlar) arasında bu xəstəliyə tutulmaq ehtimalı 2-3 dəfə yüksəkdir. Həmçinin qara irqin nümayəndələrində daha erkən menarxe (yəni aybaşı funksiyasının erkən başlanması) və izafi bədən kütləsinə malik olmaq da xarakterik haldır.
Hər zaman sağlam, gümrah və gözəl olmaq, şuxluğunu qorumaq istəyən xanımlar bilməlidirlər ki, doğuşların sayının çox olması miomaların əmələ gəlmə ehtimalını azaldır. Hamiləliyin süni yolla pozulması isə əksinə, bu ehtimalı çoxaldır. Bu prosesdə birinci hamiləliyin hansı yaşda olması əhəmiyyət daşımasa da (ilk hamiləliyin 20 yaşlarında olması daha məsləhətdir), sonuncu doğuşun gec yaşlarda (yəni 30-dan sonra) olması xəstəliyin əmələ gəlmə ehtimalını xeyli azaldır. Heç kəsə sirr deyil ki, zəmanəmizdə ailələr (xüsusən, şəhər yerlərində) əsasən bir və ya iki uşaqla kifayətlənməyə üstünlük verirlər. Təbii, bu, bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Lakin unutmayaq ki, təbiət qadına nəsilartırma imkanı kimi unikal bir keyfiyyət verib. Və o keyfiyyət bir çox hallarda həm də qadının sağlamlığının qarantı kimi çıxış edir. Sözümün canı budur ki, əgər imkanınız yol verirsə, çox uşaq doğmaqdan, 30-dan sonrakı yaşlarda da uşaq doğmaqdan çəkinməyin. Bu, sizi bir çox xəstəliklərdən sığortalaya bilər.
Onu da bilin ki, yuxarıda sadaladığımız faktorlardan savayı miomanın yaranmasına səbəb olan digər amillər də var:
Şəhərdə yaşamaq;
Klimakterik zonanı dəyişmək;
Anamnezdə doğuşun olmaması;
Abortların aparılması;
Hipertoniya və şəkərli diabet xəstəliklərindən birinin və ya hər ikisinin olması; xüsusilə bu xəstəliklərin35 yaşdan aşağı yaranması və 5 il və daha çox davam etməsi;
Çoxlu ət yemək;
Piylənmə.
Sadalanan bu amillərə diqqət etmək hər bir qadının öz əlindədir. İstəsəniz həyatınızı və sağlamlığınızı tənzimləyə bilərsiniz. Praktikada görmüşük ki, mioması olan xəstələrin böyük əksəriyyəti ət tərkibli qidalara meyllidir və bu əlamət bəzi hallarda irsi xarakter daşıyır. Qida rasionunda bitki mənşəli ərzaq məhsullarından və meyvə-tərəvəzdən, göy-göyərtidən, meşə meyvələrindən çox istifadə edilməsi isə bu tip şişlərin əmələ gəlmə ehtimalını azaldır. Predmenstrual və klimakterik sindromlar (əlamətlər) üçün də yuxarıda sadalanan amillər xarakterikdir. Deməli, fibromiomaları sivilizasiya xəstəlikləri qrupuna daxil etmək olar.
İştahalı xanımlar yadda saxlamalıdırlar ki, həddindən artıq bədən çəkisinə malik olmaq uşaqlıq miomasının mübahisəsiz və əsas risk faktorlarındandır. Bədən çəkisi 70 kiloqramdan yuxarı olan qadınlarda bu xəstəliyin yaranma ehtimalı çəkisi 50 kq və daha artıq olanlara nisbətən 3 dəfə yüksəkdir. Bilin ki, orqanizmdə piylənmə gedərkən bədən çəkisinin hər 10 kq artması miomanın əmələ gəlmə ehtimalını 21% artırır. Miomaya meylli xəstələrin böyük əksəriyyətində piy toxuması bədənin yuxarı yarısında toplanır. Sərbəst risk faktoru kimi izafi bədən kütləsi isə əsasən gecikmiş reproduktiv dövrdə vacib rol oynayır. Yüksək dozada estrogen hormonu tərkibli dərman preparatlarının qəbulu da miomaların yaranmasına səbəb ola bilər.
Belə ki, əziz xanımlar, hər qadın öz sağlamlığının memarı olmalıdır. Fibromiomaların simptomları, müayinə və müalicəsi barədə tövsiyələri növbəti söhbətlərimizdə diqqətinizə çatdıracağıq. Siz isə sağlamlığınızın memarı olmağa indidən başlayın.

Günay Əhmədova

onkoloq, tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası

LEAVE A REPLY