İstefada olan polis polkovniki MTN generallarını niyə ittiham etmişdi?

0
3

İstefada olan polis polkovniki MTN generallarını niyə ittiham etmişdi?

“Açın qulaqlarınızı, eşidin, vəzifə də, pul da, var-dövlət də, haram-halal qazandığınız hər şey də müvəqqətidir”

Milli Təhlükəsizlik Nazirliyindən kök salmış “OBXSS” şəbəkəsinin qanunsuz əməlləri barədə uzun illərdir ki, yazmışıq. “Millətim”in baş məsləhətçisi Ramiz Tağıyev MTN-dəki bir qrup cinayətkar dəstəni dəfələrlə ifşa edə bilsə də, buna rəğmən son 12 ildə üç dəfə həbsxana həyatı yaşamağa məhkum edilmişdi. MTN-nin cinayətkar qurplaşması bununla kifayətlənməmiş, R.Tağıyevlə dostluq, qohumluq münasibətlərində olan hər kəsi təqib etməyə, cəzalandırmağa, mənəvi terrora məruz qoymağa nail olmuşdu.
Cəzalandırılanların sırasında R.Tağıyevlə yaxın münasibətləri olmuş istefada olan polis polkovniki Faiq Əhmədov və onun MTN əməkdaşı olan oğlu Ruslan Əhmədovun da adı var. F.Əhmədov MTN-nin qanunsuz əməllərinə etiraz edərək 18 avqust 2010-cu ildə MTN-nin Antiterror Mərkəzinin rəisi Elçin Quliyev və nazir Eldar Mahmudova məktubla müraciət etmişdi. Məktubun aktuallığını nəzərə alaraq “Millətim”in səhifəsinə bir daha çıxarmağı qərara aldıq.
Turan Türk

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik nazirliyi Antiterror Mərkəzinin rəisi Elçin Quliyevə.
Surəti məlumat üçün: Milli Təhlükəsizlik naziri , cənab Eldar Mahmudova.

Bu məktubu yazmaqda məqsədim sizdən nə isə diləmək deyil. Məqsədim sizin yerə-göyə sığmayan haqsızlıqlara, ədalətsizliklərə, insafsızlıqlara və digər insanlığa yad olan əməllərə imza atmağınızı nəzərinizə çatdırmaqdır.
Mən Əhmədov Faiq Bilal oğlu halal zəhməti ilə çörək qazanmış kasıb kəndli ailəsində anadan olmuşam. Heç bir maddi və mənəvi dayağım olmadan iki ali təhsil almışam və 25 il daxili işlər orqanlarında rəhbər vəzifələrdə işləmişəm. Bu illərdə qazancım var-dövlət deyil, xalqıma və dövlətimə ləyaqətlə xidmət etməyim, xidmətdə fərqləndiyimə görə 50-dən artıq mükafata layiq görülməyim olmuşdur.
Yəqin ki, artıq məni qiyabi və yaxud da əyani olaraq tanıyırsınız. Mən isə sizi tanımıram, üzünüzü də görməmişəm. Ancaq mənə qarşı etdiyiniz haqsızlıqlarla, bədxahlıqlarla, ən azı vicdanınızın səsinə qulaq asmadan, insanlığa ya olan namərdliklərinizlə qiyabi olaraq tanıyıram.
Hər bir insanın kimlərəsə yaxşı, kimlərəsə pis, xoşagəlməz yaxınları, dostları və qohumları olur. O cümldən sizin də. Ancaq siz onların əməllərinə görə hər hansı bir maddi-mənəvi məsuliyyət daşımırsınız.
Yəqin ki, sizə məsələnin- mənim bu gün ailəsinin imam yesirləri kimi Bakının küçələrinə tökülməsinə səbəb olduğunuz, bir kirayə evdən digərinə daşınan, sayeyi-kəramətinizdən haqsız olaraq, zindanda inildəyən Ramiz Tağıyevlə olan münasibətimdən getdiyi məlumdur.
Biz Ramizlə Culfa rayonunda birgə rəhbər vəzifələrdə işləmişik. Əvvəllər Ramizlə mənim aramda dərin əqidə və fikir ayrılığı var idi. Buna görə də mən onunla barışmaz mövqedə olmuşam. Hətta yol verdikləri kiçik qəbahətləri belə onun nə özünə, nə də yaxınlarına bağışlamamışam.
Lakin Ulu öndərimiz Heydər Əliyevin Naxçıvana gəlişindən sonra Ramizlə aralarında olan mehribanlıq və isti münasibət mənim də ona münasibətimdə müəyyən yaxınlıq yaratdı. Hətta biz onunla kirvə də olduq.
Biz Bakıya köçdükdən sonra Ramizlə çox az hallarda görüşər, imkan olanda bir stəkan çay içib, söhbət edərdik. Sizinlə onun arasında olan münaqişədən də az-çox məlumatım var idi. Mən ona bir neçə dəfə bu ədavətə son qoyması barədə məsləhət də vermişdim. O isə cavabında “onlar məni məhv etdilər, bu gün ailəmin-uşağımın küçələrdə qalmasına səbəb oldular, məni döydülər, heç bir günahım olmadan həbsə atdılar, üstümdən götürmüş olduqları 20000 dollar- satmış olduğum evimin pulunu qaytarmadılar. Buna baxmayaraq, mən yenə də son qoymaq istəyirəm, ancaq onlar son qoymurlar, əl çəkmirlər, gecə-gündüz arxamca adam salıb məni izləyirlər”- deyirdi. Sonradan onunla münasibətlərim demək olar ki, tam kəsilmişdi. Biz onunla yalnız təsadüfən küçədə və yaxud da xeyirdə-şərdə rastlaşanda salamlaşmışıq. Və mən onun heç vaxt nə ictimai fəaliyyətinə, nə də ki, şəxsi işlərinə müdaxilə etməmişəm və qarışmamışam.
Ancaq, siz Elçin Quliyev, buna baxmayaraq mənim barəmdə müxtəlif nakişilərin qurmuş olduqları oyunlara, böhtanlara inanıb, rəvac verdiniz, rəhbərliyi aldatdınız. Nəticədə mənim işdən çıxarılaraq, bir tikə çörəyimə bais oldunuz. Bu azmış kimi heç bir günahın sahibi olmayan, hörmətli Eldar Mahmudov tərəfindən təmənnasız xidmətə qəbul edilmiş oğlum Ruslanın da orqandan çıxarılmasına “şərəflə” nail oldunuz. Görəsən, Ruslana qarşı haqsızlıq edərkən öz övladınızı (əgər varsa) Ruslanın yerinə qoyub, heç olmasa az da olsa fikrə getdinizmi, düşündünüzmü, vicdanınızın səsinə qulaq asdınızmı, ata kimi ürəyiniz sızladımı? Yox, sızlamadı! Çünki xislətli ürəkdə mərhəmət olmaz. Ancaq Ruslan işdən çıxarılanda mədəsində yara əmələ gəlmişdi. Həkimlər stresdən əmələ gəlməsini söylədilər. Mənim də, Ruslanın da işdən çıxarılmağımız müəyyən narahatlıqlar yaratdı. Ancaq Ruslanın iztirabları ürəyimi sızlatdı. Allah sənə də qismət eləsin, qoy balana görə sənində ürəyin ömrün boyu sızlasın.
Axı, Ruslanın nə günahı var idi? Ruslan Ramizi heç əməlli-başlı tanımır da. Bizim Ramizlə ailəvi gediş-gəlişimiz də bir o qədər olmayıb. Bizə etdiyiniz pislik, bədxahlıq, baiskarlıq sizə nə isə verdimi? Bundan nə isə qazandınızmı? Heç nə…
Ancaq yox, bir şeyi ömrünüz boyu haqq etdiniz, qazandınız-hər gün ailəmizdə namaz üstündə özünüzə lənət, ailənizə və balalarınıza qarğış. Açın qulaqlarınızı, eşidin, vəzifə də, pul da, var-dövlət də, haram-halal qazandığınız hər şey də müvəqqətidir, bir anda yox olub gedəndir. Ancaq bir şey-mənim sızıltılı ahım və balama etdiyin haqsızlıq həyatın boyu hər dəfə yadına düşəndə sənin içini didəcək, sənə əzab verəcək, çörək yeyəndə tikən boğazında qalacaq, qəlbini sızladacaq (əgər varsa). İnsan hər kəsi aldada bilər, ancaq vicdanını, yəni özünü aldada bilməz. Sən də hər kəsi aldada bilərsən, ancaq içindəki Elçin Quliyevi aldada bilməyəcəksən. Çünkü,özün də bilirsən haqsızlıq etmisən.
Əli İnsanovu, Nəriman İmranovu, Fərhad Əliyevi, Rövşən Cavadovu, surətləri, isgəndərləri bir anlığa gətirin gözünüzün qarşısına və düşünün. Demirəm allah sənə də o paydan versin. Yox, heç düşmənimə də arzulamıram. Sən mənim düşmənim də deyilsən, sadəcə mənə və ailəmə haqsızlıq və pislik etmiş birisən. Səni ancaq öz vicdanınla bu müqəddəs Ramazan ayında Allah qarşısında tək başına buraxıram. Əgər bir qırıq vicdanın varsa, sən bil, yerləri-göyləri yaradan o uca Allah bilsin.
Alim olmaq, ən yüksək mənsəb sahibi olmaq, sənin kimi general da olmaq, heç də insan olmaq demək deyil. Yadında saxla, pislik kişi işi deyil, kişiyə yaraşmaz!

Çox böyük ehtiramla: Faiq Əhmədov
18 avqust 2010-cu il.

LEAVE A REPLY