“Biz əsil millət vəkilinin necə olacağını bir daha xalqa göstərəcəyik”

0
3

“Biz əsil millət vəkilinin necə olacağını bir daha xalqa göstərəcəyik”

Əli Orucov:“Bu seçim onlara da, onların gələcəyinə də, bütövlükdə isə Azərbayana lazımdır”

“Bütün sahələr olduğu kimi parlamet kresloları da hakim zümrə arasında pay-püş edilib. Hakimiyyətdəki qruplaşmların gücünə və nüfuzuna görə deputat kvotaları var. Bu acı reallıqdı”

1 noyabr seçkiləri finişə yaxınlaşmaqdadır. Həlledici vaxta -səsvermə gününə qısa vaxt qalır. Azərbaycan Milli İstiqlal Partiyası tərəfindən namizədliyi 9 saylı Binəqədi İkinci seçki dairəsindən irəli sürülmüş AMİP Siyasi Şura üzvü, “Millət” qəzetinin baş redaktoru Əli Orucovla seçkilər barədə danışdıq. Onun seçki prosesini dəyərləndirməsini və gözləntilərini bölüşdük. “Millətim” qəzeti olaraq müsahibimizlə səmimi və açıq gedən söhbətimizdə bir sıra məsələlərə də aydınlıq gətirdik.

-Əli bəy, Azərbaycan Respublikasının Milli Məclisinə noyabrın 1-də keçiriləcək seçkilərdə AMİP sizin namizədliyiniz 9 saylı Binəqədi İkinci seçki dairəsindən irəli sürdü. Bu seçimi siz özünüz etdiniz, yoxsa partiya?

-AMİP parlament seçkilərinə namziədləri irəli sürərkən bir sıra kriteriyaları nəzərə alıb. Bu il AMİP əvvəlki 2010-cu il seçkilərindən fərqli taktika seçdi. Həmin taktikaya da uyğun olaraq seçkilərə az sayda namizədlə qatılmaqla gücünün və imkanlarını parçalanmaması qərarını verdi. Ona görə də iddialı şəxslər arasında seçim edildi. Mən də digər iddialılar kimi bu dairədən namizəd olmaq istəyimi qabacadan partiyanın müvafiq qrumlarına bildirmişdim. Və müraciətimdə əsaslandırmağa çalışmışdım ki, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən qalib gəlmə şanslarımız çox yüksəkdir. Bunu şərtləndirən səbəblər var. AMİP-in ən strukturlaşmış və təşkilatlanmış, fəal təşkilatlarından biri Binəqədi Rayon Təşkilatıdır. AMİP-in bu rayonda stabil geniş elektoratı və tərəfdarları var. Bu iki amil kifayət edir ki, partiya bu ərazidən uğur əldə etsin . Eyni zamanda bu rayonda yaşamağım və işləməyim, insanlarla sıx ünsiyyətim, qurulan təmaslar, çoxlu sayda dost-tanışlarımın, qohum-əqrabamın və həmyerlılərimin olması, ərazini yaxşı tanımağım və s. amillər bu dairədən namizədliyimi irəli sürməyimin başlıca səbəbləridir. Çalışmışam ki, imkanlarım və gücüm daxilində rayon sakinlərinə kömək edim, onların problemlərinin həllində xeyrim dəysin. Müəyyən mənalarda nələrinsə zaman-zaman nələrinsə həllinə nail ola bilmişik. İnanıram ki, AMİP-in parlamentə mandat alacağı dairələrdən biri də məhz 9 saylı Binəqədi İkinci Seçki Dairəsi olacaq. Bunula belə daha çox çalışırıq, daha çox səy göstəririk ki, daha çox seçicinin inamını və etimadını qazanaq və daha çox səs alaq.

-Artıq seçki prosesi başa çatmaq üzrədir. Bu prosesi necə keçdiniz, təbliğat-təşviqat kampaniyanızı uğurlu hesab edirsinizmi?

– İmza toplama zamanı hakimiyyət tərəfindən heç bir ciddi problemlərlə üzləşmədik. Narahatlıq yaradan seçkiyə inamsızlığın olması idi. Qanunvericiliklə tələb olunan sayda seçici imzalarını qısa vaxt ərzində toplayıb təqdim etdik. Lakin təbliğat-təşviqat kampaniyasında bunu söyləmək olmur. Ciddi çətinliklərlə üzləşdik. Bu çətinliklər rayon səviyyəsində olan lokal çətinliklər deyil. Ölkədə yaradılmış əlverişsiz, qeyri-demokratik seçki mühitinin yaratdığı problemlərdir. Təbliğat-təşviqat dövrü 21 gündən ibarətdir ki, bu da çox az vaxtdır. Üstəlik də namizədlərin öz fikir və platformalarını, proqramlarını seçicilərə çatdırmaq üçün tribuna yoxdur. Görüşlərə belə imkan verilmir. Təbliğat materiallarının yayılmasına da ciddi məhdudiyyətlər tətbiq olunub. Televiziyalara giriş qapadılıb. KİV-lərdə ödənişli təbliğat vasitələrinin çapı və yayımı çox bahadır. İcra strukturlarının, dövlət qurumlarının müdaxiləsi açıq şəkildə həyata keçirilir. İnzibati resurslar hakimiyyətin namizədlərinin xeyrinə səfərbər edilib. Acınacaqlısı odur ki, insanlar seçkilərə və seçkili qurumlara inanmırlar. Ona görə də seçkilərə maraq və həvəs göstərmirlər. uzun illər hakimiyyətin müxalifəti sıxışdırıb sıradan çıxarma siyasəti də öz təsirlərini göstərir. Hakimiyyətin nəhəng resurları ilə əli yalın rəqabətə çıxan lüntenləşdirilmiş, müxalifətə bütün bunlara rəğmən yenə də göz açmağa imkan verilmir. Çəkinirlər, bütün yaradılmış bu çətinliklərə və süni problemlərə baxmayaraq insanlarla canlı təmaslara, onlarla fərdi işləməyə, fikir və düşüncələrini, problemlərini dinləməyə üstünlük veririk. Proqram və plotformamızı, mesajlarımızı çatdırmağa çalışırıq. Bəzən elə mənzərə ilə rastlaşırıq ki, heyrətdən donuruq. Mən çox az sayda insan gördüm ki, həyat səviyyəsindən, yaşayışından, dolanışığından, hüquqlarının qorunulmasından məmnun qalsın. Hakimiyyətə, idarəetməyə, ümumiyyətlə siyasi sistemə qarşı cox ciddi və total narazılıqlar var və bu hal da günü-gündən daha da dərinləşir. Cəmiyyətdə radikalizmə meylənmə artır. Daha heç kəs vədlərə, cəlbedici sözlərə, təmtaraqlı deyimlərə inamır. İnamsızlıq və pessimizm əhval-ruhiyyəsində olan insanları seçkiyə həvəsləndirmək, onları fəal olmağa səsləmək, impulsiv yön vermək asan deyil. Ancaq bunlara rəğmən üzərimizə düşənləri edirik, dərdlərinə çarə bulmağa səy göstəriririk. Ümid edirəm ki, səsvermə günü seçicilər vətəndaş mövqeyi ortaya qoyaraq sandıq başına gedib öz seçimlərini edəcəklər. Bu seçim onlara da, onların gələcəyinə də, bütövlükdə isə Azərbayana lazımdır.

-Partiya və partiyanın irəli sürdüyü namizədlərdən biri olaraq Siz seçicilərə nə vəd verirsiz? Prioritet olaraq nələri hədəfləyirsiz?

-Biz bu seçkilərə başqalarından fərqli olaraq əliboş getmirik. Seçkilərə rəsmi start verilməmişdən çox-çox əvvəl mütəxəssilərimiz tərəfindən ayrı-ayrı sahələrə aid hazırlanmış mükəmməl proqramlar hazırlanıb. Vacib və zamanın tələblərindən doğan qanun layihələrimiz var. Bir sözlə, seçici önünə dolu portfellə çıxmışıq. Və bu platforma, proqramları da gerçəkləşdirə biləcək gücümüz var. AMİP kimi nüfuzlu və güclü bir partiyanın parlamentdə olmağı həm Azərbaycan acısından, həm dayanaqlı stabilliyin qorunmasında, həm də illlərlə qalaqlanaraq yığılmış problemlərin həllində önəmli dönüş yarada bilər. Mən demirəm gəlib hansısa küçəyə asfalt örtüyü çəkəcəyik, yaxud hansısa kasıba yardım göstərəcəyik, bunlar dövlətin müvafiq icra qurumlarının işidir. Parlamet siyasi məkandır. Dövlətin ali siyasi hakimiyyətinin qollarından biridir. Bura siyasi mübarizə meydanıdır. Bəziləri parlametarilərlərə, inzibati-təsərrüfat idarəçiliyini səhv salırlar. Deputatlar mojaritar, təkmandatlı dairələrdən seçilsələr də, onların səlahiyyətləri və fəaliyyət miqaysı təkcə həmin dairənin hüdudları ilə məhdudlaşmır. Onlar ümumilikdə millət vəkilləri olaraq Azərbaycanın 4 milyondan çox seçicisinin qarşısında məsuliyyət daşıyırlar və xalqa hesabatlıdırlar. Bu baxımdan da mən və əqidədaşlarım əgər seçicilər tərəfindən parlamendə mandat qazana bilsək, xalqın maraqları, istək və arzularının həyata keçməsi, problemlərinə çözüm bulunması bizim prioritetlərimiz olacaq. Biz əsil millət vəkilinin necə olacağını bir daha xalqa göstərəcəyik. Belə bir nümunəni və örnəyi uzun müddət Milli Məclisdə AMİP deputat fraksiyasına rəhbərlik etmiş liderimiz Etibar Məmmədov göstərib. Sözsüz ki, həmin ərazidə yaşadığım, həm də bu vaxtadək hər cür dəstəyini gördüyüm Binəqədi rayonu daim diqqət mərkəzimdə olacaq. Onların etimadını və etibarını doğrultmaq mənim bir siyasətçi kimi gələcək siyasi karyeramın da perspektivinə həlledici rolu olacaq. Əgər Azərbaycan vətəndaşları öz talelərini, övladlarının gələcəyini, qanı-canı bahasına qurduğu dövlətin varlığını, müstəqilliyini düşündürürsə, xaosdan, qarşıdurmalardan, ziddiyyətlərdən, hakimiyyətdaxili qanlı çəkişmələrin fəsadlarından, naratdırsa, inkişafa, tərəqqiyə, sabitliyə, gələcəyə, saflığa, qurub yaradana-AMİP-ə səs verməli, öz səslərini müdafiə etməlidirlər.

– Hakimiyyət yetkililəri hər dəfə fəxrlə bildirirlər ki, Azərbaycanda müxalifət yoxdur. Həqiqətən də bu seçkiərdə bir daha göründü ki, müxalifət çox zəif və pərakəndədir. Və muxalifətin susdurulmasi siyasəti davam edir. Bunun fəsadları barədə proqnozlarınız nələdən ibarətdir?

-Siyasi institutların mövcudluğu və güclü olması dövlətlərin möhkəmliyini və dayanıqlığını qoruyan əsas faktorlardandır. Bu institutların fəaliyyəti həm də cəmiyyətin potensialını üzə çıxarmaqla yanaşı, inkişafa və tərəqqiyə təkan verir. Belə cəmiyyətlərdə heç vaxt siyasi, ictimai və sosial -iqtisadi kataklizmlər baş vermir. Çünki, birincisi, proseslərin həmin kritik həddə çatmasına yol verilmir, ikincisi isə kopromislər tapmaq çətin olmur. Yəni müxtəlif siyasi düşərgələr radikallaşmır, bir-birlərinə düşmən deyil, rəqib, opponent kimi yanaşırlar.Götürün, dünyanın inkişaf etmiş ölkələrini, ən çətin anlarda belə problemlərin düzəni, həlli tapılır. Burda şəffaflıq və dialoq mühiti daimidir və adi normadır. Lakin despotik və avtoritar rejimlərdə isə mənzərə bunun tam əksinədir. İqtidar və qeyri-qitidar düşərgələr arasında bölgü nazik xətlə keçmir, bu dərin uçurumdur və bir-birlərini məhv etməyə hazır qüvvələr olur. Baxın, Yaxın və Orta Şərqdə, Afrikada, Asiyada, ümumilikdə qeyri-demokratik siyasi-coğrafi ərzilərdə nələr baş verir. Terror, zorakılıq, insan alveri, narkotik ticarəti, qara bazar, gizli iqtisadiyyat və bu kimi neqtiv hallar geniş yayılmaqdadır. Münaqişələr, qanlı müharibələr, qarşıdurmalar, silahlı toqquşmalar, dövlət çevrilişləri dayanmaq bilmir. Bütün bunların hamısını təkcə sivilizasiyalararası, fərqli mədəniyyətlərin qarşıdurması, islam fundamentalizmilə izah etmək yanlış olardı. Bunun əsas izahını və səbəblərini qeyri-demokratik, despotik rejimlərin mövcudluğunda axtarmaq lazımdır. Hakimiyyət, var-dövlət, təsir dairələri və iqtisadi, eləcə də təbii resurların ələ keçirilməsi uğrunda aparılan mübarizələr, nəticə etibarı ilə həm dövlətləri zəiflədərək sıradan çıxarır, həm xalqı ağır dürüma salır, həm də özləri başqalarının diqtəsi altına düşür. Ona görə də belə bəlalardan qaçmağın yeganə yolu demokratik cəmiyyətin formalaşmasına və inkişafına nail olmaqdır ki, bunun da ilkin şərtlərindən biri məhz sosial siyasiləşmə, siyasi institutların və medianın güclü olmasıdır. 70 ildən çox Azərbaycanda təkpartiyalı sistem olub. Müstəqilliyimizə yenidən qovuşduqdan sonra ölkədə siyasi partiyalar yaranmağa başladı və partiyalaşma prosesi bu gün də gedir. Lakin təəssüf və həyacanla deməliyəm ki, dövlətin və xalqın təhlküsizliyində, onun inkişafında, dayanıqlığıda qalxan rolu oynayan siyasi institutların vəziyyəti heç də ürəkaçan deyil. Siyasi İnstitutlar demək olar ki, sıradan çıxarılıb və formal olaraq mövcuddur. Bu dövlətin mövcudluğu və stabilliyin qorunması üçün çox təhlükəli haldır. Bu vəziyyət imkan verir ki, dövlətin və xalqın taleyi ayrı-ayrı bir neçə hakim qüvvənin ixtiyarına buraxılır ki, bu da hər an qarşıdurma, ziddiyyət ehtimalının gerçəkləşməsi risqini artırır. Son nümunə olaraq Milli Təhlükəsizlik Naziri və nazirliyin ətrafında cərəyan edən hadisələri göstərə bilərik. Bu qorxulu vəziyyətin yaranmasını ayrı-ayrı nazirə, şəxsə, yaxud da hansısa subyektiv amilə bağlamaq yanlış və səhvdir. Bunu yaradan mövcud siyasi sistemdir. Bütün hakimiyyət qollarının məsuliyyəti var. Əgər ölkədə siyasi institutlar, media güclü olsaydı, məhkəmələr asılı olmasaydı əsla belə neqativ hadisələrlə üzləşilməzdi. Çünki şəffalıq, hesabatlılıq , ictimai nəzarətin və qınağın güclü və təsirli, məhkəmələrin müstəqil olduğu cəmiyyətlərdə kimsə cızığından çıxa bilməzdi. Ona görə də hesab edirəm ki, Azərbaycanın siyasi hakimiyyəti hakimiyyət qollarına müstəqilliyini verməlidir, bu münasibətlərin qarşılıqlı nəzarət əsasında qurulmasına şərait yaradılmalı, xalqın dövlətin idarəedilməsinə və siyasi fəallığın artırılmasın, seçkili qurumlara inamın artırılmasına nail olunmalıdır. Bu imkan indi var. 1 noyabr seçkilərində parlamentin asıllığına son qoyulmalı, həqiqi siyasi müxtəlifliyə imkan yaradılmalıdır. Bu fürsət itirilsə Azərbaycan çox şeylərini itirəcək. Ola bilsin bəzi məddah, yaltaq siyasilər, öz maraqlarını güdən vəzifəli şəxslər bu təhlükələri görməzdən gəlsinlər. Yaxud da onlara belə bir vəiyyətin uzun müddət qalması sərf etsin. “Bulanlıq suda balıq tutmaq” çox uzun sürməyəcək, artıq suların durulması prosesi başlayıb.

-İndi cəmiyyətdə bir fikir kök salmaqdadır ki, seçkilərin nəticələri bəllidir. Növbəti 5 ildə parlamentdə kimlərin oturacağı da məlumdur. Bu fikirlər sizi ruhdan salmır ki?

-Cəmiyyətdə getdikcə möhkəmlənən həmin fikirləri qəribçiliyə salmıram və bunu üçün də hakimiyyət tutarlı əsaslar yaradıb. Bütün sahələr olduğu kimi parlamet kresloları da hakim zümrə arasında pay-püş edilib. Hakimiyyətdəki qruplaşmların gücünə və nüfuzuna görə deputat kvotaları var. Bu acı reallıqdır. Lakin bu məni ruhdan salmır. Çünki siyasətdə mübarizədən geri çəkilmək, təslim olmaq kimi anlayışlar mənə yaddır. Ancaq ruhdan düşərək, özünə qapananlar, hər şeyə biganə yanaşanlar, nəticələrin əvvəlcədən bəlli olduğunu deyərək geri çəkilənlər, həmişə olduğu kimi bu dəfə də total saxtakarlıq ediləcəyinin fərqində olanlar bilməlidirlər ki, xalq öz iradəsini orta qoysa, inadkarlıq, prinsipiallıq göstərsə, vətəndaşlıq mövqeyi göstərilsə, verdiyi səslərin arxasıda dursa və saxtakarlığa sərt təpki göstərsə o zaman heç kəs cəsarət edib bu iradənin əlehinə çıxa bilməz. Çıxsalar belə başlarına bəla açmış olarlar və amasız, faciəvi duruma düşər. Odur ki, Nazim Hikmət demişkən, “mübarizə bu gün də var, yarın da, biz də onun ən ön sıralarında”. Məğlub duruma düşürülməyi də göz önünə almaq lazımdır.

Söhbətləşdi: Nicat Sadiq

LEAVE A REPLY