Əsədin “müttəfiq”ləri.

0
4

Zaur Muradxanlı

Əsədin “müttəfiq”ləri.

Suriyada bir neçə il öncə Amerika öndərliyində yaradılan antiterror koalisiyası effekt verməyərək, İŞİD terror təşkilatına nəzərdə tutulan səviyyədə zərbə endirilməsi mümkün olmayınca və bəzi qonşu dövlətlərin də kim olursa olsun Əsəd olmasın deyərək qanuni Suriya hökumətini devirmək üçün bu ölkə ərazisində fəaliyyət göstərən qeyri-qanuni silahlı birləşmələrə birbaşa və dolayı yollardan dəstək vermələri fayda verməyincə işə Rusiya öndərliyindəki Antiterror ittifaqı qarışdı. Kordinasiya mərkəzi Bağdada yaradılan ittifaqa Suriya və İraqdan başqa İran və Rusiya, eyni zamanda qeyri-rəsmi halda Kuba da daxildir. Keçən ayın sonlarından etibarən Bəşər Əsədin rəsmi şəkildə yardım istəməsi ilə bu ölkəyə hərbi dəniz donanması, hərbi hava qüvvələri və tank qoşunlarını göndərən Rusiya ilə yanaşı İranın dəstəklədiyi Hizbullah terror təşkilatı da Suriya ordusunun sıralarında İŞİD, Əl-Nusra, Azad Suriya Ordusu və digər terror təşkilatlarına qarşı fəal döyüşlərə başlayıb. Ayrıca Türkiyə mərkəzli Ulusal tv kanalının Twitter səhifəsində keçən həftə yayılan məlumata görə, Kubanın xüsusi təyinatlılarının ən təcrübəli bölmələri də terrorçularla mübarizədə aktiv rol almaq üçün Suriyaya göndəriliblər.
Bölgədə hərbi-siyasi havanın isinməsinə adekvat cavab olaraq Amerika Birləşmiş Ştatları da Türkiyənin Anadolu vilayətində yerləşən İncirlik hərbi bazasına tank ovçusu adlanan döyüş təyyarələrini göndərib. Qeyd edək ki, hələ 1970-ci ildən başlayaraq lazım olarsa, Sovet ordusunun tank bölmələrinə qarşı istifadə etmək üçün Avropadakı hərbi bazalarına bu tip təyyarələri göndərməyə başlayan Amerika eyni təyyarələrdən birinci və ikinci Körfəz müharibəsi zamanı da istifadə etmiş, İraqın o zamankı quru qoşunları, habelə tank bölmələrinə qarşı üstünlük qazanmasında da tank ovçularının böyük rolu olmuşdu. Xatırladım ki, tank ovçusu adlanan təyyarələr 30 mm-lik top və qanadlarına bərkidilmiş müxtəlif təyinatlı raketlərlə təchiz olunur. Bu təyyarələr olduqca geniş qanadları sayəsində çox alçaqdan uça və kəskin dönüşlər daxil müxtəlif manevrlər edə bilir ki, bu da tank ovçularının döyüş qabiliyyətini maksimum səviyyədə artırmağa kömək edir.
Ayın iyirmisində bilinməyən bir səbəbdən ABŞ-a məxsus pilotsuz təyyarə Hatayda yerləşən hava limanına məcburi eniş edib, digər tərəfdən də bir rus pilotsuz təyyarəsi Hələb səmasında terrorçular tərəfindən vurularaq salınıb.
Ayrıca demək olar ki, bütün istiqamətlərdə müttəfiqlərinin hərbi dəstəyi ilə aktiv şəkildə hərbi əməliyyatlara başlayan Suriya ordusu artıq terrorçu qruplaşmalarla mübarizədə psixoloji və döyüş üstünlüyünü ələ keçirmək üzrədir.
Bu məqamda Əsədin müttəfiqlərindən də bir-birinin ardınca onu dəstəkləyən mesajlar gəlməkdədir. Belə ki, yüksək çinli İran rəsmisi Suriyada məsləhətçilər səviyyəsində davam edən İran hərbi varlığının daha da genişləndirilərək davam edəcəyini bildirib. Bundan başqa Rusiya silahlı qüvvələri mərkəzi əməliyyat şöbəsinin rəisi də “Sputnik” informasiya agentliyinə verdiyi müsahibəsində hər an Aralıq dənizindəki rus hərbi gəmilərindən Suriyadakı terrorçuların mövqelərinə raket zərbələri endirilə biləcəyini deyib. O, bununla yanaşı antiiterror koalisiyasına daxil olan dövlətlərin hərbi təyyarələrinin gəmilərdə təhlükə olaraq qəbul olunmadığından radarlar vasitəsilə izlənmədiyini də bildirib. Sözünü yekunlaşdırmadan isə Suriyada dəniz, hava və quru qoşunlarının eyni vaxtda istifadə edə biləcəyi hərbi bazanın açılmasının antiterror əməliyyatlarının uğurla nəticələnməsi üçün zəruri olduğunu bildirib.

Bilmirəm, Suriya ərazisində bu tipli hərbi baza açılacaq ya yox, ancaq bildiyim odur ki, Suriya sürətlə beynəlxalq poliqona çevrilməkdədir. Rusiyadan Kubaya, Amerikadan onun NATO-dakı müttəfiqlərinədək bölgədə maraqları olan çoxsaylı dövlətlər bu ölkə üzərindən bir-biri ilə bilək güləşi aparmaqda, güclərini sınamaqda, yeni silah sistemlərini sınaqdan çıxarmaqdadırlar. Rusların iki gün öncə keçirdikləri bir əməliyyat nəticəsində qırx iki nəfər suriyalı mülki şəxs öldürülüb. Bu faktlar antiterror koalisiyasının digər üzvləri üçün də keçərlidir. Belə olduğu təqdirdə açıqca deyə bilərəm ki, Əsədsiz Suriya olmayacaq, lakin Bəşər Əsədin hakimiyyəti tam bərqərar olanadək də bu ölkədə daha yüz minlərlə günahsız, dinc insan həyatından olacaq, Suriyanın bütün infrastrukturu məhv olacaq və daş üstə daş qalmayacaq. Bəli, bu əlbəttə ki, belə olacaqdır, başqa çıxış yolu yoxdur.
Tarixən də belə olmuşdur, imperialist dairələrin bir-biriləri ilə apardıqları mübarizələrdə hər zaman kiçik dövlətlərin yerli xalqları əziyyət çəkmişdir. Bu gün elə Suriya, İraq, Liviya və ya hər hansı supergüclərin mübarizə meydanına çevrilmiş ölkənin xalqından soruşsaq onlara qlobal media tərəfindən diktator kimi göstərilən və ya elə olan keçmiş liderlərinin hakimiyyətləri dövrünü özlədiklərini dəyəcəklər. Məsələn, bir İraq vətəndaşı Səddam Hüseyn dönəmində hər nə qədər demokratiya aclığı çəksə də, ən azından səhər məktəbə gedən övladının dərsdən evə sağ-salamat dönəcəyini, işə gedən həyat yoldaşının axşam sağ- salamat balasının yanına dönəcəyini bilirdi. Bəs, indi necə? Elədirmi? Əlbəttə ki, xeyr. Və təəssüflər olsun ki, bu vəziyyət sadəcə İraq və ya Suriya üçün deyil, bölgənin əksər dövlətləri üçün keçərlidir.
Əl-Kaidəni bir zamanlar Əfqanıstanda ruslara qarşı mübarizə etsin deyə Amerika yaratmışdı, PKK-nın yaradılmasında da Sovet kəşfiyyat idarəsinin danılmaz rolu olduğu söylənməkdədir. Təbii ki, İŞİD-in də yaradılmasında hansısa supergücün barmağı vardır. Yoxsa, bu qədər geniş ərazidə və bu qədər çoxsaylı döyüşçüyə özbaşına yaranmış bir təşkilat sahib ola bilməzdi. İndi də öz yaratdıqları terrorçularla mübarizə adı altında müsəlman ölkələrini öz qanlarında boğmaqdadırlar. Ayrıca İŞİD və bənzəri terror təşkilatları sayəsində dünyaya vəhşi müsəlman obrazı nümayiş etdirilməkdə, bu son səmavi dinin əleyhinə təbliğat aparmaq üçün əvəzsiz fürsətlər qazanmaqdadırlar.
Bəs, bu mübarizənin sonu nə olacaqdır? Suriya da Əfqanıstan kimi ikinci bir problemlər içində boğulan ölkəyəmi çevriləcək? Bunu deyə bilmərəm, amma bir şeyi qəti şəkildə deyə bilərəm ki, bu gün Suriyadakı vətəndaş müharibəsinin başa çatdığını və iç sülhün bərqərar edildiyini düşünsək belə, bu ölkənin məhv olmuş infrastrukturunun bərpası hələ on illər boyu vaxt alacaqdır. Məsələ sadəcə infrastrukturla da bitmir, ölkənin təhsildən ayrı düşmüş gəncləri hər zaman üçün radikal ünsürlərin hədəfində qalmaqda davam edəcək, ayrıca on illər keçsə belə insanların havizəsindən bu gün qarşılaşdıqları vəhşiliklər silinməyəcəkdir. Yetim qalmış uşaqlar, dul qadınlar və şikəst insanlar bu vəhşəti nə vaxtsa unuda biləcəklərmi? Əlbəttə, heç kim heç vaxt unuda bilməyəcək, istəsələr belə bunu bacarmayacaqlar və bütün naqisliklər bölgə insanlarının şüuraltında sonsuzadək yaşayacaq…

LEAVE A REPLY