“Azərbaycan dövlətçiliyi heç də etibarlı və güvənli əllərdə deyilmiş”
Əli Orucov:“Həmin mütəşəkkil dəstə ölkənin birinci şəxsinin marqalarına toxuna biləcək səviyyədə risk edib”
Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qəfildən prezident tərəfindən istefaya göndərilməsi və bir neçə iri ranqlı məmurun həbsi ölkə gündəmində bomba kimi partladı. Heç kimin gözləmədiyi olayların rezonansı o qədər böyük oldu ki, hətta, parlament seçkilərini də kölgədə qoydu. Bununla bağlı müxtəlif versiyalar , rəsmi səbəb kimi vəzifə səlahiyyətlərindən sui-istifadə, iş adamlarının incidilməsi kimi ittihamlar səsləndirilir. Görəsən, siyasilər bu həbslərlə bağlı nə düşünür?
Ölkədə cərəyan edən hadisləri “Millətim” qəzetinə şərh edən AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirdi ki, Milli Təhlükəsizlik Nazirliyinin ətrafında nələrin baş verməsi, əsil səbəblər nazirliyin özü kimi məxfi və qapalı olaraq qalır: “Hakimiyyət sabiq MTN şefi Eldar Mahmudovun istefasını əsaslandırmayıb. Prezidentin sərəncamında da bununla bağlı heç nə deyilmir. Yüksək rütbəli zabitlərin həbsi barədə isə rəsmi məlumatlar xəsisliklə verilir. Səsləndirilən versiyalara gəlincə, ən çox onun üzərində durulur ki, MTN-də şəbəkələşmiş bir qrup sahibkarları incidib, onlardan pul toplayırmış, biznesin inkişafına mane olurmuş. Bu versiyaya kəsinliklə inanmıram. Çünki belə şeylərin üstündə indiyədək heç kəs nə vəzifəsindən uzaqlaşdırılıb, nə də hansısa cəzaya məruz qalıb. Güya Vergilər Nazirliyi sahibkarlardan və iş adamlardan qeyri-qanunu haqq alıb, onlara məcburi pul ödətdirmirdilər, yaxud Dövlət Kömrük Komitəsi biznesin inkişafına yaşıl işiq yandırıb, idxal-ixracda insanları incitməyiblər, soyğunçuluqla məşğul olmayıblar, məhkəmələr, hüquq-mühafizə orqanları korrupsiyalaşmayıblar, rüşvətlə, özbaşınalıqla məşğul olmayıblar? Beləsi yoxdur. Çünki dövlətin idarəedilməsi və siyasi sistem sadədən mürəkkəbə, ibtidaidən aliyə hamısı iyerarxik pillə olaraq hamısı bir bütöv halında korrupsiya və rüşvət mexanizmi ilə çalışmaqdadır.
Bununla belə MTN-nin çətələşərək iş adamlarını şantajla, qorxu və həbslərlə incidərək külli miqdarda pul almasında iştirakını pis qarşılayıram. Bu ölkə adına utancveriricidir. Belə qanunsuzluqla və özbaşınalıqla, soyğunçuluqla digər qurumların adının hallandırılması bunca nifrət və rezonans doğurmazdı. Ölkənin təhlükəsizliyinin qeydinə qalmalı, onu hər cür daxili və xarici təhlükələrdən qorumalı olan bir nazirliyin adına, imicinə ləkə gətirən fəlaiyyəti onu göstərdi ki, Azərbaycan dövlətçiliyi heç də etibarlı və güvənli əllərdə deyil. Əksinə ən böyük təhlükə və təhdid onun təhlükəsizliyinə daha çox cavabdeh olan ən mötəbər dövlət qurumundan gəlir”.
AMİP yetkilisi onu da vurğuladı ki, bu həbslərin və hadisələrin kökündə tamam başqa mətləblər var: “Görünür, həmin mütəşəkkil dəstə ölkənin birinci şəxsinin marqalarına toxuna biləcək səviyyədə risk ediblər, yaxud daha böyük pulların gizlədilməsi və ölkədən çıxarılması faktları var. Burda siyasi və iqtisadi maraqlara toxunulması ən ağlabatan versiya ola bilər. Amma bunun məsuliyyəti təkcə nazirin və nazirliyin yüksək rütbəli əməkdaşlarının üzərində qalmamalıdır. Yaxşı, bəs Baş nazirin vəzifəsi nədən ibarətdir? Onun da burda siyasi məsuliyyəti var. Eyni zamanda, həbs olunan şəxslərin bir neçəsinə bir müddət əvvəl dövlət təltifləri edilib. Orden və medallar verilib. Hansı xidmətləri nəzərə alınıb verilmişdi? Göründüyü kimi, açıq qalan suallar çoxdur”.
Nicat