Rusiya- uğur, yoxsa labirint?

0
3

Rusiya- uğur, yoxsa labirint?

“Beşinci kolon” nə üçün sevinir?

Rusiyanın Suriya ərazisində antiterror əməliyyatları aparması bu ölkənin ərəb dünyası, Qərb və Türkiyə ilə münasibətlərini bir qədər də gərginləşdirib. Üstəlik də Rusiya təyyarələrinin Türkiyə sərhədlərini pozması ciddi narazılıq yaradıb. Şimal qonşumuz sərhəd pozuntusunu hava şəraiti ilə əlaqələndirsə də, bu inandırıcı görünmür. Görünən odur ki, Rusiya yenidən dünyaya meydan oxumaq istəyini açıq-aşkar büruzə verir.
Rusiyanın Suriyada antiterror əməliyyatları keçirməsinə Azərbaycanda da isti münasibət sərgiləyənləri anlamaq çox çətindir. Belə ki, Şimal qonşumuz terrordan belə narahatlıq keçirirdisə, ilk öncə Qarabağı erməni terrorçularından təmizləmək barədə düşünməli idi. Əksinə, Rusiya Xəzər dənizindən Suriya ərazisini raket atəşinə tutmaqla regionda hərbi hegemonluğunu bir daha nümayiş etdirdi. Sirr deyil ki, Rusiya bu zamana qədər də Qərb dövlətlərinin Xəzərdəki fəaliyyətinin əleyhinə olub. Kreml Xəzərdən Suriyanı bombardman etməklə Qərb ölkələrinə və Xəzər dənizi sahillərində yerləşən ölkələrə mesaj göndərir ki, Xəzərdə Rusiyanın hərbi qüdrəti nəzərə alınmalıdır.
Beləliklə, Rusiya yenidən öz prinsiplərindən geri çəkilir. Çünki yaxın keçmişdə Rusiya yetkililəri Xəzəri sülh dənizi adlandırırdılar. Rusiyanın etibarsız müttəfiq olması faktını tarix dəfələrlə təsdiq edib. Bir zamanlar Səddam Hüseyn rejiminə isti münasibət bəsləyən, Miloşeviçi sona qədər müdafiə edəcəyini bəyan edən Rusiyanın müttəfiqlərinin arxasından necə çəkildiyinə bütün dünya şahidlik edib.
Rusiyanın yenidən dünyaya meydan oxuması Azərbaycan üçün yaxşı heç nə vəd edə bilməz. Bu səbəbdən də ölkəmizdə bəzi siyasətçilərin Rusiyaya birmənalı rəğbət bəsləmələri ikrah hissi doğurur. Axı, Suriyaya görə Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi Azərbaycanın da maraqlarına toxunur.
Rəsmi dairələrin strateji müttəfiq adlandırdığı Türkiyə ilə, strateji tərəfdaş kimi qəbul etdiyi Rusiyanın münasibətlərindəki ciddi gərginlik Azərbaycanı çətin seçim qarşısında qoya bilər. Nəzərə alsaq ki, Azərbaycan Avropa və ABŞ-la münasibətlərin yaxşılaşması üçün addım atmağa tələsmir, bu, yaxın gələcəkdə də ölkəmizə yenidən rus-erməni təxribatları ilə baş-başa buraxılması təhlükəsini yarada bilər. Belə ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və Suriyadakı müharibə indiki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını birmənalı azaldır. Şimal qonşumuzun ABŞ, Avropa Birliyi və Türkiyə ilə birlikdə Dağlıq Qarabağ probleminin həllinə diqqət ayıracağı inandırıcı görünmür. Əksinə, Rusiya, Türkiyənin və NATO-nun Cənubi Qafqazdakı mövqelərinin güclənməsi baxımından Dağlıq Qarabağ münaqişəsinin həllini yenidən dalana dirəməyə çalışacaq. Əslində Rusiya strateji müttəfiqi sayılan Suriyadakı Əsəd rejimini raket zərbələri ilə dəstəkləməklə Azərbaycana və Türkiyəyə xəbərdarlıq edir ki, Dağlıq Qarabağda müharibə başlayacağı halda Kreml eyni addımları atmaqla strateji müttəfiqi Ermənistanı da müdafiə edəcək.
Rusiyanın Suriyadakı müvəqqəti şoularından həvəslənib, şimal qonşumuza rəğbətlərini gizlətməyən ölkəmizdəki “beşinci kolon”un sevincinin davamlı olmayacağı qənaətindəyəm. Sirr deyil ki, iqtisadi böhran keçirən Rusiya uzun müddət müharibə apara bilməyəcək. Digər tərəfdən, Putin rejiminin Suriyanı bombalaması ölkədəki iqtisadi böhrandan müvəqqəti olsa da, diqqət yayındırmağa hesablanıb. Nəzərə alınsa ki, Rusiya-Ukrayna münasibətləri hələ də gərgin olaraq qaldığından, orada da yenidən hərbi əməliyyatlar hər an başlaya bilər, onda Moskvanın durumu heç də xoşagəlim olmayacaq.
Rusiyanın işğal etdiyi Ukrayna regionlarındakı durumu da yaxşı heç nə vəd etmir. Krım, Donetsk və Luqanskda aclıq, səfalət hökm sürdüyündən, həmin regionlarda çoxluq təşkil edən ruslar artıq Ukrayna ilə birgə yaşamaq istəyini büruzə verməyə başlayıb. Sadəcə olaraq Rusiyadan oralara ezam olunmuş terrorçu dəstələrinin yaratdığı qorxu həmin regionlarda yaşayan əhaliyə istəklərini açıqlamaq imkanı vermir. Nəzərə alsaq ki, Ukraynada ərzaq məhsulları Rusiyanın işğal etdiyi regionlardan 7-8 dəfə ucuzdur, onda Moskvanın Krımı və nəzarətinə götürdüyü digər regionları hansı duruma saldığını anlamaq çətin deyil.
Bəli, Rusiyanın hazırkı xarici siyasəti, öz daxilində yaratdığı antidemokratik rejim nəinki regiona, hətta dünyaya təhlükə yaratmaqdadır. Düşünürəm ki, Azərbaycandakı rusiyapərəst qüvvələr düşünüb-daşınmalı, Moskvanın dünyaya yenidən meydan oxumasına haqq qazandırmaqdan çəkinməlidir. İrəvanı, Zəngəzuru, Qarabağı, Xocalını, qanlı 20 Yanvarı unudanların bir adı var-Manqurt. İndiki vəziyyətdə bizim Türkiyənin yanında olmaqdan başqa bir yolumuz görünmür. Türkiyənin dostu dostumuz, düşməni düşmənimiz sayılmalıdır. Tarix dəfələrlə təsdiq edib ki, Rusiya ilə dost olanın bu günü olsa da, sabahı olmur.

Nicat Sadiq

LEAVE A REPLY