Qətldə təqsirli bilinən məhkum imdad diləyir…

0
3

Qətldə təqsirli bilinən məhkum imdad diləyir…

Ələsgərin işinin təkrar baxılmasına ehtiyac varmı?

Ötən ilin avqust ayının 12-də Göyçay rayonunun Alpoud kəndində iş adamı, 1958-ci il təvəllüdlü Abbasov Sahib Sabir oğlu qətlə yetirilmişdi. Onun meyidi kənd yolunun kənarındakı transformatorun yaxınlığından tapıldığına görə, əvvəlcə onun elektrik cərəyanı vurması səbəbindən ölməsi güman edilsə də, meyidin Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinəsindən sonra məlum olmuşdu ki, Sahib Abbasov odlu silahdan açılan atəş nəticəsində güllə yarası alaraq dünyasını dəyişib.
S.Abbasov Alpoud kəndində çörək sexi işlədib, sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş. Onun qətlə yetirilməsindən sonra bir neçə adam şübhəli şəxs qismində saxlanılsa da, istintaq sonunda qətl törədən şəxsin qonşu kənddə yaşayan 58 yaşlı Xudiyev Ələsgər Xudu oğlu olduğu qənaətinə gəlib. Ələsgər isə bir çox səlahiyyətli instansiyalara ünvanladığı və sürətini “Millətim” qəzetinə göndərdiyi məktubunda qətiyyətlə bildirir ki, onun həmin qətl hadisəsi ilə heç bir əlaqəsi olmayıb.
Belə ki, onunla mərhumun arasında zərrə qədər ədavət olmayıb ki, belə qatı cinayətə əl atmaq üçün zəmin yaratsın. Məhkum məktubunda həm də bir faktı vurğulayır ki, qətlə yetirilmiş Sahibi ailəsi dəfn etmək istəyirmiş. Məhkumu torpağa qoymaq istədikləri zaman kəndin elektriki Ağamusa 102 xidmətinə zəng vuraraq xəbər verib ki, Sahib elektrik vurma nəticəsində deyil, güllə yarasından dünyasını dəyişib. Məhz bu məlumatdan sonra polis hərəkətə keçərək, araşdırma aparmağa-hadisə yerinə baxış keçirməyə başlayıb. Məhkum onu da qeyd edib ki, istintaqın başlanğıcında bir neçə dəfə polis şöbəsinə dəvət edilsə də, ona günahsızsan, deyib sərbəst buraxıblar. 4 aydan sonra isə bir daha Göyçay rayon Polis idarəsinə dəvət edib, qətlin onun tərəfindən törədildiyini söyləyiblər. Ə.Xudiyev ona qarşı zorakı üsullardan istifadə edildiyini də yazır. O, bu barədə Respublikanın Baş prokuroru Zakir Qaralova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə və Cinayət Kollegiyasının sədri Şahin Yusifova ərizəylə müraciət etdiyini də xatırladıb.
O da maraqlıdır ki, qətlin araşdırılmasının ilkin dövründə mərhumun ailəsi Ələsgərin günahsız olduğunu təsdiq etsə də, sonradan mövqelərini dəyişiblər. Ələsgər onlara da təzyiq göstərildiyini iddia edir. Məhkum bu barədə yazır: “İşgəncələrə məruz qoyaraq, məni, oğlumu və ailəmin digər üzvlərinin həbs etdilər. Sahibi öz yaxınları qətlə yetirib. Onu özləri dəfn edirdilər, heç bir şikayətləri yox idi. Elektrik Ağamusanın 102 xidmətinə məlumat verməsindən sonra polisə şikayət etdilər.”
Ə.Xudiyevin cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılaraq, barəsində Ciddi rejimli Cəzaçəkmə müəssisəsində saxlanılmaqla 13 il 6 ay müddətində cəza hökmü çıxardılıb. Hazırda Penitensiar Xidmətin 7 saylı Ciddi rejimli Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayır. O, ilkin məhkəmə instansiyasının qərarından Şəki Appelyasiya Məhkəməsinə etiraz ərizəsiylə müraciət etdiyindən, yaxın günlərdə onun appelyasiya şikayətinə baxılacağı gözləniləndir.

Görünən odur ki, məhkum növbəti instansiya məhkəməsindən də ədalətli qərar gözləmir. Məhz həmin səbəbdən də “Millətim”in baş redaktoru Lalə Ramizqızına müraciət edərək səsinin ölkə prezidentinə çatdırılmasını xahiş edir: “Hörmətli, Lalə xanım, sizdən çox xahiş edirəm ki, mənə yaxından köməklik göstərəsiniz. Mən də Azərbaycan vətəndaşıyam. Mənim də ailəm, övladlarım var. Günahsız olsam da, məni zorla həbs ediblər. Mən heç bir cinayət etməmişəm və buna tam əminəm. Mənə elə işgəncələr verdilər ki, əvvəlcə elə bildim ki, erməni terrorçuların əlinə düşmüşəm. Sonra özümə gəldikdə, gördüm ki, bura Göyçay rayon Polis idarəsidir və çox sevindim. Lakin bu sevincim acıyla sonuclandı. Mənə kömək edin. Mən, cənab Prezidentimizdən ümidimi üzməmişəm. Onsuz da mən ölüyəm, istəmirəm ki, layiq olmadığım qatil adı ilə ölüm.”
Bütün bunlar Ə.Xudiyevin məktubunda yer aldığından, məhkumun yazdıqlarını qismən də olsa işıqlandırmağı peşə borcumuz bildik. Əlbəttə, araşdırmalı, müəmmalı çox məqam var. Ələsgərin özünün günahsızlığına güvənərək “Millətim”ə müraciət etməsi də diqqətçəkən məqamdır. Adətən, cinayət törətmiş şəxslər cəzalarıyla barışıb, səssiz-səmirsiz təyin olunmuş cəza müddətinin bitəcəyi günü gözləyirlər. Günahsızlar-savadsızlıqları üzündən aldanaraq ağ kağıza imza atanlar isə, çox keçmir ki, səhvlərinin yaşatdığı faciələrlə baş-başa qalıb, düşdükləri durumla barışmaq istəmirlər.
Hələlik kimin günahlı, kiminsə günahsız olduğunu söyləmək fikrindən çox uzağam. Sadəcə olaraq “Millətim”ə ünvanlanmış məhkum məktubunu şərh etmək istədim. Təbii ki, araşdırmamız davam edəcək. Ortada harada olmasından asılı olmayaraq bir insanın fəryadı var. O insanın ki, günahsız olduğunu sübut etməyə çalışaraq, digərlərini ona işgəncə verməkdə, barəsində ədalətsiz hökm çıxarmaqda ittiham edir… Və bunu özünə tam güvənərək yazır, bəyan edir. Təəssüf ki, bəzən insanların günahsız olaraq cəzalandırılmasının şahidi olmuşuq. Epizodik olsa da, bəzi hallarda məhkumların səsinə səs verənlərin olduğunu da görmüşük. Zaman-zaman günahsız məhkumların bəraət alaraq, azadlıqlarına qovuşmalarıyla da rastlaşmışıq. Nə bilmək olar, bəlkə məhkum doğrudan-doğruya haqlıdır? Bəlkə o da açılmayan cinayət işlərinin sayının azaldılması naminə qurban verilib? Axı, insan insanı ciddi ədavət olmadan qətlə yetirməz! Bütün hallarda Ə.Xudiyevin məktublarını ünvanladığı instansiyalarda diqqət yetirilməsinin-təkrar araşdırılmasının tərəfdarıyam. Axı, söhbət insan taleyindən-yaşı 60-ı haqlamış ailə başçısının yaşadığı faciədən gedir.

Mövzuya qayıdacağıq.
Turan Türk

P.S. Yazıda adı çəkilmiş Göyçay Rayon Polis Şöbəsinin, cinayət işini araşdırmış orqanın və qətlə yetirilmiş iş adamı Abbasov Sahibin ailəsinin də mövqeyini işıqlandırmağa hazırıq.

LEAVE A REPLY