“Ölkədə ciddi formada siyasi məhbus problemi var”
Rafiq Manaflı:“Bu, artıq Azərbaycan hakimiyyətinin problemidir ki, alternativ qüvvələrin bu problemlərin həllinə cəlb olunmasının yollarını necə tapacaq”
“Artıq təbliğat kampaniyası başlayıb, amma ölkədə seçki mühiti varmı? Yoxdu əlbəttə”
Siyasi arenamızın ərəb saçına dönmüş qarmaqarışıqlığında elə şeylər baş verir ki, bəzən olub-bitənlərə adamın inanmağı belə gəlmir. Siyasi partiyalar arasındaki münasibətlərin heç də könül açan olmadığı indi hər kəsə bəllidi. Amma son zamanlarda yeni bir tendensiya da sezilməkdədi ki, buna artıq nəsə təzə bir ad qoymaq lazım gələcək. Belə ki, artıq bir sıra siyasi partiyaların, öz içərisindən fraksiyalara bölünərək, birgə fəaliyyət görüntüsü verməyə çalışmaları dünya siyasət tarixinin heç rastlamadığı nou-hau kimi dəyərləndirilməlidi. Belə bir vəziyyətdə ölkə ilin baş siyasi şousuna – növbəti parlament seçkilərinə doğru yol alıb. Seçkiyə qatılan-qatılmayan bütün təşkilatların əks tərəfi ittiham altında tutması da hələlik Azərbaycansayağı siyasi münasibətlər sistemində görünməmiş nəsnələrdən sayılmalıdı.
Siyasi gündəmin bu karqaşasında, Vətəndaş Həmrəyliyi Partiyasındakı durum bir az da mürəkkəbdir və burdakı vəziyyətin ictimai müzakirələrə səbəb olan bəzi yönlərinə ayna tutub, aydınlıq gətirə bilmək üçün VHP Ali Məclisinin Sədri, Mili Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflıdan bu ətrafda bəzi məsələləri şərh etməyi xahiş elədik.
Beləliklə, növbəti müsahibimiz VHP AM-nin sədri, MŞ KM-nın üzvü Rafiq Manaflıdı.
– Rafiq bəy, nə var nə yox?
– Sağlıqdı, bir də indi ölkə boyu düşünən başları düşündürən narahatlıq var.
– Həmişə sağlıq olsun. Bəs bu gedişatdan ağlınız nə kəsir, nə olacaq?
– Vəziyyət doğrudan da çox mürəkkəbdir. Həm ölkənin daxilində gedən proseslər, həm ölkənin xaricində olub-bitənlər, həm regional müstəvidə yaşananlar, həm də dünyanın qarşılaşdığı qlobal problemlər və bəşəriyyətin varlığını təhdid edən terrorizm, bu dəqiqənin özündə həlli çox çətin olan, bəzən də həll yolu heç bəlli olmayan çoxməchullu bir tənliklər yaradıb. Bu baxımdan, nələrin olacağını proqnolaşdırmaq, hansı addımların atıla biləcəyini müəyyənləşdirmək çox çətindir. Azərbaycan tipli digər ölkələr kimi, biz də çox kiçik bir ölkəyik və ölkə olaraq da, bizim müqqədəratımız 50 faiz öz əlimizdə olsa da, 50 faiz də kənar təsirlərdən, dünyada və regionda söz sahibi olan güclərin münasibət və gedişlərindən asılıdır. Bu durumda, ölkəni indiki situasiyadan çıxara bilmək mənə olduqca çətin bir məsələ kimi görünür. İstər Azərbaycanın bu həddə gəlməsində ciddi rol oynamış indiki rejimin, istərsə də, bu rejimə qarşı mübarizə aparan, alternativ qüvə kimi bizim, bu çox mürəkkəb və çətin dövrdə situasiyanı düzəldib vəziyyətdən çıxa bilməyimiz asan olmayacaq. Yəni vəziyyət gerçəkdən də olduğca mürəkkəbdi və dünyanın çox çətin dövrünü yaşayırıq. Və son olaraq onu da deyim ki, bu günkü tərs idarəçilik Azərbaycanda vəziyyəti hər gün bir az da gərgiləşdirir, daha da pisləşməyə doğru aparır və bu səbəbdən də mən heç də yaxşı sonluq görmürəm.
– Özünüzü rejimə qarşı nə qədər alternativ hiss edə bilirsiniz və ümumiyyətlə indiki durumda özünüzü bu hakimiyyətə alternativ kimi təqdim etməyiniz nə qədər yerinə düşür?
– Əslində indi hakimiyyət məqsəd deyil. Ölkəni yaranmış çətin vəziyyətdən çıxararaq sabaha apara biləcək bir qüvvə olaraq, Azərbaycanda alternativ var və nə qədər ki o var, məsələ həll olunmalıdır. Məsələn, gözümüzün qabağında Suriya, İraq, Liviya, və sair kimi ərəb ölkələri var. Harada ki, demokratik dəyişikliklər cəhdi vəziyyəti indi gördüyümüz hala, yəni, xaosa və kütləvi terrora, qanlı qırğnlara, görünməmiş faciələrə, çeşidli fəlakətlərə gətirib çıxardı. Bu ölkələrdə də 40 ildən çox davam edən avtoritar rejimlər hakimiyyətdə olublar və həmin ölkələrin alternativ fikir və düşüncə adamları ilə birgə, alternativ fikrin özünü də məhv eləmişdilər. Ona görə də o ölkələrdə alternativ siyasi quruluşlar, vətəndaş cəmiyyəti olmayıb və bu günlərdə həmim alternativlər sıfırdan başlayaraq yaradılır. Ona görə də çox mürəkkəb bir dövrün içindədilər və bu dövrün dəyişə bilməsi üçün hələ illəri yola vermək lazım gələcək. Azərbaycanda isə, hələ alternativ fikir də, alternativ qüvvə də var. Nə qədər ki bu qüvvə məhv olmayıb, Azərbaycanda dəyişikliklər olmalıdı. Söhbət heç də mütləq şəkildə hakimiyyət dəyişikliyindən getmir. Belə deyək ki, tədricən ölkə daxilində siyasi münasibətlər sistemi, idarəçilik sistemi, seçki sistemi, məhkəmə sistemi və digər vacib sistemlər dəyişməli və həmin alternativ qüvvələrin də burdakı iştirakı təmin olunmalıdır. Amma bu, artıq Azərbaycan hakimiyyətinin problemidir ki, alternativ qüvvələrin bu problemlərin həllinə cəlb olunmasının yollarını necə tapacaq. Yəni bu dəqiqə konkret söhbət ondan getmir ki, sən dur get, mən də gəlib sənin yerində oturum. Dediyim kimi, indi içli-dışlı vəziyyət o qədər mürəkkəb və çətindir ki, ölkənin, dövlətin sabahını düşünərək, istənilən formada əməkdaşlığa gedib, labüd dəyişikliklərin həyata keçirilməsini təmin etmək vacibiyyəti var.
– Hakimiyyətdən bir cəhd oldu…
– Hansı cəhdi deyirsiniz, “dialoq” dediklərini?
– İmkan verin, sualı tamamlayım, sonra cavab verərsiniz, olurmu?
– Buyurun.
– Belə deyək, qərara gəldilər ki, müxalif qüvvələri dəvət edib bir söhbət edək. Gedənlər oldu və onlar, sizin də yer aldığınız cəbhədən ağır artilleriya atəşinə tutuldular, “xəyanətkar, satqın və sair” adlandırıldılar. Bəlkə o dialoq cəhdinin uğursuzluğuna səbəb, sizin cinahın bilərəkdən, ya da bilməyərəkdən qatılmaması oldu?
– Bax bu gözəl sual oldu və çox maraqlı məsələyə toxundunuz. Dialoq xəttində əlbəttə hakimiyyət durmalıdı. Biz çox deyə bilərik ki, dialoq olsun və biz də buna hazırıq, amma hakimiyyət buna hazır deyilsə, bunu nə dialoq kimi, nə də adi bir söhbət olaraq əhəmiyyəti var. Əgər bu hakimiyyət gerçəkdən dialoqa hazırdısa və bunu istəyirsə, ilk addım olaraq bir mühit yaratmalıdır. Ölkədə ciddi formada siyasi məhbus problemi var, bu gün həllini gözləyən müxtəlif siyasi problemlər var. Bu promlemlərin həlli yolunda, ümumiyyətlə addımlar atmaq, prosesı başlamaq yoxdusa, bu cür dialoqu nə ciddiyə almaq mümkündür, nə də ki, burdan bir nəticə göləmək. Və bu mənada, məncə hakimiyyətin atacağı ilk addım, şərlənərək tutulan siyasi məhbusların ən azı bir qisminin azadlığa buraxılması ola bilərdi. Amma, baxın, nə baş verdi, prosesin başlanması üçün olan gözləntilərin tam əksi və dialoq gedə-gedə, belə demək mümkünsə, ən immunitetli siyasətçiləri və media mənsublarını bir-bir tutdular. Şəxsən mən heç fikirləşmirdim də ki, bunları həbs eləyə bilərlər.
– Sanki adamların toxunulmazlıqları var idi …
– Bəli, amma dialoq başlayan kimi, bunları tutmağa başladılar və qurtarana qədər də hamısını qoydular içəri. Yəni, zaman da göstərdi ki, bu hakimiyyət dialoqa hansısa ishahatlar aparmaq və hansısa bir nəticə əldə eləmək xatirinə getməyib. Mənim o da yadımdadı, son görüşdən sonra, müxalifət adına dialoqa qatılan kəsimim əsas ideoloqlarından biri olan Pənah Hüseyn mətbuata açıqlama verərək dedi ki, hakimiyyət bu görüşlərdən öz maraqları üçün istifadə elədi. Yəni bu görüşlər gerçək dialoq kimi alınmadı, olmadı və hakimiyyətin də bu görüşlərə sırf özünün konyuktur maraqları ilə yanaşdığını biz görürdük. Elementar bir misal çəkim, o görüşlərdə seçki mühiti ilə də bağlı, xeyli söhbətlər getmişdi, amma baxın, hətta artıq təbliğat kampaniyası başlayıb, amma ölkədə seçki mühiti varmı? Yoxdu əlbəttə. O na görə də lap əvvəldə də dedim ki, hakimiyyət təmsilçisi ilə görüş üçün də, dialoqun başlanması üçün də mühit yaradılmalıdır. İlk öncə hakimiyyət göstərməlidir ki, bu görüşlərə ciddi bir iş kimi baxır, hansısa nəticələr gözləyir, yoxsa danışmaq xatirinə, oturub bir hakimiyyət təmsilçisi ilə söhbət eləməyin heç bir mənası yoxdur.
– Rafiq bəy, hal-hazırda VHP-də məclisin sədrisiz, faktiki təşkilatın ikinci adamısınız, amma VHP sədri də o görüşlərdə işturak edirdi.
Davamı var