Doxsan yeddi canın hesabını kim verəcək?

0
3

Zaur Muradxanlı

Türkiyədə növbəti terror…
Doxsan yeddi canın hesabını kim verəcək?

Ötən həftə sonu Türkiyənin paytaxtı Ankaranın Sihiyyə meydanında həmkarlar ittifaqları tərəfindən yaradılan Əmək birliyi və bəzi partiyalar tərəfindən təşkil olunan mitinq faciə ilə nəticələndi. Belə ki, səhər saat 10:04 radələrində iki terrorçunun, insanların xüsusilə çox olduğu yerdə özlərini partlatması nəticəsində ən az doxsan yeddi nəfər həlak olub, onlarca insan isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Media orqanımız vasitəsi ilə qardaş türk xalqına dərin hüznlə başsağlığı verməklə bərabər, bu dəhşətli hadisəni planlayan və həyata keçirənləri lənətləyir, günahsız insanların qanları ilə özlərinə mənafe təmin etmək istəyən qaranlıq şəbəkələri və onların alçaq təmsilçilərini nifrətlə qınayırıq.
Bəs, bu qardaş ölkədə baş verən ilk terror olayıdırmı? Əlbəttə ki, xeyir. Təəssüflər olsun ki, on illərdir türk insanının qanı imperialist dairələrə xidmət edən müxtəlif terror qruplaşmaları tərəfindən axıdılmaqdadır. Sadəcə son otuz ildə bu ölkənin xalqı terrora qırx min nəfərdən artıq qurban vermişdir ki, bu da həddindən artıq dərəcədə böyük rəqəmdir. Lakin hələ heç vaxt Türkiyənin sərhədləri daxilində bir dəfəyə bu qədər çoxsaylı insan tələfatı ilə nəticələnən terror hadisəsi baş verməmişdi. Doxsan yeddi günahsız sadəcə barış istəyən mülki şəxsin bu qədər vəhşicəsinə qətlə yetirilməsini heç bir insanın vicdanı sakitliklə qarşılaya bilməz. Əgər başqasının faciəsinə sevinənlər vardırsa da, şübhəsiz ki, belələri vardır, onları insan adlandırmaq mümkün deyil.
Qeyd etdiyimiz kimi, hələ daha öncələri də Türkiyədə bənzər terror hadisələri həyata keçirilmişdi. Lakin onların heç biri miqyasına və həlak olanların çoxluğuna görə Ankaradakı bu hadisə ilə müqayisə oluna bilməz. Bəs, bu terror olayını kimlər və hansı səbəbdən təşkil edə bilərdi? Gəlin, bunu araşdırmağa çalışaq.
Suriyada vətəndaş müharibəsi başlandıqdan sonra Ərdoğanın öncülüyündə türk hökumətinin hadisələrə müdaxil olması və köhnə dostu, birlikdə Hələb stadionunun açılışında iştirak etdikləri, amma anlaşılmaz şəkildə düşməninə çevrilən Əsədi devirməyə çalışan qüvvələrə dəstək verməsi , habelə Ərdoğanın çıxıb İŞİD kimi cani bir terror təşkilatından “bir ovuc öfkəli müslüman gənc” deyə bəhs etməsi və ardınca da müxtəlif yollarla yardımlarını əsirgəməməsi legitim Suriya hökuməti ilə Türkiyənin münasibətlərinin kəskin şəkildə pisləşməsinə, həmən ardınca da Suriyanın Türkyəyə terror ixrac etməsinə səbəb oldu. Türk xalqı onsuz da illərdir ki, terrordan çəkdiyini çəkirdi, yanlış xarici siyasət və burnunun ucundan o tərəfi görə bilməyənlərin verdikləri bəyanatlar nəticəsində bir də Suriya dəstəkli terrorizmlə mücadilə etmək məcburiyyəti qarşısında qaldı. Elə bu səbəbdəndir ki, bir neçə il öncə Hatay vilayətinin Reyhanlı rayonunda əlli bir nəfərin ölümü ilə nəticələnən terror aksiyası həyata keçirildi. Aparılan istintaq hərəkətləri nəticəsində bu hadisəni həyata keçirənlərlə Suriya xüsusi xidmət orqanlarının arasında bağ qurulmuş, Suriya kəşfiyyat idarəsi Əl-Müghabaratın bu qanlı hadisədə barmağının olması ortaya çıxarılmışdı.
Doğrudur, Türkiyənin bu ölkənin daxili işlərinə müdaxilə etməsi hər nə qədər qəbul olunmaz olsa da, Suriyanın adekvat cavabları da insanlıq suçu olaraq dəyərləndirilə bilər.
Xüsusən də Suriyadakı vətəndaş müharibəsi başladıqdan və Ərdoğanın da meydanlarda bağıra-bağıra Əsədin bir neçə həftə ömrü qalıb deyərək, qonşularla sıfr problem prinsipindən kimlərinsə istəyi ilə imtina etməsi və həm çoğrafii cəhətdən qonşu olmaqla bərabər, sərhəd bölgəsi xalqlarının etnik yaxınlığını, habelə hər iki ölkə insanının da eyni dinə, islam dininə qulluq etdiyini düşünmədən məzhəbçilik ardınca qaçması və Türkiyənin dövlətçilik mənafelərinə tərs düşən, super dövlətlərin istəklərinə uyğun digər addımları ataraq bu iki xalqı bir-birinə düşürməsi və sair səbəblər Türkiyə ilə bu ölkəni qarşı-qarşıya gətirdi. Doğrudur, bütün addımlarını daxili siyasətə, daha doğrusu seçkilərdə mümkün qədər çox səs toplaya bilmək üçün populizmə kökləyən Ərdoğanın daha öncələri bir gizli toplantıda “lazım olsa Suriyadan bu tərəfə iki roket atdırarıq” deməsi hansısa xarici dövlətin xüsusi xidmət orqanları tərəfindən dinlənilərək mediaya servis edilmiş, bitərəf ictimaiyyət nümayəndələrinin qınaq obyektinə çevrilmişdi.
Suriyada vətəndaş müharibəsi başlandıqdan sonra bu ölkənin iç işlərinə yeri gəldi-gəlmədi müdaxilə etməyə çalışan Ərdoğan hətta bir ara işi o yerə çatdırmışdı ki, türkmənlərə humanitar yardım adı ilə ölkənin milli kəşfiyyat orqanının ağır tonnajlı avtomobilləri ilə silah- sursat daşınırdı. Burada onu xatırlartmaq yerinə düşərdi ki, bəhs etdiyimiz hadisə üzə çıxarılanadək MİT-in belə bir səlahiyyəti yox idi, daha sonra məsələ ilə bağlı MİT qanununda dəyişiklər edildi. Doğrudur, daha sonra bu işin üstü açıldı və işin üstünü açan jandarma mənsubları və prokurorluq nümayənələri də layiq olmadıqları şəkildə cəzalandırılıdılar. Bu ilin əvvəllərinədək AKP hökuməti israrla tırlarda humanitar yardım olduğunu iddia edir, Suriya ərazisində döyüşən hər hansı qanunsuz silahlı birləşməyə silah-sursat göndərdikləri barədə iddiaları qətiyyətlə rədd etməyə çalışırdı. Lakin son seçki kampaniyasından öncə Ərdoğan ağır tonnajlı avtomobillərin içərisində silah-sursat olduğunu etiraf etməklə bərabər bu silah sursatın “bayır-bucaq türkmənlərinə”, yəni Suriya türkmənlərinə göndərildiyini söylədi. Daha sonra da seçki kampaniyası dövründə AKP-nin nümayəndələrindən biri Suriyada vətəndaş müharibəsi başlandıqdan bu yana bu ölkəyə iki min tır silah göndərildiyini etiraf etməklə yanaşı bu silahların Azad Suriya ordusuna göndərildiyini də söylədi. Belə olduqda haqlı olaraq iki sual meydana çıxırdı.

Birincisi, Ərdoğan silahların Suriya vətəndaşı olan türkmənlərə göndərildiyini söyləməklə yalan danışmışdı.
İkincisi isə Azad Suriya ordusu yarandıqdan qısa bir müddət sonra İŞİD-ə biət etmişdi. Deməli, silahlar dolayısı ilə İŞİD-a göndərilmişdi. Burada sual doğuran başqa bir məqam isə bu silah yüklü tırları ortaya çıxardıqlarına görə işlərindən olan, həbsə atılan hüquq mühavizə orqanlarının əməkdaşlarıdır ki, onların nə qədər günahsız olduqları və barələrində görülən bütün tədbirlərin nə qədər ədalətsiz və siyasi olduğu da gün kimi ortadadır. Ayrıca umumilikdə yüz minlərlə terrorçunun Türkiyə ərazisindən istifadə etməklə Suriyaya keçdiyi və İŞİD, Əl-Nusra, Azad Suriya ordusu kimi radikal və terrorçu, eyni zamanda digər qeyri-qanuni silahlı qruplara qatıldığı, habelə bir sıra başqa ölkələrlə yanaşı Türkiyə ərazisində də çox rahatlıqla özlərinə tərəfdaş topladıqları həm Qərb mediasında, həm də elə Türkiyənin dövri mediasında işıqlandırılmaqdadır. Keçən ilki Kobani döyüşlərindən sonra Amerikanın israrları ilə İŞİD-ə dəstəyini çəkən və terrorçu axınını məhdudlaşdıran Türkiyə Əsədlə yanaşı İŞİD-in də hədəfinə çevrildi. Öncə bu ilin may ayında HDP-nin Diyarbəkir mitinqində bomba partladıldı və ən az beş nəfər dünyasını dəyişdi, daha sonra Şanlı Urfa vilayətinin Suruç rayonundakı mədəniyyət mərkəzinin önündə canlı bombanın özünü partlatması sonucunda daha otuz üç nəfər həlak oldu. Xatırladaq ki, bu terror hadisələrinin hər ikisi üçün də İŞİD-in adı planlayıcı və həyata keçirici olaraq anılmaqdadır. İndi də Ankarada baş verən iki canlı bombanın iştirakı ilə həyata keçirilən dəhşətli hadisə…
Burada xüsusilə qeyd etmək yerinə düşərdi ki, hadisədən sonra İŞİD internet səhifəsində hadisəni həyata keçirən terrorçularını təbrik etməklə bərabər, həlak olanların sayının artması diləyində olduğunu da bildirib.
Bir az da mitinqin güvənlik məsələlərinə nəzər salaq. Bəzi qaynaqların verdikləri məlumata görə Avropa birliyi əldə etdiyi kəşfiyyat məlumatlarına əsaslanaraq əmək platformasının təşkil etdiyi sözügedən mitinqdə xoşagəlməz hadisələrin ola biləcəyini bildirərək, diplomatik nümayəndiklərini xəbərdar edib və həmin gün ehtiyatlı olmağa çağırıb. Ayrıca Rusiya mərkəzli sputnik informasiya agentliyinin yaydığı xəbərə görə canlı bombaların hər ikisi də türk vətəndaşları olublar və İŞİD üzvü olan bu terrorçular daha öncələri də Ankarada İŞİD-ə məxsus evlərdə yaşayıblar. Hadisə günü isə hərəsi fabrik istehsalı olan beş kiloqramlıq trotil partlayıcı vasitəsindən istifadə etməklə intihar kəməri hazırlayaraq mitinqin keçiriləcəyi meydana gəliblər. Terror təşkilatlarının sıx istifadə etdikləri üsul gərəyi bu canlı bombalar bir-birilərini tanımırlarmış və elə ona görə də bir-birilərindən müstəqil hərəkət ediblər.
Yenə mədiaya düşən xəbərlərə görə, Türkiyənin kəşfiyyat orqanları Ankara valiliyini canlı bomba ola biləcəyi barədə xəbərdar ediblər. Burada isə ya valilik bu terror hadisəsinin qarşısını almaqda aciz qalıb, ya da xəbərdarlıqları yetərincə ciddiyə almayıb. Istənilən halda məsuliyyət yenə də hakimiyyətin və onun təhlükəsizlik qüvvələrinin üzərindədir. Lakin, gəlin baxaq, görək, bu hökumətdən və ya onun bürokratlarından kimsə ərdəmlilik göstərərək istefa edə bildimi? Əlbəttə ki, xeyr. Onlar sadəcə terror təşkilatlarını və ad çəkmədən hansısa dövlətləri günahlandırmaqdan başqa bir iş bacarmırlar. Bəs, özlərinin görməli olduqları işləri görmədiklərinə görə onları günahlandıranlar qarşısında nə cavab verəcəklər? Təhlükəsizlik orqanlarının rəhbərləri, güc nazirləri və eləcə də Ankara valiliyi bu mitinqə icazə verərkən, eyni zamanda oraya toplaşacaq on minlərlə insanın təhlükəsizliyini təmin etməli olduqlarını bilmirdilərmi? Əlbəttə ki, bilirdilər, bəs, onda niyə təmin edə bilmədilər, yaxud o insanların bu gün həyatda olmadıqlarına görə məsuliyyət sahibi olduqlarını niyə unudurlar? Bəli, təəssüf ki, unudurlar, yoxsa özlərində cəsarət tapıb istefa verərdilər. Bu ən azından Türkiyənin dörd bir tərəfindən mitinq üçün gələn, lakin bir daha geri dönməyəcək doxsan yeddi can qarşısında yerinə yetiriləcək son vəzifə olardı.
Bir vaxtlar AKP yönümlü media vasitələri hər şəhid xəbərindən sonra bar-bar bağıraraq, niyə əsgərlərin şəhid olduqlarını, zabitlərin içərisindən kimsənin şəhid olmadığını söyləyirdilər. İndi, doğrudur, türk xalqının bu acılı zamanında bəlkə də yeri deyil, amma mən də həmin adamlardan soruşmaq istəyirəm, niyə məhz müxalif yönümlü mitinq və ya toplantılarda terror aksiyaları törədilir? Diqqətli oxucularımızdan kimsə heç AKP-nin və ya Ərdoğanın keçirdiyi hər hansısa mitinqdə nəinki terror hadisəsi, hətta buna cəhd xatırlayırmı? Mən xatırlamıram, demək ki, təhlükəsizlik qüvvələri isrtədikləri, diqqətli olduqları vaxt istənilən xoşagəlməz olayın qarşısını ala bilərlər. Bu misalı çəkməklə kimisə, və ya hansısa təşkilatı hədəf göstərmək məqsədi daşımıram, sadəcə olaraq diləyim həmin mitinqlərdə də bənzər hadsələrin olması deyil, əksinə belə olayların heç vaxt olmamasıdır.
Hadisədən sonra bəyanat verən baş nazirin müavini Numan Kurtulmuş həlak olanlara yaxınlarının və yaralıların yaxınlarının dövlət müəssisələrində işlə təmin olunacağından və sair danışıb. Bunların hamısı gözəl işlərdir, amma məsələ burasındandır ki, doqquz yaşlı uşaqdan yaşını-başını almış, təqaüdçülərtək dünyasını dəyişən doxsan yeddi nəfərin həyatı üçün kim cavab verəcək? Vaxtilə İŞİD üçün “bir ovuc öfkəli müsəlman” deyənlərin xalqa söyləyəcək heç sözü yoxdurmu?
Əlbəttə, bəziləri lazım gəldikdə dünən dedikləri sözləri bu gün unuda bilərlər, lakin tarix heç vaxt heç nəyi unutmur…

LEAVE A REPLY