Bakıda doğuş qiymətləri bahalaşdı…
Bir neçə ay bundan qabaq özəl müəssisələrdə doğuş üçün orta hesabla 800-1700 manat pul tələb olunurdusa, hazırda bu qiymətlərdə bir qədər bahalaşma müşahidə edilir.
Özəl doğum evləri bəlli olmayan səbəblərlə doğuş qiymətlərində dəyişiklik edib. Ötən ayla müqayisədə indi qiymətlərdə təqribən orta hesabla 300 manata qədər fərq müşahidə olunur.
Bəs qiymət artımları hansı özəl klinikalarda özünü göstərir? Özəl klinikalarla əlaqə saxlayaraq, hazırkı doğuş qiymətləri ilə maraqlandıq.
Vital Klinika
Ötən ay bu klinikada doğuş üçün tələb olunan 650-950 manat civarında məbləğ 1500 manata yüksəlib.
Baku Medikal Plaza
1300-1500 manatlıq qeysəriyyə əməliyyatları hazırda bu klinikada 1800-1900 manata qədər bahalaşıb.
Leyla Şıxliniskayanın klinikası
Cəmi 50 manat bahalaşma var: 1000 manatdan 1050 manata yüksəlib. Ağrıkəsicidən istifadə etmək istəyən xəstə əlavə olaraq 155 manat da ödəniş etməlidir.
Oksigen Klinikası
Bu klinikada əksinə, 250-300 manatlıq güzəşt tətbiqinə başlanılıb. Klinikda doğuş qiymətləri 1450 manatdan 1200 manata endirilib. Klinikanın adının ana ölümü qalmaqalında hallanmasından sonra bu addımı atdığı bildirilir.
Mövzu barədə Axar.az-a danışan Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirdi ki, nazirlik özəl klinikaların qiymət siyasətinə qarışmır. Qiymətlərə gəlincə, bu vətəndaşın azad seçimindən asılıdır. Hər bir vətəndaş həm özəl, həm də dövlət müəssisələrindən istifadə etməkdə sərbəstdir.
Xatırladaq ki, bu, klinikaların doğuş qiymətlərində baş verən sayca ikinci qiymət artımıdır.