Aviabiletlərin qiyməti azaldıla bilər

0
3

Aviabiletlərin qiyməti azaldıla bilər

Azərbaycana turistlərin cəlb edilməsi siyasətində uğurlu nəticə əldə edilməsi üçün ilk növbədə nəqliyyat vasitələrinin, xüsusilə də aviabiletlərin qiymətləri kosmetik şəkildə deyil, lazımi şəkildə aşağı salınmalıdır.

Bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müavini Müzəffər Ağakərimov deyib.

Turpaketlərin hazırlanmasında nəqliyyat vasitələrinin qiymətinin mühüm rol oynadığını vurğulayan M.Ağakərimov hesab edir ki, əgər qiymətlərdə azalma baş versə, bu, dünyada turizm sahəsi üzrə ən böyük alıcıların olduğu Rusiya, Belarus, Qazaxıstan və Şərqi Avropa ölkələrindən Azərbaycana daha çox sayda turistin cəlbinə imkan yaradar: “Bu yaxınlarda Rusiyanın 4-cü böyük şəhəri olan Yekaterinburqda olduq. Yekaterinburqdan Azərbaycana daha çox sayda turist gəlmək istəyir. Ancaq yenə də problem yaradan məsələ təyyarə biletlərinin qiymətləri ilə bağlıdır”.

Onun sözlərinə görə, artıq AzTA Azərbaycana Rusiyanın Novosibirsk vilayətindən, eyni zamanda Belarusdan daha çox turistin cəlb edilməsi üçün xüsusi turpaketlər hazırlamağı nəzərdə tutur.

Turistlərin cəlbi üçün ikinci mühüm amilin hotellərdən asılı olduğunu deyən M.Ağakərimov əlavə edib ki, ölkədəki hotellərdə qiymətlər müəyyən qədər endirilib: “Amma bu iş bundan sonra da davam etdirilməlidir”.

Assosiasiya rəsmisinin sözlərinə görə, Azərbaycanda turizm üçün vacib olan elektron vizaların verilmə sistemi artıq onlayn qaydada işləyir. Bu da Azərbaycana gələn qonaqların işini rahatlaşdırır.

Azərbaycana turistlərin cəlbi üçün təbliğat işlərinin də aparılmasını zəruri sayan M.Ağakərimov bildirib ki, Azərbaycanın turizm potensialı tam şəkildə dünyaya təqdim edilməlidir. Ölkəyə turistləri cəlb etmək üçün müxtəlif turizm festivalları, yarmarkaları keçirilməlidir: “Azərbaycanda mövcud infrastruktur, ölkədəki ictimai-siyasi vəziyyətin sabitliyi, ölkədə beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycana daha çox turistin cəlbinə imkan yaradır. Ancaq sadalanan tədbirlərin həyata keçirilməsi bu sayı daha da artıra bilər”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zaman ölkəyə turistlərin cəlb edilməsi siyasətinin aparılmasının zəruriliyini bildirib: “Birinci Avropa Oyunları ölkənin bir təqdimatı idi. Gələn il “Formula-1” yarışması da, – bu da miqyasına görə bəlkə də dünyada birinci, ya ikinci yarışmadır, – əlavə diqqət cəlb edəcək. Bu, gözəl imkanlardır ki, biz xarici turistləri Azərbaycana cəlb edək”.

LEAVE A REPLY