İqtisadi böhrandan necə qorunmalı?

0
3

Zaur Muradxanlı

İqtisadi böhrandan necə qorunmalı?
Liberal iqtisadiyyata keçməkdən başqa yolumuz yoxdur.

Ötən həftə ölkəmizin Maliyyə naziri Samir Şərifovun 2016-cı ilin büdcə layihəsi ilə bağlı parlamentdəki çıxışından sonra məlum oldu ki, gələn il iqtisadiyyatımız heç də ürəkacan vəziyyətdə olmayacaq. Bunun da əsas səbəbi dünya birjalarında neftin qiymətinin sürətlə ucuzlaşması və qonşu ölkələrdə dolların möhkəmlənməsi fonunda baş verən maliyyə böhranlarıdır ki, bütün bu faktorlar da onsuz da zəif olan və birtərəfli inkişaf edən Azərbaycan iqtisadiyyatına arzuolunmaz təsir göstərməkdədir.
Nazir S.Şərifovun açıqlamalarından anladığıma görə, nəinki əmək haqqı və pensiyalarda artım olmayacaq, hətta büdcədən maliyyələşən təşkilatlarda ixtisarlar da ola bilər. Ayrıca keçən günlərdə Dövlət Sosial Müdafiə Fondunun prezidentinin səsləndirdiyi bir bəyanata əsaslanaraq, pensiya yaşının da yanvardan sonra artırılma ehtimalının olduğunu deyə bilərik.
İndi, qayıdaq S.Şərifovun parlamentdəki çıxışına. Belə ki, o büdcə layihəsi ilə bağlı çıxışında bildirirdi ki, gələn il Neft Fondundan dövlət büdcəsinə transferlərdə dörd milyard yeddi yüz milyon manatlıq azalma olacaq. Büdcə daxilolmalarındakı azalmalar bununla da qalmayacaq, büdcə daxilolmalarının əksəriyyətində qonşu ölkələrdəki maliyyə böhranları və eyni zamanda ticarət, habelə iaşə sektorundakı yavaşlamalar səbəbiylə xeyli dərəcədə kəsintilər olacaq. Bu, əlbəttə Azərbaycan kimi kiçik, kənd təsərrüfatı yetərincə inkişaf etməmiş, sənayəsi zəif və iqtisadiyyatı neftə söykənən ölkələr üçün olduqca böyük məbləğdir. Elə millət vəkilləri də bizimlə paralel düşünmüş olacaqlar ki, söz alaraq ölkə iqtisadiyyatının liberallaşdırılması yönündə bəzi maraqlı fikirlər səsləndirdilər. Məsələn, hər il zərərlə işlədiyini bəyan edən Dövlət Hava Yolları Konserninin özəlləşdirilməsi, xəstəxanaların özəlləşdirilməsi, vergi yığımındakı boşluqların aradan qaldırılması və sairə kimi. Doğrudur, maliyyə naiziri bütün bu təklifləri əsaslandıraraq əksinin , yəni indiki durumun qorunub saxlanılmalı olduğunu əsaslandırmağa çalışırdı. Xüsusən də Dövlət Hava Yolları Konserni ilə bağlı. Lakin bu müzakirələrdə mənim diqqətimi tamam başqa bir mövzu çəkdi və doğrusunu qeyd etməliyəm ki, bu təklifi verən millət vəkili ilə də sonunadək razıyam. Belə ki, xəstəxanaların özəlləşdirilməsini təklif edən parlamentarimiz bu təklifini, elə dövlət xəstəxanalarında göstərilən xidmətin rüşvət sayəsində özəl xəstəxanalardan ucuz olmadığını qeyd edərək əsaslandırdı. Doğrudur, həmin millət vəkili konkret olaraq rüşvət sözcüyünü işlətmədi, lakin onun vurduğu eyhamdan nə demək istədiyi bəlli idi. Bəli, təəssüf ki, bu gün dövlət xəstəxanalarımızda rüşvətsiz resept yazdırmaq belə, demək olar ki, mümkün deyil. Ayrıca xidmət səviyyəsini də ölçməyə qalxarsaq, əslində bu günkü vəziyyətdə özəl xəstəxanaya gedən bir xəstə ilə dövlət xəstəxanasına gedən xəstənin cibindən çıxan pul arasında dağlar qədər fərq olmadığını görərik. Hələ dövlətə məxsus səhiyyə ocaqlarında çalışan həkimlərin əksər hallarda firma dərmanları yazaraq öz pasiyentlərinin ciblərinə dolayı yolla girmələrini də nəzərdən qaçırmasaq, məsələyə daha obyektiv yanaşmış olarıq.
Bir halda ki, bu gün korrupsiya ilə mübarizə aparmalı olan qurumlarımız bu kimi neqativ halların öhdəsindən lazımınca gələ bilmir, elə ən yaxşısı bütün dövlət xəstəxanalarını özələşdirmək və bu sistemdə azad rəqabət ortamı yaradaraq qiymətlərin aşağı düşməsinə nail olmaqdır. Beləliklə biz rüşvətin kökünün kəsilməsi yolunda da önəmli bir addım atmış olarıq. Axı, özəl sektorda kimsə rüşvət istəyərsə öz müştərisini qaçırmış olacaqdır və bu qayğıdan hərəkətlə kiminsə rüşvətxorluğa meyl edə biləcəyini düşünmürəm.
Əgər dövlət xəstəxanalarının ədalətli şəkildə özəlləşdirilməsi həyata keçirilərsə və özəlləşdirmələrdən sonra da azad rəqabət mühitinin qorunub saxlanılması üçün lazımi tədbirlər görülərsə, bundan şübhəsizdir ki, həm xalqımız, həm də dövlətimiz qazanacaqdır. İndi isə, gəlin, bir-iki maddə ilə bu qarşılıqlı qazanımların nə olacağına və hansı şəkildə baş verə biləcəyinə nəzər salaq:
Birincisi, əgər xəstəxanalar özəlləşdirilərsə dövlət həmin xəstəxanaların saxlanması üçün xərclənən külli miqdarda vəsaitə qənaət etmiş olacaq. Külli miqdarda vəsait dedikdə sadəcə tibb, texniki və digər çalışanların əmək haqqlarını nəzərdə tutmuram, eyni zamanda, xəstəxanaların binalarının saxlanması, enerji xərcləri, ən başlıcası isə kifayət qədər bahalı olan tibbi avadanlıqların saxlanma və vaxtlı vaxtında, yəni daha müasirləri ilə əvəzlənmə xərcləri.
Düşünün, bütün bunları çıxdığımızda dövlət büdcəsi necə böyük məbləğdə maddi vəsaitə qənaət etmiş olacaqdır?
Xəstəxanaların özəlləşdirilməsinə çağıran millət vəkillərinin yanında olmağımın onları dəstəkləməyimin səbəbi sadəcə bu deyil. Bu gün dünya daha sürətli bir şəkildə liberal iqtisadiyyata keçir və dövlət artıq bir şəkildə funksiyasını dəyişərək xidmət göstəricidən nəzarət edici səviyyəyə yönəlməkdədir. Bu gün dünyanın aparıcı ölkələrində, iqtisadi nəhənglərində belədirsə, bizdə niyə əksi olmalıdır? Amerika Birləşmiş Ştatlarında bu gün Ədliyyə nazirliyinin Penitensiar xidmətinin tərkibində olan cəzaçəkmə müəsisələri artıq özəlləşdirilməyə başlayıbsa, bunun səbəbi, əlbəttə ki, Amerika kimi iqtisadi nəhəng dövlətin öz həbsxanalarını saxlamağa gücünün çatmaması deyil, tam əksinə dövlətin öz üzərindən artıq xərcləri atmaq istəməsidir. Eyni sistem bizdə də rahatlıqla tətbiq oluna bilər. Belə ki, özəlləşdirilən cəzaçəkmə müəssisələri daxilində yaradılacaq istehsal sexləri vasitəsi ilə həm bu müəssisələri almış sahibkarlar həbsxanaların saxlanma xərclərini çıxaracaqlar, həm də özləri üçün əlavə qazanc əldə edə biləcəklər.

İndi qayıdaq ikinci məsələyə, yəni xəstəxanaların özəlləşdirilməsi məsələsinə. Baxaq görək, bu sayədə xalqımız nə qazanacaqdır… Bayaq dövlətimizin qazana biləcəklərinə qısaca da olsa nəzər saldıq. Özəl xəstəxanalarda artıq kimisə rüşvət və ya tanışlıqla işə götürmək istəməyəcəklərindən Tibb universitetini rüşvət yolu ilə bitirən insanlar, yəni həkimlər özəl müəsisələrdə iş tapa bilməyəcəklər. Beləliklə də bizim canımız diplomlu, ancaq savadsız həkimlərin əlindən qurtarmış olacaq. Bu özlüyündə böyük faktor deyilmi? Düşünün, bu gün yanlış diaqnoz nəticəsində faydasız müalicə alan, hətta bu müalicədən sonra vəziyyəti ağırlaşdığından daha başqa xəstəxana və ya həkimlərə müraciət etmək məcburiyyətində qalan neçə-neçə xəstələrimiz vardır? Əlbəttə, elə insanların sayı təəssüf ki, heç də az deyildir. Və düşünürəm ki, yanlış diaqnozdan zərər çəkən xəstələrimiz “müsəlmanın sonrakı ağlı” deyərək, niyə əvvəlcədən ucuz həkim düşündük, deyə peşmanlıq çəkməkdədirlər.
Burada haqlı sual verilə bilər ki, bəs uşaqların, pensiyaçıların və digər qanunla nəzərdə tutulmuş güzəştli şəxslərin müalicəsi necə olacaq? Cavab isə çox bəsitdir. Dövlət həmin şəxslərə istədikləri xəstəxanalardan pulsuz istifadə etmələri üçün xüsusi kart verə və yaxud da sağlamlıqları hesablanmış məbləğə sığortalana bilər. Həmin kateqoriyaya aid şəxslər də səhiyyə mərkəzlərinin xidmətlərindən istifadə etdikcə onlara təqdim edilmiş kartlardan xidmət qarşılığında nəzərdə tutulan məbləğ çıxıla bilər ki, bu eyni zamanda elektron ödəmə olacağından vergidən yayınma hallarının qarşısını da önəmli ölçüdə alacaqdır.
18-60 yaş arası və əmək qabiliyyəti olan şəxslər də dövlət tərəfindən icbari tibbi sığortaya cəlb oluna bilər ki, bu da gələn il üçün planlanan addımlardan biridir.
Bütün bunlardan əlavə aeroportlar, dəniz limanları, həmçinin böyük şəhərlərdəki dəmiryol vağzalları və avtovağzallar da idarəetməyə verilə bilər. Məsələn, elə götürək qonşu Türkiyəni. Bu ölkənin hava və dəniz limanlarının əksəriyyəti bu gün idarəetməyə verilib ki, bunun sayəsinə də həm dövlət tender vasitəsi ilə, ədalətli bir rəqabət şəraitində mübarizə apararaq həmin obyekti işlətməyə götürən şirkətdən ilkin ödəniş olaraq külli miqdarda pul qazanır, həm də şəxsi təşəbbüsün önü açıldığından və iş adamları bu sektorlara vəsait yatırdıqlarından daha çox pul qazana bilmək üçün müxtəlif vasitələrdən istifadə etməklə gəlirlərini artırırlar ki, bu da öz növbəsində yenə də dövlətin xeyrinədir. Çünki şirkətin daha çox gəlir qazanması onun daha çox vergi verməsi deməkdir ki, bu da hər iki tərəf üçün xeyirlidir.
Burada kimsə bizim limanlarımıza iş adamları maraq göstərməz deməsin, çünki bu günkü dünyada hər şeyin dayaq nöqtəsi yaxşı planlanmış reklam və tanıtımdır. Əgər bunu edə bilərsək, biz də sadəcə limanlarımıza, vağzallarımıza deyil, eləcə də digər əsaslı kapital qoyuluşu tələb edən layihələrimizə istədiyimiz qədər şirkət cəlb edə bilərik. Məsələn, elə götürək avtomobil yolları, körpülər və tunellərin inşaatını. Bu gün kim iddia edə bilər ki, Bakıda hansısa istiqamətdə tikilən avtomobil yolu özəl şirkət tərəfindən inşa olunarsa və kartlı keçiş sistemi tətbiq olunarsa o yol özünü doğrultmayacaq? Əlbəttə, bu faktiki mümkün deyil, sadəcə bəzi oliqarxların maraqlarına ziddir o qədər. Çünki bütün bu saydıqlarımız həyata keçirilərsə ayrı-ayrı şəxslər deyil, dövlətimiz, xalqımız qazanacaqdır. Bir də, əlbəttə, iş adamlarının hansısa ölkəyə yönəlmədən öncə fikir verdikləri, araşdırdıqları ən önəmli bir parametr var ki, o da həmin ölkədə hüququn üstünlüyünün olub olmamasıdır. Bu gün Azərbaycanda bunun olub olmadığına isə, siz əziz oxucularımız, qərar verin.
Doğrudur, liberal iqtisadiyyat təkbaşına çıxış yolu deyil, əgər belə olsaydı bu gün dünyanın aparıcı ölkələrində də elə bizdə olduğu kimi maliyyə çətinlikləri yaşanmaz, onlar da böhranların pəncəsində çabalamazdılar. Amma istənilən halda irəli getmək, həyatın istənilən sahəsində olursa olsun yerində saymaqdan daha yaxşıdır. Ayrıca liberal iqtisadiyyat dövlətin çiyinlərindən ağır maliyyə yükünü almaqdadır ki, bu da bizim kimi kiçik iqtisadiyyatı olan ölkələr üçün qaçınılmazdır.
Əlbəttə, dövlətin hansı yöndə inkişaf edəcəyinə bizim qərar vermək imkanımız yoxdur, biz sadəcə olaraq gücümüz çatdığı, ağlımız yetdiyi səviyyədə buradan məsləhətlərimizi verə, ölkəmizin sosial-iqtisadi inkişafı üçün məsləhətlərimizi verə bilərik. Qərarverici mərtəbədə oturanlar isə tamam başqa insanlardır və ümid edirəm ki, ölkəmizi gözləyən ağır maliyyə çətinlikləri zamanı həmin qərarverici insanlar yanılmadan Azərbaycanı təhlükəsiz bir şəkildə, milli birliyimizə və bütövlüyümüzə xələl gəlmədən idarə edə biləcəklər.

LEAVE A REPLY