“Gülə-gülə” seçkilərə!

0
3

Turan Türk

“Gülə-gülə” seçkilərə!

Bu ilki seçkilər hamının əhval-ruhiyyəsini xoş edəcək deyəsən… Elza Seyidcahanın seçkiyə qatılması bunu söyləməyə əsas verib. Sözün düzü, xanım müğənni-bəstəkarın deputat olmaq istəyinə heç də pis baxmıram. Niyə də istəməsin axı… Guya o biriləri xariqələr yaradıb?
Deputatları millət vəkili adlandırmaq son illər dəbə düşüb. Əvvəllər elə deputata hamımız deputat deyərdik. Yəni, rusun zamanından…Demə, burda bir hikmət varmış. Deputat iki sözün birləşməsindən əmələ gəlibmiş- de və putat.
De bizə, putat isə rus “qardaş”larımıza məxsus imiş. Təzəlikcə öyrənmişəm ki, putat sözünü ruslar bir neçə mənada-çaşdırmaq, aldatmaq və s. kimi işlədə bilir. Görürsünüz, necə maraqlı alınır-de çaşdır, de aldat. Deməli, aldatmağın, çaşdırmağın yeni mövsümünə qədəm başmışıq. Kim deyib, aldada (rus “qardaş”larımızın diliylə söyləsək “putat”) biləcəksə, o da olacaq deputat. Vəssalam… Millət vəkilimiz Etibar Hüseynovun son sitatında söylədiyi kimi, bu qədər bəsit. İndi söyləyin görüm, Elza xanım nə üçün aldatmaq istəməsin?!
Artıq aldatma xəbərləri yayılmağa başlayıb. Baş sosial-demokratımız Araz Əlizadə iddia edir ki, növbəti dəfə deputat olmağa ümidlənən Ümid partiyasının sədri vaxtından əvvəl Xətai rayonu ərazisində asfaltlama işləri aparmağa başlayıb. Doğrusu, Araz bəyin yayımladığı xəbərə inanmadım. Ancaq onun daha dərinə gedərək İqbal bəyin qardaşının Asfalt zavoduna malik olması barədə haray çəkməsi məni də çaşdırdı. Bu qədər yalan olmaz axı…

35 saylı Xətai seçki dairəsinin seçicilərinin üzündəki təbəssüm Araz bəyi qorxudubmuş. Belə ki, rəqibi İqbalın qara asfaltla üzünü ağ edəcəyindən bərk əndişələnib. İddiasına görə İqbal bəy asfaltlama işinə vaxtından əvvəl “start” verib. Asfaltlama işi oktyabr ayının doqquzundan aparıla bilərmiş. Yəni, seçki təbliğatı həmin tarixdən başlayır. Burada Araz bəylə razılaşmaq mümkün olmur… Axı, o böyüklükdə ərazini 21 günə necə asfaltlamaq olar? Bəlkə olar, ancaq İqbal bəy işin keyfiyyətli olmasının tərəfdarıdır. O, deyəsən, deyir, ancaq “putat” eləmək istəmir. Araz bəy isə sosial-demokrat olmağına baxmayaraq, nədənsə seçicilərinin sosial problemləri barədə düşünmək əvəzinə, rəqibin seçki “təbliğatı”na qarayaxmağa çalışır. Axı, nə olsun ki, asfalt qaradır?
Namizədlərin bəziləri marafonu yarımçıq buraxmalı olacaqlar. Seçici imzaları saxtaymış. Bilmirəm nə üçün işlərini Elza Seyidcahan kimi etibarlı tutmayıblar. Deyilənə görə Elza xanım tam on min beş yüz imza toplatdırıb. Bəziləri inanmaq istəməyib, namizədə 550 nəfərlik imza vərəqəsi verilir, deyib. Olsun da, Elza xanım işini etibarlı görüb, imza vərəqələrinin surətini çıxartmayıb. Lazım gəlsə, hələ bulletenlərin də sayını artıra bilər. Adamda gərək fərasət ola… Yoxsa, Mirmahmud ağa kimi cəddinə arxayın olub, imzaları saxtlaşdırasan, Pərviz Səmədov kimi mülkünü gizlədəsən…İndi, Pərviz bəy deyir ki, mülkümü tapın və hərraca çıxarın… Vaxt yoxdur axı… Hələ üstəlik əmlak bazarında durğunluq var, sat görüm, necə satacaqsan? Bundansa zamanında itə, pişiyə bir konsert təşkil edib, populyarlaşdırmaq yaxşı olmazdımı?
Tənzilə Rüstəmxanlının da deputat olmaq arzusu gerçəkləşməyib. Onu müğənni Tünzalə Ağayevayla “putat” ediblər. Yəni səhv salıblar. Namizədliyinin qeydə alınması üçün Tənzilə xanımın imza vərəqinə imza atanlar bir neçə gün sonra Dairə Seçki Komissiyasına müraciət edib, etirafda bulunublarmış ki, onlar Tənzilə xanımı Tünzalə xanıma oxşatdıqlarından vərəqə imza atıblar. İndi, Tənzilə xanım peşmançılıq edir ki, niyə zamanında şou-biznesə qoşulmayıb.
Seçki ili Nəqliyyat nazirimiz Ziya Məmmədov üçün də uğursuz alınıb. Mətbuat bütövlükdə Ziyanı hədəfə alıb. Bir gün özünü, sabahısı isə bacı-qardaşını işdən çıxarırıq. Ziya müəllimin deputat qardaşı Elton müəllim də dinc oturmayıb. Yetənə yetir, yetməyənə də bir söz atır ki, ay balam, bizə dəyən yoxdu, elə öz yerimizdəyik. Müəllimə inanmaq istəyirdik ki, Tənzilə xanım dünya-aləmi vurdu bir-birinə. Bəs, bəyan etdi ki, onu da Ziya müəllimlə qohumluq əlaqəsinə görə “vururlar”. Ancaq o da demədi ki, kim vurur, harda vurur, nə üçün vurur… Əslində Nəqliyyat nazirinin vurulması xəbərini sevinclə qarşılayanlardan biri də mənəm. İnanın ki, Ziya müəllimin “vurulma” xəbəri yayılan gündən marşurut avtobuslarının hərəkəti qaydaya düşüb. Avtobuslar artıq tıxac yaratmayıb, yalnız dayanacaqlarda dayanmağa üstünlük verməyə başlayıb. Nəyi pisdir? Ziya müəllimin “vurulma”sı bizə belə gözəl anlar yasadırsa, niyə də “vurulmasın”?
Qaxdan da xəbər gəlib… Orada da Paşayla Azər bir-birlərinə “vurmağa” başlayıblar. Azərin adamları deyir ki, Paşa Bakıdan özünə cangüdənlər gətirib. Burada qəribə nə varmış? Adam canını qorumamalıdır? Əgər bu günlərdə xəbər yayılsa ki, Paşanın cangüdənləri ona Paşa,”dom Azəra bomba rabatay” xəbərini verib, naraharlıq keçirməyin. Bomba söhbəti indi çox adiləşib. Bu günlərdə sabiq Daxili işlər naziri İsgəndər Həmidov bir daha atom bombasından gopa basıb…

LEAVE A REPLY