Qəşəm NƏCƏFZADƏ
Ata, özünü biabır eləmə!
O gün həm ağlıma gəldi, həm də arvad da bir yandan dümsüklədi ki, gərək bu il Milli Məclisə namizədliyimi verəm. Arzu-xəyallarım tüğyana qalxdı. Platformam da artıq başımda hazır oldu. Nə iş görə bilərəm, ölkəmə nə cür xeyir verə bilərəm – hamısı bir-bir sıralandı beynimdə. Oğlum qayıdıb dedi ki, ata, otur yerində, özünü biabır eləmə. Açığı bu biabır olmaq bu işin harasındadır ki, oğlum niyə belə deyir, anlamadım. Həm də dəqiq bilirəm ki, oğlum yalan söz deməz.
İmza vərəqələrini götürdüm, başladım bir-bir yaşadığım ərazidəki evlərin qapılarının zənglərini basmağa. Elə siftəsinə bir kök kişi çıxdı. Uzun qollu köynək geyinib. Bir qolu dirsəyinə qədər çırmalanıb, o biri qolu isə əlinin üstünü tamamilə örtüb. Köynəyinin sağ ətəyi şalvarın içərisində, sol ətəyi isə şalvarın üstə sallanır. Bir ayağında ayaqqabı var, dabanını bastalayıb, birində çəkələk. Dedi, nə lazımdır? Dedim, hal-qəziyyə belədir, mən sizin deputatınız olmaq istəyirəm. Kişi gözünün birini qıydı, o birini lap geniş açdı, sonra gərnəşdi, sonra o yana, bu yana dartılıb belinin quluncunu qırdı, yenə üzümə baxdı, ayağıma nəzər yetirdi, bir də gərnəşdi. Mən bu kişinin gözlərinin dərinliyində elə bir bataqlıq gördüm ki, az qala belə bir adamın vəkili olmağa görə, özümə nifrət eləyəm. Kişinin üzərindən o qədər parlament seçkiləri keçmişdi ki, əli-üzü, düşüncəsi tamam əzik- üzük olmuşdu, bir “sağ” yeri yox idi.
Amma mənə cavab vermək əvəzinə, başladı qonşularını saymağa. Məmmədə demisən? Dedim, yox. Kişi tutaşdı mənimlə, niyə birinci Məmmədə yox, mənə deyirsən. Get, Məmməd qol çəksin, sonrasına baxarıq. Qaldım belə. Getdim Məmmədin qapısını döyməyə, Məmməd çıxdı, hər şeyi izah elədim, Məmməd də af-uf elədi, dedi, kim olacaq deputat? Dedim, mən. Gözləri çıxdı kəlləsinə ki, ayə nə danışırsan, deputat olmaq istəyən bu tozlu –torpaqlı küçədə nə gəzir? Sonra qayıtdı ki, küçənin o başındakı Əvəz müəllimə demisən? Dedim, yox. Bu da yapışdı yaxamdan ki, səni kimi öyrədib ki, mənim qapımı döyəsən. Əvəz müəlim qol çəksin, sonra gəl, o, mənim ağsaqqalımdı, bacımın yoldaşıdır.
Mənim arzum varıydı, insanlara söhbət edim, dərdini öyrənim və beləcə imza toplayım. Bax, burda M. Müşfiq deyir: “Arzuya bax, sevgilim!”
Keçdim o biri küçəyə, qapını döydüm, bir kişi, bir arvad eyni anda çıxdı. Salam-kəlamdan sonra dedim ki, mən şair Qəşəm Nəcəfzadənin vəkiliyəm, o Milli Məclisə namizədliyini verib. Dedilər, tanıyırıq. Bilirəm yalan deyirlər. Elə bilirlər ki, keçən ilki deputatdı. Çünki o qapılara gəlməməyi ilə yadda qalıb. Dedilər, bəs Qəşəm müəllim hardadı, dedim İtaliyadadır, beynəlxalq konfransa gedib, sabah da ordan Kolumbiyaya uçacaq. Elə sevindilər ki, elə bil indiyə kmi belə şad xəbər eşitməmişdilər. Kağızı qolladılar.
Sonra o biri küçələri gəzdim, hər dəfə də namizədin xarici ölkələrdə olduğunu qeyd edirdim. Adamlar elə yorğun, elə kədərli idilər ki, elə bil müharibədən yenicə çıxmışdılar.
Axşama kimi bir imza vərəqəsini doldurdum. Qollar səliqəsiz idi. Bir də vərəq əldən-ələ keçdiyindən qırışmışdı.
Yadıma öz doğma rayonumda namizədliyini verdiyim il düşdü. 2005-ci il. O vaxt adamlar şəxsiyyət vəsiqələrini torbaya yığıb asmışdılar boğazından. Hər vəsiqə bir “şirvan”. Mən “07” maşınımla kəndlərə namizəd kimi gedəndə, yüyürdülər üstümə, görürdülər, mənəm, müəllim, o dəqiqə torbalarını götürüb uzaqlaşırdılar.
Gələk Bakıya. İndi oğlum dediyi kimi, “özünü biabır eləmə, ata” cümləsini başımda fırlada-fırlada gəzirəm küçələri. İmza toplayıram. Bu da ikinci vərəq. Demək, cəmi yüz. Qanuna görə 450 nəfər olmalıdır.
“Qəşəm müəllim burda yoxdur, o sabah Moskvadan uçacaq Hollandiyaya, mən onun vəkiliyəm” – deyərək, ev-ev gəzirəm. Hər kəsin özünə qollatdırıram. Hamısı deyir, məndən Qəşəm müəllimə salam de. Amma adamlar elə yorğundur ki…. Gözlərinin içində dərin bir kədər var.
Ən nəhayət, 475 imza hazırdır. Hələ 15-də artıq.
Vərəqləri Dairəyə aparıram. Çək-çevir edirlər. Deyirlər ki, vərəqlər əzilib. Qollar köntöy çəkilib. Belə qəbul etmək olmaz.
Deyirəm, o vərəqlər qapıları gəzib, imza edənlər əllərinə alıblar vərəqi, dizlərinin üstə qol çəkiblər, o imzalarda hər evin nəfəsi var, problemi var, kədəri var.
Dairə nümayəndəsi üzümə baxıb bic-bic qımışır. Başqa bir namizədin imza vərəqlərini kənardan mənə göstərib deyir:
– Gör, nə səliqəlidir.
Qeyri–ixtiyarı deyirəm:
– O imzalar kabinetlərdə ötən ilki bələdiyyə seçkilərinin vərəqlərindən köçürülüb. Ona görə səliqəlidir. Amma mənim vərəqlərim qapıları gəzib.
Çölə çıxıram. Dairənin narazı bir işçisi yavaşça qulağıma deyir:
– Müəllim, çox sağ ol yaman dedin ha!
Yadıma oğlumun sözləri düşür:
Ata, özünü biabır eləmə.