Tənzilə Rüstəmxanlı: “Bu Allahsızlıqdır!”
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının şikayətinə baxılıb və onun şikayəti təmin olunmayıb.
Beləliklə də Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alınmayıb.
Tənzilə Rüstəmxanlı Facebook-da məsələyə belə münasibət bildlri:
“Günlərdən bəri səssizcə sosial medianı izləyirəm. Hər yazını oxuyuram, ancaq susuram. Bu gün susqunluğumu pozub, məsələyə nöqtə qoymaq istədim. İlk öncə bilməyinizi istəyirəm ki, səssizliyimin tək səbəbi sizə olan sayğımdır.
Həyat yoldaşım Sabir Rüstəmxanlının builki seçkilərdə iştirakı əngəllənəndən sonra hər bir Azərbaycan vətəndaşı kimi mən də millətimin səsi olmaq üçün bu marafona qoşuldum və Sumqayıt 42 saylı ikinci seçki dairəsindən namizədliyimi irəli sürdüm. Mən ilk dəfə 2005-ci ildə seçkilərə qatılmışdım və çox uğurlu bir seçki kampaniyası aparmışdım. O zaman seçkilər daha demokratik keçirdi və hər hansısa bir əngəllə qarşılaşmamışdım. Sadəcə olaraq, bir evdən iki namizəd olmasın deyə, geri çəkilmişdim. Deməyim odur ki, mənim bu sahədə yetərincə təcrübəm var və qanunları yaxşı deyil, çox yaxşı bilirəm. Bilmədiyim isə oyunun yazılmamış qaydalarıymış ki, onu da bu seçki marafonu başlamamış önümə çəkilən əngəllər sayəsində öyrənmiş oldum. Təfərrüat qoy məndə sirr olaraq qalsın. Hər şər görünəndə xeyir, xeyir kimi görünəndə isə şər var. Bəlkə də dostlarım çox üzüldü, ancaq mən bu oyundan xeyirlə çıxdım. Bu seçkidə Böyük Türk Millətinin özümə olan münasibətini, dostlarımı, analıq etdiyim yüzlərlə övladımı, ürək yandıranlarımı, eyni zamanda əlindən tutaraq, göz yaşını sildiyim dost bildiklərimi, millətim içində düşmən axtarmadığım üçün düşmən adlandırmayıb, “gərək-görək” dostlarını da tanıdım. Xüsusilə, təşəkkür edəcək söz tapa bilmədiyim Türkiyədən və Türk Dünyasından mənə qarşı edilən haqsızlığa etiraz edən yüzlərlə mərd insanı tanıdım. Mənim namizədliyim üçün səs verib, haqsızlıq qarşısında susmaq istəməyən seçicilərimi-qan qardaşlarımı-bacılarımı tanıdım.
Bəlkə də millət vəkili olsaydım, bu qədər sevinməzdim. Ancaq əmin olun ki, mənə imza verən hər bir vətəndaşın səsi olacağam. Basqılara rəğmən geri çəkilməyib yanımda dayanan hər bir vətəndaşın vəkili olacağam. Sizlərin sevgisi heç bir mandatla əvəzlənməyəcək qədər dəyərlidir. Siz mənə bir daha Türk olmağın qürurunu yaşatdınız. Bəzi insanlara ADAMlıq dərsi verdiniz, vəfa örnəyi oldunuz. Sizin verdiyiniz Vəkillik Mandatı əbədidir və mən onu gözüm kimi qoruyacağam.
Biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış insanlarıq. Həyat yoldaşım Sabir Rüstəmxanlı bu millətin müstəqillik aktına imza atmış bir kişi, yeni tarixə öz möhrünü vurmuş bir türk böyüyüdür, mən isə 25 ildir ki, Türk Dünyasının birlik və bərabərliyi uğrunda mübarizə aparıram. Bu şərəf bizə yetər! Mən Qarabağ savaşında bölgələri qarış-qarış gəzəndə, qaçqınlara yardım aparanda, Şəhid analarının acılı göz yaşlarını siləndə, bu gün qarşıma keçib mənə əngəl törədənlər, haradaydınız? Harada olduğunuzu bilməsəm də, o ər meydanında olmadığınızı gözəl bilirəm. Bəziləriniz xəstəlik kağızı alaraq evinizdən kənara çıxmırdınız, bəziləriniz isə uzaqdan ölkənin ağır durumunu izləyirdiniz…
Biz bunları heç vaxt yazmadıq, demədik,düşündük ki, bu bizim Vətən qarşısındakı borcumuzdur. Amma indi görürəm ki, bu tarixi yazmaq lazım imiş və o zamanlar topladığım faktlardan ibarət bir kitab yazmağın vaxtıdır. Yazmayanda,deməyəndə bəziləri gerçəkləri saxtalaşdırır və öz adlarına yazırlar. Ulu Öndər Heydər Əliyev Ağdamın Quzanlı kəndində topun-tüfəngin səsləri altında iclas geçirəndə o iclasda mən varıydım, sizlər hardaydınız? Gecəynən Axıska türklərini Balakən və Zaqatala bölgəsinə yerləşdirməyə aparanda, Tərtərin ən ağır günlərində, Ağdərənin savaşdığı günlərdə, qaçqının-köçkünün önündə mən vardım, siz haradaydınız? Kim o zaman hansı qanadın altında gizlənib, hamısını bilirəm. Ancaq bu zamana qədər ona görə susmadım ki, siz bu xidmətlərim qarşılığında haqqımı yeyib, özümü də borclu çıxarasınız. Bunun adı Allahsızlıqdır!
Mənim isə Allahı olmayanlarla işim olmaz! Mən sizin şərrinizdən Haqqa sığındım və Onun ədalətinə həvalə etdim! Ancaq unutmayın ki, mən həmişə dövlətimin əmrindəyəm. Hər zaman dövlətimin yanında oldum və şəxsi mənfəətimi nə dövlətimdən, nə də millətimdən üstün tutmadım, tutmaram! Bu qarşılaşdığım ilk haqsızlıq olmadığı kimi, hamı bilsin ki, mən ayağı tapdalanan kimi ölkəsinin əlehinə çıxanlardan olmadım, olmaram da!
Ancaq üstümüzə topla tüfənglə gəlmək istəyənlər də anlasın ki, şəxsən mən savaş görmüş birisi olaraq qorxaq da deyiləm! Mən həmişə vətən xainləri, türk düşmənləri ilə savaşdım və savaşacağam. Biz nə rusun, nə erməninin uşağı olmadıq, biz Türk oğlu Türkük! Bizimlə savaşacaqsınızsa, bunun untmayın.
Türk adı altında gizlənən erməni törəmələri, bizə qarşı kinlərini qusmaqdadırlar. Bəziləri də qulaqdandolma ədəbiyyatlarla onlara “qılverənlik” edirlər. Günahdır, etməyin! Bizimlə savaşacağınıza əsirlikdəki qız-gəlinimiz üçün ermənilərlə mübarizə aparın. Mənim düşmənim ermənilərdir, onlarla mübarizə aparıram. Budur sizi narahat edən?
Biz məqam-mövqe adamı deyilik. Bizim üçün millətə xidmət əsasdır, mandat-vəzifə deyil! Bizim üçün seçki prossesi bitmişdir! Hədəfimiz isə dəyişməyib! Bu günə qədər millətim və dövlətim üçün hansı ürəklən xidmət etmişdimsə, eyni şəkildə davam edəcəyik yolumuza!
Sonda bir daha mənə imza verən və bunun üçün xırda məmurlar tərəfindən incidilən seçicilərimə təşəkkür edirəm və mənə görə yaşadıqları o əzab-əziyyətə görə, halallıq istəyirəm. Mənim üşün bitmiş olan seçki dönəmində dəstəyini əsirgəməyən bütün dostlarıma, soydaşlarıma, Türkiyədən və dünyanın dörd bir yanından öz mövqelərini açıqlayan insanlara təşəkkür edirəm! Mən həmişə Türk Dünyasının səsi olacağam! Mən hər zaman sizin haqqlarınız uğrunda mübarizədən geri çəkilməyəcəm! Qoy Milli Məclisə layiqli namizədlərlə yanaşı layiq olmayanlar da seçilsin, ancaq artıq bu prossesdə mən yoxam! Mənim vətənim böyük Turan, millətim Türkdür! Mənə sizin vəkiliniz olmaq yetər!”.
T.Rüstəmxanlı daha sonra sözlərinə əlavə edib:
“Bu günlərdə barəmizdə aparılan çirkin kampaniyalardan biri də nəqliyyat naziri Ziya Məmmədovla qohumluq əlaqəmizdir. Biz türk ailəsiyik və türk adət-ənənəsinə görə, ailə qurularkən qohumlar seçilmir. İki gənc bir-birini sevib, evləniblər. Bir şəxs vəzifədəykən onunla qohum olmağı şərəf sayıb, “vuruldu” şayiəsi çıxar-çıxmaz qohumluqdan vaz keçənlər də, bizi özləri ilə qarışdırmasınlar. Bəli, Ziya Məmmədovun qardaşı İldırımın qızı mənim gəlinimdir. Hər kəs bilsin ki, istənilən məqam-vəzifənin gözümdə qızımdan ayırmadığım gəlinimin və nəvəm Mələyin dırnağı qədər dəyəri yoxdur! Bu qədər çirkinləşməyin!”.