Müəllimlərə şad XƏBƏR: Maaşlar artırılacaq
Təhsil Nazirliyində Beynəlxalq Müəllimlər gününə həsr olunmuş media-brifinq keçirilib.
Brifinqdə Təhsil Nazirliyinin mətbat xidmətinin rəhbəri Cəsarət Valehov, şöbə müdiri Aydın Əhmədov, şöbə müdiri müavini İlham Nağıyev iştirak edib.
Cəsarət Valehov bildirib ki, 10 ay bundan əvvəl prezident Bakı şəhərində sınaq qiymətləndirməsindən keçən müəllimlərin məvaciblərin artırılması ilə bağlı sərəncam verib.
“Bakı şəhərindən sonra ölkəmizin 12 bölgəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Müəllim ixtisasını seçən abituriyentləri motivasiya etmək üçün “Gələcəyin müəllimi” təqaüdü tətbiq edilib. Ötən il 300 tələbəyə bu əqaüd şamil olunub və bu il də ənənə davam etdirilib”,-deyə Cəsarət Valehov bildirib.
O deyib ki, bu il 500 və daha artıq bal toplayan müəllimlik ixtisasını birinci və ikinci qeyd edən 300 tələbə”Gələcəyin müəllimi” təqaüdünü alacaq.
“Müəllimlik ixtisasını birinci və ikinci yerdə qeyd edən 8656 nəfərdən 1269 nəfəri 500 və daha artıq bal toplayıb. Bu da ötən illə müqayisədə 5 faiz çoxdur. Bunu əvvəlki illərin statsitikası ilə müqayisə etsək yarıbayarı artıb. Eyni zamanda bu il müəllimliyi ixtisas seçənlərin orta keçid balı 364 olub”.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib ki, 2015-ci ilin sonuna qədər 12 şəhər və rayonda – Sumqayıt, Şirvan, Gəncə, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda müəllimlərin hamısının diaqnostik qiymətləndirilməsi aparılacaq.
“Gələn il Azərbaycanın 12 rayon və şəhərinin müəllimlərinin maaşları artırılacaq. İlkin ehtimala görə 35-40 min müəllim bu qiymətləndirmədə iştirak edəcək. Həmin müəllimlərin əmək haqları və dərs normalarına yeni qaydalar tətbiq olunacaq. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəyə 3462 vakant yer çıxarılıb. 24 mindən artıq müəllim sənəd verib, onlardan 19 minə yaxını imtahanda iştirak edib və 2618 nəfər işə qəbul edilib. Bu il biz eyni zamanda daimi işə qəbuldan əlavə müvəqqəti əsaslarla işə qəbul da keçirdik ki, bunların da sayı 450-ə yaxın idi”.
O qeyd edib ki, müəllimliyə kişilərin marağı artıb və bu tendensiya müsbət dinamika ilə inkişaf edir.