Polis zabiti əlil vətəndaşı niyə hədələyir?

0
3

Polis zabiti əlil vətəndaşı niyə hədələyir?

Birinci qrup gözdən əlilin hüquqlarını təmin edən tapılacaqmı?

Balakən sakini, I qrup gözdən əlil Bodurov Əhməd Musa oğlunun “Millətim”ə üz tutmasının səbəbi bir neçə illər ərzində rastlaşdığı qanunsuzluq və süründürməçilik olub. Əhməd cəmi üç-beş faiz görmə qabiliyyətinə baxmayaraq bir çox qapıları “döyə” bilsə də, qapı arxasında əyləşənlərin səssizliyi ilə üzləşib. Şikayəti atasından qalmış dördotaqlı evdə yaşamaq hüququnu itirməsi ilə bağlıdır. Orada yaşamağa isə əlil olan Əhmədin zəruri ehtiyacı var. Belə ki, Əhməd 17.02.2015-ci il tarixindən etibarən I qrup əlilliyinə görə ayrılmış 67 manat sosial müavinət və 60 manat prezident təqaüdü ilə yaşamağa məcbur olub. Təbii ki, bu bir ailənin ən zəruri ehtiyaclarını ödəyə bilməz. Nəzərə alsaq ki, Əhməd ata mülkündə yaşamaq hüququndan məhrum edilib və kirayə mənzildə yaşayır, onda durumun nə qədər acınacaqlı olduğunu müəyyən etmək çətin deyil.
Əhmədin atası 1995-ci, anası isə 2007-ci ildə vəfat ediblər. Çətin günləri məhz valideynlərini itirdiyi gündən başlayıb. Bacısı Sevinc ilə aralarında yaranmış mülk mübahisəsi zorakılıqla bacının xeyrinə həll edilib. Əgər bunu məsələnin həlli adlandırmaq mümkün olarsa…
Əhməd problemin hüquqi yolla həll olunmasına çalışsa da, bir nəticə əldə edə bilməyib. Zəruri sənədləri əldə etmək üçün müraciət etdiyi idarələrdən rədd cavabı alıb. Bundan sonra I qrup əlilə məlum olub ki, bacısını himayə edən güclü “əl” var. Əhməd həmin “əl”in Balakən rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin rəisi İsa Alışova məxsus olduğunu da müəyyən edə bilib. Ə.Bodurov yuxarı instansiyalara ünvanladığı ərizə və şikayət məktublarında xüsusi olaraq vurğulayıb ki, məhz İ.Alışovun təzyiqi sayəsində heç bir idarədən və hətta arxivdən lazım olan sənədləri ala bilmir. Bu azmış kimi, Cinayət Axtarış Şöbəsinin rəisi onun hədə-qorxu ilə bir müddət Balakəndə yaşamasına imkan verməyib. İki il Bakı şəhərində acınacaqlı durumda yaşamaq məcburiyyətində qalıb. Guya, ailə münaqişəsi törətdiyinə görə iki ay həbs cəzasına “layiq” görülüb. Ə.Bodurov bütün olanlardan bacısını və onu himayə edən İ.Alışovu günahlandırır.
Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq dünyasını dəyişmiş valideynlərin mülkiyyəti övladları arasında bölünməlidir. Ə.Bodurovun yeganə bacısı Sevinclə bölə bilmədikləri valideynlərinin buraxdığı mirasdır. Həmin mülkdə həm Əhmədin, həmdə ki bacısı Sevincin payları olmasını sübut etməyə ehtiyac duyulmur. Belə ki, mülki qanunvericilikdə varislik hüququ açıq-aşkar təsbit olunub. Sadəcə olaraq Ə.Bodurov öz haqqını tələb etməkdən məhrum edilib. Özü də hədə-qorxu ilə. I qrup əlil öz ata ocağına ayaq basa bilmir, şərdən-böhtandan ehtiyat edir.

Ə.Bodurov müxtəlif rəsmi instansiyalara ünvanladığı ərizələrə konkret və demək olar ki, eyni məzmunlu, tövsiyyə xarakterli cavablar alır. Ona məhkəməyə müraciət etməli olduğunu bildirirlər. Ancaq I qrup əlil müraciətlərində aydınlıqla qeyd edir ki, məhkəməyə müraciət etmək üçün lazım olan sənədləri toplaya bilmir. Qarşısına elə sədd çəkilib ki, həmin maneəni aşmaq hələlik mümkün olmur. Məsələn, Ə.Bodurovun Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskiyə İ.Alışovun əməlləri barədə etdiyi müraciətə demək olar ki, başdansovdu bir cavab verilmişdir. 08.07.2015-ci il tarixli məktubda deyilir:”Balakən Rayon Polis İdarəsinin əməkdaşı İ.Alışov barədə Daxili İşlər Nazirliyinə ünvanladığınız müraciətinizə baxılmışdır. Araşdırma zamanı İ.Alışovun bacınız Sevinc Bodurova ilə münasibətinin olması və həmin səbəbdən ona köməklik göstərməsi xüsusatları təsdiqini tapmamış, qəbul edilərkən verdiyiniz izahat nəzərə alınaraq qaldırdığınız məsələnin həlli istiqamətində müvafiq tədbir görülməsi orqan rəisinə tapşırılmışdır.”
Görünən odur ki, general E.Şəkinskinin cavab məktubunun heç bir təsiri olmayıb. Düşünmək olar ki, generalın rəsmi məktubundan sonra S.Bodurova Balakən rayon Polis idarəsinə dəvət edilərək, ondan qardaşı I qrup gözdən əlil Ə.Bodurovun ata ocağına sərbəst daxil olmasına şərait yaradılması barədə iltizam alınardı. Təəssüf ki, Ə.Bodurov polis idarəsinə dəvət edilsə də, növbəti dəfə İ.Alışovla qarşılaşmalı olub və problem həllini tapmayıb. Ümidini bütün rəsmi instansiyalardan üzmüş I qrup gözdən əlil, son olaraq ölkə prezidenti, cənab İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət ünvanlayıb. Ə.Bodurov uzun illərdir ki, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğundan müraciətinə obyektiv baxılacağına, qovulduğu ata ocağına bir daha dönə biləcəyinə ümidini itirmir. Əhməd müraciətində başına gəlmiş müsibətləri ətraflı qeyd edə bilib: “2008-ci il oktyabr ayının 3-də Rafiq Kazımovun (R.Kazımov Balakən rayon məhkəməsinin hakimidir-N.Sadiq) kobud səhvindən sonra barəmdə 2 aylıq həbs qətimkan tədbiri seçildi. Gəncə şəhərindənki istintaq təcridxanasına göndərildim. Sağ gözümün tam görmə qabiliyyəti əvvəldən yox idi. İstintaq təcridxanasında sol gözüm də hədsiz zəiflədi. R.Kazımov tək mənim barəmdə səhv buraxmayıb. Onun qanunu pozması nəticəsində -məhkəmə prosesini öz kabinetindən apardığına görə həmin prosesdə qətl hadisəsi baş verdi. Həmin illərdə Balakən rayon Polis idarəsinin zabiti İsa Alışov tərəfindən tez-tez həmin idarəyə dəvət olunub hədələndiyimə görə Bakı şəhərinə köçüb kirayə mənzildə yaşamalı oldum. 2015-ci ilin mart ayında Balakənə qayıtmağı qərara aldım. Əvvəl həyat yoldaşımı rayona yola saldım. Sonra ora telefon açıb vəziyyəti soruşdum. Həyat yoldaşım Balakənə qayıdacağım zaman İ.Alışov tərəfindən həbs ediləcəyimi bildirdi. Çünki bacım Sevincin İ.Alışovla telefon əlaqəsi saxlayıb, rayona qayıdacağım barədə xəbər verdiyini eşitmişdi. Bacım polis zabitinə bərk-bərk tapşırırmış ki, nə edirsən et, Əhməd evə gələ bilməsin. Çox fikirləşdim, heç bir günahımın olmadığını nəzərə alıb, dostlarımla məsləhətləşdikdən sonra Balakənə qayıtdım. Balakəndən 102 xidmətinə telefon açıb, bildirdim ki, mən ata ocağıma gedirəm. Orada polis axtarış aparıb silah, narkotik və sairə aşkar etsə, mənim onlardan xəbərim yoxdur. 15-20 dəqiqədən sonra polis idarəsinə dəvət olundum. Məni Adil müəllim qəbul etdi. Sonra İ.Alışovu da dəvət edib, vəziyyətlə maraqlandı. Bütün bu işlərin başında duran İ.Alışov mənə dedi ki, “yenə nə olub?” Mən ona başqa bir şey yox, ata ocağımda yaşamaq hüququmun bərpa olunmasını istədiyimi söylədim. Bildirdim ki, əlil adamam, kirayə yaşamağa maddi imkanım yoxdur. O, mənim imkansızlığımı bilə-bilə, “ata ocağında yaşamaq istəyirsənsə, onda Sevincə ikiotaqlı mənzil alıb veməlisən”-dedi. Cəmi 3 gün sonra bacım həyat yoldaşımı evdən qovub, qapını bir daha üzümüzə bağladı. Bundan sonra polis idarəsinə dəfələrlə müraciət etsəm də, heç bir nəticəsi olmadı. Əksinə, təhqir olundum. İ.Alışov növbəti dəfə mənə hədə-qorxu gəlib, “nə qədər gec deyil rayondan çıxmalısan. Elə etmə ki, səni bir daha həbs edim”, xəbədarlığını etdi. Mən dəfələrlə bildirsəmdə ki, əlil adamam,işləmək qabiliyyətim yoxdur. Yaşaya bilmirəm belə çətinliklərlə. Getdiyim bütün idarələrdən eyni cavabı eşitmişəm, “bizlik deyil”. Bilirəm, mülki problemlər mütləq məhkəmədə həll olunmalıdır. Ancaq iş orasındadır ki, İ.Alışovun tapşırığı sayəsində mən məhkəmə üçün lazım olan sənədləri toplaya bilmirəm. Müraciət etdiyim idarələrdən rədd cavabı alıram. Digər tərəfdən, mən ailəmlə birgə məhkəməyə qədər hardasa yaşamalıyam?”
Bəli, Ə.Bodurov ciddi problemlə baş-başa qalıb və onun I qrup əlil olması belə nəzərə alınmır. Bununla belə Əhməd ümidini ölkə prezidentinin və onun xanımının ədalətinə bağlayıb. O, məsələnin hüquqi müstəvidə həll olunacağına inamını itirmir.
Ə.Bodurovun rastlaşdığı qanunsuzluq bununla bitmir. Belə ki, ona ayrılmış sosial müavinət 2009 və 2013-cü illərdə kimlərsə tərəfindən qeyri-qanuni yollarla mənimsənilib. Dəfələrlə bu barədə səlahiyyətli instansiyalara müraciət etsə də, nəticəsi olmayıb. Belə bir vəziyyətdə ortaya maraqlı sual çıxır; Əhmədin ata ocağında yaşamağını istəməyənlər, aşıq-aşkar, cinayət yolu ilə onun sosial müavinətini mənimsəyənləri cəzalandırıb, haqq etdiyi vəsaitin Əhmədə qaytarılmasını təmin edə bilmirlər? İstəmirlərsə, deməli I qrup əlilə qarşı doğrudan-doğruya qərəz var, basqı var.

Nicat Sadiq
Mövzuya qayıdacağıq…
Yazıda adı çəkilən şəxslərin mövqeyini də işıqladırmağa hazırıq.

LEAVE A REPLY