Balakən sakini Kəmaləddin Heydərovdan kömək gözləyir…

0
3

Balakən sakini Kəmaləddin Heydərovdan kömək gözləyir…

Məmur süründürməçiliyi yenə problem yaradır.

2012-ci ilin yayında Balakən və Zaqatala rayonları ərazisində baş vermiş güclü zəlzələnin həmin rayonlarda yaşayan əhaliyə ciddi problem yaşatdığl məlumdur. Zəlzələnin yaratdığı fəsadlar ölkə rəhbərliyinin nəzarəti ilə aradan qaldırılsa da, təəssüf ki, hələ də bəzi məmurların süründürməçiliyi nəticəsində dəhşətli fəlakətin acısını yaşayan ailələr qalıb. Belə ailələrdən biri Balakən rayon Sarıbulaq kəndində yaşayan İsmayılova Mirvari Asman qızının ailəsidir.
Ailəyə problem yaradan isə Sarıbulaq kənd ərazi icra nümayəndəsi Ramiz Cerçiyevdir. Belə ki, cənab R.Cerçiyev 25 iyun 2013-cü il tarixli arayışa imza ataraq, təsdiq etmək istəyib ki, guya həmin ailə uzun müddət öz evində yaşamamış və məhz həmin səbəbdən baxımsız qalmış ev dağılmışdır. Arayışda həm də vurğulanır ki, İsmayılova Mirvari Asman qızına məxsus ev 1962-ci ildə tikilib və ev sahibi 10 ilə yaxın Rusiya Federasiyasında yaşadığı üçün 2010-cu ilə qədər Mirvari xanımın baldızı oğlu Nəbiyev Ceyhun Ramiz oğlu tərəfindən həmin ev yaşayış evi kimi istifadə olunmuşdur.
Sual doğur, görəsən, yaşayış evində-vətəndaşın şəxsi mülkiyyətində kimin yaşayıb-yaşamaması vətəndaşı mülkiyyət hüququndan məhrum edir? Digər tərəfdən, Mirvari xanım dəfələrlə təsdiq edib ki, həmin ərazidə yaşayıb və mütəmadi olaraq kommunal xərclərini ödəyib, aldığı təqaüdə rəğmən sənədlərə imza atıb. Bəli, o da məlumdur ki, Mirvari xanımın qızı Moskva Universitetlərindən birində təhsil aldığı üçün vaxtaşırı Rusiyaya səfər etməli olub. Rusiyada uzun müddətli müalicə kursu keçib ki, müvafiq sənədlər həmin faktı təsdiq edir. Təəssüf ki, məmur süründürməçiliyi Mirvari xanımın səhhətini daha da ağırlaşdırıb. Çünki zəlzələ nəticəsində evi dağılmış Mirvari xanımın ailəsi uzun müddət çadırda yaşamaq məcburiyyətində qalıb. Dəfələrlə Balakən rayon rəhbərliyinə müraciət etdikdən sonra, ailəyə Şambul kəndi ərazisində yaşayış üçün tam uyğunuz müvəqqəti mənzil təklif edilib.

Ən maraqlı məqam isə odur ki, evi dağılmış ailədən məsələyə tamamilə aidiyyatı olmayan sənədlər tələb edilib. Həmin sırada “Şəki Regional Elektrik Şəbəkəsi” MMC Balakən Elektrik şəbəkəsindən ailənin elektrik enerjisindən istifadə edib-etməməsi barədə verilmiş 26 sentyabr 2013-cü il tarixli arayışda yer alır. Arayışda qeyd olunur ki, ailə fasilələrlə elektrik enerisindən istifadə edibmiş. Maraqlıdır, elə deyilmi? Belə görünür ki, zəlzələ zamanı “bəxti gətirməyib” evində olmayan şəxslərin evi tamamilə dağıldıqda belə onlara yardım edilməyəcək. Yardım bir halda edilə bilər ki, yerli “hökumət”lərlə razılığa gələ biləsən. Yəni, kiçik “padşah”lar sayılan icra nümayəndələrinin “dili”ni biləsən.
Araşdırmalarımız təsdiq etdi ki, Mirvari xanımın evi yerləşən ərazidə zəlzələnin təsirindən dağılmış və uçmaq təhlükəsiylə üzləşmiş evlər az olmayıb. Sakinlərin əksəriyyəti Fövqaladə Hallar Nazirliyindən (FHN) razılıq edib, onların zəlzələnin fəsadlarını aradan qaldırılması üçün əllərindən gələni etdiklərindən məmnunluqlarını ifadə ediblər. Təbii ki, FHN nümayəndələri məlumat aldıqları bütün evlərə baş çəkib, yardım etməyə çalışıblar. Ancaq o da bir faktdır ki, bir çox hallarda FHN nümayəndələrinə dağılmış evlər barəsində məlumat verilməyib. Belə evlərdən biri də Mirvari xanımın başıbəlalı evidir. Evi dağılmış xanım onu da qeyd edir ki, Zaqatala və Balakəndə zəlzələnin nəticələrinin FHN tərəfindən uğurla aradan qaldırılmasını rəğbətlə qarşılayıb. Həmin işə onun tələbə yoldaşı Kəmaləddin Heydərovun rəhbərlik etməsindən xüsusilə qürur hissi keçirdiyini söyləyib: “Kəmaləddin müəllimlə eyni fakultədə, eyni “patok”da təhsil almışıq. Xeyirxah insan olduğundan hamımızın məlumatı var. Dəfələrlə cəhd etsəm də, dərdimi ona söyləyəmə imkan verilməyib. Ümidvaram ki, “Millətim” düşdüyümüz ağır durumu cənab nazirə çatdıra biləcək. Bilirəm ki, cənab K.Heydərovun məlumatı olsa, bizi süründürməçi məmurların zülmündən xilas edəcək.”
“Millətim” olaraq, biz də ümid bəsləyirik ki, tezliklə Mirvari xanımın dağılmış evinin bərpasına yardım ediləcək. Zaqatala və Balakən rayonlarında K.Heydərovun rəhbərliyi ilə zəlzələnin fəsadlarının aradan qaldırılması üçün aparılan böyük bərpa və quruculuq işlərinə şahid olduqdan sonra belə qənaətdəyik. İnanırıq ki, həm Mirvari xanımın, həm də “Millətim”in ümidləri doğrulacaq.

Leyla

LEAVE A REPLY