AXCP-nin qurultayı nəyi dəyişəcək?
Cəbhəçilər razı qaldılarmı?
İlk baxışda AXCP-nin qurultayını uğurlu adlandırmaq mümkün olsa da, araşdırmalarımız həmin təşkilatda ciddi problemlərin yaşanacağını bir daha təsdiq etdi. Əvvəla, AXCP-nin qaraguruhçuluqdan qurtula bilməməsi aşkarlandı. İkincisi, partiya demokratiklikdən çox uzaqlaşıb. Üçüncüsü, AXCP-nin kadr potensialı sıfra bərabər imiş. Əlbəttə, aşkar olunan çatışmazlıqların sırasını uzatmaq mümkün olsa da, düşünürəm ki, hələlik qeyd etdiyim məqamların üstündə dayanmaq yetərlidir ki, Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatın perspektivsizliyi təsdiq olsun.
Etiraf etmək olar ki, çətin günlərini yaşayan AXCP qurultaya bütün gücünü səfərbər edə bilmişdi. Düzdür, bəziləri qeyd edir ki, AXCP qurultaya yetərsaysız başlamaq məcburiyyətində qaldığından, tələm-tələsik 5-10 manatlıq “nümayəndə”lər toplamağı bacarıb. Əlbəttə, bu AXCP-dən qovulmuşların versiyasıdır və inandırıcı deyil. Belə ki, saxtakarlıq qurultaydan öncə baş verib, təşkilat olan-qalan bütün üzvlərinin nümayəndə kimi tədbirə qatılmalarını təmin etməli olub. Bəli, inkaredilməz faktdır ki, AXCP-nin bütün potensialı ortaya çıxarılmışdı. Təşkilat yalnız qurultaya toplananlardan ibarətdir söyləsək, yanılmarıq.
Qurultay nümayəndələrinin əksəriyyəti natamam orta təhsillilərdən ibarət idi ki, bunu AXCP yetkililəri inkar edə bilməz. Zaldakı ab-havadan bunu hiss etmək bir o qədər çətin deyildi. Nümayəndələrin davranışı 1988-89-cu illərdə meydanlara toplaşan kütləni xatırladırdı. Yəni, bu illər ərzində siyasi baxışların dəyişməməsi, meydan psixologiyasının hökm sürməsi xüsusi olaraq diqqət çəkirdi.
AXCP sədri Ə.Kərimlinin hesabat məruzəsini onun mitinqlərdəki çıxışlarının təkrarı kimi qəbul etmək daha doğru olardı. Digərləri də yeni nə isə söyləyə bilmədi. Ə.Kərimliyə alternativ olmaq iddiasında bulunan müşavir Sahib Kərimlinin çıxışı qaraguruhçuların ciddi etirazına səbəb oldu. Əslində, müşavir olduqca zəif rəqib olduğunu bir daha təsdiq etdi. Onun çıxışındakı tezislər hədsiz bayağı görünürdü. S.Kərimlinin ikili oyuna baş vurduğu açıq-aşkar sezilirdi. Müşavirin AXCP-dən qovulmuş sabiq müavin Razi Nurullayevlə işbirliyində olduğu daha öncə təsdiqlənsə də, onun Ə.Kərimliyə sədaqətini dolayısıyla təsdiq etməyə uğursuz cəhd göstərməsi diqqətdən yayınmadı.
Əlbəttə, S.Kərimlinin gizli səsvermə tələb etməsi və Ə.Kərimli tərəfdarlarının ondan yayınması uzun müddət müzakirə mövzusu olaraq qalacaq. Ola bilər ki, həmin arqument həm də Ədliyyə Nazirliyinin diqqətindən yayınmasın. Belə ki, ölkə iqtidarından demokratik islahatlar tələb edən Ə.Kərimli açıq-aşkar demokratik seçkini təmin edən əsas məqamdan-gizli səsvermədən nə üçün yayındığına hələ uzun müddət aydınlıq gətirməli olacaq. Sözsüz ki, hətta gizli səsvermə baş tutsaydı belə, Ə.Kərimli rəqibini üstələyə biləcəkdi. Görünən odur ki, AXCP sədri S.Kərimlinin bir miqdar tərəfdar toplaya biləcəyindən ehtiyatlandı. Bu fakt isə, həm sədrin, həm də ki onun rəhbərlik etdiyi təşkilatın demokratik dəyərlərə hörmətsizliyinin “təntənə”si kimi qəbul olundu.
Qurultayda əyalət nümayəndələrinə diqqət yetirilməməsi də birmənalı qarşılanmadı. Onlar sanki lal-dinməz əyləşib, illər ərzində gördükləri-təkrar-təkrar çıxışlarını dinləyib, alqışladıqları simalara bir daha çəpik vurmaq üçün toplanmışdılar. Təbii ki, nümayəndələr narazılıqlarını büruzə verirdilər. Əyalətdən böyük ümidlə qurultaya qatılanların pessimist əhval-ruhiyyəsini sezmək çətin deyildi. Onların çıxışları dinləmək əvəzinə, öz aralarında söhbətləşdikləri zalda səs-küy yaradırdı.
AXCP rəhbərliyinin özünü təkid siyasəti aparması-qurultaya digər müxalif partiyalardan qonaq dəvət etməməsi də müsbət qarşılanmayıb. Hakimiyyətə iddialı görünən AXCP-nin heç bir halda təkbaşına iqtidara gələ bilməyəcəyini müəyyənləşdirmək sıravi cəbhəçilər üçün də müşkül olmadığından, onlar təşkilat rəhbərliyinin özünütəcrid siyasətini məqbul hesab etmədiklərini gizlətmirdilər.
Qurultayda ən diqqətçəkən məqam isə AXCP yetkililərinin zəif çıxışları oldu. Bu isə, təşkilatın kadr potensialının olmamasından xəbər verdi. İndi, sıravi AXCP-çiləri bir sual düşündürür, görəsən, AXCP iqtidara gələ bilsə, ölkəni idarə edə biləcək kadrları hardan tapacaq?
Beləliklə, AXCP növbəti qurultayını yola verə bildi. Bəli, həmin qurultay Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP-nin R.Nurullayevin iddia ortaya qoyub, AXCP-yə sahib çıxmaq iddiasına düşən qrupdan daha güclü olduğunu təsdiq etdi. Təəssüf ki, AXCP-nin gücü ondan savayı heç bir şeyə yetərli görünmür. Qurultay Ə.Kərimlini dəyişə bilmədiyi kimi, bütövlükdə AXCP-də də köklü dəyişikliklərə səbəb olmadı. Görünən o oldu ki, AXCP-ni irəlidə ciddi sınaqlar gözləyir. Həmin sınaqlardan üzüağ çıxa biləcəyinə isə umidlər tükənib.
Turan Türk