Sadıq Murtuzayevin rəhbəri olduğu “İlisu klanı” dövləti necə talayıb?
Murtuzayev Agdamda kimlərə hamilik edir?
Ölkənin əsas maliyyə resursu olan Azərbaycan Beynəlxalq Bankının (ABB) ödənilməyən kreditləri ilə bağlı qalmaqal səngimək bilmir. Bu məsələdə hər gün yeni məqamlar üzə çıxır. Mətbuatın üzə çıxardığı məlumatlardan belə məlum olur ki, ABB-nin problemli kreditlərinin ümumi məbləği 7.5 milyard manat təşkil edir. Çox maraqlıdır ki, medianın bu məlumatı bu günə kimi ABB-i tərəfindən təkzib edilməyib.
Maraqlı sual yaranır: “Dövlətin milyardlarla pulunu mənimsəyən əsl təqsirkarlar məsuliyyətə cəlb edilibmi?” “Millətim” qəzeti bu istiqamətdə apardığı araşdırmalar nəticəsində bir sıra maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, kredit məsələsindən ən böyük mənfəəti götürən “akulaların” heç yerdə adı belə çəkilmir. Mütəşəkkil qrup halında fəaliyyət göstərən və Beynəlxalq Bankın verdiyi kreditlər hesabına milyardları mənimsəyən, böyük zavod və fabrikləri qəpik-quruşla özəlləşdirən şəbəkə öz klan başçıları ilə yenə firavan həyat sürür. Həmin klana rəhbərlik edən şəxs hüquqi aspektdən məsuliyyətdən boyun qaçıra bilsə də, bizim araşdırmanın obyektivindən yayına bilməyib. Söhbət əslən Qax rayonunun məşhur İlisu kəndindən olan Sadıx Murtuzayevdən gedir. Yeni nəsillər bu personanı yaxşı tanımadığı üçün , onun barəsində qısa məlumat vermək qərarına gəldik.
Sadıq Murtuzayevin milyonluq səltənəti…
O, keçmiş SSRİ dönəmində Azərbaycanın bir çox rayonlarında 1-ci katib işləyib. İstər kommunistlər dönəminin, istərsə də müstəqillik zamanının nəbzini tutmağı bacarıb. Sadıx Murtuzayev hazırda çox möhkəm köklərə malik olan İlisu klanının “xaç atası” sayılır. Qeyd edək ki, Murtuzayevin Sovet dönəmində doğulduğu bölgədə işləri heç də hər zaman firavan olmayıb. Xüsusilə də vaxtı ilə Şamxor (indiki Şəmkir) və Balakən rayonlarına rəhbərlik edən Əjdər Əsədovun həmin bölgədə olduğu dönəmdə Sadıx Murtuzayevin əl-qolu bağlanırmış. Bu iki şəxs arasında uzun müddət gizli “müharibə” gedib. Buna baxmayaraq, bütün çətinliklərin öhdəsindən mahircəsinə gəlməyi bacaran Murtuzayev hazırda olduğu ahıl yaşına kimi “marka”sını qorumağı bacarıb. Onun var-dövlətinə aid olan səltənəti saymaqla qurtarmaz. Zaqtalanın Car kəndində olan şah sarayına bənzər villasını, İlisu kəndindəki imarətini, Londondakı daşınmaz əmlaklarını Murtuzayevin biznes imperiyasına aid edə bilərik. Sadıx Murtuzayevin 3 oğlu, 1 qızı var. Onun Nəbi adlı oğlu saxta firmalar vasitəsilə əyalətlərdə Beynəlxalq Bankın sponsorluğu ilə tikilən İdman Olimpiya Komplekslərinin tikintisindən milyonlarla manat pulu mənimsəyib.
Milyonerə çevrilən gözətçi…
“İlisu klanı” və onun “xaç atası” Sadıq Murtuzayevin Beynəlxalq Bank sərgüzəştləri yalnız bununla bitmir. Sən demə, uzaqgörənliyi nəticəsində vaxtında Beynəlxalq Banka yerləşdirdiyi və sonra onun irəliləməsinə köməkliyi dəyən bir kadrı vasitəsilə Sadıq Murtuzayev kreditlərin mənimsənilməsində əsl söz sahiblərindən birinə çevrilməyi də bacarıbmış. Söhbət əslən İlisu kəndindən olan və Beynəlxalq Bankda kredit şöbəsinin müdiri postunu tutan Akif Əliyevdən gedir. Bu şəxsin atası dövrünün tanınmış jurnalistlərindən sayılıb. “Kommunist” qəzetində çalışan həmin adam Sadıq Murtuzayevlə yaxın dost münasibətlərinə malik olub. Deməli, belə nəticəyə gəlirik ki, “İlisu klanı”nın milyonları, bəlkə də milyardları mənimsəyə bilməsində məhz Sadıq Murtuzayevin banka yerləşdirdiyi kadrın mühüm rolu olub. Bizə təqdim edilən sənədlərdən o da məlum olur ki, sən demə, Sumqayıt Tekstil Fabrikinin də qeyri-rəsmi sahibi Sadıx Murtuzayevdir. Sabiq birinci katib həmin müəsissəni yaxın tanışı olan bir qəssabın adına özəlləşdirib. Əslində, burada təəccüblü heç nə yoxdur. Çünki bu günlərdə mediada yayılan bir xəbərin də bu hadisəyə çox bənzərliyi var. Həmin məlumatda deyilirdi ki, Bankın sabiq rəhbəri Cahangir Hacıyev öz bağında gözətçi işləyən şəxsi milyonerə çevirib. Daha dəqiqini desək, həmin adamın adına bankdan kreditə milyonlarla pul götürülüb. Sadıx Murtuzayevin banka yerləşdirdiyi həmin kadrı haqda da ilginc məlumat əldə etmişik. Bildirilir ki, Akif Əliyev oğurladığı pulları öz qayınları vasitəsilə xarici ölkələrdə yerbəyer edir. Onun İsmayılov Anar adlı qaynı Hollandiyada, İsmayılov Teymur isə, Baltikyanı ölkələrdən birində kef edir. Hesab edirik ki, əlaqədar qurumlar bu istiqamətdə araşdırma aparsa, “qeybə” çəkilən pulların bir hissəsinin izinə düşə bilərlər. Həmçinin bildirilir ki, Akif Əliyevin Camal İsmayılov adlı qaynatasının Şimal bölgəsindəki vəhhabilər arasında xüsusi nüfuza malikdir.
Murtuzayev Agdamda kimlərə hamilik edir?
Biz Sadıq Murtuzayevin “topdağıtmaz” klanı və onların dövlət əmlakını necə talaması barədə səthi məlumat verdik. Mövzu ilə bağlı çox ciddi faktlar əldə etmişik. Bu istiqamətdə apardığımız araşdırmanı daha təfsilatı ilə təqdim edəcəyik. Növbəti araşdırmalarımızda, sabiq birinci katib Sadıx Murtuzayevin “İnsanla, torpaqla üz-üzə” kitabında hansı məsələlərdən söhbət getdiyinə, bu şəxsin rəhbərliyi illərində Ağdam rayonunda hansı olayların baş verməsinə də, aydınlıq gətirməyə çalışacağıq. Eyni zamanda, sabiq birinci katibin bu günki bəzi məmurlarla, xüsusilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovla hansı münasibətlərinin olmasına, Sadıx Murtuzayevin Ağdamda kimlərə himayədarlıq etməsinə,”Alfa Layn”MMC-nin prezidenti Sadıq Murtuzayevin (nəvə) həbs olunub-olunmamasına da toxunacayıq…
Turan Turk