Ramiz Tağıyev: “Belə gücdə olan siyasi partiya yoxdur”

0
5

Seçkini effektli boykot edə bilən real müxalifət qüvvəsi…

Ramiz Tağıyev: “Belə gücdə olan siyasi partiya yoxdur”

Seçki kampaniyasının başlanmasından iki həftəyə yaxın vaxt keçir. Artıq siyasi partiyaların əksəriyyəti seçkidə iştirak edəcəyini bildirib.
Hətta onlar deputatlığa namizədlərinin siyahılarını açıqlayır, MSK-ya səlahiyyətli nümayəndələr təqdim edirlər. AXCP və Liberal Partiyası istisna olmaqla tanınmış partiyaların hamısı seçkiyə qatılıb. Liberal Partiyası hələlik susur və hansı addımı atacağı bəlli deyil.
AXCP-nin isə sədrinin və rəhbərliyinin açıqlamalarından belə qənaətə gəlmək olar ki, onlar seçkidə iştirak etmək fikrində deyil. Boykot barədə rəsmi qərarları olmasa da, boykota kökləniblər.
“Siyasi Partiyalar Haqqında” Qanuna görə, partiya üzvlərinin hüquqlarını hər hansı bir ad altında məhdudlaşdırmaq olmaz. O cümlədən də partiya qərar verərək üzvlərini aktiv şəkildə boykota çağıra bilməz. İkincisi, Seçki Məcəlləsinə görə, vətəndaşların seçkidən yayındırılması inzibati qanun pozuntusu hesab olunur. Ona görə də heç kəs açıq şəkildə və qərarla seçkini boykot edə bilməz. Sadəcə olaraq partiya seçkiyə getməyi məqsədəuyğun hesab etməyə bilər.
Hazırda Azərbaycanda boykot yolunu seçməklə seçkilərə təsir etmək gücündə olan siyasi partiya varmı?
Canımız Azərbaycan Naminə Partıyasının (CANP) sədri Ramiz Tağıyevin fikrincə, artıq sübut olunub ki, boykot uğurlu taktika deyil: “Azərbaycan müxalifəti dəfələrlə bu taktikadan istifadə edib. Ortada isə heç bir nəticə olmayıb. Özü də həmin boykot taktikasından müxalifət özünün güclü vaxtında istifadə edib. Müqayisə üçün deyim ki, hazırda müxalifət çox zəifdir. Boykot taktikası bilirsiniz nə vaxt effekt verə bilər? Hansısa partiyanın arxasında güclü elektorat olsun. Bir çağırışla insanlar seçkidə iştirakdan imtina etsin. Nəticədə keçirilən seçkilərin legitimliyi şübhə altında qalsın. Azərbaycanda belə gücdə olan siyasi partiya yoxdur. Boykot yolunu seçənlər əvvəlcədən öz məğlubiyyətini kompensasiya etmək istəyir. Mən bu yolu doğru hesab etmirəm. Çünki heç bir effekti olmayan taktikadan imtina edilsə yaxşıdır”.

M.QƏRİBLİ

LEAVE A REPLY