“Agentin sübutu nə olur ki, əməkdaşlıq haqqında “podpiskamı”?”
Qurban Məmmədov: Razinin özü də bir cavan oğlandı və mənim ona yazığım gəlir
“Ortada fırlanan pullar heç kimin dədəsinin pulu deyil ki, xalqdan oğurlanan pullardı. Qoy uşaqlar da, lap elə Razinin özü də xərcləsinlər, halal xoşları olsun.”
Qurban Məmmədovla bundan əvvəlki müsahibəni alanda, heç ağlımıza da gəlməzdi ki, qarşıda xeyli zamanımızı sadəcə yeyəcək, bitirəcək həbs olunmaq və həbsxana həyatı yaşamaq var. Əslində nə həbs olunma, nə də həbsxana həyatı elə ikimiz üçün də yenilik deyildi, bununla belə, kim nə deyir desin, qazamatda yaşamaq o qədər asan və sadə bir iş deyil. Hələ adamın özündən çox düşünməli olduğu ailə, qohum-əqrəba və yaxın-uzaq dostlar da var ki, onlara verdiyin əzab-əziyyətlərin mənəvi ağrıları qazamatın özündən də ağır gəlir adama. Bunları elə-belə sözgəlişi dedim…
Ötən müsahibədə Qurban bəydən ritorikasının nədən bu qədər sərt və amansız olduğunu soruşmuşdum. Amma adam heç dəyişməyib ki. Elə Qurban da o Qurbandı, ritorika da o zamankı qədər sərt və amansızdı. Nədən belə düşündüyümü indi sizə təqdim etdiyim bu müsahibədə görə biləcəksiniz.
Beləliklə, bu dəfəki müsahibim Qurban Məmmədovdu, sadəcə Qurban Məmmədov və bir də Sərdar Əlibəylinin dostluğundan qürur və şərəf duyduğu Qurban Məmmədov.
Sərdar ƏLİBƏYLİ
II hissə
– Son bir neçə gündə stəkanda qoparılan bir fırtına və bu fırtınanın içində də Razi adlı Nurullayevin əsməsi ölkəni başına götürüb. Bu haqda nə düşünürsünüz, nələr olur və qarşı tərəfdəki dostlarınız neyləmək fikrindədilər?
– Vallah, mən bu prosesə görə çox sevinirəm(gülür). Bilirsinizmi, həmin bu Razi həbsdən çıxandan sonra mənə zəng eləmişdi ki, tezliklə sizin ziyarətinizə gələcəm. İndi deyirəm ki, nə yaxşı gəlməyib, gəlib evdə ora-bura nəsə yapışdırardı, bütün orqanlara və onun bağlı olduğu idarələrin hamısına mənim evimdən reportaj gedərdi. Allaha qurban olum, görün hər şeyi nə gözəl açır, nə gözəl nizamlayır. Onu da deyim ki, mən AXC-nin ətrafında baş verən bu hadisələrə heç vaxt ciddi yanaşmıram. Burda problem AXC ilə yox, rejimlə bağlıdı. Azərbaycanda hakimiyyətdə olan siyasi rejimin dərdidi bu. Görün bu bədbaxtlar nə günə qalıblar ki, bu cür metodlarla, belə uşaq-muşaqlarla, bu tərbiyə ilə, bu əxlaqla iş aparırlar, milyonlar xərcləyirlər və nəticəsi əvvəlcədən bəlli olan mənasız oyunlara gedirlər. Bu oyunu biz bir dəfə də görmüşdük və mən onda həbsdəydim. 2000-2001-ci illərdə Qobustan qapalı həbsxanasında olduğum zaman, yəqin ki, sizin də yadınızdadı ki, AXC-ni dağıtmaq məqsədilə cəbhədən klassikləri ayırdılar. Onda da İsa Qəmbər bir tərəfi, Sərdar Cəlaloğlu da digər tərəfi dəstəklədi. Bunun da nəticəsi olaraq, Əli Kərimlinin o zaman parlamentə getməkdən başqa yolu qalmadı. Adam siyasətlə məşğuldur və ən azı partiyasını qoruya bilmək üçün bu addımı atmaq zorunda qaldı. Məsələn, o zaman mən özüm də bunu xəyanət saydım və Əli Kərimlini qınadım ki, sən niyə seçkiyə qatılırsan. Sonradan onun özü ilə görüşüb, arqumentlərini dinlədim və Əli bəyə haqq qazandırdım. Dövlət səviyyəsində müxalifətlə əlbir olub, kişinin partiyasını dağıdırdılarsa, o zaman Əli Kərimli neyləməliydi? Bütün hallarda alınan nəticələr və bu günkü situasiya onu göstərir ki, o vaxt Əli Kərimli ən düzgün olan qərarı qəbul edib. Parlamentə getməklə, məclisdə oturmaqla adam partiyasını tam dağılmaqdan və təşkilatını siyasətdən kənarlaşdırılmaqdan xilas edib. O zaman da mənim özüm də daxil, Əli Kərimliyə parlamentə getdiyinə görə irad tutanların sayı nə qədər çox olsa da, sonucda o, partiyasını qorudu və bu günkü nəticəni ortaya qoya bilmək üçün həmin addım atılmalıydı. Həmin vaxt Əli bəy bütün hücumları öz üzərinə götürərək, bir siyasətçi uzaqgörənliyi nümayiş etdirdi. O vaxtdan bəri gedən proseslər də onu göstərir ki, biz, Əli Kərimlinin doğru qərarlar qəbul etdyini etiraf etməliyik. Indi həmin AXCP-ni bölmək, parçalamaq anlamına gələn həmin hadisənin 100 qat, hətta min qat balacası, kiçiyi baş verir. Hesab edin ki, bunlar bir vaxtlar aslanların, pələnglərin girdiyi meydana indi (pauza) siçanla, tarakanla girib nəsə əldə etmək istəyirlər.
– Bəlkə dovşan demək istəyirdiniz?
– Hə, dovşanlarla oynayan birini belə ciddi proseslərə qoşub, nə əldə etmək istədiklərini başa düşmürəm. Mən bayaq bir statusumda yazdım ki, bunlar milçəkləri filin üstünə buraxıblar və əsas məqsədləri də sadəcə filin başını qatmaqdı. Dünən bu haqda Əli bəyin özünə də dedim və Milli Şurada da bu haqda danışmışam. Adətən prezident uçan təyyarəni qorumaq üçün onun ətrafına aşağıdan səs və istilik raketləri buraxırlar. Bu da ona görə edilir ki, kənardan atılan raketlər prezidentin təyyarəsinə yox, həmin o səs və istilik raketlərinə doğru gedərək əsl hədəfdən yayınsınlar. İndiki baş verənlər və gedən proseslər də təxminən həmin məsələnin eynidi. Rejim sahibini qoruya bilmək üçün sağdan-soldan buraxılan boş raketlərdi. Əli Kərimli, yaxud da Milli Şuradakılar uşaq-zaddı ki, götürüb o balaca raketlərə baş qoşsunlar. Əslində bizim hədəfimiz nə Razidi, nə bizim də, cəmiyyətin də doğru-dürüst tanımadığı o cavan uşaqlardı. Hətta o cavan uşaqlar ki var, qoy bacardıqları qədər Razidən çox pul qoparıb xərcləsinlər, kişi adamdılar, əcəb eləyirlər. Əslində, ortada fırlanan pullar heç kimin dədəsinin pulu deyil ki, xalqdan oğurlanan pullardı. Qoy uşaqlar da, lap elə Razinin özü də xərcləsinlər, halal xoşları olsun. Bizim rəqibimiz isə hakimiyyətdi, rejim sahibləridi, ölkəni bu günə salan dövlətin ali vəzifəli şəxsləridir və onların da başında kimin, ya da kimlərin dayandığını zatən hər kəs bilir. Bizim Razi ilə nə işimiz ola bilər axı?
– A bəy, mənim üçün çox maraqlı bir şey var, siz bunlarla mütəmadi olaraq görüşürsünüz ona görə deyirəm. Gözəl Bayramlının və Fuad Qəhrəmanlının statuslarında mən bir şeyi sezirəm. Bunlar çox narahatdılar ki, hakimiyyət niyə Razi ilə işləyir, bunlar savadsızdılar, çoxlarının ali təhsili yoxdu, qabiliyyətsizdilər və s. deyə yazırlar.
– Bə nə yazmalıdılar ki?
– Yox, mən bu haqda bir-iki dəfə şərh də yazmışam ki, əgər hakimiyyət Razi kimi biri ilə, bunların da qeyd etdiyi kimi Razinin ətrafına toplaşmış savadsız və qabiliyyətsiz adamlarla iş görüb, özünü də, bunları da biabır edirsə, o zaman buraxın etsin, niyə bundan narahat olursunuz? Mən də öz kəm ağlımla bu qənaətə gəlirəm ki, AXCP cinahından gələn bu statusların müəllifləri “hakimiyyət niyə bizimlə yox, onlarla işləyir” demək istəyirlər. Sizə belə gəlmir ki?
– (ürəkdən gülür) Gözəl xanım da, Fuad bəy də yetərincə səviyyəli və təcrübəli siyasətçilərdi. Elə indi sizin sualınıza cavab verəndə mən də təxminən o şeyləri dedim ki, bunlar o qədər qabiliyyətsiz və savadsız uşaqlarla neyləmək istəyirlər? O məntiqlə, sən gedib mənim haqqımda da yaza bilərsən ki, Qurban bəy demək istəyir ki, əşşi, onları neynirdiniz, gəlib elə mənimlə işləyərdiniz. Bu cür məntiqlə düşünmək düzgün deyil axı. Bunlar demirlər ki, gəlin bizimlə işləyin, sadəcə hakimiyətin hərəkətlərini pisləyirlər və bütövlükdə gedən prosesi qınayırlar. Eyni zamanda da təşkilatda başqa yoldaşları ayıq-sayıq salmaq üçün öz tərəfdarlarına informasiya ötürürlər ki, baxın nə baş verir. Əslinə baxsan, bu Razinin özü də bir cavan oğlandı və mənim ona yazığım gəlir. Həm də tək Raziyə yox, ümumiyyətlə bu və ya digər metodlarla sındırılan, ələ alınan, satılan adamlara mənim yazığım gəlir. Bunların hamısı bizim millətin balalarıdı. Onları Allah yaratmayıb ki, belə aşağılıq formada istifadə olunsunlar. Bunlar da insandı axı, arvadları, uşaqları, ataları, anaları, qardaş-bacıları, qohum-əqrəbaları var, hələ mən dostları, qonşuları, məhəllə uşaqları demirəm. Siz heç bilirsinizmi ki, bu cəmiyyətdə yaltaq olmaqla, yaxud da bu cür aşağılıq formada istifadə olunmaqla yaşamaq necə çətindi. A kişi, vallah bu çox çətin bir şeydi və mənim bu yaltaqlara yazığım gəlir. Eyni zamanda mən vətənimi də, vətəndaşlarımı da, xalqımı və millətimi də sevirəm. Onlar da mənim millətimin yazıq günə qoyulmuş xəstə balalarıdı. Inanın mənə ki, bunların vəziyyəti fahişə qadınların vəziyyətindən də ağırdı haa. Bir fahişə yaşadığı məhəlləyə gələndə, hamı bilir ki, gələn kimdi və sakitcə üzünü yana çevirib keçir, ancaq hamı da bilir ki, bu bir qadındı və bu yola hansı səbəbdən düşüb. Amma yaltaqlığı hamıya faş olan bir kişi məhəlləyə gələndə, kimsə üzünü çevirməz və hamı da “bu oğraşa bax ee” deyib, ona nifrətini bildirər. Qadına əgər əyri yola gedirsə, fahişə demək olar, onda bəs kişinin yoldan çıxmışına nə desinlər? Amma siz də bilirsiniz ki, indi bu məmləkətdə çox kişilərə bu söz deyilir. Kişi özünü nə qədər alçaltmalı, nə qədər aşağı düşürməlidi ki, onun haqqında bu cür ifadələr işlədilsin. Və o kişilərin heç biri məhəllədə başını qaldırıb kişi kimi nə bir dosta, nə bir qonşuya salam verib, salam ala bilmir. Çoxları da xidməti maşından düşüb sürətlə “podyezdə” girərək qaçıb evində gizlənir. O cür adamlar qorxurlar ki, birdən məhəllədə kişilərdən biri qabağını kəsib soruşar ki, ə, yaltaq kopakoğlu, o nədi televiziyada, qəzetdə danışıb bizi biabır eləyirsən? Həqiqətən də bu çox çətin bir şeydi. Ona görə də sizin də onlara yazığınız gəlsin. And olsun Allaha ki, o yazıqlar bu işıqlı dünyada cəhənnəm əzabı yaşayırlar. Onu da bilin ki, yaltaq kişinin arvadı da onunla rahat yata bilmir. Çünki o qadın qonşudakı kişi ilə öz ərini müqayisə edib, gerçəkləri duyduqca öz rahatlığını itirir. Yatmağı da, durmağı da burnundan gəlir. Sizin onların qadınlarına, qızlarına yazığınız gəlsin. Təsəvvür edin ki, universitetdə oxuyan qıza tələbə yoldaşları, “dədən yenə dünən yaman xoddanmışdı, yaltaqlanırdı” desin. Mən bunları sizə fakt olaraq deyirəm ha. Bütün bunları mənə dostlarım, uşaqlarım, tələbələr arasında görüb, eşidib mənə danışırlar. Təsəvvür edin ki, hələ bağçaya gedən bir uşağa, başqa bir uşaq sənin atan, ya da baban yaltaqdı deyir və həmin o uşaq da gəlib o sözləri ailənin içində danışır. Axı, niyə mənim millətim uşağından böyuyunə bu gündə olmalı, yaxud da bu günə salınmalıdı? Bəs milləti bu günə salanlar nə məqsəd güdürlər? Yəqin ki, bütün bunları Qarabağı almamaq üçün edirlər, erməniyə işləyir bunlar. Bu günlərdə bir məsələnin müzakirəsi zamanı dedilər ki, filankəslər agentdi, hakimiyyətə işləyirlər. O biri də durub soruşur ki, sübutunuz varmı? Mən də dedim ki, bağışlayın, agentin sübutu nə olur ki, əməkdaşlıq haqqında “podpiskamı”? O arxivdədi və onu bizə göstərməzlər.
– Bəs sübut nə olmalıdı ki?
Davamı var
My Webpage