Qəm içində başlayan sevinc

0
6

Qəm içində başlayan sevinc

Vəfa Allahverdiyeva

Hər kəsin özünəməxsus sentyabr xatirəsi birincilərin çöhrəsindəki qayğısızlıq və zərif gülüş, uzun saçlarındakı ağ bantlar kimi gözəl olsa da, zaman ötdükcə təhsilin əlamətdar gününə, yeni dərs ilinə hazırlıq sevincdən daha artıq kədər ovqatı ilə çulğalaşır.
Bir ailənin təhsil səbətini araşdıran mətbu təhlillərə, valideyn olaraq əyani qarşılaşdığımız faktlara istinadla, cəmiyyətdə üstünlük təşkil edən kasıb sinfin məktəb qayğılarından düşdüyü üzüntünü, məyusluğu hiss etmək o qədər də çətin deyil.
Mərhələ-mərhələ bağlanan iş yerlərinin, iqtisadi böhranın zərbəsini çiyinlərində ağır yük kimi daşıyan ehtiyaclı zümrə üçün bu ilki dərs ilinin qayğıları ötən ildəkindən kəskinliklə mürəkkəbləşir və bu təbəqənin timsalında məktəbə hazırlığın doğurduğu dilxorçuluq qabarıq xarakter ala bilir.
Uniforma sosial təbəqələşməni ört-basdır edən, hamını bərabərləşdirən yaxşı bir ideya kimi tətbiq edilsə də, qiymət məsələsində- özü də ailədə uşağın sayı nəzərə alınanda-qaneedici rəqəm deyildi, üstəlik, məktəblər arasında fərqi göstərmək niyyəti az sonra məktəbli geyimində vahid siyasəti də dəyişdi.

Ötənilki geyimlərin-kostyumun və ağ rəngli köynəklərin növbəti dərs ili üçün yararlığı ilə təskinlik tapan kasıb ailələr bu il hazırlıqsız şəkildə yeni pul tələsinə yaxalandı: çünki bəzi məktəblər geyim dəbini başqa rəng (köynək mavi), başqa aksessuarlarla (pencək yerinə qolsuz göy jilet və nazik, qoluuzun göy jaket) əvəzlədi. Yararlı paltarlar, ya naftalinli sandıqlara girdi, ya da lazımsız, əski parçasına çevrildi. Əvəzində məsrəf artdı, ailələr tamahkar sahibkarlarla əlbir olan direktorların pul nəfsinin girovuna düşdü.
Artıq BTE-nin məhsulları ilə yanaşı, Türkiyənin KİDS firmasının istehsal etdiyi məktəbli geyimləri bir neçə məktəbin fərqli uniforması kimi satışda məcburi təklif edilir və bu biznesin arxasında kimin dayanmasından asılı olmayaraq, şagirdə pul obyekti kimi yanaşmaq, başqa sözlə, tamah siyasəti bariz şəkildə ortalıqdadır.
Hesablamalar məktəb ləvazimatları və kitabların dəyəri əlavə olunmaqla bir uşağın təhsil xərcini minimum 150 manat göstərirsə, bu rəqəmi iki, üç uşağa vurub, sonra üzərinə məktəbə-daxili problemlərin həlli üçün, müəllimə-bayram təbrikləri üçün, müəllimin, yaxud onun həmkarlarının müəllifi olduğu, ilboyu beş səhifəsi cızma-qara edilməyən lazımsız əlavə dərs vəsaiti üçün ödənməli pulları gələndə, ailələr sanki ağır çəkili beton layının altına düşmüş kimi görünür.
Bu mənada sentyabr təhsil “sezon”u yox, pul “sezon”unun start götürməsi ayı kimi başlayır. İnsan xarakteri üçün səciyyəvi olan eqoizm, kapitalizm münasibətlərinin tanımaq istəmədiyi imtiyaz anlayışı ağır durumlu ailələrin təhsil vəsaitlərinin borc dəftərlərindən gəlib keçməsinə soyuq laqeydliyin tərəfindən çıxış edir. Bəlkə buna görə də kasıb ailələrin təhsil qayğılarına dəstək olan humanitar, sosial proqramlar ideya kimi də hələ gündəmdə yoxdur.
Hətta bir çoxları xəbərsizdir ki, siniflərin birinci növbəyə düşməsini böyük məbləğdə pulla həll edən, həmçinin səhər növbəsini sinfi valideynlərdən təmir öhdəliyi alandan sonra verən məktəblər var. Və bu xərclənən vəsait də ümumi ailə büdcəsindən kənarda baş vermir, üst-üstə gələndə, yeni dərs ili məyusluqdan başqa nə gətirir ki?!
Həm də bu məyusluq ona görə yaranır və qabarıq gözə girir ki, təhsilə yatırlan ailə investisiyası keyfiyyətli nəticəni ala bilmir; dərs vəsaitlərini qiymətləndirən nazirliyin müvafiq qurumu missiyasını şərəflə, məsuliyyətlə yerinə yetirmir, kitablar səhvlərdən ayırtlanmır, yalanlarla maariflənən gənc nəsil, həm də qəliz tədrisin mürəkkəbliyi altında əzilməkdə, məktəb, kitab qorxusunda davam edir.
Hər dəfəsində kədərli səbəblərlə başlayan tədris ili summativlərin, imtahanların nəticələri ilə də elə hər dəfəsində bədbinliklə bitir. Ali məktəblərə qəbuldakı ballarla ilgili statistika da təhsilə qoyulan ailə investisiyasının batmasının aydın mənzərəsidir…
…İndiki təhsil şərtləri ilə yürümək, doğrudan da, çətin yolçuluqdur, amma yeganə mənəvi və gərəkli yol da elə təhsildir.
Əgər səfillik, kasıblıq, borc dəftərləri hesabına həyatda dik dayanmaq məşəqqəti ailələri uşaqların təhsildən kənarlaşdırılması qərarına sürükləyə bilmirsə, məhz maddiyyat ucbatından ötən əsrlərin cahilliyinə geri dönmək ehtimalımız həddən ziyadə zəifdirsə, bu ehtimalı yaradan təpərdir, bunun üçün əliqabarlı, borc üzündən intihara əl atmayan çağdaş ataların və anaların mətanəti, fədakarlığı qarşısında ancaq baş əymək olar.

LEAVE A REPLY