“O, bu şovinist və irticaçı diktatura rejiminin öz içindən çıxardığı biridir”

0
2

“O, bu şovinist və irticaçı diktatura rejiminin öz içindən çıxardığı biridir”

Əjdər Tağızadə:“Bizim öz dövlətimiz var və indiki Tehran rejimi ilə bəzi hesab-kitablarımızı burdan çürütmək olacaq”

Təxminən bir ay bundan əvvəl dostlardan biri telefonda bildirdi ki, Əjdər Tağızadə sənin telefonunu istəyir, – “Ver”- dedim. Açığı, Əjdər Tağızadəni, qiyabən də olsa, xeyli müddətdi tanıyırdım. Əsasən də DAK-la bağlı fəaliyyətlərindən xəbərdar idim və çox vədə də onu Sabir Rüstəmxanlının yanında görmüşdüm. Bir sözlə, onunla heç vaxt şəxsi tanışlığımız və bir dəfə də olsun üzbəüz söhbətimiz olmamışdı. DAK-ın İstanbulda keçirilən son qurultayından sonra, Əjdər bəylə Sabir Rüstəmxanlı arasında yaşanan gərginlikdən də xəbərim var idi deyə, onun görüşmək istəyinin bu səbəbə bağlı olduğunu düşünmüşdüm. Bu arada bir neçə dəfə telefon danışığımız oldu və nəhayət Əjdər bəylə görüşdük. Fürsət düşmüşkən, onunla həm çağdaş Azərbaycanın problemlərindən, həm də Azərbaycanın Güney dərdlərindən bəhs edən müsahibə də aldım. Söhbətimizin hansı məcrada və nələrin ətrafında getdiyini indi sizə təqdim etdiyim müsahibədən oxuyub biləcəksiniz. Yəni, anlayacağınız, bu dəfəki müsahibim, artıq illərdi ki, Avropa Birliyi vətəndaşı statusu daşıyan, hazırda Bakıda məskunlaşmış güneyli soydaşımız Əjdər Tağızadədir.

II hissə

– Bütün bu qarmaqarışıqların içində az-çox mücadilə də var, ən ağır şərtlər altında belə, millətin davasını aparan adamlar da. Mənim anlayışımda sizin sadaladığınız və sadalamadığınız bütün problemlərin tam əksəriyyəti Azərbaycanda hakim olan siyasi iradədən qaynaqlanır və mövcud yönətimdən gəlir. Faktiki olaraq, demək olar ki, siyasi iradə yoxdur. O baxımdan, illərdi Avropa vətəndaşı statusu daşıyan və bir növ kənardan prosesləri görən bir adam kimi bu siyasi iradədən, daha doğrusu, iradəsizlikdən qurtulmanın yollarını nədə görürsünüz?
– Baxın, bu məsələ ilə bağlı mənim baxışım belədi. Bu gün mən de-yure Azərbaycan vətəndaşı yox, İsveç vətəndaşıyam, daha doğrusu, Avropa Birliyinin vətəndaşı pasportunu daşıyıram. 33 ildi ki, mən faktiki olaraq, Avropanın vətəndaşı sayılıram. Indi bizim bəzi opponentlərimiz deyirlər ki, Arazdan atdandılar, çaydan keçdilər, daha nə bilim nə. Bu cür sözləri işlədən adamlara baxanda, istər-istəməz düşünməli olursan ki, ya bu adam xamdı, ya da ümumiyyətlə o tay, bu tay söhbətindən xəbərsizdi, heç nə bilmir. Baxın, indi bizim sizinlə söhbət etdiyimiz anda minlərlə insan Ağ dənizdə boğulur və onlar çalışırlar ki, Yunanıstanın silahlı polislərini, toplu-tüfəngli polis kardonlarını dağıdıb, qırıb keçsinlər . Onlar Suriyadan, İran adlanan yerdən, dünyada zülmün və zülmkarın hakim olduğu yerlərdən, bədbəxtliyin həyat tərzinə çevrildiyi ölkələrdən qaçırlar. Indi biz gələk deyək ki, burda qulağımızın dibində, İran adlanan yerdən, Azərbaycanın cənubundan 40 ildən çoxdu ki, adamlar niyə qaçırlar? Bayaq mən deyəndən sonra siz də söylədiniz ki, Azərbaycanda bütün hallarda bir milli mücadilə və bu mücadiləni verən adamlar var. Əlbəttə bu mücadilə var. Əgər bu gün Azərbaycanda dövlət varsa, o zaman millətin böyük bir kəsimi də bunu düşünərək hərəkət edir. Yəni, dövlət kiminsə şəxsi malı və ya hansısa hakimiyyətlərin özlərini qoruma vasitəsi deyil. Hamımız bilirik ki, bu dövlətin bərpasında insanlar nələrini veriblər, xeyli sayda qurbanlar gedib, qanlar tökülüb, istiqlal şəhidlərimizin sayı-hesabı yoxdur. Nə olsun ki, kimsə o tarixdə yox, sonradan doğulub, ya da kimlərsə vaxtilə bu məsələnin əleyhinə olublar. Şəxsən mən adamlar tanıyıram ki, vaxtilə istiqlal mübarizəsinə qoşulanları, müstəqil dövlətin bərpasına çalışanları ələ salıb gülürdülər. Həmin adamlardan indi çox böyük vəzifələrdə oturanlar da var. Onlar vaxtilə istiqlal mücahidlərinə və dövlətin bərpasına çalışanlara “baran” deyirdilər, mən də həmin o “baran” deyilən millətin içindəydim və bizə bu cür həqarət edənləri tanıyıram. Amma onlara bunu heç sübut da edə bilməzsən və indi də həmin dövlətə söykənərək, başqa vasitələrlə yenə də səni ələ salacaqlar. Bir sözlə, həmin günlərdə, yəni, 90-cı illərin əvvəllərində meydanda bizi ələ salanlar, indi də görürəm ki, mənə düşmən kimi baxırlar. Niyə? Çünki, onlar bilirlər ki, həmin zamanlarda biz nə işlə məşğul idik. Amma Azərbaycanın güneyində gedən hadisələri əgər kimsə bilmirsə və ordan gələnlərə “çaydan atdanan” deyirsə, burda gərəkdi ki, millətin tarixini, eləcə də əvvəldə dediyim kimi, parçalanmış millət və ölkə olduğumuzu belələrinə anladasan. Yəni bunlara anlatmaq lazımdı ki, qardaş, mən bu gün Azərbaycanın güneyindən, yəni, indi İran adlanan yerdən qaçmışam. Özü də qaçmaqdan-qaçmağa fərq var. Əsl həqiqətləri burda çox az adam bilir ki, mən İran adlanan yerdən qolu qapanlı ölümə gedərkən qaçmışam. Amma söhbət ondan gedir ki, mənim bura gəlib Azərbaycanın quzeyində qoyduğum söhbət, qaldırdığım məsələ nə idi? Azərbaycanda 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində gedən mübarizə dövlətin bərpası və istiqlal bayrağının yenidən ucaldılması ilə bitəndə, mən sevindim. Dedim ki, şükür Allaha ki, bizim də öz dövlətimiz yarandı, yoxsa biz xaricdə sürgünlərdə öləcəydik, çürüyəcəydik. Demək, sovetlər dağıldı və bu bizə əl verməklə yanaşı, həm də böyük şans verdi. Elə o vaxtdan da mən hesab elədim ki, artıq bizim öz dövlətimiz var və indiki Tehran rejimi ilə bəzi hesab-kitablarımızı burdan çürütmək olacaq. Bu mənada, mən Azərbaycan istiqlal hərəkatına bilə-bilə, şüurlu surətdə qatılmışam. Mən hələ Xalq Cəbhəsinin növbədənkənar birinci qurultayında çıxış edərkən, stenaqramlar qalıb, maraqlananlar baxa bilərlər, Azərbaycanın güneyinin istiqlal məsələsini qaldırmışam. Və orda demişəm ki, əgər istiqlal olmasa, İran adlanan yerdə Tehran rejiminin əsirliyində olan millətimiz məhv olub gedəcək. Yəni mən, bunu bilə-bilə İran adlanan yerdən siyasətin içindən çıxıb gəlmişəm, nə kələm, nə də şalqam satanıydım. Belə götürəndə, kələm yaxud da şalğam satana pis baxmıram.
– Şalğam nə olan şeydi ki?
– Şalğam kartofa oxşayan bir şeydi, amma onu bişirmədən yeyirlər. Yəni, mən onu pis bilmirəm və qaçaq olanda fəhləlik də eləmişəm, həyatın çox çətinliklərindən də keçmişəm. Elə, hələ sovetlərin tərkibində olan Azərbaycana gələndə, gündə 14-15 saat fəhləlik eləyirdim. O vaxtlar Şmidt zavodunda da işləmişəm, “Qlavbakstroyda” da beton daşımışam, baxmayaraq ki, ali təhsilim var idi. Amma söhbət budu ki, mənim bir ideyam var idi və sovetlərin dağılacağına da heç kim inanmazdı. Lakin olanlar oldu və mən də hesab elədim ki, biz özümüzü burda yerləşdirə bilsək, Tehran rejiminə qarşı mücadiləni davam etdirə bilərik. Mən o zaman baxıb görmüşdüm ki, Tehran rejimi, şovinist molla rejimi və fars diktaturası necə hər şeyin axırına çıxdı. Və Qüzey Azərbaycanda qurulan dövlət, burdakı istiqlalımızın bərpası, Tehran rejiminə qarşı gedə bilmək üçün yenidən açılmış bir cığır, bir qapı idi.
– İndi bilmirəm siz bilirsiniz, ya yox, amma artıq bizim İranla hökumətlərarası müqavilə var və o müqaviləyə əsasən tərəflər bir-birinin haqqında, necə deyərlər, pis danışmamaq haqqında öhdəlik götürüblər.
– Bilirəm, əssahı bu belədi.
– O zaman yəqin onun da fərqindəsiniz ki, bizim indi elədiyimiz söhbət dövlətimizin götürdüyü öhdəliyə qarşı, ən yaxşı halda, saymamazlıqdı.
– Yox, niyə ki. Mən belə bir müqavilənin imzalanmasına və bu cür öhdəliyin götürülməsinə etiraz eləmişəm. Mən nə dediyimi bilirəm. Həsən Ruhani prezident seçiləndə, mən burda mətbuat konfransı keçirərək, açıqcasına çıxış edib demişəm ki, bu adam çox təhlükəli adamdı. Çünki o, bu şovinist və irticaçı diktatura rejiminin öz içindən çıxardığı biridir. O, 10 ildən artıq müddətdə İranın Milli Təhlükəsizlik Şurasında birbaşa Xamneynin özünü təmsil edib və onun İran azərbaycanlılarına qarşı törədilən bütün cinayətlərdə əli var. Hətta bir müddət də o, inqilab məhkəməsinin başında dayanıb və bunu da mən özümdən uydurmuram, öz oğlu yazıb. Həsən Ruhani hələ Bakıya gəlmədən, mən mətbuat konfransında bunları söyləmişəm və bu günə qədər də fb səhifəmdə 250 min adam bunu oxuyub. Bütün bunlardan sonra, o adam durub Azərbaycana gəlib və o zaman da mən yenidən mətbuat konfransı keçirib öz mövqeyimi bildirmişəm ki, bu adam kimdi və hansı əməllərin sahibidi. Bundan sonra Tehran rejimi nota verib və səfirlik də ardıcıl olaraq 4 dəfə notanı təqdim edərək bildirib ki, məhkəməyə müraciət edəcəklər. Mən də demişəm ki, gedin verin.
– Orasını bildik, onlar özlərini müdafiə eləməyə çalışırlar. Bəs bizim hökumətdən nə reaksiya oldu?
– Məsələ də elə burdadı. Bunlar məhkəməyə müraciət edəcəklərini deyəndən sonra, Sabir Rüstəmxanlı İstanbuldan yaxasını kənara çəkərək, açıqlama verdi ki, həmin sözləri konfransda o işlətməyib. Mən də dedim ki, o sözlər mənə məxsusdu və özüm də burdayam, məhkəməyə verirlərsə versinlər, lap istəyirlər cinayət işi də açsınlar. Hətta DİN-dən bir polkovnik adam göndərmişdi ki, DAK-da olan kompyüterləri gətirin. Dedim ki, axı bunları mənə kimsə verməyib və mən onları dilənçilkilə ordan-burdan almışam, sizin kompyüterlə nə işiniz ola bilər, əgər varsa, işiniz mənimlədi və mən də burdayam, bismillah. Sonra ki, bu söhbətlər haralarasa gedib çıxdı və ondan sonra bütün bu get-gəlləri dayandırdılar. Təbii ki, bütün bunlar ona görə edilirdi ki, bizə həddimizi bildirsinlər və desinlər ki, daha Tehran rejiminə qarşı bir söz deməyək. Amma fakt faktlığında qalır.
– Amma bütün hallarda belə bir müqavilə ola bilməz ki, iki ölkənin rəsmi orqanları da daxil, bütün qurumları bir-biri haqqında tənqidi fikirlər işlətməsin. Bu bütün demokratik ənənələrə və beynəlxalq konvensiyalara zidd olardı. Belə bir şey olsa-olsa, şifahi razılaşma şəklində ola bilər və yalnız hökumətlərin sərəncamında olan rəsmi qurumlar üçün nəzərdə tutula bilər. Amma yaxasını kənara çəkdi dediyiniz Sabir Rüstəmxanlı, İran və Azərbaycan hökumətləri arasında bu anlaşmanın əleyhinə parlamentin tribunasından çox sərt şəkildə çıxdı və etirazını bildirdi. Sabir bəy həmin çıxışında demişdi ki, belə bir şey ola bilməz və İran dövləti onsuz da bizdən güclü olduğuna görə, yenə də öz bildiyini edəcək və nəticə etibarilə bu anlaşma yalnız bizim əl-qolumuzu bağlamağa xidmət edir.
– Bəli, doğru deyirsiniz, bundan mənim də xəbərim var.
– Bəs onda “Sabir Rüstəmxanlı yaxasını kənara çəkdi” deməyinizi necə başa düşək?
– Mən məhz dediyim mətbuat konfransından danışıram. Həmin konfransdan sonra Tehran rejimi nota vermişdi və səfirlik də bununla bağlı məhkəməyə verəcəklərini bildirmişdi. Açığı, konfransın keçirilməsini mən israr eləmişdim və orda özüm də çıxış eləmişdim.
– Hər halda parlament tribunası rəsmi tribunadı və orada edilən çıxış, hər hansı konfransdan daha təsirli və daha keçərli sayılmalıdı.
– Bütün hallarda həmin konfransla bağlı Sabir Rüstəmxanlının dediyim açıqlaması da olmuşdu.
– Bəs məhkəmənin axırı nə oldu?

Söhbətləşdi: Fəxrəddin Qardaşlı
Davamı var

LEAVE A REPLY