Media basqı altında…

0
3

Zaur Muradxanlı

Media basqı altında…
Türk demokratiyası ciddi imtahanla qarşı-qarşıya.

Hələ keçən həftədən etibarən Twitter fenomeni Fuad Abni atdığı bir twittə müxalif mediaya qarşı təzyiqlərin artırılacağını və müxalif yönümlü media qruplarının susdurulması üçün dövlət imkanlarından sonunadək istifadə ediləcəyini yazmışdı. İndiyədək atdığı tvitlərin tamamına yaxını doğru çıxan Fuad Abninin bu tviti də doğrulanmaq üçün çox gözləməli olmadı.
Belə ki, bu həftənin ilk iş günü Türkiyə Koza İpək media qrupunun iyirmi üç şirkətinə qarşı həyata keçirilən polis basqınının qopardığı toz-dumanla yuxudan oyandı. Hələ bir neçə gün öncə bu gün qəzetində dövlət əli ilə Suriya ilə sərhəddə yerləşən Akçakale gömrük məntəqəsindən İŞİD terror birləşməsinə tırlarla dolu silah-sursatın fotoları və bu barədə faktları özündə ehtiva edən yazı yayınlanmışdı. Elə İpək qrupunun hədəf alınması üçün son damlanın da bu yazı olduğu düşünülməkdədir.
Burada bir şeyi xüsusilə qeyd etmək istərdim ki, mən şəxsən İŞİD terror qruplaqşmasına yardım edilməsinin ələyhinə deyiləm. Doğrudur, İŞİD hər nə qədər şəriətin hökmlərini yerinə yetirdiyini iddia etsə də və ayrıca dini təmayüllü və yaxud da radikal dindarlığı əlində bayraq tutaraq islamdan mənafələri üçün istifadə etməyə çalışsa da, bu təşkilat əslində islamın üz qarası olmaqdan o tərəfə gedə bilməməkdədir. Lakin bütün bunlara baxmayaraq İŞİD hər nə qədər terror təşkilatı olsa da, Türkiyənin geostrateji maraqları baxımından dəstəkləmək məcburiyətində olduğu bir qruplaşma olduğu qənaətindəyəm ki, bunun da bir neçə səbəbi vardır. Bu səbəbləri qısaca olaraq aşağıdakı kimi təsnifləndirə bilərik:
Birinci və ən önəmli səbəb odur ki, PKK-nın Suriya qolu olan PYD “Barış sürəci” ilə birlikdə başlatdığı Kobani mərkəzli rojeva proyəkti və PYD-nin əlində olan digər kanton bölgələri birləşdirərək Şimal və Şimal- Qərbi Suriyanın tamamını nəzarəti altına keçirmək və beləliklə də Türkiyə ilə sərhəddi nəzarət altında saxlamaq istəyir ki, bunun da əsas səbəbi Türkiyə respublikası ərazisində yaşayan ekstremist kürd qrupları ilə əlaqələrini daha da möhkəmləndirməkdir.
İkinci səbəb odur ki, PYD-nin nəzarət altına aldığı ərazilərdə yaşayan türkmənləri sıxışdıraraq ata yurdlarından köçməyə məcbur etmələri və beləliklə də etnik təmizləmə siyasəti apararaq kürdlər üçün daha geniş torpaq sahələri qazanmaqdır.
Üçüncü səbəb isə PYD-nin PKK ilə birlikdə daima Türkiyəyə terror ixrac edərək Türkiyə respublikasının daxili sabitliyini təhdid etməsi, ayrıca da Türkiyədən Suriyaya apardıqları təəssübkeşlərinə terror düşərgələrində silah və partlayıcı təlimləri keçərək türk vətəndaşlarını öz dövlətlərinə qarşı bölücü əməliyyatlarda istifadə etməsidir.
Bu səbəblərin hər üçünə də baxarsaq və “düşmənimin düşməni mənim dostumdur” prinsipindən hərəkət edərsək Türkiyənin PYD-nin ən önəmli düşməni olan İŞİD-i dəstəkləməsi qədər təbii başqa bir şey ola bilməz. Ayrıca dünya siyasət tarixinə baxarsaq, böyük dövlətlərin tamamının ya birbaşa, ya da dolayı yollarla istifadə etdikləri, hətta birbaşa özlərinin yaradaraq maşa kimi istifadə etdikləri terror təşkilatlarının olduğunu görərik. Bəzən iş o yerə çatır ki, belə dövlətlər əllərindəki terror təşkilatlarından özlərinin qeyri-leqal orduları kimi istifadə edirlər.
Hər nə qədər beynəlxalq konvensiyalar bu kimi durumları qadağan etsə də, güclünün sözünün keçdiyi, zəifin ayaqlar altında tapdanmağa məhkum olduğu, bir sözlə cəngəllik qanunları ilə idarə olunan günümüz dünyasında bütün bu fəaliyyətlər dövlətlərin xüsusi xidmət orqanlarının əli ilə həyata keçirilməkdədir.
Bu gün Türkiyədə baş alıb gedən terror fəaliyyətlərini diqqətə aldığımızda əlbəttə ki, Türkiyənin də İŞİD-ə dəstək vermək istiqamətindəki bütün bu fəaliyyətlərini anlaya bilərik.
Daha öncə, keçən seçki kampaniyası zamanı yüksək çinli AKP mənsubunun “iki min tır silah göndərdik” açıqlamasını da, elə indi Akçakale gömrük məntəqəsindən keçirilən tırlar dolusu silahları da bu yöndə düşünməliyik.
Bütün bunlarla bərabər hansısa bir xəbərin bəhanə edilərək müstəqil mədia üzərində təzyiqlər qurulması, müxalif jurnalistlərin barələrinə cinayət işi qaldırılaraq onların susdurulmasına çalışılması demokratiyalarda qəbul olunmazdır və sadəcə diktaturalar üçün xarakterik hadisədir və təəssüflər olsun ki, bu gün biz Türkiyədə bunu görməkdəyik.
Keçən ildən, xüsusən də Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra media üzərində başlayan təzyiqlər hər gün artaraq davam etməkdədir. Xüsusən, Türkiyə Cinayət məcəlləsinin 299-cu maddəsi bəhanə edilərək, hətta Ərdoğanın adının keçmədiyi yazılardan belə istifadə edilərək prezidentin vəkilləri tərəfindən bitərəf jurnalistlərin əleyhinə məhkəmələrə şikayət olunması nəticəsində keçən bir il müddətində sadəcə Sözçü qəzeti jurnalistlərinin və qəzetin hüquqi şəxsiyyətinin əleyhinə 57 iş üzrə məhkəmə prosesi başlanmışdır ki, bunların da yarıdan çoxu jurnalistlərin azadlıqdan məhrum edilməsini tələb etməkdədir. Sözçü qəzetini burada bir misal olaraq çəkdim.
Elə “İpək” media qrupuna qarşı polis basqınından sonra media həmrəyliyi olaraq Sözçü qəzetinin bir sayı oxuculara açıq məktubla çıxmış, həmçinin həmin nömrədə barələrində cinayət işi açılan yazarların köşələri də etiraz əlaməti olaraq boş çıxmışdır.
Bütün bunlar türk demokratiyasının necə bir ağır imtahandan keçdiyinə nümunə olmaqla bərabər, həm də türk demokratiyası üçün ciddi sınaqdır.
“İpək” media qrupuna qarşı həyata keçirilən polis basqınından dərhal sonra müxalifət partiyalarının liderləri də bəyanat verərək bu hadisələri ciddi şəkildə tənqid etmişlərdir. Ana müxalifət partiyasının lideri Kamal Kılıcdaroğlu iqtidara səslənərək “bizi dünyada daha artıq rəzil etməyin “ deyə müraciət etdiyi bəyanatında sadəcə İpək qrupuna deyil, müstəqil mediaya qarşı aparılan bütün təzyiqlərin dərhal dayandırılmalı olduğunu bəyan edib. Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı da təxminən eyni məzmunlu bəyanat verərək iqtidarı kəskin tənqid atəşinə tutub. Həmçinin Halkların Demokratiyası Partiyasının qrup başqanı İdris Balıkən də AKP-nin özündən olmayanlara qarşı yürütdüyü bu hərəkətləri qəbul olunmaz olduğunu bildirib.
Burada onu vurğulamaq istərdim ki, mediaya basqılarla bağlı müxalifət liderləri ilə eyni qənaətdəyəm. Dünyanın harasında olursa olsun müstəqil medianın susdurulması yol verilməzdir və xalqın müxəlif mənbələrdən xəbəralma azadlığı istənilən səbəblə olursa olsun heç cür əngəllənə bilməz.
Türk hökumətinin medianı basqı altında saxlayan bu yanlış davranışının tezliklə dəyişəcəyinə ümid etməklə yanaşı türk məsləkdaşlarımıza bu çətin zamanlarında səbr diləyirəm…

LEAVE A REPLY