“Mən niyə bu cinayətdə iştirakçı olmalıyam”

0
4

“Mən niyə bu cinayətdə iştirakçı olmalıyam”

Qurban Məmmədov:“Siyasətçi, istər hakimiyyətə gəlmək, istərsə də parlament formalaşdırmaq üçün mütləq seçkidə iştirak etməlidi. Burada problem başqa şeydədi…”

“Mənim mandatımı Hüseyn Abdullayevə satdılar. Indi bizim məşhur dissident qardaşımız olan Hüseyn Abdullayev o zaman mənim mandatıma sahibləndi”

Qurban Məmmədovla bundan əvvəlki müsahibəni alanda, heç ağlımıza da gəlməzdi ki, qarşıda xeyli zamanımızı sadəcə yeyəcək, bitirəcək həbs olunmaq və həbsxana həyatı yaşamaq var. Əslində nə həbs olunma, nə də həbsxana həyatı elə ikimiz üçün də yenilik deyildi, bununla belə, kim nə deyir desin, qazamatda yaşamaq o qədər asan və sadə bir iş deyil. Hələ adamın özündən çox düşünməli olduğu ailə, qohum-əqrəba və yaxın-uzaq dostlar da var ki, onlara verdiyin əzab-əziyyətlərin mənəvi ağrıları qazamatın özündən də ağır gəlir adama. Amma bu dəfə Qurban bəyi deyə bilmərəm, mənim azacıq da olsa bəxtim gətirmişdi, əvvəl təcridxanada, sonra isə cəzaçəkmə müəssisəsində Qurban bəylə eyni hücrəni paylaşmanın keyfini çəkib, ləzzətini dadmaq da var imiş qismətimdə. Açığı, küllü Azərbaycanın bizim dost olduğumuzu bilə-bilə həbsxanada nədən və niyə bir arada tutulmağımızın sirri hələ də mənə məlum deyil. Bunları elə-belə sözgəlişi dedim. Ötən müsahibədə Qurban bəydən ritorikasının nədən bu qədər sərt və amansız olduğunu soruşmuşdum. Amma adam heç dəyişməyib ki. Elə Qurban da o Qurbandı, ritorika da o zamankı qədər sərt və amansızdı. Nədən belə düşündüyümü indi sizə təqdim etdiyim bu müsahibədə görə biləcəksiniz.
Beləliklə, bu dəfəki müsahibim Qurban Məmmədovdu, sadəcə Qurban Məmmədov və bir az da Sərdar Əlibəylinin dostluğundan qürur və şərəf duyduğu Qurban Məmmədov.
Sərdar ƏLİBƏYLİ

– Qurban bəy nətərsiniz, bu arada səhhətinizlə bağlı problemləriniz var idi, xaricə müalicəyə getmişdiniz indi durumlar necədi?
– Şükür Allaha indi yaxşıyam. Son 5-6 ildə onurğa sütunumda problemlər var idi. Adına “protruziya”yəni, bel yırtığı deyilən xəstəlik var, onnan əziyyət çəkirdim, kəskin ağrılar verirdi. Uzun müddət dözdüm və axırda məcburi xəstəxanaya getdim, müalicə olundum, şükür Allaha ki, indi yaxşıyam, hər şey qaydasındadı.
– Bir xeyli ölkədən kənarda oldunuz, qayıdanda siyasi durumu necə gördünüz, ki həm də qarşıdan parlament seçkiləri gəlir.
– Əvvəl necə qoyub getmişdimsə, eləcə də gördüm. Siyasətdə və siyasi durumda elə bir ciddi keyfiyyət dəyişikliyi yoxdur. Hakimiyyətin də bu yöndəki metodları son 20 ildə dəyişmir və eyni qaydada monoton bir formada davam eləyir. Müxalifət də bu son 20 ildə elə bir yeni və ciddi mübarizə metodu təklif eləməyib ki, mən Azərbaycana qayıdanda hansısa yeni və fərqli bir situasiya ilə qarşılaşım. Necə deyəllər, durum “köhnə hamam, köhnə tas” misalı davam etməkdədi.
– “Milli Şura”nın Koordinasiya Mərkəzində təmsil olunursunuz və həm tərkibi, həm də tərtibi etibarilə “Milli Şura” bir az fərqli qurumdu. Ayrıca da, əslində bura yeni bir qurum kimi də baxmaq mümkündü. Bəs, orda durumlar nə yerdədi?
– “Milli Şura”da durum normaldı. Koordinasiya Mərkəzi kifayət qədər səviyyəli kadrlardan təşkil olunub. Savadlı, ziyalı, xalqını, millətini sevən, mövqeyində, əqidəsində düz olan adamlar toplanıblar bu mərkəzdə. Yəni, belə baxanda burda normal işlər gedir, ancaq biz xalqı apardığımız fəaliyyətə qoşa, xalqın narazılığını maddiləşdirə bilmirik deyə, hələ ki, real nəticələr yoxdu və Molla Nəsrəddinin sözü olmasın “yel belə əssə”, heç nə də olası deyil. Hər halda, son sözü Azərbaycan xalqı deməlidi və “Milli Şura” da həmişə xalqın qarşısında, yanında getməyə hazırdı.
– “Milli Şura”dan seçkiyə qatılmaqla bağlı hələ də konkret qərar çıxmayıb məncə. Ancaq əsasən fikirlər bu seçkilərə qatılmamaqdan yanadı. Amma eyni zamanda da “Milli Şura”nın bəzi tanınmış üzvləri seçkiyə qatılmağın tərəfdarıdı. Bu barədə müzakirələriniz olurmu və sizcə son qərar necə olmalıdı və ya olacaq?
– Yox, “Milli Şura”da seçkiyə qatılmağın tərəfdarı yoxdu və Koordinasiya Mərkəzində bu mövqe birmənalıdı. Amma seçkiyə qatılıb-qatılmamaq nə “Milli Şura”nın, nə də konkret bir siyasətçinin məqsədi ola bilməz. Belə bir məqsəd yoxdu. Siyasətçi, istər hakimiyyətə gəlmək, istərsə də parlament formalaşdırmaq üçün mütləq seçkidə iştirak etməlidi. Burada problem başqa şeydədi. Təbii ki, seçki olacaq, baş tutacaq, xalqın bir hissəsini aldadıb ora aparacaqlar, bəzi əldəqayırma əl müxalifətçiləri də gur səslə, böyük təmtəraqlı tədbirlərlə bu prosesdə iştirak edib, baş verəcək cinayət hadisəsinə seşki vasitəsilə hüquqi don geydirməyə çalışacaqlar. Amma mahiyyətcə nə baş verir bu ölkədə? Bir vətəndaş kimi mən də sizə sual verirəm, siz bilsəniz ki, xəstə uşağınızı aparıb göstərmək istədiyiniz adam mal həkimidi – baytardı, onun yanına gedərsinizmi? Bu ölkədə hamının çox aydın şəkildə bildiyi, anladığı bəlli məsələlər var ki, çoxları bu barədə ya susurlar, ya da özlərinin belə eşidə bilməyəcəyi qədər alçaq səslə danışırlar. Sizcə bu hakimiyyət Qarabağ uğrunda müharibəni niyə başlamır? Çünki hamı, o cümlədən hakimiyyətdəkilər də bilirlər ki, Ermənistanın arxasında Rusiya dayanır və bizim bu müharibəyə girməyimiz Rusiya ilə savaşa girmək anlamına gəlir. Nəticəni də biz bəribaşdan görürük deyə, situasiyanı gözləyirik. Yəni, Qarabağ uğrunda, yüz faiz uduzacağını bilə-bilə, həm də ədalətsiz şəkildə uduzacağını anlayaraq savaşa girsən, nələr olacağını bildiyindən müharibəyə başlamırsan. Torpaq namusdu və biz namusumuz uğrunda döyüşə girmək üçün şəraiti gözləyirik. Yaxşı, bu seçkilərin nəticəsi əvvəlcədən bəllidisə və son 20 ildən artıq müddətdə tam sübuta yetirilibsə ki, bu rejim heç bir vaxt seçki keçirmir və seçki adı altında keçirilən o kampaniya bir pərdədi, şirmadı, bu pərdənin arxasında konkret cinayət fəaliyyəti durur, o zaman bu cür seçkidə, daha doğrusu, cinayət fəaliyyətində iştirak etmək nə qədər doğrudu? Bu cinayətin adı da, qanunsuz yolla və zor gücünə hakimiyyəti ələ keçirmə və saxlamadı. Bu seçki prosesləri, o cümlədən də qarşıdan gələn parlament seçkisi də həmin qanunsuz hərəkətə, daha doğrusu cinayətə qanun donu geydirmək məqsədilə həyata keçirilir. Indi deyin görüm, əgər məsələ bu qədər aydın və ortadadısa, onda mən niyə bu cinayətdə iştirakçı olmalıyam? Hansı ağıllı adam, hansı başı işləyən boksyor və ya güləşçi nəticənin məğlubiyyət olduğunu əvvəlcədən bilə-bilə meydana, rinqə, yaxud da tatamiyə çıxar, oyuna girər? Mən bilə-bilə ki, hakim satılıb və bu seçki prosesində hakimlik edəcək MSK sadəcə imitasiya ilə məşğuldu və bütün bunlar da yuxarıların, yəni siyasi iradə sahiblərinin tapşırığı ilə baş verib, niyə bu seçkiyə qatılaraq, özümü bambılı yerinə qoymalı, ya da artistlik eləməliyəm?
– Orası zatən bəllidi, ancaq bir var ki, fərd olaraq Qurban Məmmədov, Cəmil Həsənli, Mehriban Vəzir, Əli Kərimli və s. “mən seçkiyə qatılmıram” deyib oyundan kənara çıxırlar. Bir də var ki, təşkilat və qurumlar adından “boykot” elan olunur. Sizcə, özünüzün də içində yer aldığınız müxalifət bu seçkini “boykot” etmək gücündədimi?
– Əvvəla onu deyim ki, seçkiləri “boykot” etmək üçün nə Milli Şuraya, nə də müxalifətə ehtiyac var. Azərbaycan xalqı son 20 ildə, xüsusilə də 2003-cü ildən bəri, bu rejimin nəinki seçkisini, hətta olan-olmayan hər şeyini onsuz da “boykot” edir. Xalq evindən eşiyə çıxmır. O televiziyalarda göstərilən bəzi yaltaqlar sürüsü ki var, onlar barmaqla sayılacaq qədər, yəni ümumi seçici kütləsinin bir faizini belə keçməyən zümrədi. Və o zümrə Azərbaycan xalqının iradəsini, əxlaqını, mənəviyyatını, dünyagörüşünü təmsil edəcək gücdə, kondisiyada deyil. Azərbaycan xalqının 85 faizi ötən seçkidə evində oturdu, nə seçkiyə getdi, nə də yaltaqların sırasına qoşuldu. Bəs “boykot” nətəri olur? Yəni, Azərbaycan xalqı zatən, seçkidən-seçkiyə artan silsilə ilə seçkiləri “boykot” eləyir. O ayrı məsələdi ki, biz seçkini “boykot” eləmə gücündəyik, ya deylik. Əlbəttə gücündəyik və Azərbaycan xalqının yürütdüyü bu “boykot” siyasəti elə müxalifətin fəaliyyətinin nəticəsidir. Biz bu rejimi, bu hakimiyyəti vaxtında xalqa tanıtmışıq. Ona görə də xalq öz mövqeyini müəyyənləşdirib və o güc bizim gücümüzdü. Məncə burda söhbət başqa şeydən getməlidi ki, müxalifət, konkret halda isə Milli Şura və AXCP seçki saxtakarlığını necə sübut edəcək və hansı sübut növləri toplanmalıdı ki, biz Avropa məhkəməsində bu seçkilərin də 58 faiz yox, həmişə olduğu kimi 100 faiz saxta olduğunu dünyaya sübut edə bilək. Ən azı ona nail ola bilək ki, bu seçkinin nəticələri tanınmasın və heç olmasa, biz bu nəticələrdən doğan siyasi və iqtisadi sanksiyaların tətbiqinə hüquqi zəmin yarada bilək. Bu gedişatla ölkədə kortəbii üsyan gözlənir ki, bunun da heç bir millətə və dövlətə xeyri yoxdu. Belə bir şeyi nə mən istəyərəm, nə sən istəyərsən, nə də bir başqası. Ancaq hakimiyyətdə oturanlar üçün bunun əhəmiyyəti yoxdu haa. Bəlkə də onlar ölkədən qaça bilmələri üçün şərait yaransın deyə, qəsdən ölkədə ixtişaş yaratmaq istəyirlər. Məsələn, Suriyada, Liviyada, Misirdə və digər ərəb ölkələrində, eləcə də bəzi Yaxın Şərq məmləkətlərində baş verənlər göz qabağındadı. Eyni ssenarini vəd edən kabus bu gün Azərbaycanın da başı üzərində fırlanır. Amma rejim sahiblərinin vecinə deyil. Çünki onların vətəni ciblərində olan bank kartlarıdı ki, o banklar da ya İsveçrədə, ya da Azərbaycandan çox-çox uzaq olan digər Qərb ölkələrindədi. Azərbaycan onlar üçün bir tərəfdən əyləncə məkanı, digər tərəfdən isə pul yığmaq üçün sadəcə bazardı, alver yeridi. Olmasın burda, olsun Rusiyada, Türkiyədə, ya da Ukraynada, nə fərq edər ki. Bunlar gedib oralarda da pul yığmaq üçün öz alverlərini edəcəklər. Bu ölkə və bu dövlətsə, sənnən mənimkidi, kasıbınkıdı yəni. Və biz ona sahib çıxmalıyıq. O baxımdan da hesab edirəm ki, Azərbaycan xalqı da, müxalifət də bu seçkini “boykot” eləməyinə eləyəcək, amma müxalifətin üzərinə, konkret siyasi qurum olaraq düşən vəzifə, bu saxtakarlığın hüquqi müstəvidə sübutuna nail olmaq, lazımi sübutları toplayıb Beynəlxalq Məhkəməyə təqdim etməkdir. Hesab edirəm ki, bu istiqamətdə biz ciddi iş aparacayıq və növbəti iclaslarımızdan birini də məhz bu məsələnin müzakirəsinə həsr etməyi düşünürük.
– Qurban bəy, sizdən aldığım son müsahibənin üstündən xeyli zaman ötüb və o zaman sizə belə bir sual vermişdim ki, nədən ritorikanız ən öndə gedən radikal müxalifət liderlərinin ritorikasından qat-qat sərt və amansızdı? Aradan illər ötüb, yenidən həbsxana həyatı yaşamısınız, amma ritorikanız hələ də dəyişməyib, elə əvvəlki qədər, bəlkə ondan da çox, amansız və sərt bir dildə danışırsınız. Sözümü nə qəribçiliyə salın, nə də başqa yerə yozun, onsuz da hamı bizim dost olduğumuzu bilir və bu dostluğun ərkinə güvənərək soruşuram, Qurban Məmmədov niyə ağıllanmır, ya da ağıllanmaq istəmir?
– Əvvəla onu deyim ki, mənim ritorikamda heç bir amansızlıq və kəskinlik yoxdu, əslində gerçəkliklər amansızdı, həqiqət acıdı və burda heç nə mənim nitqimin amansızlığı və kəskinliyi ilə bağlı deyil. Yəni, mən sadəcə mövcud reallıqları deyirəm və sizə görünən kəskinlik də, amansızlıq da həmin o reallıqların özündən doğur, mövcud olan gerçəkliklərdən qaynaqlanır. Ola bilsin ki, kimlərsə ya qorxusundan, ya da həbs olunmaqdan çəkindiyindən və s səbəblərdən sadəcə olaraq reallıqları demir, deyə bilmir və yumşaq görsənmək istəyir. Amma reallıq axı çox acı və çox dəhşətlidi. Əksinə mən özüm də belə hesab edirəm ki, mövcud reallıqları tam şəkildə çatdıra bilmirəm, çünki bizim ana dilində bunları çatdırmağa söz yoxdu. Lakin sağ olsunlar mənim bəzi dostlarım, bəzən müsahibə verəndə, ya da nəsə yazanda zəng eləyib deyillər ki, belə lazım deyil, ehtiyatlı ol və s. Bilirsinizmi, bu həbs olunmaq-filan kimi şeylər bir siyasətçinin həyat tərzinin tərkib hissəsidi. Siyasətlə məşğul olan hər bir adam başa düşməlidi ki, burda həbs də var, müəyyən məhrumiyyətlər, hətta ölüm də var. Yəni biz bu yola şüurlu şəkildə girmişik və mən belə şeyləri heç vaxt nəzərə alıb nəsə danışmaram, mənim təbiətim belədi. Demək istədiyim odur ki, mən siyasətlə bağlı bir addım atanda fikirləşmirəm ki, bu addımdan sonra görəsən başıma nə gələcək. Insan bunları düşünsə, gərək heç yaşamaya, hər halda mən belə düşünürəm. Hələ-hələ siyasətçi oldunsa, o zaman bunu etməsən olmaz, yəni bir siyasətçinin bütün fəaliyyəti boyu sərrast və sərt ritorikaya, nitqə sahib olması, olmazsa olmaz, şərtlərdən biridir.

– Yəni, sonunu düşünən qəhrəman ola bilməz deyirsiniz?

– Bəli, belə bir söz də deyillər. Yeri gəldi, sizə bu reallıqlarla bağlı bir-iki məsələni də deyim. Mən 1995-ci ildə Nəsimi seçki dairəsindən namizədliyimi vermişdim. Həmin seçkidə mənim alternativ rəqibim rəhmətlik Yusif Səmədoğlu idi. Mən həmin seçkidə hamıya qalib gəldim, o cümlədən də Yusif Səmədoğluna. Hətta bütün məntəqələrdə mənim xeyrimə olan protokollar yazılmış və imzalanmışdı. Çünki, məcbur idilər protokolları o cür yazmağa, nəzarəti elə təşkil eləmişdim ki, nə saxtalaşdırmaq mümkün idi, nə də başqa yolları var idi. Gecə saat 12-nin yarısından sonra icra hakimiyyətinə yuxarıdan göstəriş gəldi və bütün protokollar saxtalaşdırılaraq, mənim səslərimi rəqibimin adına yazdılar. Nəticə olaraq da mənim mandatımı Yusif Səmədoğluna bəxş elədilər. Ondan sonra bir daha nə prezident, nə də parlament seçkilərində iştirak etmədim. Sonradan 1998-ci ildə bir də həbs olundum və 5 il həsxanada yatdım. Artıq mən həbsdən çıxanda prezident İlham Əliyev idi. Beləcə 2005-ci ildə də güman elədim ki, bu kişilər söz deyir, and-aman edirlər ki, normal seçki olacaq. Bu dəfə də Nizami rayonunda namizəd oldum, kampaniyamı apardım, orda da hamını uddum. Bu dəfə də mənim mandatımı Hüseyn Abdullayevə satdılar. Indi bizim məşhur dissident qardaşımız olan Hüseyn Abdullayev o zaman mənim mandatıma sahibləndi.
– İndi o, məşhur dissidentdən daha çox, məşhur kompazitor kimi tanınır.
– Nə deyirəm, Allah onun da köməyi olsun, pis oğlan deyildi, sadəcə onun da başını aldatdılar. Bəlkə də Hüseyn bəy o vaxt mənim mandatımı almaqdan imtina eləsəydi, bu gün mən onun özünü də, xalqımı da daha üstün səviyyədə və daha sanballı müdafiə edə bilərdim. Amma Hüseyn Abdullayev indi seçiciləri və xalqı bir yana qalsın, heç özünü də müdafiə eləyə bilmir. Yəni, deputatlıq Hüseynin yeri deyildi. Ora bir hüquqşünasın yeri idi ki, orda iş görsün. Parlament mahnı oxumaq, şeir demək, bayatılar və nəğmələr bəstələmək yeri deyil. Biz bunu başa düşməyə-düşməyə gedirik deyə, başımıza oyunlar açılır və yazıq Hüseyn də didərgin düşüb. İndi onun ağsaqqal, ağbirçək valideynlərinə qarşı həmin bu rejim tərbiyəsizlik eləyir. 2005-dən sonra 2010 seçkiləri gəldi və mənə çox yoldaşlar işarə verdilər ki, əşşi sən seçkiyə gir, səni buraxacaqlar-filan, mən də qətiyyən bunu eləmədim və bundan sonra da eləmərəm. Çünki mən artıq gördüm ki, bu rejimin başında duranların verdikləri söz, elə söz olaraq da qalır. Bütün bu sözlər, yenə də deyirəm, şirmadı və bütün bu sözləri yalnız xalqı aldatmaq üçün danışırlar. Yənu bunların dedikləri və verdikləri sözə inanmaq olmaz. Və mən nəyə görə gedib təzədən seçkidə bu hakimiyyətin cinayətkar fəaliyyətinə seçki vasitəsiylə qanuni don geydirilməsi prosesində iştirak etməliyəm? Axı mən bilirəm ki, artıq seçkilərin taleyi həll olub və deputatların siyahısı əvvəlcədən hazırdı. Artıq o da bəllidi ki, kim hardan namizəd olacaq, kim nə qədər pul ödəyəcək və s. Belə bir çirkli və çirkin oyunda mənim nə işim var? Adamdan soruşallar ki, namuslu qadınsansa, ləyaqətli kişisənsə, sənin əxlaqsızların içində nə işin var? Mən bunu bir az başqa üslubda və çılpaq şəkildə demək istəmirəm və sadəcə soruşuram ki, düz adamların əyrilərin yanında nə işi var? Bir dəfə dostlarımdan biri məndən soruşdu ki, Qurban bəy, niyə gedib hakim işləmirsən? Dedim ki, ay qardaş, bunlar məni heç vəkil olmağa qoymurlar, çünki yaxşı bilirlər ki, mən gedib hakim kürsüsündə otursam, bütün fəaliyyətim qanun çərçivəsində olacaq və çoxlarının özlərini də, balalarını da tutub salacam içəri. Yəni, bunlara mənim kimilərinin hakim olaması sərf eləməz axı. Bu rejimə Qurban Məmmədov kimi hüquqşünaslar, yaxud da Sərdar Əlibəyli kimi jurnalistlər lazım deyil, a kişi. Ona görə də Qurban Məmmədovu yaxına da buraxmazlar. Bu baxımdan da, mən sizə deyirəm ki, bu rejimin Azərbaycanda keçirdiyi seçkidə iştirak eləmək birincisi xəyanətdi, ikincisi də şüurlu şəkildə satqınlıq etmək, ya da qanmazlıqdı. Adam nə qədər qanmaz olmalıdı ki, bu boyda cinayətləri görə-görə onun içinə girsin. Heç bir halda qanan və özünə hörmət edən adam, bu cinayətlərin içinə girməz. Bunu edənlər isə ya dəli, ya da qanmazdılar. Yox, əgər bir adam oraya qana-qana gedirsə, demək o, satqın və xəyanətkardı, elə onların tayıdı. Əgər biz müsəlmanıqsa, sevgili Peyğəmbərimizin gözəl kəlamları, Qurani-kərimin bütün müsəlmanların həyatının hər yönünü tənzimləyən ayələri və Həzrət Əlinin gözəl sözləri var, onlardan nümunə götürüb Allahın göstərdiyi yolla getməliyik. Zalımın zülmünə dözən elə zalımın özüdü, zalımın zülmünə qarşı mübarizə aparmayan zalımla şərikdi. Əslində biz bu seçkidə iştirak eləməklə, zalıma “züy” tutruq və bu “züy”ü tutanların hamısının yeri cəhənnəmdi. Bəzi adamlar və bəzi qruplar da var ki, bu seçkilərə sırf qazanc məqsədiylə gedirlər. Mən onları da başa düşürəm və çox da qınaya bilmirəm. Yaxşı tanıdığım bir sıra adamlar var ki, onlar seçkiyə qatılıb, saxtakarlıqları üzə çıxarmaqla, Avropa məhkəməsinə üz tutur və sübutları ortaya qoyaraq, məhkəmənin qərarı ilə bunlardan pul alırlar. Mən bu adamları qınaya bilmirəm və əslində bu da seçki saxtakarlıqlarını sübut etməyin bir yoludu. Amma, hətta bu adamların özləri də bu haqda düşünməlidilər. Yəni, bunlar başa düşməlidilər ki, fərdi qaydada pul qazana bilmələri üçün millətin və dövlətin əsas maraqlarına zərbə vururlar. O məşhur “karol lütdü” ifadəsi var ha, mən bilirsinizmi nə təklif eləyirəm və bu haqda dəfələrlə Milli Şurada da demişəm. Mən təklif edirəm ki, gəlin hamılıqla meydandan qırağa çəkilək və bütün dünya da görsün ki, bunlar lütdülər. Bütün dünyaya göstərmək lazımdı ki, bunlar meydanda lütdülər və bu seçkidə bunlardan başqa kimsə yoxdu. Deyirəm ki, a kişilər, bu gerçəkliyi xalqa göstərin. Bu gün əslində Azərbaycan müxalifəti, xüsusiylə də Milli Şura və AXCP Azərbaycan xalqı ilə rejimin arasında sipərə çevrilib. Biz bu rejimi xalqın qəzəbindən qoruyuruq, xilas eləyirik. Əslində biz ortadan çəkilməliyik və onda görəcəksiniz ki, Azərbaycan xalqı bu rejimə qarşı necə davranır. Onda bizə meydan oxuyan, bizə lağ eləyən, gecə-gündüz bizi təqib etdirən, həbs etdirənlər, gəlib qapımızda yalvaracaqlar ki, bizi bu xalqın qəzəbindən xilas eləyin. Günah bizdədi axı… Ona görə də onlar bundan sui-istifadə eləyirlər. Məsələ də bütünlüklə bununla bağlıdı. Şəxsən mən bu gündən sonra mövcud rejimin keçirəcəyi hər hansı bir seçkidə və ya tədbirdə iştirak etmərəm, əks təqdirdə, atamın-anamın ruhları məni bağışlamaz. Yəni, özünə, zatına və kökünə hörməti olan heç bir kişi bu hərəkəti eləməməlidi. Yenə də deyirəm ki, sən bilə-bilə ki, hakim satılıb, oyuna girərsənmi, oynayarsanmı? Öz əxlaqını, adını-sanını qorumaq istəyən kişilər bu cür oyunlarda iştirak etməməlidilər. Mən də bu qədər ciddi bir prosesdə iştirak etməməklə, əslində özümü qorumaq, əxlaqımın və mənəviyyatımın əleyhinə getməmək istəyimi reallaşdırıram.
– Son bir neçə gündə stəkanda qoparılan bir fırtına və bu fırtınanın içində də Razi adlı Nurullayevin əsməsi ölkəni başına götürüb. Bu haqda nə düşünürsünüz, nələr olur və qarşı tərəfdəki dostlarınız neyləmək fikrindədilər?

Ardı var…

LEAVE A REPLY